ZƏHMƏTLƏ YOĞRULAN XOŞBƏXTLİK

 

Ümummilli lider Heydər Əliyev ideyalarına sədaqəti, yüksək elmi potensialı və işgüzarlığı ilə cəmiyyətdə özünə dərin rəğbət qazanmış Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, akademik  İsmayıl Hacıyev ömrünün 60-cı baharına qədəm qoyub. O, 21 yanvar 1951-ci ildə qədim Naxçıvanın Culfa rayonunun Xanəgah kənd məktəbinin müəllimi Muxtar müəllim ilə Xədicə  xanımın ailəsində dünyaya göz açmışdır. Hacıyevlər səcərəsinin etibarlı, saf genetik mühiti onun taleyinə möhür vurmuş, həlim təbiətli, həssas və qayğıkeş, geniş təfəkkürə malik insan kimi yetişməsində əsas amil olmuşdur.

İti hafizə, analitik təfəkkür, rəvan natiqlik məharətinə malik bu istedadlı şəxsiyyət haqqında yazmaq, insani və elmi yaradıcılıq keyfiyyətlərini əhatə etmək  həm asan, həm də məsuliyyətlidir. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinin tələbəsi kimi tanışlıqdan başlanan, ötən 40 ildə sınaqdan çıxan dostluğumuz İsmayıl müəllimin keçdiyi həyat yolunu xarakterizə etmək işini nə qədər asanlaşdırırsa, cəmiyyətdəki stabil ictimai-siyasi mövqeyi, idarəetmə bacarığı, sanballı elmi araşdırmaları və pedaqoji fəaliyyətini, müasirlərinin yüksək rəyini bütün çalarları ilə əhatə etmək  çətinliyi məsuliyyəti  bir o qədər  artırır.

Əsil azərbaycanlı mənəviyyatı üçün səciyyəvi olan halal ruzi və əxlaqi paklıq, haqqa tapınmaq kimi keyfiyyətlər İ.Hacıyevə də xasdır. 1968-ci ildə orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilməyən İ.Hacıyev Sumqayıt şəhərindəki İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix müəllimi ixtisasına qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanmışdır. İlk günlərdən sakit və ciddi mədəniyyəti, ünsiyyəti, səliqə-sahmanı ilə, mühazirə zamanı qaldırdığı suallarla auditoriyanın diqqətini cəlb edir, ümidlər doğururdu.  İmtahan sessiyalarının əla qiymətləri, 1972-ci ildə Ümumittifaq konfransında məruzəsinə görə diplom, 1974-cü ildə təhsil əlaçısı kimi “Əla təhsilə görə” nişanı, ali təhsil haqqında fərqlənmə diplomlu tələbəlik illərinin hədərə getməyən gərgin əməyinin təltifləri olmaqla ona bəslənilən ümidlərin ilk təsdiqi idi. Tarix müəllimi kimi doğma Naxçıvanın Xoşkeşin kənd səkkizillik məktəbində başladığı pedaqoji fəaliyyətinin ikinci ilində, 1976-cı ildə  layiq görüldüyü “Sosializm yarışının qalibi” nişanı, hər daşı və qayasında ərənlərin ömür salnaməsi həkk olan Naxçıvan diyarının tarixinin müxtəlif problemlərinin müəllim marağından doğan tədqiqatları, bölgə və respublika mətbuatındakı məqalələri Azərbaycanın elmi-pedaqoji aləminə perspektivli  tarixçinin gəlişindən xəbər verirdi. Məhz elmi və pedaqoji yaradıcılığa meyilliliyi vilayətin təhsil işçilərinin ona inam və etimadı üçün zəmin hazırlayırdı. 1977-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna yekdilliklə assistent seçilərək, bir il sonra ali məktəb müəllimi kimi geniş mühazirə auditoriyasına aldığı ömürlük mandat elə bu etimadın nəticəsi idi. Yeddi il sonra isə təşkilatçılıq bacarığını nəzərə alan institut rəhbərliyi tərəfindən Tarix-filologiya fakültəsinə dekan müavini vəzifəsinə irəli çəkilmişdir. Nəzəri biliyini təcrübədə prinsipiallıqla tətbiq edən İsmayıl Hacıyev təlim və tərbiyə işinin milli və ümumbəşəri dəyərlər əsasında təşkili problemlərini, milli əxlaqi irsə əsaslanan pedaqogika və psixologiyanın daha da inkişaf etdirilməsinin zəruriliyini uzaqgörənliklə görür, bu sahədə elmi araşdırmalara ciddi ehtiyac olduğunu hiss edirdi. Məhz psixoloji problemlərin tədqiqinə hədsiz maraq XX əsrin 80-ci illərinin ikinci yarısı, 90-cı illərinin əvvəlində “Təlim prosesində ictimai-siyasi materialın yadda saxlanması xüsusiyyətləri”, “Tədris prosesində tələbələrdə mənəvi keyfiyyətlərin aşılanması”, “Tələbələrdə siyasi mədəniyyətin formalaşması” və s. mövzularda hazırladığı metodik vəsaitləri və elmi məqalələri  ərsəyə gətirdi.

