Aqroekologiya - aqrar və ekoloji elmlər carçısı

 

Ötən ilin son günlərində işıq üzü görən “Aqroekologiya” dərsliyi nəinki aqrar elmlər və ekologiya sahəsindəki müasir tələblərə tam cavab verir, hətta bir çox hallarda həmin tələbləri qabaqlayaraq, gələcək elmi tədqiqatlar üçün yeni istiqamətverici bazis ola bilər

Ötən ilin son günlərində “Elm” nəşriyyatı tərəfindən AMEA-nın akademiki, biologiya elmləri doktoru, professor Qərib Məmmədovun, coğrafiya elmləri doktoru Mahmud Xəlilovun və biologiya elmləri doktoru Sara Məmmədovanın müəlliflikləri ilə “Aqroekologiya” adlı dəyərli dərslik çap edilib. Həyata vaxtında vəsiqə alan “Aqroekologiya” kitabının tərtibində müəlliflər Aqroekologiya sahəsində Rusiyada çap olunan kitablardan, özlərinin ekologiya sahəsində çoxsaylı əsərlərindən, şəxsi tədqiqat materiallarından, həmçinin, elmin bu istiqamətinə aid xeyli sayda ədəbi və elmi materiallardan istifadə ediblər. Dərslik nəinki aqrar elmlər və ekologiya sahəsindəki müasir tələblərə tam cavab verir, hətta bir çox hallarda həmin tələbləri qabaqlayaraq, gələcək elmi tədqiqatlar üçün yeni istiqamətverici bazis ola bilər.

Dərsliyin nəşr olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ekologiya ili” elan edilən 2010-cu ildə görülmüş işlərlə həmahənglik təşkil edir.

Dərslik 552 səhifədən, 26 fəsildən və 114 yarımfəsildən ibarətdir. Dərslik təkcə universitet tələbələri üçün deyil, eyni zamanda, aspirantlar və doktorantlar üçün də qiymətli tədqiqat materialıdır.

Kitab haqqında öz fikirlərimizi bildirməzdən öncə, bir qədər Aqroekologiya elmi barədə söhbət açmaq istərdik.

Belə ki, Aqroekologiya - kompleks el

mi fənn olub, ekologiya ilə üzvi surətdə bağlı elm sahəsidir. Bu elmin bu günə qədər ümumi qəbul olunmuş adı hələlik yoxdur. Aqroekologiya, bəzən kənd təsərrüfatı ekologiyası adlandırılaraq, tətbiqi ekologiya sahəsinə aid edilir.

Ümumiyyətlə, Aqroekologiya - kənd təsərrüfatı istehsalı prosesində insanların ətraf mühitlə qarşılıqlı əlaqəsini, kənd təsərrüfatının təbii komplekslərə və onların komponentlərinə təsirini, texnogen yük şəraitində aqroekosistemin komponentləri arasındakı qarşılıqlı təsiri və onlara xas olan maddələr dövranının spesifik xüsusiyyətlərini, enerji tutumunu, aqroekosistemin fəalliyyət xarakterini öyrənir.

Aqroekologiya elminin məqsədi keyfiyyətli bioloji məhsulun davamlı istehsalını, aqroekosistemin təbii bioenerji potensialından maksimum istifadəni, aqrar sektorun (bölmənin) təbii resurs bazasının saxlanılmasını və bərpasını, ətraf (təbii) mühitə neqativ təsirin kənarlaşdırılmasını və ya minimuma endirilməsini təmin etməkdən ibarətdir.

Təqdim olunan kitabda Aqroekologiyanın təbii-elmi aspektlərinə geniş yer ayrılıb. Dərslik kənd təsərrüfatının ekologiyalaşdırılması ilə bağlı olan aktual problemləri ətraflı surətdə əhatə edir. Bu elmi sahənin inkişafı üçün zəruri olan yeni istiqamətləri müəyyənləşdirərək, konkretləşdirir. Onu Aqroekologiya sahəsində Azərbaycan dilində yazılmış ilk kitab adlandırmaq olar.

Dərsliyin əvvəlində (I fəsil) dünyada və Azərbaycanda ekoloji elmlərin tarixi inkişafı verilib. Bildiyimiz kimi, ekologiyanın tarixi çox qədim zamanlara gedib çıxır. Canlı orqanizmlərin həyatı, onları əhatə edən üzvi və qeyri-üzvi mühitdən asılı olması, heyvan və bitkilərin yayılması xarakteri haqqında məlumatlara hələ eramızdan əvvəlki zamanlarda rast gəlinir. Antik filosof Aristotelin (e.ə. 322-384) və başqalarının əsərlərində yaşayış mühitinin orqanizmlərin həyatında əhəmiyyəti və onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulur və ona məlum olan 500-dən artıq heyvan növünü təsvir edib, onların məskunlaşması haqqında yazıb.

Kitabın müəllifləri ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölməyi məsləhət görürlər.

