“Zəriflik” jurnalının əsas
məqsədi Azərbaycan qadınının fəaliyyətini,
eləcə də, milli-mənəvi dəyərlərimizi cəmiyyətdə
təbliğ etməkdir
Yeni Azərbaycan Partiyası
(YAP) Qadınlar Şurasının sədri Nurlana Əliyeva
www.yap.org.az saytına müsahibə verib:
- Nurlana xanım, başa
vurduğumuz 2010-cu il ölkəmiz üçün bir
sıra uğurlarla yadda qaldı. İstərdik ki, YAP
Qadınlar Şurasının ötən il ərzindəki fəaliyyəti
haqqında məlumat verəsiniz...
- Bildiyiniz kimi, YAP Qadınlar
Şurasının son hesabat-seçki konfransından sonra yeni
tərkibdə fəaliyyət göstəririk. Fəaliyyət
göstərdiyimiz bir il yarım ərzində bir sıra layihələr,
tədbirlər həyata keçirmişik. İlk olaraq qeyd
etmək istəyirəm ki, biz bu müddət ərzində
bütün regionlarımızda qadınlarımızla
görüşlər keçirmişik. Fəaliyyətimizin
yeni istiqamətlərini də həmin görüşlərimizdən
sonra müəyyənləşdirmişik. Bəzi bölgələrdə
müəyyən məsələlərin həllinin zəruri
olması qənaətinə gəlmişik. Bütün
bunlarla bağlı həmin bölgələrin insanları,
xüsusilə qadınlar arasında maarifləndirici təbliğat
işlərinin həyata keçirilməsi zərurəti
ortaya çıxıb. Məsələn, elə region var ki,
orada erkən nikahla bağlı problemlər mövcuddur. Düzdür,
bu problemi birdən-birə həll etmək, valideynlərə
bunu birdən-birə izah etmək çətindir. İllərlə
kök salmış bu ənənəni müxtəlif təbliğat
işləri əsasında aradan qaldırmaq lazımdır. Biz
bu istiqaməti də öz fəaliyyətimizdə əsas məqamlardan
hesab edirik. Təəssüf ki, bəzi valideynlər öz
övladlarını tez evləndirməyə
çalışırlar. Bunun gələcəkdə nəticələri
isə yaxşı ola bilməz. Çünki erkən
yaşda qurulan ailələrdə ciddi problemlər
yaşanır. Biz belə halların qarşısını
almaq üçün müəyyən addımlar
atmışıq və bu proses davamlı olacaq. Təkcə
bir fakt deyim: Qadınlarımızın cəmiyyətdəki
rolunu təlqin edən gözəl teatr tamaşalarımız
var və onları bölgələrdə nümayiş
etdirmişik. Fikirləşdik ki, bu tamaşalara baxan insanlar tərbiyəvi,
maarifləndirici xarakterli bu tədbirdən özləri
üçün müsbət nəticə çıxara bilərlər.
Bundan əlavə, YAP
Qadınlar Şurası olaraq Lerik rayonunda səhiyyə
aksiyası keçirmişik. Biz Lerik rayonunda qadınlarla
görüş keçirərkən bəzi kəndlərdən
olan qadınlar şikayət edirdilər ki, rayon mərkəzi
uzaq olduğu üçün xəstə uşaqları xəstəxanaya
aparmaq çətindir. Biz ötən ilin yayında
böyük bir səhiyyə aksiyası keçirərək
865 uşağın tibbi müayinəsini təşkil etdik. Lerik
rayonuna 12 fərqli sahələrin mütəxəssisləri
olan həkimlərlə getmişdik. Lerikin qadın sakinləri
bu aksiyadan həddən artıq çox razı
qalmışdılar.
Tarixən Azərbaycan
qadını güclü olub. Müasir dövrümüzdə
Azərbaycan qadınının sözünü deməyə
tribunası, öz həmfikirlərini bir yerə yığmaq
imkanı var. Çünki cəmiyyətimizin YAP kimi
böyük siyasi qüvvəsi var. Partiyamızın
sıralarında təmsil olunan insanların 49 faizi
qadınlardır ki, onlar da müxtəlif sahələrdə
çalışırlar. Fəxrlə deyə bilərik ki,
bu gün Azərbaycan qadınları cəmiyyətimizdə
böyük nüfuza, hörmətə, ehtirama sahibdir. Ölkəmizdə
qadınları narahat edən məsələlər öz həllini
tapıb. Ölkəmizdə aparılan dövlət siyasətinin
uğurlu nəticələrini hamımız
görürük. Ulu öndər Heydər Əliyev tərəfindən
müəyyən edilmiş bu siyasət bu gün hörmətli
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir. İndi Azərbaycanın mövqeyi dünyada
tanınır, təqdir olunur. 20 il əvvəlki kimi ölkədə
xaos yoxdur. Bu gün analarımız Milli Qəhrəman
Mübariz İbrahimov kimi oğullar yetişdirir. Yəni, bu
fakt sübut edir ki, ailələrimizdə nə qədər vətənpərvər
oğullarımız böyüyür. Gənc nəslin belə
yüksək milli ruhda böyüməsində
analarımızın müstəsna əməyi, zəhməti
var.
- “Zəriflik”
jurnalının fəaliyyətə başlaması da YAP
Qadınlar Şurasının yeni layihələrindən
biridir. Bu jurnalın nəşrinə başlamaq zərurəti
nədən yarandı?