Sosializmin milli-psixoloji durumu ilə siyasi sistemi arasındakı tərsmütənasibliyi, hasil etdiyi elmi qənaətlərlə azadlıq ideyaları arasında çırpınırdı. 80-ci illərin sonunda erməni təcavüzkarlığına, xalqının beynəlxalq miqyasda təklənməsinə qarşı üsyan olaraq, məhz Naxçıvanda başlanan “Sərhəd hərəkatı” onun vətəndaş mövqeyini möhkəmləndirirdi.

Dövlət müstəqilliyinə nail olan Azərbaycan Respublikasının  siyasi və iqtisadi xaosa məruz qaldığı 1991-1993-cü illərdə “Tənha ada”da, müstəqil Azərbaycan dövlətçiliyinin modelinin yaradıldığı Naxçıvanda bəxtinə Heydər Əliyev məktəbində püxtələşmək şansı düşən İsmayıl müəllim bu məktəbdən ömürlük dərs aldı. AXCP-Müsavat hakimiyyətinin tüğyan etdiyi təzyiq, Vətən müharibəsi iştirakçılarının döyüş yoluna kölgə salan siyasəti dövründə, Bakıda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı (1941-1945-ci illər)” mövzusunda namizədlik dissertasiyasının müdafiəsi Heydər Əliyev  məktəbinin müdavimi olan, qətiyyətli və siyasi mövqeli bir tarixçinin prinsipiallıq nümunəsi idi. Bu, Dağlıq Qarabağda döyüş bölgəsində həlak olmuş Salatın Əsgərovanın şücaəti üçün örnək olan Azərbaycan qadınlarının  Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına ehtiram idi.

Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə respublikada bərqərar olunan stabil ictimai-siyasi vəziyyət İ.Hacıyev üçün də elmi yaradıcılıq imkanları açdı. Bakı, Naxçıvan, Türkiyə, Rusiya və s. ölkə arxivlərində üzə çıxararaq elmi dövriyyəyə cəlb etdiyi nadir tarixi faktlar əsasında yazdığı sanballı tədqiqat əsərləri onun yetgin alim imicini yüksəltdi. Təsadüfi deyil ki, 1994-cü ildə Naxçıvan Özəl Universitetinin elmi işlər üzrə prorektoru kimi məsul vəzifənin ona etibar olunması həmin universitetin kollektivi və elmi ictimaiyyət tərəfindən yekdilliklə bəyənildi. Bazar iqtisadiyyatı şəraitində ilk “qaranquşlardan” olan Naxçıvan Özəl Universitetində elmin idarə olunmasında qoyulan bünövrədə  İsmayıl müəllimin də payı az deyil. İki il sonra Naxçıvan Muxtar Respublikası rəhbərliyinin uzaqgörən kadr siyasəti və Naxçıvan Dövlət Universitetinin rektorluğunun etimadı ilə ali təhsilin idarə edilməsində qazandığı təcrübə və bacarıq nəzərə alınmaqla o, universitetin elmi işlər üzrə prorektoru kimi məsul vəzifəyə təyin olundu.

Zaman qloballaşan dünyada vəziyyəti zərgər dəqiqliyi ilə ölçüb-biçən, uzaqgörən, milli maraqları nəzərə alan elm və təhsil siyasətini tələb edirdi. Naxçıvan elminin də qarşısında ciddi vəzifələr dururdu. Azərbaycan tarixində qızıl hərflərlə yazılan 70-ci illərin elm və təhsil siyasətindən bəhrələnməklə, elm və maarifi yeni dövrün tələblərinə uyğunlaşdırmaq böyük aktuallıq kəsb edirdi, beynəlxalq elmi əlaqələrin yaradılması və genişləndirilməsini diktə edirdi. Xüsusilə, Naxçıvanın müxtəlif dövrlərdəki tarixinin ilkin mənbələr və arxeoloji materiallar əsasında obyektiv, özü də qısa müddətdə öyrənilməsi qaçılmaz idi.  Çünki aparılan tədqiqatlar, çıxarılan elmi qənaətlər Muxtar Respublika ərazisinə düşmənlərimizin iddialarının ifşası, məkrli erməni xülyasının əsassızlığının dünya ictimaiyyətinə çatdırılması baxımından layiqli cavab ola bilərdi. Aktual tədqiqatlar analitik təhlil bacarığına və geniş elmi təfəkkürə malik kadr hazırlığını da günün tələbinə çevirmişdi.

