Dağlıq Qarabağda 1991-ci ildə
qeyri-qanuni referendumun nəticələrinin tanınması
istisna edilir
Elnur Aslanov: Ermənistan
Dağlıq Qarabağ erməniləri üçün
qondarma “müstəqillik” tələb etməkdə davam etsə,
biz də ondan Ermənistanın keçmiş azərbaycanlı
əhalisinin öz müqəddəratını təyin etməsi
üçün eyni ölçüdə ərazi
ayırmasını və Ermənistan ərazisində ikinci
Azərbaycan dövlətinin yaradılmasını tələb
etməliyik
“Azərbaycan vəziyyəti
hərbi əməliyyatlara çatdırmadan, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
nizamlanmasına və Azərbaycan Respublikasının beynəlxalq
səviyyədə tanınan dövlət sərhədlərinin
sülh yolu ilə bərpasına tərəfdardır. Bunun
üçün Ermənistan Silahlı Qüvvələrinin
ümumilikdə dövlətimizin ərazisinin 20 faizini təşkil
edən Azərbaycanın işğal edilmiş ərazilərindən
- Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan
çıxarılması tələb olunur”. Bu fikirləri Azərbaycan
Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri Elnur Aslanov Trend-ə
Ermənistan prezidenti Serj Sarkisyanın “Exo Moskvı”
radiostansiyasına müsahibəsi zamanı bəyanatını
şərh edərkən deyib.
Qeyd edək ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
yolları haqda danışan Sarkisyan deyib ki, “münaqişənin
yeganə nizamlanma üsulu sülh üsuludur və yeganə
yol Dağlıq Qarabağda referendumun keçirilməsi və
ya 1991-ci ildə Sovet İttifaqının qanunvericiliyinə və
beynəlxalq hüquqa tam uyğun keçirilən referendumun nəticələrinin
tanınmasıdır”.
E.Aslanovun sözlərinə
görə, 1991-ci il dekabrın 10-da Azərbaycanın
Dağlıq Qarabağ regionunda qeyri-qanuni və
özbaşına keçirilən qondarma “referendumun” nəticələrinin
tanınması qeyri-mümkündür. Belə ki,
hüquqşünasların ekspert rəyinə görə, o,
SSRİ qanunvericiliyini pozaraq keçirilib, heç bir
hüquqi bazaya malik olmayıb, bu halda beynəlxalq hüquqa
“uyğunluqdan” söhbət belə, gedə bilməz: “Yeni səsvermənin
keçirilməsi də qanunvericiliyə zidd
olmamalıdır. Əks halda, o, mənasız olacaq və
hüquqi əhəmiyyəti olmayaraq analoji şəkildə
tanınacaq. Bundan başqa, yeni səsvermənin suveren Azərbaycanın
ərazisinin davam edən işğalı və Dağlıq
Qarabağ regionunun əhalisinin üçdə birinin
qaçqın olması şəraitində keçirilməsi
qeyri-mümkündür. Avropa Şurasının və ATƏT-in
üzvü olan dövlətlərin ərazisində referendumu
belə keçirmirlər. Bu ciddi maneələr aradan
qaldırılacağı halda, Azərbaycan Konstitusiyasına
zidd olmayan səsvermənin keçirilməsi
mümkündür”.
Onun sözlərinə
görə, Azərbaycan Ermənistanın ərazi
bütövlüyünü və onun dövlət sərhədlərini
tanıyır və bu məsələdə ondan analoji
yanaşmanı gözləyir, lakin təəssüf ki, bunu
görmür: “Ərazi bütövlüyü hallanmır və
müxtəlif formaları yoxdur, halbuki xalqların öz
müqəddəratını təyin etməsi konteksdən
asılı olaraq, müxtəlif növdə - həm daxili, həm
də xarici olur. ATƏT-in Minsk qrupunun Madrid təklifləri bu
iki prinsipin bir araya
sığışdırılmasını nəzərdə
tutursa, bu, məntiqə görə, suveren dövlətin ərazi
bütövlüyünün pozulmasına aparmayan öz
müqəddəratının təyinetmə
formasının seçilməsi deməkdir. Bu iki prinsipin bir
araya sığışdırılmasının yeganə
forması sülh prosesinin, əsas kimi qəbul edilən
1975-ci il Helsinki Yekun Aktının VIII maddəsinə uyğun
olaraq, ərazi bütövlüyü çərçivəsində
öz müqəddəratını təyinetmədir. Yəni,
bu, daxili öz müqəddəratının təyin edilməsidir.
