Azərbaycanda gömrük xidmətinin yaradılmasının 19 ili tamam olur

 

Bundan sonra da ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik

 

Bu gün Azərbaycan gömrük xidmətinin yaradılmasının 19 ili tamam olur. Hər il öz peşə bayramını böyük iftixar hissi ilə qeyd edən, iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan Azərbaycan gömrükçüləri üçün 2010-ci il də yaddaqalan olub.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatımızın yeni prioritetlərini, onun gələcək inkişaf perspektivlərini müəyyənləşdirib. Daha doğrusu, bu prioritetlərin və inkişaf perspektivlərinin çox möhkəm təməli qoyulub.

İndi Azərbaycan nəinki regionda və MDB məkanında, eləcə də, Yaxın Şərq və hətta dünyada sosial-iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Azərbaycanın nüfuzu, beynəlxalq aləmdə sözünün və mövqeyinin çəkisi əhəmiyyətli dərəcədə artıb.

Hazırda ölkəmiz özünün enerji təhlükəsizliyini uğurla təmin etməklə yanaşı, eyni zamanda, Avropanın enerji daşıyıcıları ilə alternativ təminatında əsas idxalçılardan birinə çevrilir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və əsasını qoyduğu, Prezident İlham Əliyevin isə reallaşdırdığı “Bakı-Tbilisi-Ceyhan” neft və “Bakı-Tbilisi-Ərzurum” qaz boru kəmərləri bu gün Avropanı enerji inhisarçılığından xilas edəcək nəhəng qurğulardır və Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində reallaşdırdığı bu layihələrlə bir daha sübut etdi ki, ölkəmiz siyasi-iqtisadi cəhətdən Avropa və Qərb ailəsinin ayrılmaz tərkib hissəsidir.

Azərbaycanın iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan gömrük siyasəti ilə də bilavasitə bağlıdır. Bütün bunlar nəzərə alınmaqla son illərdə Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmışdır.

Gömrük orqanlarının mühüm vəzifələrindən biri fiskal funksiyanın - gömrük vergi və rüsumları üzrə proqnozun yerinə yetirilməsidir. Gömrük orqanları ötən hesabat ilində fəallıq göstərərək gömrük vergi və rüsumları üzrə müəyyən olunmuş proqnozun artıqlaması ilə yerinə yetirilməsini təmin ediblər.

“2010-cu il Dövlət büdcəsi haqqında” Qanuna uyğun olaraq Dövlət Gömrük Komitəsi(DGK) üçün nəzərdə tutulan 1 100 mln. manat illik büdcə proqnozuna qarşı 1 101,73 mln. manat gömrük vergi və rüsumlarının toplanıb dövlət büdcəsinə köçürülməsi təmin olunub, proqnoza 100,16 faiz əməl edilib.

Ötən il gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən müvafiq işlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikasının gömrük işinə dair qanunvericiliyin təkmilləşdirilməsi, gömrük işi ilə bağlı beynəlxalq standartların öyrənilməsi və onların tətbiqi işinin davam etdirilməsi, həmçinin, “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Kioto Konvensiyasının müddəalarının milli gömrük qanunvericiliyində əks olunması məqsədilə DGK-da Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən “Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində hazırlanmış  yeni Gömrük Məcəlləsinin layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli Fərmanından irəli gələn prosedurların tətbiqi zamanı ödənişlərin “bir pəncərə” sistemi vasitəsilə alınmasını nəzərə alaraq, xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə daxil olması və bu ərazidən sərnişin və yük daşınması üçün istifadə etməsinə görə yol vergilərinin hesablanıb tutulması prosesinin daha da təkmilləşdirilməsi, habelə şəffaflığın təmin edilməsi məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihələri müvafiq qaydada baxılması üçün Nazirlər Kabinetinə təqdim edilib.

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülmüşdür. Bu tədbirlər gömrük orqanlarının əməliyyat bölmələri tərəfindən əsasən qabaqlayıcı, profilaktik və əməliyyat-axtarış tədbirləri vasitəsilə qaçaqmalçılıq kanallarının, gömrük ödənişlərinin ödənilməsindən yayınmanın və digər hüquqpozmaların aşkar olunmasına və qarşısının alınmasına, habelə hüquqpozma faktları üzrə təhqiqat və ibtidai istintaq aparmaqla təqsirkar şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə istiqamətləndirilib.

