Azərbaycan İKT sektorunun
inkişafında böyük uğurlar qazanmaqdadır
AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev
www.yap.org.az saytına müsahibə verib:
- Rasim müəllim,
hazırda ölkəmizdə informasiya-kommunikasiya
texnologiyalarının (İKT) inkişaf səviyyəsini necə
qiymətləndirmək olar?
- Ölkəmizdə müvəffəqiyyətlə
həyata keçirilən sosial-iqtisadi siyasət digər sahələrdə
olduğu kimi, informasiya texnologiyaları sektorunda da öz
mühüm təsirini göstərməkdədir. Yola
saldığımız 2010-cu il İKT sektoru
üçün çox uğurlu nəticələrlə
yadda qalıb. Ötən il rabitə sisteminin müasir
dünya standartları səviyyəsində yenidən
qurulması, yeni texnologiyaların tətbiqi başlıca hədəflər
olub. Həyata keçirilmiş investisiya layihələri nəticəsində
mühüm uğurlar əldə edilib. Yüksək dinamikaya
malik mobil rabitə sahəsində müasir texnologiyaların tətbiqi
üçün məqsədyönlü işlər
aparılıb. Ötən il İKT sahəsində ən yeni
texnologiyaların tətbiqi işləri davam etdirilib. Paytaxt
Bakı ilə yanaşı, artıq bölgələrdə
də Yeni Nəsil Şəbəkə (NGN), CDMA və digər
modern texnologiyalar tətbiq edilir. Məsələn, ötən
il Sumqayıt şəhər telefon şəbəkəsi NGN
texnologiyası əsasında rekonstruksiya olunaraq nömrə
tutumu artırılıb, İP TV, İP telefon, “Triply play” və
s. multimedia xidmətlərinin göstərilməsi imkanı
yaradılıb. İKT infrastrukturunun inkişafı
respublikamızda internet istifadəçilərinin
sayının da artmasına səbəb olub. 2010-cu ildə
Bakı şəhəri, həmçinin, respublikanın digər
şəhər və rayonlarında genişzolaqlı şəbəkə
xidmətlərindən istifadə edən abunəçilərin
sayı 80 min nəfəri keçib. Qeyd edim ki, bu
mühüm nəticəyə 2009-cu ildə internet xidməti
tariflərinin 6-7 dəfə aşağı salınması,
həmçinin, ötən il dövlət provayderləri
olan “Bakinternet” və “Aztelekomnet” internet şəbəkələri
üzrə ADSL qoşulma tariflərinin endirilməsi öz təsirini
göstərib. Aparılmış tarif siyasətinin nəticəsidir
ki, indi ölkəmizdə internetin qiyməti region ölkələri
ilə müqayisədə xeyli aşağıdır. Prezident
İlham Əliyevin 11 avqust 2010-cu il tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı üzrə
2010-2012-ci illər üçün Dövlət Proqramı”
informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni inkişaf
meyilləri üçün fundamental əsaslar
yaratmış olur. Bu sənəd ölkəmizdə
müasir informasiya və kommunikasiya texnologiyaları
infrastrukturunun inkişaf etdirilməsi, respublikanın
bütün ərazisi üzrə İKT xidmətlərinin, həmçinin,
dövlət, ictimai və sahə informasiya resurslarına
çıxışının genişləndirilməsi,
dövlət idarəçiliyinin bütün səviyyələrində
“e-Hökumət” həllərinin tətbiqi ilə dövlət
orqanları arasında əlaqələrin elektron üsullarla
həyata keçirilməsi, vətəndaş və təşkilatlara
göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, “e-Ticarət, “e-Səhiyyə” kimi
mütərəqqi fəaliyyət formalarının müasir
dövrün tələbləri səviyyəsində təşkili,
İKT xidmət və məhsullarının
istehsalının və ixrac potensialının
artırılması və digər sahələrdə
inkişafa böyük yol açır.
- İKT-nin inkişafına
Azərbaycan elmi, o cümlədən, İnformasiya
Texnologiyaları İnstitutu nə kimi töhfələr verməkdədir?