Dağlıq Qarabağın Azərbaycanın tərkibindən
çıxarılmasına aparan öz müqəddəratını
təyinetmə ərazi bütövlüyünü pozur və
deməli, ilk növbədə Madrid prinsiplərinin məntiqinə
ziddir. Buna görə də, belə sxemi qəbul edən Azərbaycanın
mövqeyi tam həcmdə kompromislidir. Burada sizə öz
müqəddəratını təyinetmə imkanı verən
ərazi bütövlüyü və ərazi
bütövlüyünü pozmayan öz müqəddəratını
təyinetmə var”.
“İlk növbədə Ermənistan
maksimalist mövqe tutaraq, işğal etdiyi Dağlıq
Qarabağ üçün faktiki digər prinsipin
üstündən xətt çəkən öz müqəddəratını
təyinetmə formasını tələb edir” - deyə, o,
qeyd edib.
Məhz bu səbəbdən
Ermənistanın danışıqlar prosesindəki indiki
mövqeyini qeyri-konstruktiv adlandırırlar. Bu mövqe
kompromislər qurmur, əksinə, onu dağıdır, yəni,
o, konstruksiyaya deyil, destruksiyaya aparır. Məhz, burada “Ermənsitanın
qeyri-konstruktiv mövqeyi” anlayışı yer alır” - deyə,
Azərbaycan Prezidenti Administrasiyasının şöbə
müdiri əlavə edib.
Onun fikrincə, Azərbaycanın
öz müqəddəratını təyinetmə məsələsinə
baxmağa və müzakirə etməyə hazır olması
faktı öz-özlüyündə böyük kompromisdir,
belə ki, öz müqəddəratını təyinetmə
Cənubi Sudanda olduğu kimi, dövlətlərdaxili
münaqişələrin həlli mezanizmidir, halbuki, Ermənistan-Azərbaycan
münaqişəsi açıq-aydın görünən
dövlətlərarası mübahisədir. “Dövlətlərarası
münaqişələrin həlli suveren dövlətlərin
ərazi bütövlüklərinə riayət etməyə
əsaslanır və bu növ münaqişələrdə
öz müqəddəratını təyinetmə yersizdir,
belə ki, dövlətlərarası münaqişələrdə
tərəflər onların ayrıca əyalətləri
deyil, artıq öz müqəddəratlarını təyin
edən müstəqil dövlətlər olur” - deyə
E.Aslanov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan kompromisə gedərək, öz Dağlıq Qarabağ regionunun iki icmadan ibarət əhalisinin öz müqəddəratını təyinetmə məsələsinə baxmağa hazır olduğunu bəyan edib, lakin, əlbəttə ki, öz ərazi bütövlüyünə xələl gətirmədən: “Bu, Azərbaycanın işğal edilmiş ərazisində, o cümlədən Dağlıq Qarabağ regionunda Ermənistan Silahlı Qüvvələrinin yerləşməsi faktının mübahisəsizliyini nəzərə alaraq, böyük güzəştdir. Münaqişənin dövlətlərarası olmaması üçün Ermənistan öz qoşunlarını Azərbaycanın ərazisindən çıxarmalıdır. Və onda ərazi bütövlüyü mövzusu bağlanacaq və məsələ vətəndaşların əlverişli öz müqəddəratlarını təyin etməsi formasının müəyyənləşdirilməsi məqsədilə paytaxt və əyalət arasında dialoq müstəvisinə keçəcək. Lakin Yerevan “öz müqəddəratını təyinetmə” anlayışında Azərbaycanın iki hissəyə parçalanmasını başa düşür. Axı biz “millətin öz müqəddəratını təyinetmə” termini ilə müdafiə edilərək Ermənistandan analoji parçalanmanı və onun ərazisinin bir hissəsində - azərbaycanlıların əsrlərlə yaşadıqları Zəngəzurda və Şərqi Göyçədə ikinci Azərbaycan dövlətinin yaradılmasını tələb etmirik. Hər bir şeydə səthilik deyil, balans lazımdır”.
Onun sözlərinə görə, buna görə də, ən son mərhələdə Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi zamanı heç bir səsvermə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına səbəb olmamalıdır: “Ermənistan Dağlıq Qarabağ erməniləri üçün qondarma “müstəqillik” tələb etməkdə davam etsə, biz də ondan Ermənistanın keçmiş azərbaycanlı əhalisinin öz müqəddəratını təyin etməsi üçün eyni ölçüdə ərazi ayırmasını və Ermənistan ərazisində ikinci Azərbaycan dövlətinin yaradılmasını tələb etməliyik. Onu, məsələn, “Göyçə-Zəngəzur xalqı” adlandıracağıq. Lakin biz dalanın dibinə irəliləməkdənsə, hər halda rəsmi Yerevanın konstuktivlik yoluna qayıtmasını istərdik”.
Yeni Azərbaycan.- 2011.- 28 yanvar.-
S.6.