“Oğuz-Qəbələ-Bakı” su kəməri layihəsinin uğurla həyata keçirilməsi Prezident İlham Əliyevin şəxsi göstərişi və mütəmadi nəzarəti sayəsində reallaşdırılmışdır  

 

Nizaməddin Rzayev: Texniki tələblərə uyğun olaraq su kəməri bir neçə ay ərzində tam layihə gücündə işləməyə başlayacaq. Bunun nəticəsində şəhər əhalisinin 75 faizi  fasiləsiz su ilə təmin olunacaqdır

 

“Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev www.yap.org.az saytına müsahibə verib:

- Nizaməddin müəllim, məlum olduğu kimi, ötən ilin sonunda ölkəmizdə ən böyük infrastruktur layihələrindən biri olan “Oğuz-Qəbələ-Bakı” su kəməri istifadəyə verildi. Bu kəmər paytaxtın içməli su ilə təminatında hansı əhəmiyyətli dəyişikliklərə səbəb olacaq?

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2010-cu ilin dekabrın 28-də Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri “Oğuz-Qəbələ-Bakı” su kəməri istifadəyə verilmişdir. Məlumdur ki, hələ 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Bakı şəhərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə, Oğuz və Qəbələ rayonları ərazilərindən su kəmərinin çəkilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdi. Bu qlobal layihənin həyata keçirilməsi Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi göstərişi və mütəmadi nəzarəti sayəsində reallaşdırılmışdır.

Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrinin işlədilməsi nəticəsində Bakı şəhərinə saniyədə 5 m3 həcmində suyun nəql olunması və beləliklə də, əhalinin yüksək keyfiyyətli içməli su ilə təmin edilməsidir. Dəniz səviyyəsindən 410 m yüksəklikdə yerləşən sugötürücü qovşaqda hər birinin həcmi 10000 m3 olan iki su anbarı, xlorator qurğusu, inzibati və laboratoriya üçün binalar və sair qurğular tikilmişdir.

Ümumi uzunluğu 262,5 km olan 2000 mm diametrli şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış boru xətti vasitəsilə suyun nasoslardan istifadə edilmədən, öz axını ilə (yəni, elektrik enerjisi sərf etmədən) Bakı şəhərinə nəql olunması həyata keçirilir. Su kəməri xətti boyunca təzyiq nizamlayıcı qurğular tikilmişdir. Kəmər boyu ümumi eni 25 m olan sanitar mühafizə zolağı yaradılmışdır. Su kəməri trassa boyu 2 çayın üstündən, 10 çay məcrasının isə 8-10 metr dərinlikdə qurulmaqla suyun altından düker tipli qurğu ilə keçir, 8 yerdə avtomobil magistral yolu, 2 yerdə isə dəmiryolu ilə kəsişir.

Bakı şəhərinin girişində dəniz səviyyəsindən 190 metr yüksəklikdə bu kəmərin istismarı ilə əlaqədar inzibati bina, xlorlama məntəqəsi, fiziki-kimyəvi laboratoriya, su bölüşdürücü kamera tikilmiş və su kəmərinin tam nəzarətdə saxlanması, baş verə biləcək fövqəladə vəziyyətlərin aradan qaldırılmasına operativ müdaxilə edilməsi məqsədi ilə SCADA sistemi tətbiq edilmişdir.

“Oğuz-Qəbələ-Bakı” su kəməri ilə şəhərə verilən suyun qəbul edilməsi və paylanması üçün Bakı şəhərində 250 kilometrdən çox su xətti, 15 ədəd nasos stansiyası, 70 000 m3 tutumu olan yeni su anbarları yenidən qurulmuş, 310 kilometrdən çox kanalizasiya xətti çəkilmiş və digər işlər görülmüşdür. Bunlardan əlavə, bir çox işlərin mərhələlərlə davam etdirilməsinə ehtiyac vardır.

Bildiyiniz kimi, artıq 2010-cu ilin dekabrın 28-də yeni kəmərlə Bakıya su verilir. Texniki tələblərə uyğun olaraq su kəməri bir neçə ay ərzində tam layihə gücündə işləməyə başlayacaq. Bunun nəticəsində şəhər əhalisinin 75 faizi fasiləsiz su ilə təmin olunacaqdır. Eyni zamanda, 60 faiz cədvəl üzrə su alan əhalinin sayı 25 faizə qədər azalacaq və cədvəllərin müddətləri 2 dəfədən çox uzadılacaqdır.

- Hazırda, respublikamızda əhalinin su ilə təminatının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülməkdədir. Onların sırasında “Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsi də var. Bu layihə haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən digər layihələrin icrası hansı səviyyədədir?

- Möhtərəm Prezident İlham Əliyevin tapşırıqları əsasında respublikanın su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə şərait yaradılmış və bu sahədə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq inkişaf edir.

Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində respublikanın 14 şəhər və rayon mərkəzində etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsini nəzərdə tutan layihənin icrası davam etdirilir. Bu layihənin həyata keçirilməsi ilə Biləsuvar, Qəbələ, Şamaxı, Saatlı, Hacıqabul, Qazax, Quba, Qax, Mingəçevir, Sabirabad, Samux, Şəmkir, Tərtər rayonları və Xırdalan şəhərində su təchizatı və kanalizasiya sistemləri qurulacaqdır.