- İKT sektorunun
inkişafına yüksək elmi biliklər,
genişmiqyaslı araşdırma və kəşflər,
müasir texnologiyaların idarə olunması mühüm təsir
göstərməkdədir. Bu baxımdan, İnformasiya
Texnologiyaları İnstitutunda aparılan elmi işlər
mühüm yer tutur. İnstitutumuzda ötən illər ərzində
“e-Azərbaycan”, biometrik eyniləşdirmə, təhsil
sisteminin informasiyalaşdırılması və digər
dövlət proqramlarına elmi dəstək olan bir sıra tədqiqatlar
aparılıb. O cümlədən, “e-elm” layihəsinin,
elektron sənədlərin intellektual emalı və dövriyyəsi
sisteminin, elektron dövlətin informasiya təhlükəsizliyinin
idarə edilməsi modellərinin və metodlarının
GİS-texnologiyaların elmi-nəzəri əsaslarının,
“veb”də sosial şəbəkələrin aşkarlanması
üçün üsul və alqoritmlərin işlənməsi
həyata keçirilib. Həmçinin, iqtisadi proseslərdə
əsaslandırılmış qərarlar qəbul etmək məqsədilə
zaman sıralarının kompleks təhlili aparılıb. Azərbaycanda
innovasiya mühitinin inkişafı və formalaşması
üçün həyata keçirilən tədbirlər təhlil
olunub, İKT-yönümlü Milli İnnovasiya Sisteminin
formalaşması üzrə mövcud vəziyyət və
problemlər nəzərə alınmaqla müvafiq tövsiyələr
işlənib hazırlanıb. Eləcə də, İKT-texnoparkların
fəaliyyətinin qiymətləndirilməsi üzrə
göstəricilər sisteminin yaradılması
üçün tövsiyə və təkliflər işlənib.
İnstitutumuzun əməkdaşları tərəfindən
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
tələbələrinə “İnformasiya cəmiyyətinin əsasları”
fənni tədris edilir. Azərbaycanın təhsil sistemində
ilk dəfə tədris olunan bu kursun birinci dinləyiciləri
kimi gələcək jurnalistlərin seçilməsi təsadüfi
deyil. Belə ki, digər peşə sahiblərindən fərqli
olaraq, jurnalistlər informasiya cəmiyyəti ideologiyasını
mənimsəməklə kifayətlənmir, həm də onun
fəal təbliğatçısına çevrilirlər.
İnstitutumuzda, həmçinin, Azərbaycanın əmək
bazarının İKT seqmentində marketinq tədqiqatları
aparılır. Müəssisələrdə İKT
kadrlarına olan tələb və təklif
araşdırılır və bu sahə üzrə
kadrların hazırlanması əsas vəzifələrdəndir.
İnformasiya Texnologiyaları İnstitutunda milli domen adları
ilə bağlı biliklər bazasının
yaradılmasının konseptual əsasları işlənib
hazırlanıb, Azərbaycanda terminologiya sahəsində
mövcud vəziyyət təhlil edilib və aşkar
olunmuş problemlərin həlli üçün müasir
informasiya texnologiyalarının rolu əsaslandırılıb.
İnformasiya texnologiyalarının imkanlarından istifadə
etməklə Azərbaycanda terminoloji informasiya sisteminin
yaradılmasının zəruriliyi göstərilib və onun
konseptual modeli təklif edilib.
- Rasim müəllim,
dünya ölkələrində informasiya cəmiyyəti
quruculuğu prosesi gedir. Azərbaycanda bu istiqamətdə
hansı işlər görülüb?
