20 Yanvar 1990-cı il - xalqımızın ən böyük milli-azadlıq hərəkatlarından birinin tarixidir

 

Kərim Şükürov: 1990-cı il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyilə Naxçıvan Ali Məclisi 20 Yanvar hadisələrinə bir daha əsaslı siyasi qiymət verdi

 

AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Kərim Şükürov “www.yap.org.az” saytına müsahibə verib:

- Kərim müəllim, 20 Yanvar faciəsindən 21 il ötür. Tarixçi alim kimi sizcə, bu hadisə Azərbaycan tarixində necə qiymətləndirilə bilər?

- 20 Yanvar 1990-cı il - dövrümüzün ən böyük milli-azadlıq hərəkatlarından birinin tarixidir. Belə bir fikir söyləmək üçün yalnız 20 Yanvar deyil, bu hadisəyə qədər olan hadisələr və ondan müstəqilliyin ilk dövrlərinədək olan tarix birlikdə nəzərdən keçirilməlidir.

- Bu halda, əvvəlcə bu milli-azadlıq hərəkatının səbəbləri üzərində dayanaq...

- Bunun üçün SSRİ-də 1980-ci illərin ortalarından 1990-cı ilin yanvarınadək olan şərait nəzərə alınmalıdır. Bu şəraiti bütün təfsilatı üzərində dayanmadan, qısaca desək, həmin dövrdə SSRİ son mərhələsini yaşayırdı. Bu kontekstdə Ermənistan əvvəllər də olduğu kimi (1918-1920, 1920-1923, 1945 və s.) yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir, SSRİ rəhbərliyi isə müxtəlif vasitələrlə Ermənistanı və Azərbaycandakı erməni separatçılarını dəstəkləyirdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın o vaxtkı rəhbərləri cərəyan edən hadisələrin mahiyyətini anlamır, tarixi məsuliyyətlərini dərk edə bilmirdilər. Məhz belə bir ərəfədə ölkənin taleyüklü problemini xalq öz üzərinə götürdü. Azərbaycanda geniş xalq hərəkatı meydana gəldi. Adətən, xalq hərəkatları geniş miqyasına, əhalinin bütün təbəqələrini əhatə etməsinə, yalnız ölkə deyil, bütövlükdə region və dünya üçün də ciddi əhəmiyyətə malik olmasına görə onun tərkibində müxtəlif siyasi qüvvələr də olur. Birmənalı şəkildə demək olar ki, 1980-cı illərin sonları - 90-cı illərin əvvəllərində Azərbaycanda xalq hərəkatında milli azadlıq istiqaməti, dövlətin ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizə üstün yer tuturdu. Bu Azərbaycan xalqına qarşı açıq-aşkar düşmənçilik xətti yeridən SSRİ rəhbərliyini təmin etmirdi. Ona görə də, Sovet dövlətinin ən yüksək dairələrində Azərbaycan xalqına, onun milli-azadlıq hərəkatına sözün əsl mənasında divan tutmaq qərara alındı.

- 20 Yanvar hadisələrinə dair ən xarakterik faktların tarixi-nöqteyi nəzərdən araşdırılması da vacib məsələlərdəndir. Bu araşdırmalar hansı faktları ortaya çıxarır?

- 20 Yanvar hadisələrinə dair müəyyən faktlar xalqımıza yaxşı məlumdur. Onların hamısı üzərində xüsusi dayanmaq istəmirəm, amma elə faktlar var ki, mütləq qeyd edilməlidir. Məlumdur ki, əvvəllər çar, sonralar isə Sovet Rusiyası dövründə Bakını ələ keçirmək üçün məxsusi “Bakı əməliyyatı” hazırlanmışdı. 1723, 1806 və 1920-ci illərdəki əməliyyatlar nəticəsində Bakı işğal edilmişdi. 1990-cı il 20 yanvar “Bakı əməliyyatı” isə tamam fərqli oldu. SSRİ kimi bir imperiya bu əməliyyatla süqutunu təsdiqlədi. Burada çox maraqlı bir faktı da xatırlatmaq istəyirəm. 1920-ci ildə Sovet hakimiyyəti ilk dəfə Bakıda qurulmuşdu. Gəncədə, Qarabağda, Zaqatalada və Azərbaycanın digər yerlərində isə güclü antisovet üsyanları baş vermişdi. Təxminən 70 il sonra Bakıda baş verən xalq hərəkatı və ona qarşı silahlı əməliyyat isə Sovet sisteminin dağılmasını müəyyənləşdirdi.