Birinci mərhələ - müəlliflər bu mərhələni XIX əsrin 60-cı illərinə qədər olan dövrə aid edirlər. Bu mərhələ ekologiyanın bir elm kimi yaranması və təşəkkül tapması dövrü adlandırılır. XVI-XVII əsrlərdə ekoloji məlumatlar ayrı-ayrı canlı orqanizmlərə həsr olunur, onların bioloji təsvirləri verilir. Bunlardan - A.Reomyurun (1734) əsərləri həşəratlara, L.Tramblenin (1744) əsərləri isə hidra və mşankalara həsr olunur. Bu mərhələdə ekoloji yanaşmanın elementlərinə rus alimlərinin - İ.İ.Lepexinin, A.F.Middendorfun, S.P.Kraşennikovun, fransız alimi L.Byuffonun, isveç təbiətşünası K.Linneyin, alman alimi Q.Yeqer və başqalarının əsərlərində rast gəlinir.

İkinci mərhələ - müəlliflər XIX əsrin 60-cı illərindən sonrakı dövrü əhatə edən bu mərhələdə ekologiyanın elmin müstəqil sahəsi kimi formalaşdığını qeyd edirlər. Bu dövrün başlanğıcının rus alimləri K.F.Rulye (1814-1858), N.A.Severtsov (1827-1855) və V.K.Dokuçayevin (1846-1903) əsərləri ilə əlamətdar olduğu bildirilir.

Ekologiya elmi birdən-birə yaranmayıb və o, yalnız XIX əsrin sonunda ümumi təsdiqini tapıb. Alman bioloqu-təkamülçü Ernst Hekkel (1834-1919) ilk dəfə olaraq ekologiya elmini biologiyanın müstəqil və mühüm sahəsi kimi ayıraraq ona ekologiya adını verdi (1866). Görkəmli rus alimi akademik V.İ.Vernadski biosfer haqqında fundamental təlim yaratdı. 1926-cı ildə onun “Biosfer” adlı kitabı çap olundu. Orada ilk dəfə olaraq canlı orqanizmlərin bütün növlərinin məcmusu - “canlı maddələrin” planetar rolu göstərildi.

 

Üçüncü mərhələ - müəlliflər bu mərhələni XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər olan dövrə aid edirlər. Ekologiyanın dünyada inkişafının bu dövrdə irəliləyişi xarici ölkələrin alimləri Y.Odum, C.M.Andersen, E.Pianka, R.Riklefs, M.Biqon və b. adları ilə bağlıdır. Rus ekoloq alimlərindən İ.P.Gerasimov, N.N.Moiseyev, N.P.Naumov, Y.A.İzrael və b. göstərmək olar.

Azərbaycanda ekologiya elminin ayrı-ayrı sahələrinin tarixi müxtəlifdir. Müəlliflər yuxarıda qeyd olunan dövrün müxtəlif illərində, ayrı-ayrı Azərbaycan alimlərinin ekologiya elminin coğrafiya, torpaqşünaslıq və meliorasiya, flora və fauna sahəsində apardıqları tədqiqatlarının nəticələrindən bəhs edirlər.

Qeyd olunduğu kimi, ekologiya elmi coğrafiya elmi ilə də üzvi surətdə bağlıdır. Azərbaycanın coğrafiyasına aid məlumatlara hələ yunan tarixçisi Strabonun “Coğrafiya” adlı əsərində təsadüf olunur. Bundan başqa, Azərbaycanın coğrafi şəraiti haqqında məlumatlara Əbdür Rəşid Bakuvinin (XV əsr), Hacı Zeynalabdin Şirvaninin (XVIII-XIX əsrlər), Abbasqulu Ağa Bakıxanovun (XIX əsr), Həsənbəy Zərdabinin (XIX- XX əsrlər) əsərlərində rast gəlinir.

Azərbaycanda coğrafiya elminin inkişafında Ə.M.Şıxlinski, Q.K.Gül, S.H.Rüstəmov, B.A.Antonov, H.Ə.Əliyev, M.A.Müseyibov, S.Y.Göyçaylı, Ş.B.Xəlilov və başqalarının böyük rolu olub.

Azərbaycanda ekologiyanın əsas qolu olan torpaqşünaslıq elminin əsasını Həsənbəy Zərdabi qoyub. Sonrakı dövrlərdə (1911-1914-cü illərdə) S.A.Zaxarov, V.A.Romanov və V.A.Kamenski Mil və Şirvan düzlərində relyef, şorlaşma və hidrogeoloji şəraitlə bağlı torpaqların müxtəlifliyini öyrənərək müəyyənləşdiriblər.

Sonrakı illərdə Azərbaycan torpaqlarının münbitliyinin artırılması, yeni gübrə növlərinin tətbiqi, torpaqların xəritələşdirilməsi, onların ekoloji baxımdan öyrənilməsi və bonitetləşdirilməsi işində H.Ə.Əliyev, M.E.Salayev, V.R.Volobuyev, C.M.Hüseynov, K.Ə.Ələkbərov, Q.Ş.Məmmədov, M.İ.Cəfərov, S.Z.Məmmədovanın və başqalarının böyük xidmətləri olub. Bütün bunlar və digərləri haqqında müəlliflər kitabın I fəslində geniş müzakirə açıblar.