- Əvvəla, onu deyim ki,
informasiya cəmiyyətinin əsas fəlsəfəsi
yaşından, dilindən, dinindən, irqindən, sosial və
siyasi mənsubiyyətindən, həmçinin, zaman və məkandan
asılı olmayaraq, bütün insanların informasiya tələbatını
ödəməkdən, onların arasında sosial kommunikasiya
mühiti yaratmaqdan, bilik və düşüncələrini,
istədikləri məlumatı ictimaiyyətə
çatdırmaqdan ibarətdir. Onun əsas məqsədi insan
fəaliyyətinin müxtəlif sferalarında informasiya
bolluğunun yaradılması və bu prosesin köməyi ilə
bir tərəfdən, bəşəriyyətin
qarşısında dayanan problemləri həll etmək, digər
tərəfdən, cəmiyyətin inkişafını təmin
etməkdir. İnformasiya cəmiyyətinin əsas göstəriciləri
informasiya və biliyin əsas iqtisadi resursa çevrilməsi,
informasiya sənayesinin ön plana çıxması, ümumi
daxili məhsulun həcmində bu sektorun payının 50 faizi
keçməsidir. Təbii ki, bu sahənin inkişafı da
birbaşa İKT sektorundakı dinamika ilə sıx
bağlıdır. Yəni, informasiya cəmiyyətində
dövlət-vətəndaş münasibətləri
İKT-nin tətbiqi ilə qurulur. Vətəndaş öz
evində internetə daxil olmaqla dövlət hakimiyyəti
orqanlarının bütün fəaliyyətini izləyə
bilir, o, özünə lazım olan informasiyanı alır və
baş verən proseslərdən xəbər tutur. Bu yolla vətəndaşın
ictimai proseslərdə fərdi iştirakı təmin olunur.
Digər tərəfdən, vətəndaş vaxt itkisinin
qarşısını alır. Ölkəmizdə informasiya cəmiyyəti
quruculuğu dövlətin əsas prioritetlərindən biri
kimi uğurla həyata keçirilir. Bu siyasətin əsası
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulub. Bu strateji istiqamət Ulu öndərin siyasi kursunun
davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Artıq uğurla başa
çatdırılan “e-Azərbaycan” Dövlət
Proqramının birinci mərhələsi çərçivəsində
ölkəmizdə İKT sektorunun inkişaf etdirilməsi,
informasiya cəmiyyətinin qurulması istiqamətində bir
sıra uğurlara nail olunmuşdur. Hazırda müvafiq
Dövlət Proqramının ikinci mərhələsi üzrə
tədbirlər həyata keçirilir. Bu mərhələdə
informasiya cəmiyyətinin tələblərindən irəli
gələn dövlət informasiya sistemlərinin
inkişafına, informasiya təhlükəsizliyinin təmin
edilməsinə, elektron imza və elektron sənəd
dövriyyəsinin tətbiqinə, elektron xidmətlərin təşkilinə,
ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin
genişləndirilməsinə, İnternetdən istifadə səviyyəsinin
artırılmasına və İKT üzrə kadr
hazırlığına dair məsələlərin həlli
nəzərdə tutulur.
- Sizcə, bu sahədə Azərbaycanın
qarşısında hansı mühüm vəzifələr
dayanır?
- Qeyd etdiyim kimi,
respublikamızda informasiya cəmiyyətinin qurulması
dövlət siyasətinin əsas prioritetlərindən biri
kimi qəbul edilib. İnformasiya cəmiyyətinin
qurulmasının əsas vəzifələri sırasına
müvafiq hüquqi əsasların yaradılması, insan
amilinin inkişafı, vətəndaşların məlumat
almaq, onu yaymaq və istifadə etmək hüquqları, şəffaf
dövlət və yerli özünüidarəetmənin,
“e-hökumət”in, “e-ticarət”in formalaşması, ölkənin
iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi,
informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı
iqtisadiyyatın qurulması, informasiya və bilik
bazarının formalaşdırılması, tarixi, ədəbi-mədəni
irsin saxlanması, müasir İKT infrastrukturunun
yaradılması, vahid milli elektron informasiya məkanının
formalaşdırılması, informasiya təhlükəsizliyinin
təmini, qlobal informasiya fəzasına inteqrasiya, milli İKT
məhsullarının istehsalı, ölkədə rəqəmsal
fərqin aradan qaldırılması kimi vacib məsələlər
daxildir.