Əlbəttə, 20 Yanvar (sonrakı günlər də nəzərə alınmaqla) Ümumazərbaycan hadisəsi idi. Bütün hallarda hərəkat iştirakçılarına qarşı çox böyük qəddarlıq nümayiş etdirilmişdi. Rəsmi məlumatdan bəzi faktlara diqqət yetirək: öldürülən 96 nəfərə aid məlumatdan aydın olur ki, onlardan 42 nəfəri piketdə (33 nəfər əvvəldən, 9 nəfər sonra), 23 nəfər maşında, 7 nəfər evdə, 19 nəfər evlərinin yaxınlığında, 5 nəfər isə müxtəlif yerlərdə öldürülmüşdür. Əslində, rəqəmlər hər şeyi aydın ifadə edir. 96 nəfərdən yalnız 33 nəfər piketdə öldürülmüşdür (qalan 9 nəfər isə sonradan gəlib). Deməli, əsas ideya məhz xalqa (!) divan tutmaq olub. Digər bir fakt: silahla öldürülən 82 nəfərdən 38 nəfər öndən, 44 nəfər isə arxadan güllələnmişdir. Onlardan 29 nəfəri başdan, 39 nəfəri bədəndən (68 nəfər) vurulmuşdur, 9 nəfər hərbi texnikanın tırtılları altında qalmışdır. Bunlar öldürülənlərdən müəyyən hissəyə aid məlumatlardır. Belə faktlar təhlil olunarkən öldürülmə ehtimalı olan adamlar, onların keçirdikləri hisslər və s. də nəzərə alınmalıdır. Tətbiq olunan silahlar, texnika da xüsusi söhbətin mövzusudur. Burada xatırlatdığımız və bizə məlum olan digər faktlar qəddarlığın miqyasını tam təsəvvür etməyə imkan verir. İstər Azərbaycan, istər də dünya tarixindən bizə məlum olan oxşar hadisələrlə müqayisə aparsaq, deyə bilərik ki, qeyd edilən nəticə xalqın gücü və qüdrətini, onun iradəsini, ona qarşı duran qüvvələrin isə acizliyini, çıxılmazlığını, siyasi məhvə məhkumluğunu göstərirdi.

- Burada bir maraqlı məsələ də ortaya çıxır. Xalq hərəkatının daha səmərəli şəkildə təşkilatlanması mümkün idimi?

- Tarixi təcrübə üçün bu sualın olduqca mühüm əhəmiyyəti vardır. O zaman siyasi səhnədə olan şəxslər və təşkilatlar yaxşı məlumdur. Onlardan heç biri həmin dövrdə Azərbaycan xalqının qarşısında duran məsələləri dərk edib, onu həll etmək, yüksələn xalq hərəkatını qarşılaya biləcək səviyyədə olmadı. Ümummilli lider Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında çıxışı hadisələrə siyasi qiymət olmaqla bərabər, eyni zamanda göstərilən tələbə bir cavab oldu. Həmin çıxışın sonunda xüsusilə qeyd edilirdi ki, qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır. 1990-cı il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyilə Naxçıvan Ali Məclisi 20 Yanvar hadisələrinə bir daha əsaslı siyasi qiymət verdi.

- Bəs 20 Yanvar hadisəsinin sonrakı tarixi proseslərdəki rolunu necə dəyərləndirmək mümkündür?

- Azərbaycan xalqı 20 Yanvar faciəsini böyük tarixə, dövlətçilik anlayışına malik olan bir xalq kimi qarşıladı. Bəlkə də, hər hansı başqa bir xalq olsaydı, bu hadisələrdən uzun müddət özünə gələ bilməzdi. Respublikadakı hakimiyyət dəyişikliyinə baxmayaraq, xalq Vətən uğrunda şəhid olanların xatirəsinə qırx gün matəm saxladı. Bu, sadəcə, matəm deyildi. Mövcud quruluşa, zorakılığa etiraz, yeni mübarizəyə hazırlıq idi. 20 Yanvar Azərbaycan xalqını daha da mətinləşdirdi, hədəflərini daha da aydınlaşdırdı. Xalqla ona rəhbərlik etmək iddiasında olanlar arasındakı uyğunsuzluq dərinləşdi. Yeni milli çağırış Ümummilli lider Heydər Əliyevin siyasi arenaya qayıdışına səbəb oldu. Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi və onun dönməzliyi uğrunda ardıcıl, məqsədyönlü mübarizə öz bəhrələrini verdi. Bununla əlaqədar bir qanunauyğunluğa diqqəti cəlb etmək istərdim. Demək olar ki, son vaxtlar hər il 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin iclası keçirilir. Bu iclaslarda Azərbaycanın əldə etdiyi nailiyyətlərə dair hər bir faktı, eyni zamanda, şəhidlərin uğrunda canından keçdiyi ümummilli məqsəd üzrə bir hesabat da adlandırmaq olar. Bu baxımdan Prezidentin nitqindən bir məqamı xüsusilə qeyd etmək istərdim: “Azərbaycan dövləti heç zaman imkan verməz ki, ikinci erməni dövləti yenə də Azərbaycanın tarixi torpaqlarında yaradılsın. Yəni, bu, danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır”.

 

 

Yeni Azərbaycan.- 2011.- 20 yanvar.- S.9.