Dünya azərbaycanlılarının
birliyinin və həmrəyliyinin əsasını azərbaycançılıq
ideyası təşkil edir
Professor Azər Kərimov: Müstəqil Azərbaycan
dövləti dünya azərbaycanlılarının həmrəyliyinin
güclü faktoru, onların təşkilatlanması, beynəlxalq
aləmdə nüfuzlu bir qüvvə kimi
çıxış etməsi üçün etibarlı
dayaq nöqtəsidi
Xaricdə yaşayan digər
vətənpərvər soydaşlarımız kimi, onun da əsas
amalı Azərbaycana xidmət etmək, ölkəmizin diaspor
siyasətinin reallaşmasında üzərinə düşən
vəzifələrin öhdəsindən layiqincə gəlməkdir.
20 ilə yaxındır ki, Çexiyada Azərbaycan həqiqətlərini
təbliğ edən soydaşımız, texnika elmləri
doktoru, professor Azər Kərimov 1951-ci ildə Bərdə
rayonunun Yeni Daşkənd kəndində anadan olub. Orta məktəbi
əla qiymətlərlə, Azərbaycan Politexnik İnstitutunun
(İndiki Texniki Universitet) İqtisadiyyat fakültəsini fərqlənmə
diplomu ilə bitirib. Moskvada aspiranturada təhsil aldıqdan
sonra dissertasiya işini müvəffəqiyyətlə
müdafiə edərək elmlər namizədi adını
alıb. Yenidən Bakıya qayıdaraq pedaqoji fəaliyyətini
davam etdirib. Səmərəli müəllimlik fəaliyyətinə
görə, Ümumittifaq Ali Attestasiya Komissiyasi tərəfindən
“dosent” elmi vəzifəsinə layiq görülüb. Moskva
şəhərində ikiillik xarici dil kursunu keçəndən
sonra 1987-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi və
Xarici İşlər Nazirliyinin təqdimatı ilə
müsabiqəyə buraxılıb və 20 namizəd
arasında qalib gələrək pedaqoji fəaliyyətini
davam etdirmək üçün keçmiş
Çexoslovakiyaya göndərilib. Müəllim kimi ona
ayrılan vaxtın sona çatmasına baxmayaraq,
Çexoslovakiya Texniki Universitetinin rəhbərliyi
keçmiş SSRİ tərəfinə Azər Kərimovun
daha bir neçə il bu ölkədə qalması xahişi
ilə müraciət edib. Yalnız 1990-cı ilin yanvar hadisələri
zamanı Bakıya qayıdan Azər Kərimovu az sonra
universitet rəhbərliyi təkidlə geri
çağırıb.
1994-cü ildə Slovakiyada
doktorluq dissertasiyasını müdafiə edib. Altı ay
müddətində pedaqoji və elmi fəaliyyətinə, nəşr
etdirdiyi kitablara, metodiki göstərişlərə görə,
“professor” elmi adını qazanıb. Hazırda, Çexiya
universitetlərində dərs deyən yeganə azərbaycanlı
müəllimdir.
Bu fəaliyyətlə
yanaşı, Çexiya-Azərbaycan Elm və Mədəniyyət
Mərkəzinin rəhbəri olan Azər Kərimov, eyni zamanda, Beynəlxalq Diaspora Mərkəzinin
Avropada təmsilçisi kimi, ölkəmizlə bağlı
həqiqətləri dünya ictimaiyyətinə
çatdırır. Altı dildə sərbəst
danışır. Avropada və dünyada Azərbaycan
diasporunun möhkəmlənməsi işində də hərtərəfli
fəaliyyət göstərir.
Onu da vurğulamaq yerinə
düşər ki, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının
I qurultayının nümayəndəsi olan Azər Kərimovun
Avropadakı fəaliyyəti yüksək qiymətləndirilib
və o, Dünya Azərbaycanlılarının Koordinasiya
Şurasının üzvü seçilib.
