Vergilər Nazirliyi vergi inzibatçılığı sahəsində islahatları davam etdirir

 

Elçin Məmmədov: Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi, e-xidmətlərdən istifadənin kütləviləşdirilməsi ən aktual vəzifələrimizdəndir

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi uzun illərdir ki, ən müasir texnologiyalardan istifadə etməklə kompüterləşdirmə və modernləşdirmə sahəsində liderlik mövqeyini qoruyub saxlayır. Xidmətlərin elektron formatda göstərilməsinə keçirilməsi üzrə bir çox layihələr digər postsovet və Avropa ölkələri ilə müqayisədə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən xeyli əvvəl və daha səmərəli şəkildə həyata keçirilib. Keçən ildən nazirlik vergi ödəyicilərinin istifadəsinə elektron kargüzarlıq xidmətini də verib. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov jurnalistlərə müsahibəsində bununla bağlı məsələlərə aydınlıq gətirib.

- Elektron xidmətlərin göstərilməsinin əhəmiyyəti nədədir?

- Məlum olduğu kimi, ən yeni texnologiyaların tətbiqi ilə elektron xidmətlərin vergi ödəyicilərinin istifadəsinə verilməsi istiqamətində mühüm irəliləyiş olub və bunu Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) yaradılmasından sonra Vergilər Nazirliyinin vergi inzibatçılığı sahəsində apardığı ən vacib islahatlardan biri hesab etmək olar. Bu sistemin istifadəyə verilməsi  vergi sistemində sənəd dövriyyəsinin və məlumatların işlənməsi sürətinin dəfələrlə artmasına, operativ və çevik vergi nəzarətinin  qurulmasına xidmət edib. Elektron vergi-hesab fakturalarının, e-bəyannamə və “onlayn kargüzarlıq” sistemlərinin və digər xidmətlərin tətbiqi isə vergi orqanı ilə vergi ödəyiciləri arasında əlaqələrin şəffaflaşmasına gətirib çıxarıb, vergi ödəyicisinə bəyannaməni internet vasitəsilə təqdim etmək, onun tərtibinə və düzgünlüyünə nəzarət etmək, öz şəxsi vərəqəsinə “real vaxt” rejimində baxmaq imkanları verib. Sadaladığım bütün bu elektron xidmətlərin mahiyyətini qısaca olaraq belə ifadə etmək olar: vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmalıdır.

- Bu xidmətlərin davamı olaraq vergi ödəyiciləri üçün onlayn müraciət etmək imkanı - fərdi “elektron qutu” (e-qutu) yaradılıb. Onun üstünlüyü nədən ibarətdir?

- Bəli, 2010-cu ilin mart ayından “onlayn kargüzarlıq” sistemi tətbiq olunmağa başlanıb. Bunun üçün www.e-taxes.gov.az ünvanındakı İnternet Vergi İdarəsində hər bir istifadəçi üçün fərdi elektron qutu (e-qutu) yaradılıb. “E-qutunun” tətbiqi ilə vergi ödəyicilərinə İnternet Vergi İdarəsinin “onlayn kargüzarlıq” bölməsindən istifadəçi kodu, parol və şifrəni daxil etməklə vergi sisteminə aid istənilən məlumat tipli sənədi tez bir zamanda əldə edə bilmək imkanı qazanıblar. Bunun nə üçün vacib olduğunu izah edim - məsələn, vergi borcu barədə ödəyiciyə adi poçt vasitəsilə göndərilən bildiriş onun ünvanına vaxtında yetişməyə və bununla da  vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsində müəyyən ləngimələr yarana bilər. Həmin bildirişin e-qutuya göndərilməsi və vergi ödəyicisinin onu oxuması üçün isə cəmi bir neçə saniyə lazımdır. Bundan əlavə, bu sistemə müraciət edən bütün vətəndaşlar Vergilər Nazirliyinə göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini “real vaxt” rejimində izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa əlaqə yarada bilərlər. Xüsusi qeyd edim ki, həmin sistem vasitəsilə vergi orqanına göndərilən bütün müraciətlər rəsmi status alır. Daha bir üstünlük ondan ibarətdir ki, vergi ödəyiciləri öz aralarındakı yazışmalarda da “e-qutu”dan istifadə edə bilərlər. Vergi orqanlarının istifadəçilərə və vergi ödəyicilərinin bir-birinə ünvanladıqları məktublar və cavablar həmin anda ünvana çatacaq, istifadəçilərə məxsus olan qutuya toplanacaq və məktublara internet vasitəsilə istənilən yerdə baxmaq mümkün olacaq.

- “Elektron qutu”dan istifadə prosesi çətin deyil ki?

- Bəzən elə vergi ödəyiciləri ilə rastlaşırıq ki, onlar “elektron qutu”dan istifadəni mürəkkəb bir proses hesab etdiklərinə görə bu xidmətdən istifadə etməyiblər. “Elektron qutu”dan istifadənin əsas prinsiplərini izah etdikdən sonra onların böyük əksəriyyəti bizim xidməti artıq özlərinin vərdiş etdikləri elektron məktublarla müqayisə edərək  bu sistemin sadəliyini başa düşüb. Özünüz qiymətləndirin - istifadəçi  şifrə-parol və kod vasitəsilə saytındakı “onlayn kargüzarlıq” altsisteminə daxil ola və “gələnlər və göndərilənlər” qutusundan özünə aid məktubları oxuya bilər. Bundan başqa, istifadəçi vergi orqanına göndəriləcək müraciətin mətnini hazırlaya, gərək olduqda bura qoşma fayllar əlavə edə bilər. Göndərilən sənəd istifadəçinin “Göndərdiklərim” qovluğuna yazılır və müvafiq vergi orqanının “e-kargüzarlıq” sisteminə ötürülür. Növbəti addım olaraq icra müddəti və aidiyyəti üzrə göndəriləcək şəxslər seçilir, məzmun qeyd olunur və müvafiq əməliyyatlar aparıldıqca sənəd göndərilir.