Dədə-baba yurdlarından zorakılıqla qovulan həmvətənlərinin dərdindən, sovet-erməni hərbi birləşmələri tərəfindən Qarabağda həyata keçirilən vandalizmdən, 20 Yanvar 1990-cı il faciəsindən vətənpərvər nəticələr çıxaran Naxçıvan Dövlət Universiteti aktual tədqiqat problemlərini, mövzuları dəqiqləşdirdi. Universitetin xarici ölkə elm və təhsil ocaqları ilə yaradıcılıq əlaqələri quruldu.

Yeni vəzifə təyinatı  İsmayıl Hacıyev yaradıcılığında məhsuldar bir mərhələnin başlanğıcını qoydu. Müəllifi olduğu “Türkiyə-Naxçıvan elmi əlaqələri”, “Tarixdə və günümüzdə Naxçıvan”, “Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi”, “XX əsrdə Naxçıvanda ermənilərin törətdikləri soyqırımının qarşısının alınmasında Türkiyənin rolu” və s. əsərləri və beynəlxalq simpozium və konfranslarda məruzələri məhz bu dövrdə oxucu auditoriyasına və elmi ictimaiyyətə təhvil verildi. Vaxtında yazılan və müvəffəqiyyətlə müdafiə edilən “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində” mövzusunda doktorluq dissertasiyası nəzəri və praktiki əhəmiyyəti ilə yanaşı, Azərbaycan ziyalısının erməni təbliğatına elmi-siyasi zərbəsi oldu.

Üçüncü minilliyin  Azərbaycan üçün əsrə bərabər ilk onilliyi tarix elmləri doktoru İsmayıl Hacıyev üçün daha düşərli və uğurlu oldu. Qədirbilən, haqqı, əməyi yüksək dəyərləndirən Culfa əhalisi o illərdə professor adı almış təhsil işçisini Naxçıvan MR Ali Məclisinə deputat seçdi. Ona ictimai-siyasi fəaliyyət meydanı açdı.

Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, nüfuzlu tarixçi-alim, həm də sadə və qətiyyətli şəxsiyyət kimi tanınan İsmayıl müəllim öz bacarığı və yüksək elmi-nəzəri hazırlığı ilə daha böyük etimad və zirvələr üçün yetişmişdi. Tərcümeyi-halını Təhsil Nazirliyinin fəxri fərmanı, akademik Yusif Məmmədəliyev adına mükafat və medal, Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun, Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatları, ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən təqdim olunan Qızıl medal və s. təltiflər bəzəyən cavan alimin yeni uğurlarını taleyi çox gözlətmədi.

2002-ci ildə Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Akademiyanın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunan və respublika teleefirinə yayımlanan müşavirədəki çıxışı ilə Azərbaycan elmi ictimaiyyətinin dərin rəğbətini qazanan İsmayıl Hacıyev 2003-cü ildə həmin Bölmənin sədri, AMEA-nın Rəyasət Heyətinin üzvü seçildi. Akademiyanın həqiqi üzvü seçilən akademikin AMEA-nın Naxçıvan Bölməsinin  ilk sədri kimi adı Azərbaycan elm tarixinə yazıldı.

İstedad və səbr kimi ilahi keyfiyyətləri özündə birləşdirən zəhmətsevər alimin bugünkü nailiyyətləri müasirləri tərəfindən səmimiyyətlə etiraf olunur. Elmi yaradıcılığı, tarixin müxtəlif problemlərinə həsr olunmuş 30-dan artıq monoqrafiyası,  230 elmi məqaləsi, elmi məruzələri və s. ilə tanışlıq hər bir insanı onun yaradıcılığına verilən qiymətə şərik və məmnun edir. Fərdi və müştərək yazdığı “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi”, “Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan və ingilis dillərində),  “İntibahın 15 ili”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” və s. əsərləri həm problemin qoyuluşu, həm də yeniliklərlə zəngin olan tədqiqatın bəhrəsidir. Naxçıvanın 1918-1920-ci illəri əhatə edən həqiqi tarixinin bərpası, tarixin arxivində yatıb qalan nadir faktların üzə çıxarılması məhz onun adı ilə bağlı yeniliklər hesab oluna bilər. Bu əsərlər Azərbaycan  tarixinin  öyrənilməsində xüsusi yeri olan sanballı tarixşünaslıq, milli maraqlarla bəşəri maraqları bacarıqla çulğalaşdıran praqmatik təfəkkür nümunəsidir.