- Azərbaycan Prezidenti
İlham Əliyev informasiya mübarizəsi məsələsinin
bizim üçün prioritet olduğunu vurğulayıb. Necə
hesab edirsiniz, bu sahədə vəziyyət necədir və
hansı addımlar atılmalıdır?
- Bu gün qlobal məkanda
informasiya mübarizəsi çox dərin və kəskin
xarakter alıb. Buna informasiya müharibəsi də demək
olar. Ümumiyyətlə, informasiya müharibəsi bəşər
tarixinin 7-ci nəsil müharibəsi adlanır. Digər
müharibələrdən fərqli olaraq, informasiya müharibəsinin
sərhədi bilinmir və əsasən, virtual xarakter
daşıyır. Bu müharibədə iştirakçı
tərəflərin sayı daha çoxdur və onun
vurduğu zərərlər də daha dərindir. Həm də
informasiya müharibəsində təhlükə hər tərəfdən
gələ bilər. Elmi-texniki inkişafa uyğun olaraq,
müharibənin metodları və silahları da dəyişir.
Biz bu vasitələrdən düzgün istifadə etməli,
vacib bildiyimiz informasiyaları xarici dillərə tərcümə
edib, ötürməyə çalışmalı və bu
yolla Azərbaycan həqiqətlərini virtual məkanda
dünyaya çatdırmalıyıq. Bu istiqamətdə
ölkəmizdə milli informasiya təhlükəsizliyi
sistemi formalaşdırılmaqda, texnoloji tədbirlər həyata
keçirilməkdədir. Ölkəmiz 2008-ci ildə
Kibercinayətkarlıqla mübarizə üzrə Avropa
Konvensiyasına qoşulub. Bu addımı atmaqla Azərbaycan
kibercinayətkarlığa qarşı mübarizədə
iştirakçı ölkələrin birgə səylərindən,
mexanizmlərindən istifadə etməkdədir. Qeyd edim ki,
institutumuzda informasiya müharibəsi texnologiyalarının
yaranma səbəbləri və bununla əlaqədar meydana
çıxan problemlər araşdırılıb, müxtəlif
alimlərin və mütəxəssislərin “informasiya
müharibəsi” termininə münasibətləri təhlil
edilib. Bu sahədə xarici ölkələrin təcrübəsi
öyrənilib, informasiya müharibəsi
texnologiyalarının təsnifatı verilib və informasiya təsiri
problemləri analiz edilib. Bundan başqa, informasiya təhlükəsizliyi
riskləri kontekstində qeyri-müəyyənliyin müxtəlif
növlərinin modelləşdirilməsinə mövcud
yanaşmaları analiz edib onların üstünlükləri
və nöqsanlarını
strukturlaşdırmışıq, riskin adekvat qiymətləndirilməsi
modellərinin işlənilməsi istiqamətlərini müəyyən
etmişik. İnstitutumuz tərəfindən, həmçinin,
informasiya təhlükəsizliyi risklərinin idarə edilməsi
metodologiyalarının müqayisəli analizi
üçün meyarlar sistemi və müvafiq metrikalar təklif
edilib.
Kompüter sistemlərində
informasiya təhlükəsizliyi risklərinin Bayes şəbəkələri
əsasında qiymətləndirilməsi modeli işlənib. İnformasiya
təhlükəsizliyi risklərinin
minimumlaşdırılması üçün
çoxmeyarlı təhlükəsizlik mexanizmlərinin
seçilməsinin situativ OWA-modeli təklif edilib. Bununla
yanaşı, tərəfimizdən informasiya təhlükəsizliyi
risklərinin idarə edilməsi üçün biznes-proseslər,
İT-servislər, informasiya təhlükəsizliyi servisləri
və təhdidlər səviyyəsi daxil olmaqla dördsəviyyəli
etalon model təklif edilib.
Yeni Azərbaycan.- 2011.- 25 yanvar.-
S.6.