Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib

 

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev: Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir

Dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. 2010-cu ildə Komissiyanın fəaliyyətinin yekunlarına və Nazirlər Kabinetinin son iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş toplantıda Prezident Administrasiyasının məsul əməkdaşları, mərkəzi icra hakimiyyəti, hüquq mühafizə və digər dövlət orqanlarının, təhsil müəssisələrinin rəhbərləri, Bakı şəhəri və paytaxt rayonlarının icra hakimiyyəti başçıları iştirak ediblər.

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət və aparılan islahatlar nəticəsində Azərbaycanın ötən il də sosial-iqtisadi sahədə mühüm uğurlar qazandığını, nəzərdə tutulan bütün proqramların icra olunduğunu qeyd edən natiq, toplantı iştirakçılarının və Komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmazlıqlara yönəldib: “Həmin iclasda cənab İlham Əliyev iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirmişdir”.

Komissiyanın toplantısının Prezident İlham Əliyevin xüsusi  tapşırığı ilə keçirildiyini bildirən Ramiz Mehdiyev deyib: “Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə  formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır”.

Administrasiya rəhbəri ölkə başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq, mərkəzi və yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və Komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs edib, bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Toplantıda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya  qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənib, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təklif olunub.

İclasda Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və başqaları Prezident İlham Əliyevin toplantıda səsləndirilən tapşırıqlarını yerinə yetirmək və məruzədə vurğulanan neqativ halları aradan qaldırmaqla bağlı müvafiq təkliflərlə çıxış ediblər.

Komissiyanın toplantısında aidiyyəti dövlət orqanlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

 

 

Yeni Azərbaycan.- 2011.- 28 yanvar.- S.3.