Dağlıq Qarabağ problemində bəzi anlayışlar barəsində

 

1988-ci ildən Ermənistan millətçi dairələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan iddiası ilə başlayan problem hələ də həll edilməmiş qalmaqdadır. Sovet İttifaqı dağılana qədər həm SSRİ-nin, həm də Ermənistan SSR-nin Konstitusiyalarını, sonradan isə beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistan 1990-1994-cü illər ərzində Azərbaycanın 20 faizə qədər torpağını işğal etdi.

Aktiv hərbi əməliyyatların dayandığı dövrdən 17 il keçsə də vəziyyət qeyri-müəyyən olaraq qalmaqdadır. Atəşkəs elan olunsa da müharibə dayanmamışdır və cəbhə xəttindəki gərginlik hər an müharibənin başlaması ehtimalından xəbər verir. Ermənistan qonşu dövlətin öz ərazisinin yarısından çoxunu işğal etsə də, onu öz inkişafı üçün istifadə edə bilmir. Eyni zamanda, reallıqdır ki, bütün səylərə baxmayaraq, Ermənistanın işğalçı rəhbərliyi zəbt edilmiş torpaqları ölkələrinə birləşdirə bilmədilər. Hətta orada yaratdıqları oyuncaq rejimə hər hansı beynəlxalq hüquqi don da geyindirmək mümkün olmadı. İşğal faktoru ötən müddət ərzində Ermənistan dövlətçiliyinə, iqtisadiyyatına, diplomatiyasına, ordu quruculuğuna ciddi zərbələr vurmaqdadır.

Torpaqlarının bir hissəsinin işğalına baxmayaraq, Azərbaycanın düzgün seçdiyi inkişaf xətti onu bütün parametrlər üzrə inkişafda Ermənistandan əhəmiyyətli dərəcədə önə çıxartdı. Demokratiya, güclü iqtisadiyyat, güclü sosial müdafiə sistemi, güclü ordu Azərbaycanı problemin həllində qətiyyətli etməyə imkan verdi. Ötən müddətdə beynəlxalq birlik, onun nüfuzlu beynəlxalq təşkilatları - BMT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı və digərləri Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən çoxsaylı qətnamələr qəbul etdilər.

Bu gün Azərbaycanın işğal olunmuş torpaqları məsələsi daim beynəlxalq siyasətin gündəliyindədir. Ölkəmizin ərazi bütövlüyü məsələsi başa düşülür və müdafiə edilir. Problemin həllinə dair ölkəmizin ədalətli mövqeyi tamamilə aydındır. ATƏT-in Minsk qrupu adlı beynəlxalq vasitəçi qurum və onun ABŞ, Rusiya və Fransa kimi nüfuzlu ölkələrdən ibarət həmsədrlər institutu müntəzəm olaraq bu problemin həlli ilə məşğuldurlar. Onların fəaliyyəti Azərbaycan cəmiyyətini tam təmin etməsə də, ortada Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyan və Ermənistanı beynəlxalq hüquq müstəvisinə çəkmək istəyən üç dövlətin birgə səyi vardır.

Bu istiqamətdə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin problemin həllinə diqqəti xüsusi qeyd edilməlidir. 2008-ci ildən bəri onun təşəbbüsü və şəxsi iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin yeddi görüşünün keçirilməsi problemin beynəlxalq birlik üçün aktuallığını göstərir.

Problemin həllinə beynəlxalq səylər göstərilib, mövqelər aydınlaşsa da bir sıra yanaşmalar ciddi etiraz doğurmaya bilməz. Burada söhbət məsələnin həllində Azərbaycanla Ermənistanın məsuliyyətini tərəzinin eyni gözünə qoymaqla yanaşı, məsələnin bilərəkdən səhv qiymətləndirilməsi cəhdindən də gedir. Bu, sadəcə, terminologiya məsələsi olmayıb, onların doğurduğu siyasi nəticələr də deməkdir. Səhv terminologiya beynəlxalq ictimaiyyətdə Azərbaycanın mövqeyini təhrif edir və məsələnin mahiyyətini dəyişməyə xidmət edir.