- Vergi ödəyicilərinin “e-qutu”larına göndərilən sənədlərin oxunma səviyyəsi necədir?

- Bu xidmətin 10 aydan artıqdır tətbiq olunmasına baxmayaraq, vergi ödəyicilərinin “elektron qutu”larına göndərilən sənədlərin oxunması o qədər də yüksək səviyyədə deyil.  May ayında bu göstərici 4,7 faiz, ilin sonlarında 32 faiz olub, hazırda isə 73 faiz təşkil edir. “Elektron qutu” ilə göndərilən məktubların oxunma səviyyəsinin aşağı olması, məncə, bir neçə amillə bağlıdır. Əvvəldə bəhs etdiyim psixoloji amillə yanaşı, bu xidmətdən istifadə üçün zəruri texniki şərtləri də unutmaq olmaz. Heç kəs üçün sirr deyil ki, Bakı istisna olmaqla, ölkəmizin regionlarında kompüter texnologiyalarının inkişafı aşağı səviyyədədir. İnternet sisteminə giriş olmadan isə bu sistemdən istifadə etmək mümkün deyil. Bununla belə, obyektiv çətinliklərin olmasına baxmayaraq, müsbət dinamika göz önündədir. Lakin biz əldə olunan göstəriciləri yaxşılaşdıra bilərik və yaxşılaşdırmalıyıq. Bu məqsədlə bütün zəruri məlumatlandırma və təbliğat işlərini aparırıq. “Onlayn kargüzarlıq”, “e-qutu” və ondan istifadə, sənədin onlayn rejimdə göndərilməsi və vergi orqanından göndərilən hər hansı sənədin oxunması qaydası vergi ödəyicilərinə izah edilir, bir çox halda prosesin vizual şəkildə nümayiş etdirilməsi təmin olunur.

İmkandan istifadə edərək bir daha bütün vergi ödəyicilərinə müraciət etmək istəyirəm ki, əgər sizin fərdi elektron qutunuzda oxunmamış sənədləriniz varsa, “onlayn kargüzarlıq” sisteminə daxil olun və sizə göndərilmiş sənədlərlə tanış olun. Bu sənədlərlə tanışlıq sizin hər birinizə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrinizin həyata keçirilməsində yardımçı olacaq.

- İnternetə çıxışı olmayan vergi ödəyiciləri “e-qutu”da hər hansı məlumatın olub olmadığından necə xəbər tuturlar? Bu istiqamətdə hansı işlər görülüb?

- Bu, həqiqətən, çox mühüm məsələdir. Artıq dediyim kimi, respublika üzrə vergi ödəyicilərinin 93,7 faizinin vergi orqanlarından şifrə-parol (pin-kod) aldığına baxmayaraq, heç də bütün vergi ödəyicilərinin internetdən daimi, hətta məhdud şəkildə istifadə etmək imkanı yoxdur. İnternetə çıxışı olmayan ödəyicilər Vergilər Nazirliyinin müxtəlif bölgələrdə yaratdığı vergi ödəyicilərinə xidmət terminallarından “e-qutu”ya məlumat göndərə bilərlər. Bu cür terminallar vergi ödəyicilərinə xidmət üçündür və bir daha xatırlatmaq istəyirəm ki, onların göstərdikləri bütün xidmətlər pulsuzdur. Əlbəttə, vergi ödəyiciləri internet xidmətləri göstərən digər müəssisələrin, məsələn, internet klublarının xidmətlərindən istifadə edə bilərlər.

Biz, həmçinin, müxtəlif üsullarla vergi ödəyicisinin “e-qutu”sunda oxunmamış məktubların olması ilə bağlı məlumatın ona ötürülməsinə çalışırıq. Məsələn, vergi ödəyicisinin mobil telefonuna bu barədə mesajın göndərilməsi, yaxud onun elektron ünvanında xəbərdaredici işarənin yerləşdirilməsi və s. Başlıcası odur ki, vergi ödəyicilərinin artıq böyük bir qismi “e-qutu”nun üstünlüklərindən xəbərdardırlar və biz bu istiqamətdə məlumatlandırma və izahat işlərini hər gün davam etdiririk.

- Elektron xidmətlərlə bağlı daha hansı yeniliklər nəzərdə tutulur?

- Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi, e-xidmətlərdən istifadənin kütləviləşdirilməsi ən aktual vəzifələrimizdəndir. Burada məqsəd perspektivdə vergi ödəyiciləri ilə canlı (fiziki) əlaqə formalarını məhdudlaşdırmaq və xidmətlərin elektron formada qəbul edilməsinin kəmiyyətinin və keyfiyyətinin  genişləndirilməsinə şərait yaradan müasir informasiya texnologiyalarından istifadə etməkdir.  Bu məqsədlə  vergilər naziri cənab Fazil Məmmədov “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası”nın təsdiq edilməsi haqqında 2011-ci il 6 yanvar tarixli əmr imzalayıb. Bu əmrdə bir sıra addımların atılması, məsələn, fərdi sahibkarların “onlayn” rejimdə qeydiyyatının aparılması, vergilərin elektron formada ödənilməsi üçün tədbirlərin görülməsi və s. nəzərdə tutulur.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2011.- 29 yanvar.- S.4.