Almaniyanın “KFW” Bankı və İsveçrənin “SEKO” təşkilatı tərəfindən maliyyələşdirilən Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər davam etdirilir. Şəki şəhərində 65 min, Gəncə şəhərində isə 344 min əhali etibarlı və davamlı su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunacaqdır.

Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Şəhər Su Təchizatı və Kanalizasiya Layihəsi”nin birinci mərhələsi üzrə işlər başa çatdırılmışdır. Bu layihə çərçivəsində Ağdaş və Göyçay şəhərlərində suqəbuledici qurğular, mənbədən şəhər şəbəkəsinə qədər magistral xətləri və istehsalat bazaları tikilmişdir. Eyni zamanda, respublikamızın 10 rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində məsləhətçi şirkətlərlə müqavilə imzalanmış və işlər davam etdirilir. Bu layihənin icrası Şirvan, Bərdə, Neftçala, Salyan, Xaçmaz, Yevlax, Xızı, Qusar, Qobustan və Naftalan şəhər və rayon mərkəzlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına imkan verəcəkdir.

Bundan başqa, Bakı ətrafı qəsəbə və kəndlərin, Ağcabədi, Balakən, Beyləqan rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, eləcə də, Naxçıvan, Ağdaş və Göyçay şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin başa çatdırılması məqsədilə, Asiya İnkişaf Bankı ilə “Çoxtranşlı maliyyə mexanizmi - şəhər su təchizatı və kanalizasiya investisiya Proqramı” çərçivəsində II tranş üzrə ümumi razılıq əldə olunmuşdur.

Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi çərçivəsində Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdiriləcək layihə çərçivəsində Bakı ətrafı ərazilər üzrə “20-ci sahə”, Bibiheybət, Badamdar və Bayıl qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, Pirşağı, Kürdəxanı, Məmmədli, Digah, Mehdiabad, Novxanı, Fatmayı və Görədil qəsəbə və kəndlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və o cümlədən, Pirşağı qəsəbəsində məhsuldarlığı sutkada 60000 m3 olacaq çirkab sutəmizləyici qurğunun tikintisi “Şərq Asiya İqlim Əməkdaşlığı” çərçivəsində Koreya hökuməti tərəfindən təklif edilən güzəştli kredit və qrant yardım çərçivəsində nəzərdə tutulmuşdur.

- Nizaməddin müəllim, son 5 ildə həyata keçirilmiş dövlət proqramlarının nəticələri haqqında nə deyə bilərsiniz?

- Ümumilikdə, həyata keçirilən dövlət proqramları çərçivəsində respublikanın şəhər və rayonlarında su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün 2005-2010-cu illər ərzində müxtəlif diametrli borularla 857,1 km uzunluğunda su xətləri, 470,3 km uzunluğunda kanalizasiya xətləri çəkilmiş, ümumi tutumu 105550 m3 olan 58 ədəd su anbarı, 32 ədəd su nasos stansiyası, 30 ədəd suqəbuledici qurğu, ümumi məhsuldarlığı sutkada 26000 m3 olan 2 ədəd kanalizasiya təmizləyici qurğusu, 20 ədəd kanalizasiya nasos stansiyası tikilmişdir. Eyni zamanda, 123 ədəd artezian və subartezian quyuları qazılmış, 24 ədəd su anbarı, 7 ədəd su nasos stansiyası, 13 ədəd kanalizasiya nasos stansiyası yenidən qurulmuş, 10 istehsalat binası tikilmişdir.

O cümlədən, Bakı-Abşeron regionunda 2005-2010-cu illərdə müxtəlif diametrli borularla 292 km uzunluğunda su xətləri, 354,8 km uzunluğunda kanalizasiya xətləri çəkilmiş, ümumi tutumu 95500 m3 olan 35 ədəd su anbarı, 20 ədəd su nasos stansiyası, 1 ədəd suqəbuledici qurğu, ümumi məhsuldarlığı sutkada 26000 m3 olan 2 ədəd kanalizasiya təmizləyici qurğusu, 15 ədəd kanalizasiya nasos stansiyası tikilmişdir. Eyni zamanda, 14 ədəd su anbarı, 2 ədəd su nasos stansiyası, 4 ədəd kanalizasiya nasos stansiyası yenidən qurulmuş və digər işlər görülmüşdür.

Həyata keçirilən tədbirlər çərçivəsində Hövsan aerasiya və 2 saylı Zığ nasos stansiyaları, Bakı şəhərinin Şüvəlan, Buzovna, Naximov qəsəbələrinin və bir sıra digər yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulmuşdur. Sumqayıt şəhərində tullantı sularının dənizə axıdılmasının qarşısının alınması məqsədilə tikilməkdə olan, gücü sutkada 200 000 m3 təşkil edəcək, kanalizasiya təmizləyici qurğunun birinci növbəsi tikilib istismara verilmiş, ikinci növbə üzrə işlər davam etdirilir.

 

Bununla yanaşı, su təchizatı və kanalizasiya sisteminin ahəngdar fəaliyyətinin təmin olunması üçün mütəmadi olaraq müvafiq təmir-bərpa işləri aparılmış, su və kanalizasiya xətlərində baş verən qəza hadisələri operativ qaydada aradan qaldırılmış və digər tədbirlər həyata keçirilmişdir.

 

 

Yeni Azərbaycan.- 2011.- 19 yanvar.- S.6.