Aşağıda göstərilən nümunələr əsasən Azərbaycandan kənarda kök salsa da, öz cəmiyyətimizdə də bəzən yanlış yanaşmalara rast gəlinir. Beləliklə, etiraz doğuran ifadələrə və adlandırmalara aşağıdakıları aid etmək olar: “Azərbaycan-Ermənistan Dağlıq Qarabağ problemi” - Termin ATƏT-in Minsk qrupunun təklifi ilə tərəflər arasında bir kompromis variant kimi qəbul edilmişdir. Termin tərəflərin məsələyə yanaşmalarında xeyli güzəşt və ortaq məxrəcə gəlmə kimi qəbul edilə bilər. Əslində isə, problemi dərindən bilməyən xarici ölkə ictimaiyyəti üçün termin ortada olan “Dağlıq Qarabağ” adlanan ərazi uğrunda Azərbaycan və Ermənistanın mübarizəsi kimi başa düşülür. Burada Dağlıq Qarabağın əvvəlki və indiki statusu və nə səbəbdən bu problemin yaranması bilinmir.

Ancaq məsələni bir qədər araşdıran istənilən tədqiqatçı DQ-nin 1991-ci ildə SSRİ-nin dağılmasına qədər Azərbaycanın tərkibində olmasını və 1991-1994-cü illərdə bu ərazinin və onun ətrafında ondan üç dəfə çox olan əlavə ərazinin Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal etdiyini üzə çıxarır. Bu fakt həmin dövrdə BMT Təhlükəsizlik Şurasının qərarlarında, bir çox ölkələrin məsələyə rəsmi münasibətlərində və hətta Ermənistanın bəyanatlarında da öz əksini tapıb. Həmin dövrdə Dağlıq Qarabağ ərazisində yaşayan 50-100 minlik erməni icmasının özünümüdafiə dəstələrinin 6 milyonluq Azərbaycan dövlətinin silahlı qüvvələrinə qalib gəlməsi iddiası isə, sadəcə olaraq, gülüncdür.

Problemin adı isə: “Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğalından doğan problem”dir.

“Dağlıq Qarabağda yaşayan erməni icmasına yüksək muxtariyyət verilməsi”.

Azərbaycan problemin həllini işğal edilmiş ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasında və Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsində görür. Yüksək muxtariyyət öhdəliyi mübahisə predmeti deyil və bu bəyanat dəfələrlə ən yüksək səviyyədə Azərbaycan tərəfindən səsləndirilib. Bu zaman dünyada mövcud olan muxtariyyət formalarının ən geniş formatları daima danışıqlar stolunun üstündədir.

Aydınlıq gətiriləsi məsələ isə odur ki, muxtariyyət həmin ərazidə yaşayan erməni icmasına deyil, bütün əraziyə veriləcək və bütün əhaliyə şamil ediləcək.

1991-1994-cü illərdə Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağın 5 min kvadrat kilometr ərazisi ilə yanaşı, Azərbaycanın əlavə 12 min kvadrat kilometr ərazisini də işğal etdilər. Aparılan danışıqlar nəticəsində keçmiş DQMV ətrafındakı ərazinin qeyd-şərtsiz azad edilməsi, Dağlıq Qarabağ ərazisinə isə məcburi köçkünlərin geri qaytarılması və əraziyə əvvəlkindən də geniş muxtariyyət verilməsi nəzərdə tutulur. Həmin ərazidə yaşayan hər bir kəs muxtariyyətin daşıyıcısı olacaq və yüksək zəmanətin arxasında isə müstəqil Azərbaycan dövləti duracaq.

“Dağlıq Qarabağın separatçı rejimi”. Bu ifadə yaranmış situasiya üçün nə hüquqi, nə də məntiqi cəhətcə düzgün deyildir. Separatçı rejim hansısa ölkənin bir hissəsi mərkəzi hökumətə tabe olmadıqda və o, de-yure daxil olduğu dövlətin de-fakto heç bir razılığı olmadan idarə edildikdə mövcud olur. Separatçı rejim öz resursları hesabına yaşayır, hakimiyyəti həmin ərazinin əhalisindən alır, dünya birliyi ilə birbaşa dialoqda olur və konflikt həmin ərazi rəhbərliyi ilə ölkə rəhbərliyi arasında həll edilməyə çalışılır.

Dağlıq Qarabağ nümunəsində isə həm DQ, həm də ətraf zona qonşu Ermənistan tərəfindən işğal edilmişdir. Fakt Ermənistan tərəfindən də dəfələrlə təsdiqini tapıb. İşğal zonasında qeyri-qanuni şəkildə Ermənistan Silahlı Qüvvələrinin nizami hissələri yerləşdirilmişdir. Zonanın büdcəsi Ermənistanın büdcəsində oturdulmuş, əhalisi Ermənistan rəsmi sənədləri ilə təmin edilmişdir. Ona görə də, həmin ərazi çox düzgün olaraq Azərbaycan tərəfindən “İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistanın işğalçı rejimi” adlandırılır.