Elmi kadr hazırlığına xüsusi diqqət və qayğı ilə yanaşan İsmayıl müəllimin Naxçıvanın son uğurlarında da əvəzsiz yeri var. Naxçıvan üçün elmi dərəcəli kadrlar əgər əvvəllər Bakıdakı elm və təhsil müəssisələrində hazırlanırdısa, indi Naxçıvanda işləyib yaradan AMEA-nın 2 həqiqi, 4 müxbir üzvündən, 30-a yaxın elmlər doktoru professordan, 180 fəlsəfə doktorundan ibarət güclü kadr potensialının iştirakı ilə gənc alimlər yetişdirilir. İ.Hacıyevin alim və vətəndaş mövqeyi, tələbkar təşkilatçılığı Akademiyanın Naxçıvan Bölməsi nəzdində fəaliyyət göstərən 3 ixtisas üzrə müdafiə Şurasına sədr kimi fəaliyyətində qabarıq ifadəsini tapmışdır. Fərəhli haldır ki, Şuranın fəaliyyəti dövründə həm Muxtar Respublikada yaşayan, həm də respublikamızın müxtəlif regionlarından olan 40-a yaxın dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə etmişdir. Təkcə 2010-cu ildə Naxçıvan Bölməsinin 13 əməkdaşı müvəffəqiyyətlə müdafiə etmiş, alimlik dərəcəsinə layiq görülmüşdür. Kadr hazırlığı sahəsindəki gərgin əməyi sayəsində Bölmədə elmlər doktorunun sayı 7 nəfərə, fəlsəfə doktorları isə 45-ə çatmışdır.  Təsadüfi deyil ki, sözügedən ildə Bölmə alimləri Azərbaycan Respublikasının Prezidenti yanında Elm Fondunun 2 qrant layihəsini udmuş və hazırda həmin layihələr həyata keçirilməkdədir. Fizika və kimya elmləri üzrə 4 əməkdaş apardığı tədqiqatlarla əlaqədar patent almışdır. Müxtəlif istiqamət və ixtisaslar üzrə 700-dən çox əsər yazılmışdır.

Doktorant və dissertantlara elmi rəhbər və məsləhətçi, elmi jurnallara, monoqrafiya, dərslik və dərs vəsaitlərinə və s. elmi redaktor, redaksiya heyətinin üzvü kimi yaradıcılığı onun güclü qələm sahibi olmasından xəbər verir. Redaktəsindən çıxan, elmi tövsiyələri sayəsində təkmilləşdirilən yüzlərlə aktual mövzulu məqalələr AMEA-nın Naxçıvan Bölməsinin “Xəbərlər”ində, Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”ində, Türkiyədə dərc olunan jurnallarda işıq üzü görmüşdür.

Milli tarixi keçmişimizlə müasirliyin vəhdətindən bəhrələnən, analitik təhlil bacarığına, dünyanın inkişaf qanunauyğunluqları haqqında geniş bilgiyə malik Əməkdar elm xadimi İ.Hacıyev Yeni Azərbaycan Partiyasının fəal üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, xalqını hədsiz sevən vətəndaş kimi də yüksək hörmətə layiqdir.

İki oğul, bir qız atası olan İsmayıl müəllim 60 illik yubileyinə çox da hamar olmayan həyat yolundan keçib gəlmişdir. Onun alın təri ilə yoğrulan bu günü nəinki övladları, neçə-neçə Azərbaycan gənci üçün örnəkdir. Bu həyat yolu zəhmətsevərlik, saflıq, xalqına və dövlətinə sadiqlik, sevinc aşılayan bir yoldur. O sevinc ki, bölüşdükcə artır, qəlblərdə yaşamaq, yaratmaq eşqini alovlandırır. Məmnunam ki, bu sevincdən pay götürmək, ürəyimdən süzülüb gələn, əbədi qalacaq bu kəlmələri onunla və oxucuyla bölüşmək nəsibim oldu. 60 yaşın mübarək  əziz dostum.

 

 

Oktay Sultanov,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin Tarix fakültəsinin

dekanı, tarix elmləri doktoru,

professor

 

Yeni Azərbaycan.- 2011.- 26 yanvar.- S.4.