“Yeni Azərbaycan” qəzetinə
açıqlamasında ölkəmizin diaspora siyasətinə
toxunan A.Kərimov deyib ki, ötən dövr ərzində
dünya azərbaycanlılarının həmrəyliyinin
möhkəmləndirilməsi, məzmunca zənginləşdirilməsi
üçün xeyli iş
görülüb: “Azərbaycanlıların həmrəyliyi
ideyası ictimai təşəbbüslərdən və
arzulardan əməli işə
çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən
biri səviyyəsinə qaldırılıb. Bu isə, xaricdə
yaşayan azərbaycanlıların öz milli dövləti-Azərbaycan
Respublikası ətrafında sıx birləşməsi
prosesinə güclü təkan verir, milli birlik
ideyasının inkişafında mühüm rol oynayır. Ən
əsası odur ki, təşkilatlanma güclənir, Azərbaycan
xalqına və millətinə mənsubluq hissinə əsaslanan
azərbaycançılıq ideyası bütün dünyada
yaşayan azərbaycanlılar arasında geniş
yayılır”.
Onun sözlərinə
görə, Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi
istiqamətində Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz
xidmətləri xaricdəki hər bir soydaşımız
üçün bir məktəb və örnəkdir:
“Dünyanın müxtəlif ölkələrinə səpələnmiş
soydaşlarımız arasında əlaqələrin
genişlənməsi və intensivləşməsi, Avropa
ölkələrində Azərbaycan diasporunun və lobbisinin
fəaliyyətinin gücləndirilməsi bu gün xüsusilə
vacibdir. “Dünyada yaşayan hər bir azərbaycanlı
üçün müstəqil Azərbaycan Respublikası
vardır və o, bütün azərbaycanlıların Vətənidir
- hamı bu Vətən uğrunda
çalışmalıdır” - fikrini uzaqgörənliklə
söyləmiş Ümummilli liderimiz Heydər Əliyevin bu
istiqamətdə Avropa dövlətlərində və
dünyanın digər ölkələrində
soydaşlarımızla görüşləri çox əhəmiyyətli
olub. Bu tövsiyələr soydaşlarımız arasında əsl
vətənpərvərlik devizinə çevrilib.
Dünya azərbaycanlılarının
birliyi və həmrəyliyinin əsasını, azərbaycançılıq
və dövlətçilik ideyaları təşkil edir. Azərbaycançılıq
ideyası, hər şeydən əvvəl,
xalqımızın milli mənlik şüurunun, milli-mənəvi
dəyərlərinin, dilinin, mədəniyyətinin, əsrlərin
sınağından çıxmış adət-ənənələrinin
yaşadılmasını, bu ideya əsasında bütün
azərbaycanlıların tarixi Vətənlə və öz
aralarında birliyinin yaradılmasını nəzərdə
tutur”.
A.Kərimov bildirib ki,
müstəqil Azərbaycan dövləti dünya azərbaycanlılarının
həmrəyliyinin güclü faktoru, onların təşkilatlanması,
beynəlxalq aləmdə nüfuzlu bir qüvvə kimi
çıxış etməsi üçün etibarlı
dayaq nöqtəsidir: “Azərbaycan dövləti
xalqımızın tarixən dünya mədəniyyətinə
verdiyi zəngin maddi, mənəvi-əxlaqi, intellektual sərvətlərinin
müdafiəçisi və sahibidir. Dünya azərbaycanlılarının
ən mühüm, müqəddəs vəzifələrindən
biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün
dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin
nəticəsi olan müstəqil dövlətçiliyi
qoruyub saxlamaqdan, milli dövlətimizin beynəlxalq birlikdə
özünəməxsus yer tutmasına nail olmaqdan ibarətdir.
Müstəqil Azərbaycan dövlətinin mövcudluğu,
onun demokratik, dünyəvi, hüquqi cəmiyyət
yaradılması yolu ilə inamla irəliləməsi
yalnız Azərbaycan Respublikası vətəndaşlarının
deyil, bütün dünya azərbaycanlılarının milli
müstəqillik və dövlətçilik təfəkkürünün
inkişafına, onların həmrəyliyinə təkan
verir. Bu baxımdan, Avropa və dünya məkanında
yaşayan azərbaycanlılar arasında intensiv əlaqələrin
genişlənməsi, onların yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında fəal iştiraklarına,
güclü Azərbaycan diasporunun yaradılmasına, fəaliyyətinin
güclənməsinə, digər xalqlar və dövlətlərin
müstəqil Azərbaycan dövlətini daha yaxından
tanıması işinə xidmət edir. Buna görə,
soydaşlarımız Azərbaycan dövlətçiliyi
ideyaları ətrafında sıx birləşməli,
ümummilli məsələlərdə sarsılmaz həmrəylik
nümayiş etdirməli, bu məqsədlə azərbaycanlı
icmalarının, mədəniyyət mərkəzlərinin və
dostluq cəmiyyətlərinin imkanlarından geniş istifadə
olunmalıdır. Dünya azərbaycanlılarının
birliyi, həmrəyliyi onların daimi yaşadığı
ölkələrdə və bütün dünyada
güclü və monolit bir qüvvə kimi
çıxış etmələrinə, öz milli və vətəndaş
haqlarını daha dolğun qorumalarına da əhəmiyyətli
təsir göstərməkdədir”.