“Dağlıq Qarabağ xalqı” - Bu termin ancaq Ermənistan rəsmi leksikonunda və kütləvi informasiya vasitələrində işlədilir. Əslində isə, “Dağlıq Qarabağ” adlı xalq ola bilməz. Elmi ədəbiyyatda “xalq” dedikdə “etnos” (eyni ictimai əlamətlər üzrə birləşən insanlar) başa düşülür. Eyni əlamətlər - vahid dil, mədəniyyət, din, tarix və bu kimi digər amillərdir. Bunlardan ən vacibi dil qəbul edilir.

Qeyri-elmi anlayış kimi “xalq” dedikdə “cəmiyyət”, “əhali” və “kütlə” də başa düşülür.

İşğal faktına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində həm Azərbaycan, həm də digər xalqların nümayəndələri ermənilərlə bərabər geniş şəkildə təmsil olunurdular. 1991-1993-cü il Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağ və ətraf ərazilərdən bütün qeyri-erməni millətlərindən olanlar doğma torpaqlarından qovulublar. İndi orada ancaq erməni millətindən olan insanlar yaşayırlar.

Orada yaşayan ermənilərlə, Ermənistan və digər ölkələrdə yaşayan ermənilərin dillərində, dinlərində, mədəniyyət və tarixi köklərində heç bir fərq yoxdur. Ona görə də, onlar “xalq” yox, “Dağlıq Qarabağ əhalisinin erməni icması”dırlar. Çünki Dağlıq Qarabağ bölgəsinin əhalisinin tərkibinə yerli əhali olan, bu gün qaçqın həyatı yaşayan və sayı artıq 110 min nəfərə çatan azərbaycanlılar və 10 minə qədər digər xalqların nümayəndələri də daxildir.

“Məsələnin həlli filan ölkənin istəyindən asılıdır”. Kənar baxışda bu belə də görünə bilər. Ancaq bütün ağır problemlər kimi, Dağlıq Qarabağ probleminin də həlli hansısa konkret şərtdən deyil, müvafiq şəraitin yetişməsindən asılıdır. Dağlıq Qarabağ problemi erməni millətçi dairələri tərəfindən təxminən iki əsr ərzində yaradılmışdır. Onun 1988-ci ildə başlaması aysberqin isti qatı idi. Azərbaycanın dövlət müstəqilliyinin olmaması, SSRİ-nin dağılma mərhələsinə daxil olması və onun siyasi rəhbərliyinə və güc strukturlarına erməni millətçilərinin güclü təsiri problemin partlamasına səbəb oldu. Burada əvvəldən məqsədli surətdə Azərbaycan SSR rəhbərliyinə milli təəssübkeşliyi olmayan  şəxslərin yerləşdirilməsi də böyük rol oynadı.

Məsələnin dərin təhlili göstərir ki, Dağlıq Qarabağ probleminin başlaması kimi bitməsi də müvafiq şəraitin yetişməsi ilə bağlıdır. Həmin şərait isə aşağıdakı amillərdən asılıdır:

1. Dünya ictimaiyyətinin torpaq işğalını qəbul etməməsi və ona siyasi, hərbi, diplomatik dəstək mexanizmlərindən imtina edilməsi, məsələlərə ikili standartla yanaşma praktikasına yol verilməməsi.

2. Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, onun dünya birliyinə inteqrasiyası, iqtisadi, siyasi qüdrətinin artması, hərbi gücünün ərazi bütövlüyünün təmin edilməsində yetərli olması.

3. Azərbaycan dövlətinin ərazi bütövlüyü məsələsində prinsipial mövqeyi, cəmiyyətdə vətənpərvərlik və milli düşüncənin daima yüksək səviyyədə olması.

4. Ermənistan cəmiyyətində, xaricdəki erməni diaspor dairələrində Azərbaycan torpaqlarının işğalının heç bir fayda verməməsi qənaətinə gəlinməsi. İşğal faktorunun erməni dövlətçiliyinə ağır zərbə vurması, Ermənistanın Azərbaycanın təşəbbüskarı və təşkilatçısı olduğu çoxmilyardlı gəlirlər verən regional layihələrdən kənarda qalmasının əks-sədası və s.

5. Azərbaycanın lider dövlət olduğu Cənubi Qafqaz regionunun dünya siyasətində, iqtisadi quruluşunda, təhlükəsizlik sistemində rolunun artması.