Hesabat dövrü ərzində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17215 hüquqpozma faktı aşkar edilib ki, onlardan 264-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər predmetlərin dəyəri 3 milyon 42 min 375 manat təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq  edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə  Proqramı” (2007-2012-ci il)nın icrasını təmin etmək, Azərbaycan Respublikasının gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən “ötürücü məntəqə” kimi istifadə olunmasına yol verməmək məqsədilə görülmüş tədbirlər nəticəsində 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 147 fakt aşkar olunmuş və bu faktlar üzrə 319 kq 098 qram narkotik, o cümlədən, 224 kq 288 qram həşiş, 42 kq 850 qram heroin, 34 kq 047 qram tiryək, 28,6 qrama yaxın marixuana, 574 qram psixotrop maddə (ampul, kapsul və həb şəklində), 7,6 qram metadon, 17 kq 272 qram metamfetamin maddəsi tutulmuşdur. Bu faktlar üzrə 142 nəfəri kişi, 16 nəfəri qadın olmaqla, ümumilikdə, 158 nəfər məsuliyyətə cəlb olunmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsilə əlaqədar tutulan şəxslərin 123-ü Azərbaycan, 32-si İran, 7-si Rusiya və 1-i Gürcüstan vətəndaşı olub.

2010-cu il ərzində aşkar olunmuş 16951 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 509 hüquqi şəxs (o cümlədən, 153 xarici hüquqi şəxs) və 16471 fiziki şəxs (o cümlədən, 10569 xarici) inzibati məsuliyyətə cəlb edilmiş, göstərilən şəxslərə qarşı 1 milyon 342 min manatdan çox cərimə, 179 min 143 manat dəyərində isə müsadirə tətbiq olunub.

Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində 1 556 192 ABŞ dolları, 210 100 avro, 16 611 717 rus rublu, 7470 Azərbaycan manatı, külçə və zinət əşyaları şəklində 2 kq 805 qram qızıl, 14 kq 275 qram  gümüş, 2633 karat brilyant daşlar tutulub.

Eyni zamanda, alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilmiş, aksiz markasız  və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 1 milyon 592 min ədəddən çox xaricdə istehsal olunan siqaret və 7963 ədəd spirtli içki saxlanılmışdır.

Bundan əlavə, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 1 ədəd “Makarov” tipli tapança və onun patronları, 2483 ədəd mobil telefon, 2824 ədəd pirotexniki vasitələr və külli miqdarda digər mallar tutularaq barələrində müvafiq tədbir görülmüşdür.

2010-cu ildə kinoloji itlərdən istifadə olunmaqla 11 narkotik qaçaqmalçılığı faktı aşkar olunmuş, bu faktlar üzrə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən götürülmüşdür. Onu da qeyd edim ki, hesabat dövrü ərzində tamamlanmış cinayət işləri üzrə 131 nəfər təqsirləndirilən şəxs istintaqa cəlb edilmişdir.

DGK tərəfindən ölkədə gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) təşkili, məlumatların yoxlanılması, emalı, yeni proqram təminatlarının yaradılması, korporativ şəbəkənin genişləndirilməsi, Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahəsində də bir sıra mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirilib.

Tovuz Gömrük İdarəsi, Şirvan Gömrük İdarəsi, Şirvan Gömrük İdarəsinin “Kürdəmir” gömrük postu, Bakı Baş Gömrük İdarəsinin “Keşlə” və “Sənqəçal” gömrük postları, Enerji Gömrük İdarəsinin “Güzdək” gömrük postu və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi birbaşa optik rabitə vasitəsilə DGK-nın korporativ şəbəkəsinə qoşulmuşdur. Bundan başqa, Bakı Baş Gömrük İdarəsinin “Qaradağ” gömrük postu “Wi-Max” rabitə vasitəsilə gömrük sisteminin ümumi şəbəkəsinə daxil edilib. “VAİS”in ilkin mərhələsi olan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması və çatdırılmaya elektron nəzarət sisteminin bütün gömrük orqanlarında sənaye istismarı təmin edilib, sistemin təkmilləşdirilmiş yeni versiyası hazırlanıb və test variantında istifadəyə verilib. Bütün bunlarla yanaşı, gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin yeni variantı hazırlanıb və pilot variantında tətbiq edilib.

