Dinin siyasiləşdirilməsi, siyasət aləti edilməsi yolverilməzdir

 

Hidayət Orucov: Azərbaycanda heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov www.yap.org.az saytına müsahibə verib:

 

- Bütövlükdə, ölkəmizdə dini sabitlik vəziyyətini necə dəyələndirirsiniz?

- Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir. Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir. Azərbaycanda heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır.

Ölkəmizdə dövlət-din münasibətləri möhkəm qanunçuluq bazası üzərində qurulub. Qeyd etməliyəm ki, dövlətimizin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu nəinki Azərbaycan cəmiyyətində, həmçinin, ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırmacılar, dövlət rəsmiləri, politoloqlar, qafqazşünaslar tərəfindən də rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, artıq ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə təkcə yerləşdiyi coğrafi regionun deyil, dünyanın ən yaxşıları sırasındadır.

- Azərbaycanda dini icmaların qeydiyyata alınması ilə bağlı vəziyyət nə yerdədir?

- “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş sonuncu əlavə və dəyişikliklərdən sonra dini icmaların yenidən qeydiyyatına başlanıb. Hazırda bu proses davam edir. Əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 2010-cu ilin yanvar ayının 1-dək Dövlət Komitəsinə müraciət etməli idilər. Həmin dini icmaların böyük əksəriyyəti müraciət ediblər. Müraciətlərə baxılıb və icmaların çoxu qeydiyyata alınıb. Sənədlərində nöqsan və uyğunsuzluq olanların isə qeydiyyata alınmasından imtina edilib. Konkret rəqəmlərlə desək, bugünədək 510 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. 30 icmanın yenidən qeydiyyata alınmasından isə imtina olunub.

- Bir müddət öncə Azərbaycanda hansısa dini qruplaşmalarda ekstremizmə meyillilik müşahidə olundu. Bir-iki hücum da təşkil edildi. Bu məsələyə münasibətiniz necədir?

- Təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycanda radikallığa meyilli xırda qruplar mövcuddur. Ancaq müşahidələr göstərir ki, ötən əsrin 90-cı və XXI əsrin əvvəlləri ilə müqayisədə, onların dairəsi xeyli daralıb, fəaliyyətləri zəifləyib və getdikcə zəifləməkdədir. Əminliklə demək olar ki, qanunazidd əməllərlə məşğul olan belə qrupların dinlə heç bir əlaqələri yoxdur. Onlar xarici radikalların buradakı ruporu olmağın müqabilində maliyyə vəsaiti ilə təmin olunur və təlimatlandırılırlar. Azərbaycan cəmiyyəti bu kimi məsələlərə qarşı həmişə prinsipial mövqedə dayanıb. Çünki Azərbaycan bu gün ötən əsrin 90-cı illərinin əvvəllərindəki dövlət deyil. İndi dövlətimiz kifayət qədər güclü, cəmiyyətimiz isə kifayət qədər yüksək inkişaf etmiş, intellektual cəmiyyətdir.

Bir məsələni xüsusilə vurğulamaq lazımdır. Diqqət yetirmisinizsə, orta ümumtəhsil müəssisələrində vahid məktəbli formasına keçidlə bağlı qərar qəbul edildikdən sonra müəyyən qruplar bunu hicaba qadağa kimi qələmə verməyə başladılar. Halbuki, Azərbaycanda hicabın qadağan olunmasından söhbət belə gedə bilməz. Şübhəsiz ki, Təhsil Nazirliyinin qərarını məhz bu cür qələmə verməklə onlar müəyyən məqsəd güdürlər. Ancaq bununla özlərini ifşa etdilər. Necə olur ki, indiyədək övladlarını məktəbli formasından kəskin fərqlənən, məsələn, təmtəraqlı, böyüklərə xas dəbə uyğun geyimlə məktəbə göndərən valideynlər vahid məktəbli formasından şikayətlənmir, ancaq din adından istifadə edən bir qrup şəxs “hicaba qadağa qoyuldu” deyib səs-küy salır? Təbii ki, bu “etirazçılar”ın dinlə heç bir əlaqəsi yoxdur və qanundankənar istənilən əməlləri perspektivsizdir. Onlar sadəcə olaraq Azərbaycandakı demokratik mühitdən, vicdan azadlığının yüksək səviyyədə təmin olunmasından sui-istifadə edərək ölkəmizə qarşı bəd əməllərlə məşğuldurlar.