6. Dünyanın aparıcı dövlətlərinin rəsmi və siyasi dairələrində region, Dağlıq Qarabağ problemi və erməni millətçi ideologiyası haqqında obyektiv informasiyanın çoxalması.

Həmsədr ölkələr - ABŞ, Rusiya və Fransa tərəfindən edilən təkliflər isə yuxarıda sadalanan prinsiplərin tətbiqinə edilən yeni variantlar deməkdir. Vasitəçilər onları bir paketdə birləşdirməyə və konfliktin güzəştlərlə həllinə cəhd edirlər.

1988-ci ildən yaranan problem 1992-ci ildən ATƏT-in Minsk qrupu formatında həll edilməyə başlanır. Azərbaycan beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq münaqişənin “ərazi bütövlüyü prinsipi” əsasında həll edilməsinə çalışır. Çünki problem Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğalı nəticəsində yaranmışdır. Ermənistan isə “xalqların müqəddəratını təyin etməsi prinsipini” əsas gətirərək işğal edilmiş torpaqları Azərbaycandan qoparmağa çalışır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında yaşayan erməni icmasının millət kimi öz müqəddəratını təyin etməsində təkid edir. Vasitəçilər isə problemi ancaq “güc tətbiq etməmə prinsipi” əsasında həll etməyə üstünlük verirlər.

Prinsiplərin hər biri beynəlxalq hüquq normalarına daxildir. Və 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilmiş Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsinin yekun xartiyasında öz əksini tapmışdır.

Ancaq Ermənistanın düşüncəsindən asılı olmayaraq, “müqəddəratı təyin etmə” heç də müstəqillik demək deyildir. Dünya təcrübəsində və beynəlxalq hüquq normalarında bu anlayışa müstəqil dövlətdən başqa muxtariyyət və mədəni muxtariyyət variantları da daxildir. Azərbaycan isə ərazi bütövlüyü prinsipi ilə səsləşən yüksək muxtariyyət modeli təklif edir. Çünki erməni xalqı artıq öz müqəddəratını təyin edib və tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı müstəqil dövlət yaradıb. İkincisi isə dünyada müstəqil dövləti olan 50-100 min nəfərlik milli icmanın yeni bir müstəqil dövlət yaratması təcrübəsi yoxdur. Bu ənənə yaranarsa, dünya siyasi xəritəsini yenidən çəkmək və dünyanı yenidən ərazi uğrunda qanlı müharibələrə sürükləmək demək olardı.

Keçmiş sovetlər məkanında yaşayan bəzi milli azlıqlar bitərəfli sesessiyaya meyil edirlər. Sesessiya hər hansı bir dövlətin tərkibində yaşayan milli qrupun həmin dövlətin tərkibindən ayrılaraq lakin həmin dövlətin ərazisi üzərində müstəqil dövlət yaratmaq istəyidir. Beynəlxalq hüquq isə sesessiya hüququnu tanımır və Millətlər Cəmiyyətinin hüquqşünaslar komissiyasının 1928-ci ildə Alan adaları ilə bağlı qərarı və Kanada Ali Məhkəməsinin Qebeklə bağlı qərarı buna misaldır. Hətta Beynəlxalq Ədalət Məhkəməsi Kosovo ilə bağlı məlum rəyində sesessiya anlayışına münasibət bildirməkdən çəkindi.

Güc tətbiq etməmək prinsipinə gəldikdə isə Azərbaycan danışıqların getdiyi dövrdə bu prinsipi gözləməyi öhdəsinə götürür. Danışıqlar qarşı tərəfdən məqsədli surətdə uzadıldıqda və Ermənistan Madrid prinsiplərinin birinci bəndinə - ərazi bütövlüyünə hörmət etmədiyi şəraitdə Azərbaycanın ümumilikdə özünün təmin prinsiplərdən azad olma hüququ vardır. Suveren dövlət kimi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bütün müasir üsullardan, o cümlədən, hərbi yolla torpaqlarını işğaldan azad etmək hüququ vardır. İndiki dövrdə Madrid prinsiplərinə bağlılıq heç də ölkəmizin öz ərazisini qoruyacaq güclü Silahlı Qüvvələr yaratmaq istəyinə maneçilik yaratmır.