Müsahibimiz deyib ki, bu
gün dünya azərbaycanlılarının əsl milli
özünüdərk və ümummilli ideya - azərbaycançılıq,
müstəqil dövlətçilik və milli-mənəvi
dəyərlər ətrafında birləşməsi prosesi
uğurla davam edir: “Bu gün öz tarixinin məsul və
şərəfli mərhələsini yaşayan dünya azərbaycanlıları
vahid bir xalqı, bir milləti, bir tarixi Vətəni təmsil
edirlər. Azərbaycanlılar dünyanın bütün
ölkələrində Azərbaycan mədəniyyətinin,
dilinin, adət-ənənələrinin, mentalitetinin layiqli
daşıyıcıları kimi çıxış etməlidirlər.
Buna görə də, harada yaşamasından asılı
olmayaraq, milli adət-ənənələrin, mədəni-mənəvi
dəyərlərin qorunub saxlanması, gənc nəslə
ötürülməsi dünya azərbaycanlılarının
tarixi Vətən qarşısında müqəddəs
borcudur”.
Azər Kərimov onu da
bildirib ki, Azərbaycan Prezidenti
cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu
siyasət diaspor quruculuğu işinin daha da təkmilləşdirilməsini,
dünya azərbaycanlıları
arasında ideya birliyinin möhkəmləndirilməsini
özündə əks etdirir: “Təqdirəlayiqdir ki, son
dövrdə Azərbaycan və türk diaspor təşkilatları
arasında sıx səmərəli əməkdaşlıq əlaqələri
yaradılıb. Hər bir azərbaycanlı müstəqil Azərbaycan
dövlətini, azərbaycançılıq
ideologiyasını, əsası Ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən
davam etdirilən diaspora siyasətimizi təbliğ etməli,
müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu olan Ulu öndər Heydər Əliyevin “Vətən
birdir və hamı bu vətənə xidmət etməlidir”
tövsiyəsini rəhbər tuturaq, dünya, o cümlədən,
Avropa dövlətlərində Azərbaycan diasporunun
inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində
üzərinə düşən vəzifələri layiqincə
yerinə yetirməlidir”.
Beynəlxalq Diaspor Mərkəzinin
(BDM) Avropa nümayəndəliyinin rəhbəri Azər Kərimov
təmsil olunduğu qurum tərəfindən xarici ölkələrdə
çeşidli tədbirlərin keçirildiyini, Azərbaycan
lobbiçiliyinin formalaşması istiqamətində bir
sıra mühüm işlərin
görüldüyünü, tanınmış siyasət
adamları, ictimai xadimlər, alimlərlə əməkdaşlığın
genişləndirilməsinə nail olunduğunu
vurğulayıb.
Hazırda, ölkəmizin
öz tarixinin çox mühüm və məsul bir dövrünü
yaşadığını deyən A.Kərimov sonda bir daha
vurğulayıb ki, hər birimiz bu dövlətin
çiçəklənməsi uğrunda mübarizə
aparmalıyıq: “Harada yaşamağımızdan
asılı olmayaraq, bizi orada yaşamağa, mübarizə
aparmağa, adını şərəflə qorumağa məcbur
edən sevgi-torpağımıza, Vətənimizə,
dövlətimizə olan sevgimizdir. Vətənimizin sivil
dövlətlər səviyyəsində olması, daim
inkişaf etməsi üçün əlimizdən nə gəlirsə
onu etməliyik. Hansı xalqın, millətin, mədəniyyətin
nümayəndəsi olduğumuzu heç vaxt unutmamalı, əldə
etdiyimiz nəticələri, uğurları Vətənimizə
həsr etməliyik”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2011.- 25 yanvar.-
S.5.