Bütün qanundankənar əməllər kimi, bir məktəbə də olsa, hücum çəkilməsi bizi çox məyus edir. Məktəb - uşağın, yeniyetmənin elm, savad öyrəndiyi müqəddəs yerdir. Məgər din pərdəsi altında maskalanaraq gizlənənlər bunu bilmirlər? Məgər bilmirlər ki, bütün dinlər - ilk növbədə həmin şəxslərin özlərini tərəfdarı hesab etdikləri İslam dini - insanın təhsil almasını, maariflənməsini vacib sayır? Məgər bilmirlər ki, müqəddəs Qurani-Kərimin nazil olan ilk ayəsində də “Oxu!” deyilir? Yoxsa İslam Peyğəmbərinin (s) təhsil almaq, savadlanmaqla bağlı hədislərindən xəbərsizdirlər? Bəlkə bütün bunları çox yaxşı bilirlər. Bilmirlərsə, öyrənmək də istəmirlər. Çünki əsas məqsədləri qanunsuzluğa əl atmaq, təxribatçı çağırışlar etmək, dövlətlə dindar vətəndaşlar arasındakı möhkəm bağlılığı sarsıtmağa cəhd göstərməkdir. Ancaq, bir daha təkrar edirəm, onlar məqsədlərinə çatmayacaqlar!

- Baş örtüyü məsələsinin, xüsusilə, dini baxımdan ağır sayılan bir ayda şişirdilməsi hansı məqamlardan xəbər verir?

- Dini baxımdan müqəddəs və yaxud ağır hesab edilən ayların özünəməxsus xüsusiyyətləri var ki, onlardan biri də həmin aylarda insanların daha həssas olmasıdır. Bu baxımdan, məlum qüvvələr vahid məktəbli forması haqqında qərardan fürsət kimi istifadə etməyə çalışdılar. Ölkəmizdə təfriqə yaratmaq istəyən bu qruplaşmalar milli-mənəvi dəyərlərinə bağlı olan xalqımızın həssaslığından “yararlanmaq” istədilər. Lakin xalqımız ağı qaradan seçməyi yaxşı bacarır. Həqiqi dindaşını təxribatçıdan ayırmağı da bilir. Müstəqilliyimizi yenidən qazanmış gənc dövlət kimi bu cür fürsət axtaranlara rast gəlməyimiz normaldır. Çünki bəzi qüvvələr bizim inkişafımızı, iqtisadi tərəqqimizi, eyni zamanda, milli-mənəvi dəyərlərimizə daha şüurlu şəkildə qayıdışımızı və onlara sahib çıxmağımızı istəmirlər. Siyasi zəmində təsir güclərini itirdikdə bizim mənəvi dünyamızda təxribat yaratmağa çalışırlar. Lakin dini məsələlərin hansı ayda sabitliyi pozmaq məqsədilə şişirdilməsindən asılı olmayaraq, dövlətimizin və cəmiyyətimizin mövqeyi birmənalı olaraq qalacaq.

- Hətta, fikirlər var ki, insanların dini inanclarından siyasi istismar vasitəsi kimi istifadə edənlər qərəzli xarici dairələrdir. Onların idarə olunan maliyyə mənbələri barədə də xəbərlər var. Sizcə, bu fikirlər nə dərəcədə əsaslıdır?

- Bir az öncə qeyd etdiyim kimi, Azərbaycanı sevməyən bəzi qüvvələrin ruporu olan və dini sferada təmsil olunan bu qrupların maliyyə vəsaitləri ilə təmin edilməsi istisna deyil. Çünki belə işlərlə məşğul olmaq üçün də maliyyə lazımdır. Bu qrupların əksəriyyətinin satın aldıqları, yaxud kirayələdikləri ofisləri, kağız və elektron mətbuat orqanları və başqa təbliğat vasitələri var. Bütün bunları idarə etmək üçün kifayət qədər böyük maliyyə vəsaiti lazımdır. Müşahidələr göstərir ki, bu qruplara daxil olan insanların konkret gəlir mənbəyi də yoxdur. Ölkəmizdə təxribatçılara maliyyə ilə kömək edəcək insanların olması da inandırıcı deyil. Bu amillər onların kənardan maliyyələşdirilməsinə inanmağa əsas verir.