Qeyd edim ki, sistemin 2011-ci ildən sənaye istismarına verilməsi planlaşdırılır. Gömrük mədaxil orderləri vasitəsilə rəsmiləşdirilən malların qeydiyyatı və nəzarəti üçün  yeni proqram təminatı da hazırlanaraq istismara verilib, eləcə də, Azərbaycan Respublikasının gömrük orqanlarında işə qəbul və müxtəlif attestasiyaların keçirilməsi üçün metodika hazırlanıb, test bankı yaradılıb və test keçirilməsi üçün proqram təminatı hazırlanaraq tətbiq edilib.

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya resurslarının yaradılması Konsepsiyası”nın tələbləri nəzərə alınmaqla, DGK-nın yeni rəsmi internet səhifəsi yaradılaraq ictimaiyyətə təqdim edilib və istismara verilib. İnternet səhifə hazırlanarkən “e-hökumət” prinsipləri nəzərə alınıb, biznes qurumları və respublika vətəndaşları üçün müxtəlif elektron xidmətləri daxil edilib.

2010-cu il ərzində DGK-nın rəsmi internet səhifəsində fəaliyyət göstərən “sual-cavab” bölməsinə və komitənin elektron poçt ünvanına fiziki və hüquqi şəxslər tərəfindən sual tərkibli 447 müraciət ünvanlanıb və bu müraciətlər “on-layn” rejimində cavablandırılaraq aidiyyəti şəxslərə göndərilib.

Təsadüfi deyil ki, DGK-nın internet səhifəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ötən ilin sonunda keçirdiyi müsabiqədə “Ən yaxşı elektron xidmət” nominasiya üzrə qalib olub, həmçinin, Azərbaycan İnternet Forumunun “Milli Net 2010” müsabiqəsində dövlət və bələdiyyə saytları arasında II yerə layiq görülüb. Hesab edirəm ki, bütün bunlar gömrük xidmətində aparılan islahatların, eləcə də, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin bəhrəsidir və bu uğurlar davamlı olacaqdır.

Bundan başqa, Astara Gömrük İdarəsində, Tovuz Gömrük İdarəsinin “Sınıq körpü”, Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” və Balakən Gömrük İdarəsinin “Mazımçay”, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postlarında inzibati binaların və infrastrukturun yenidən qurulması ilə əlaqədar informasiya-kommunikasiya sistemləri layihələndirilərək həyata keçirilib.

DGK hesabat dövründə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü işlər aparıb. Belə ki, “Azərbaycan Respublikası Hökuməti və Finlandiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Makedoniya Respublikası Gömrük İdarəsi arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Avstriya Respublikası Federal Maliyyə Nazirliyi arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Monqolustan Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.

Ötən il Azərbaycanda və dünyanın bir çox ölkələrində keçirilmiş mühüm tədbirlərdə də gömrükçülər yaxından iştirak ediblər. Məsələn, Bakı şəhərində “Harmonik Sistemin əsas şərhetmə Qaydaları”na dair Ümumdünya Gömrük Təşkilatının regional seminarı, “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsinə həsr olunan və Asiya İnkişaf Bankının maliyyə dəstəyilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində təşkil edilmiş seminar, eləcə də, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyası və Asiya İnkişaf Bankı tərəfindən keçirilən “bir pəncərə” mexanizmi və biznes prosesinin təhlili üzrə potensialın gücləndirilməsinə dair seminar DGK-nın aidiyyəti qurumlarla birgə təşkil etdiyi uğurlu tədbirlərdəndir. Qusar rayonunun Samur qəsəbəsində keçirilən “RİLO-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 9-cu iclası da ötən il Azərbaycanın gömrük sahəsində əlamətdar hadisələrdən olub.

Sankt-Peterburq şəhərində Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə birlikdə təşkil etdiyi “Gömrük işində İnformasiya sistemləri və texnologiyaları” mövzusunda 2-ci Beynəlxalq elmi-praktiki konfrans, eləcə də, Azərbaycan Gömrük Xidmətinin yaxından iştirak etdiyi - Makedoniyanın Ohrid şəhərində ÜGT Avropa Regionu Gömrük Xidməti rəhbərlərinin konfransı, Belçika Krallığının Brüssel şəhərində Gömrük Əməkdaşlıq Şurasının 115-116-cı sessiyası, Böyük Lüksemburq hersoqluğunun Şengen şəhərində Gömrük Muzeyləri Beynəlxalq Assosiasiyasının (İACM) illik 18-ci konfransı və ümumi assambleyası, Türkiyənin İstanbul şəhərində Ümumdünya Gömrük Forumu, Rusiyanın Moskva şəhərində XI Beynəlxalq “Gömrük xidməti-2010” sərgisi və digər beynəlxalq tədbirlər də gömrük işi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi baxımdan əlamətdar olub. 