- Qeyd etdiyim kimi, YAP
Qadınlar Şurası bir sıra layihələr həyata
keçirməkdədir. Bu layihələrdən biri də təşkilatımızın
mətbu orqanı olan “Zəriflik” jurnalının fəaliyyətə
başlamasıdır. Biz bu mətbu orqan vasitəsilə
müxtəlif təbəqələrin insanlarını cəmiyyətə
təqdim edirik. Artıq ilk sayımız işıq
üzü görüb. Təbii ki, hər bir mətbu
orqanın təkmil şəkildə ortaya
çıxması, cəmiyyətdə özünə
mövqe əldə etməsi üçün əsas şərt
zamandır. Fikrimcə, bu jurnal yüksək reytinq qazanacaq və
uğurlar əldə edəcək. İlk nömrəmizdə
müxtəlif məqalələr dərc olunub. Bu məqalələrin
həm də böyük tərbiyəvi əhəmiyyəti
var, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət
göstərir. YAP Qadınlar Şurasının əsas məqsədi
məhz bu dəyərlərin qorunmasında
qadınlarımızın rolunu cəmiyyətə təqdim
etməkdir. Çalışırıq ki, klassik mədəniyyətimizi,
incəsənətimizi gənc nəslə daha yaxından
tanıdaq. Qeyd edim ki, jurnalın ilk sayında ölkəmizin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban xanım Əliyeva haqqında, Onun xeyirxah əməlləri
haqda geniş bir yazı dərc etmişik. Bu gün Azərbaycan
qadını öz ölkəsinin inkişafı
üçün mübarizə aparır. Bu baxımdan Mehriban
xanım Əliyevanın fəaliyyəti
qadınlarımıza örnək olmalıdır. Mehriban
xanım Əliyevanın səyi nəticəsində ölkəmizdə
xeyli sayda xoşməramlı layihələr həyata
keçirilib, təhsilimizin inkişafına töhfələr
verilib. Bu gün ölkəmizin bir çox regionlarında Heydər
Əliyev Fondunun təşəbbüsü ilə məktəblərin
yenidən qurulması prosesi davam edir. Yeni Azərbaycan
Partiyasının üzvü olan qadınlarımız da məhz
Mehriban xanım Əliyevanın fəaliyyətini hər zaman
nümunə kimi qəbul edirlər, istər siyasi, istərsə
də ictimai proseslərdə aktivlik göstərirlər.
Jurnalda, həmçinin, sənətkarlarımız
haqqında da geniş yazılar var. Məsələn, Xalq
artisti, böyük sənətkar Şövkət Ələkbərova
ilə bağlı məqalə dərc olunub. Fikrimcə, gənc
nəslin Şövkət xanımın sənəti ilə,
onun yüksək səviyyəli səhnə fəaliyyəti
ilə yaxından
- Yeni nəşrə ad
seçimi edərkən, nə üçün “Zəriflik”
adına üstünlük verdiniz?
- Dünyada qadın qədər
incə, zərif bir məxluq yoxdur. Sanki zəriflik
qadının boyuna biçilib. Zəriflik deyən kimi
insanın gözünün qarşısında qadın,
qadın deyəndə isə zəriflik canlanır. Zəriflik
yalnız incəlik demək deyil. Zəriflik elə bir
duyğudur ki, o məhəbbətdən yaranır. Dünyada
ana ilə övladının məhəbbətindən zərif
bir hiss yoxdur. Qadının gördüyü bütün
işlər zəriflikdir. Hətta qadının öz
övladı üçün bir sıra çətinliklərə
sinə gərməsi də zəriflikdən qaynaqlanan bir
hissdir. Jurnalın adının seçilməsində də
bu amillər başlıca rol oynayıb.
- Nurlana xanım, bu gün Azərbaycanda
yüzlərlə kütləvi informasiya vasitəsi fəaliyyət
göstərir. Necə hesab edirsiniz, hazırda Azərbaycan mətbuatı
ictimai ehtiyacları ödəyə bilirmi? Onların
sırasına qoşulan “Zəriflik” jurnalı bu prosesə
hansı töhfələr verə bilər?
- KİV-lər arasında bu
gün rəngarənglik mövcuddur. Bizim çox gözəl,
maarifləndirici nəşrlərimiz var. Bu nəşrləri
oxuduqca insan özündə bir məmnunluq hissi duyur, nə isə
öyrəndiyini dərk edir. Amma ümumilikdə
yanaşdıqda, bu gün ölkəmizdə KİV-in səviyyəsindən
tam razı olduğumu deyə bilmərəm. Nəşrlər
arasında maraqsız, bəzi hallarda çox müraciət
olunmuş mövzulara müraciət edənlər də kifayət
qədərdir. KİV-in əsas vəzifəsi insanları
maarifləndirmək, oxucusunu mənəvi cəhətdən zənginləşdirmək,
ona yeniliklər çatdırmaqdır. KİV bütün sahələr
üzrə əsas məqamlara toxunmağı
bacarmalıdır, oxucu üçün bir yenilik gətirməlidir.
Əgər bunlar yoxdursa, həmin nəşr sadəcə quru
söz yığınından başqa bir şey deyil. Mən
inanıram ki, “Zəriflik” jurnalı fəaliyyətində bu
prinsipləri əsas tutaraq daim maraqlı mövzularla
oxucularını sevindirəcək.
Yeni Azərbaycan.- 2011.- 22 yanvar.-
S.6.