- Baş örtüyü məsələsi ilə bağlı aksiyalar təşkil edənlərin Azərbaycana miqrant adı altında daxil olmuş əcnəbilər olduğu da iddia olunur. Əgər belədirsə, hansı konkret addımlar atıla bilər?

- Hesab edirəm ki, bu kimi məsələlərin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Əgər baş örtüyü ilə bağlı aksiyaların təşkilində bu və ya digər formada xaricdən gələn miqrantların iştirak etməsi ilə bağlı faktlar mövcuddursa, yəqin ki, müvafiq orqanlar tərəfindən araşdırmalar aparılacaq və lazımi tədbirlər görüləcək.

- Gələcəkdə dini məsələlərə siyasi don geyindirərək çaxnaşma yaradılmasının qarşısını almaq və cəmiyyətin dini baxımdan maarifləndirilməsi üçün hansı təbdirlər görüləcək? Bu sahədə perspektiv planlar nədən ibarətdir?

- Ölkəmizdə dini siyasiləşdirərək, çaxnaşmaların yaradılmasına heç vaxt imkan verilməyəcək. Bu, birmənalıdır. Dinin siyasiləşdirilməsi, siyasət aləti edilməsi yolverilməzdir. O, daim uca tutulmalıdır. Din iqtidara gəlmək üçün vasitə ola bilməz. Hər kəs dinə mədəniyyət səviyyəsindən yanaşmağı bacarmalıdır. Dövlət də dini siyasətdən uzaq tutmaq üçün əlindən gələni edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu kimi halların qarşısının alınması istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirir. Vətəndaşlarımız arasında dini baxımdan mədəni-maarif işinin aparılması Dövlət Komitəsinin başlıca vəzifələrindən biridir. Bu məqsədlə, rayon icra hakimiyyətləri, orta və ali təhsil müəssisələri, cəzacəkmə müəssisələri və digər qurumlarla birgə ölkədə seminar-treninqlər həyata keçirilir. Dövlət Komitəsinin ixtisaslı kadrları həmin seminar-treninqlərdə dövlət-din münasibətləri, onların tənzimlənməsini həyata keçirən qanunvericilik bazası və digər mövzularla bağlı mühazirələr oxuyur, ictimaiyyəti maraqlandıran müxtəlif sualları cavablandırırlar. Eyni zamanda, Dövlət Komitəsi tərəfindən nəşr edilən “Cəmiyyət və Din” qəzeti oxucuların böyük rəğbətini qazanıb. Qəzetdə ictimai-siyasi materiallarla yanaşı, mütəxəssislər tərəfindən qələmə alınmış din tarixi, mədəniyyəti, konfessiyalar, təriqətlər, görkəmli üləmalar, din xadimləri, milli-mənəvi dəyərlər barədə və bir çox mövzularda elmi-kütləvi məqalələr də dərc olunur. Dövlət Komitəsinin digər nəşri olan “Dövlət və Din” ictimai fikir toplusu isə ilahiyyat sahəsində elmi tədqiqatların aparılmasında istifadə olunan sanballı, mötəbər mənbəyə çevrilib. Biz bütün bunlarla yanaşı, müxtəlif səpkili dini maarifləndirici ədəbiyyatların nəşrlərinə də üstünlük veririk. Bu istiqamətdə işlərimiz hazırda davam edir və 2011-ci ildə yeni nəşrlərimizi ölkə ictimaiyyətinin diqqətinə çatdıracağıq. Bütün bu işləri görməkdə məqsədimiz cəmiyyətimizin dinimizi sağlam şəkildə öyrənməsinə nail olmaq, onları yad təsirlərdən qorumaq və təhlükədən sığortalamaqdır.

 

 

Yeni Azərbaycan.- 2011.- 26 yanvar.- S.3.