2010-cu ildə Azərbaycan gömrük orqanları ən ümdə vəzifələrindən biri olan milli-mənəvi, eləcə də, tarixi sərvətlərin qorunması və onların təbliği sahəsində də yaxından iştirak etmiş, bu işə öz töhfələrini əsirgəməmişlər. Belə ki, ötən il gömrük orqanları tərəfindən müsadirə edilən 22 adda 79 ədəd müxtəlif məzmunlu dini kitablar Bakıdakı Müqəddəs Jen-Mironosets kilsəsinə təqdim edilib. Bundan başqa, Rusiya prezidenti Dmitri Medvedevin ötən il respublikamıza səfəri zamanı Prezident İlham Əliyev tərəfindən Rusiyanın dövlət başçısına təqdim olunan 5 pravoslav qədim ikona da Azərbaycan gömrükçüləri tərəfindən qaçaqmalçılardan müsadirə olunub.

2010-cu ildə Dövlət Gömrük Komitəsi BMT-nin Vyana bölməsində cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi komissiyasının 19-cu sessiyası çərçivəsində “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı sərgi də təşkil edib. Eyni zamanda, Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası ərəfəsində Xarici İşlər Nazirliyinin təşəbbüsü, eləcə də, Mədəniyyət və Turizm Nazirliyinin və AŞ PA rəhbərliyinin dəstəyi ilə “Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində” adlı sərgi, həmçinin, “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı kitabın təqdimat mərasimi keçirilib.

Hesabat dövründə DGK-nın və onun yerli orqanlarının maddi-texniki bazasının müasirləşdirilməsi öz prioritetliyini saxlayıb. Bu baxımdan Astara Gömrük İdarəsinin, Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” sərhəd-keçid məntəqəsinin və Tovuz Gömrük İdarəsinin “Sınıq körpü”, Balakən Gömrük İdarəsinin “Mazımçay”, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postlarının beynəlxalq standartlara uyğun yeni inzibati binalarının tikintisi başa çatdırılmış, müasir tipli inventar və avadanlıqlarla təchiz edilib. Qeyd etmək yerinə düşər ki, Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” sərhəd-keçid məntəqəsi, həmçinin, Balakən Gömrük İdarəsinin “Mazımçay” və Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postları Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Eyni zamanda, Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin tikintisi yekunlaşmaq üzrədir   yaxın aylarda regional ofisin təntənəli açılış mərasimi həyata keçiriləcək.

Hazırda Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 14 aprel 2009-cu il tarixli Fərmanına uyğun olaraq, Xudat sərhəd-keçid məntəqəsinin əsaslı tikintisi, eyni zamanda, Biləsuvar, Tovuz və Balakən rayonlarında gömrük terminalı və anbarların inşasına başlanılması üçün müvafiq tədbirlər həyata keçirilir.

İnanıram ki, gələcəkdə də gömrük xidməti respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsinin təminatçısı olacaqdır. Qürur duyuruq ki, ölkəmizdə müasir tələblərə cavab verən gömrük sisteminin yaradılması işi dövlət və hökumət tərəfindən bu gün də dəstəklənir, gömrük sahəsində əldə olunan nailiyyətlər layiqincə dəyərləndirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu günlərdə bir sıra gömrük əməkdaşlarının xüsusi rütbələr, orden və medallarla təltif edilməsi də dediklərimizə əyani bir misaldır. 

Ümumiyyətlə, Azərbaycan gömrük təşkilatında son bir ildə görülən işlər, həyata keçirilən tədbirlər bununla bitmir. Bütövlükdə gömrükçülər ölkəmizin iqtisadi qüdrətinin artması, bu sahədə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün üzərlərinə düşən işlərin öhdəsindən 2010-ci ildə bacarıqla gəliblər və bu səbəbdən öz peşə bayramlarını sevinclə və alnıaçıq qeyd edirlər. Bu bayram gömrükçülər üçün həm də ona görə əzizdir ki, onu bizə Ulu öndər Heydər Əliyev bəxş edib.

 

 

Aydın ƏLİYEV,

Dövlət Gömrük Komitəsinin sədri,

gömrük xidməti general-leytenantı

 

Yeni Azərbaycan.- 2011.- 29 yanvar.- S.5.