Naxçıvanda görkəmli bəstəkar
Tofiq Bakıxanovun 80 illik yubileyi qeyd olunub
Naxçıvan şəhərindəki
Heydər Əliyev Sarayında “Şöhrət” ordenli bəstəkar,
Azərbaycan Respublikasının Xalq artisti, professor Tofiq
Bakıxanovun 80 illik yubileyinə həsr olunmuş tədbir
keçirilib. Yubiley tədbirində Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
çıxış edərək musiqi mədəniyyətimizin
inkişafında xüsusi xidmətləri olan görkəmli
bəstəkar Tofiq Bakıxanovu 80 illiyi münasibəti ilə
təbrik edib. Ali Məclisin sədri Tofiq Bakıxanova
professional musiqimizin inkişafında bundan sonra da məhsuldar fəaliyyətində
uğurlar arzulayıb, ona Naxçıvan Muxtar
Respublikasının 85 illiyi münasibətilə
buraxılmış xatirə qızıl medalını təqdim
edib.
Xalq artisti Tofiq Bakıxanov yaradıcılığına
muxtar respublikada yüksək qiymət verildiyini, 75 illik
yubileyinin də Naxçıvanda qeyd olunduğunu
vurğulayıb, ona göstərilən diqqət və
qayğıya görə dərin minnətdarlığını
bildirib.
Sonra görkəmli bəstəkarın
80 illik yubileyi münasibəti ilə konsert olub.
Konsert proqramında bəstəkarın
Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Həmişə
bizimləsən” simfonik poemasının videoyazısı
nümayiş etdirilib.
Konsert proqramından sonra səhnə
arxasına keçən Ali Məclisin sədri Vasif Talıbov
ifaçıları və ansamblın kollektivini uğurlu
konsertə görə təbrik edib.
Ansamblın kollektivinin və
ifaçıların bəstəkarın əsərlərini,
mahnılarını çox gözəl ifa etdiklərini
bildirən Ali Məclisin sədri Ümummilli liderimiz Heydər
Əliyevin “Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır”
kəlamını xatırladıb.
Tofiq Bakıxanov muxtar
respublikada həyata keçirilən tədbirlərin, mədəniyyətin
inkişafına göstərilən diqqət və
qayğının burada Ulu öndər Heydər Əliyevin
yolunun uğurla davam etdirilməsinin nəticəsi olduğunu
vurğulayıb, 80 illik yubileyinin Naxçıvanda yüksək
səviyyədə təşkilinə görə minnətdarlığını
bildirib, 4 diskdən ibarət mahnı və əsərlərini,
Bakıxanovlar nəslinin görkəmli nümayəndələrinə
həsr olunmuş “Bakıxanovların ekran təcəssümü”,
“Bakıxanovlarla nurlanan ekran” kitablarını Ali Məclisin sədri
Vasif Talıbova təqdim edib.
Yeni Azərbaycan.- 2011.- 19 yanvar.- S. 8.