Dağlıq Qarabağ probleminin yaranmasından 23 il keçməsinə baxmayaraq, o yenə də Azərbaycan cəmiyyətinin bir nömrəli məsələsi olaraq qalır. Aparılan bütün fəaliyyət onun tezliklə həll edilərək ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə yönəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı məsələ ilə bağlı bildirmişdi: “Əfsuslar olsun ki, 2010-cu ildə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində irəliləyişə nail ola bilməmişik. Bunun da təkcə bir səbəbi var. Bu da ondan ibarətdir ki, Ermənistan tərəfi, demək olar ki, danışıqları pozmaq istəyir. Danışıqlar masasında əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq istəyir, vaxt uzatmaq istəyir. Bir sözlə, bizdə belə fikir yaranır ki, Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmir, çalışırlar nə qədər mümkündürsə, o torpaqları işğal altında saxlasınlar. Beləliklə də, bundan istifadə edib Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı onlara xeyir gətirən şərtləri əldə etsinlər. Bu isə mümkün deyildir. Biz bunu dəfələrlə bəyan etmişik: Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan torpağı kimi tanınır. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq aləm tərəfindən tanınır, BMT tərəfindən tanınır, bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır. Azərbaycan dövləti heç vaxt imkan verməz ki, ikinci erməni dövləti yenə də Azərbaycanın tarixi torpaqlarında yaradılsın. Yəni, bu, danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Məsələnin həlli üçün Ermənistan öz işğalçı qüvvələrini zəbt edilmiş torpaqlardan çıxarmalıdır. Ondan sonra sülh yarana bilər. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar, Dağlıq Qarabağda muxtariyyət şəraitində yaşamalıdırlar. Bütün sivil ölkələrdə olduğu kimi, orada da işlər bütün demokratik prinsiplər əsasında təşkil edilməlidir. Bundan kənarda məsələnin heç bir başqa istiqamətdə həlli mümkün deyildir. Azərbaycan buna razılaşmayacaqdır”.

Fikrini davam etdirən Prezident İlham Əliyev bütün məsuliyyəti ilə bildirdi: “Biz çalışacağıq ki, 2011-ci ildə öz mövqeyimizi daha da möhkəmləndirək. Deyə bilərəm ki, 2010-cu ildə beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı çox mühüm hadisələr baş vermişdir. Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox ədalətli qətnamə qəbul etmişdir. Bu məsələ digər beynəlxalq təşkilatlarda da müzakirə olunur və bizim mövqeyimiz dəstəklənir. NATO-nun zirvə görüşündə bu məsələ ilə bağlı çox dəyərli, ədalətli, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunmuşdur. Dünən Avropa Komissiyasının sədri cənab Barrozu ilə birgə mətbuat konfransında bu məsələ ilə bağlı Avropa Komissiyasının və Avropa İttifaqının mövqeyi ifadə edilmişdir. Bu da ondan ibarətdir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Yəni, məsələnin həlli üçün beynəlxalq çərçivələr budur və o, yalnız bu çərçivələr daxilində öz həllini tapa bilər. Heç bir başqa variant müzakirə mövzusu deyildir. Mən hesab edirəm ki, Azərbaycan danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq beynəlxalq hüquq normaları burada əsas rol oynayır. Azərbaycanın ərazi bütövlüyünün bərpası qeyd-şərtsiz öz həllini tapmalıdır.

Digər tərəfdən, o da heç kim üçün sirr deyil, biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk, ordumuzu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik. Düşmən də bunu bilir və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani sübutudur.

Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq biz özümüzü çox əmin hiss edirik. Son illərdə ordu quruculuğuna ayrılan vəsait artır, yeni müasir silahlar, texnika - təyyarələr, artilleriya, hava hücumuna qarşı ən müasir qurğular, zirehli maşınlar alınır, onların hamısını sadalamaq üçün bəlkə də bir neçə saat lazımdır. Azərbaycanda istehsal olunan hərbi məhsullar, 500 növə qədər məhsul həm ordumuza xidmət edir, həm də biz artıq xarici bazarlara da çıxırıq, beynəlxalq sərgilərdə iştirak edirik. Bu sahədə 2011-ci ildə də çox mühüm hadisələr baş verəcək, Azərbaycanda ən müasir avadanlığın, texnikanın, döyüş sursatının istehsalı başlanmalıdır”.

Dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bəyan etdi: “2011-ci ildə ordu xərcləri, müdafiə xərcləri 3 milyard dollardan çox olacaqdır. Onun böyük hissəsi yenə də silah-sursat, hərbi texnika alınmasına sərf olunacaq, biz bu prosesi bundan sonra da davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü deməlidir və vaxt gələndə deyəcəkdir”.

 

 

Aydın Mirzəzadə,

Milli Məclisin deputatı,

siyasi elmlər namizədi

 

Yeni Azərbaycan.- 2011.- 28 yanvar.- S.6.