Müəlliflər təbii mühit və ekoloji faktorların qanunauyğun təsiri, populyasiyalar, biosenozlar (biotik qruplaşmalar), ekoloji sistemlər, biosfer, kənd təsərrüfatı istehsalının təbii-resurs potensialı və ərzaq problemi və kənd təsərrüfatı ekosistemləri (aqroekosistemlər) haqqında çox ətraflı II-VIII fəsillərdə geniş məlumatlar toplayıblar.

Texnogenez şəraitində aqroekosistemin fəaliyyəti, torpaq biotik kompleksi aqroekosistemin əsasıdır, intensiv aqrar istehsalı şəraitində suyun biogen çirklənməsi, Araz və Kür çaylarının ekoloji vəziyyəti, kimyalaşdırmanın (mineral gübrələr və onların tətbiqi) ekoloji problemləri, torpağın suvarılmasının və qurudulmasının ekoloji problemləri, Azərbaycanda eroziyaya uğrayan torpaqların ekoloji problemləri, şorlaşan və şorakətləşən torpaqların ekoloji problemləri, heyvandarlıq kompleksləri və təbiətin mühafizəsi, mexanikləşdirmənin ekoloji problemləri və kənd təsərrüfatı radioekologiyası haqqında daha ətraflı materiallar IX-XVI fəsillərdə verilib. Burada müəlliflərin xüsusi xidmətlərini “kənd təsərrüfatı radioekologiyası” fəslinin (XVI fəsil) şərhində qeyd etmək istərdik. Kənd təsərrüfatı radioekologiyası sahəsi, radiobiologia və radiologiya sahələri kimi, Aqroekologiya nisbətən gənc sahələrdən hesab olunur. Aqroekologiyanın mühüm bölmələrindən sayılan kənd təsərrüfatı radioekologiyası aqrar sənaye istehsalı sahəsində radionuklidlərin miqrasiyası və radioaktiv şüalanmanın bitkilərə və heyvanlara, həmçinin, bütövlükdə aqroekoloji sistemlərə təsirini öyrənir. Bu fəsildə müəlliflər aqromühitdə radionuklidlərin mənbələrindən, torpaqlarda radionuklidlərin davranış tərzindən, onların bitkilərdə toplanmasından, radioaktiv şüaların bitkiyə, heyvana və aqrosenoza təsiri, kənd təsərrüfatı istehsalı sferinin radiasiya monitorinqinin aparılmasından və radionuklidlərin yüksək olduğu ərazilərdə kənd təsərrüfatı istehsalının və kompleks mühafizə tədbirlərinin aparılması prinsiplərindən geniş söhbət açırlar.

Bundan başqa, XVII-XXV fəsillərdə müəlliflər əkinçilik sistemlərindən, xüsusilə də, meliorasiya olunmuş torpaqlarda aqroekoloji monitorinqin aparılmasına, əkinçiliyin alternativ sistemi və onun ekoloji əhəmiyyətindən, vermikultura və biohumus hazırlanması və tətbiqinin ekoloji aspektlərindən, aqroekoloji monitorinq, onun aparılmasının metodiki və təşkili əsaslarından, ərazilərdə ekoloji vəziyyətin qiymətləndirilməsi meyarlarından, seliteb ərazilərin ekologiyasından, aqrolandşaftların optimallaşdırılması və davamlı ekosistemlərin təşkili və kənd təsərrüfatının təbiəti mühafizə fəaliyyətindən geniş məlumatlar verilib. Bu bölmədə müəlliflər həm də ekoloji təhlükəsiz məhsulun istehsalından, kənd təsərrüfatı və qida məhsullarının və yemi çirkləndirən maddələrin (ağır metalların, nitratların, nitritlərin, pestisidlərin, dioksinlərin, benz(a)pirenlərin, polixlorbiofenillərin) insan sağlamlığına təsirinin öyrənilməsinə geniş yer ayırıblar.

Dərsliyin sonuncu, XXVI fəslində kənd təsərrüfatında təbiətin mühafizəsi fəaliyyətindən, ekologiyanın xüsusilə (sosial ekologiyanın) qanunlarından, təbiətin mühafizə olunması fəaliyyətində əsas istiqamətlər haqda və təsərrüfatlar ərazisində təbiətin kompleks mühafizəsinin təşkili üçün zəruri olan tədbirlər sistemi haqda müfəssəl və hərtərəfli biliklər verilib. Bu fəsildə həmçinin müxtəlif istiqamətli ekoloji məsələlərin həllini təmin etmək, yaranmış ekoloji vəziyyətin reallığının və onun inkişaf meyililiyinin qiymətləndirilməsi haqda genişhəcmli məlumatlar toplanıb.

Elmi cəhətdən çox yüksək səviyyədə və böyük məsuliyyətlə hazırlanmış “Aqroekologiya” dərslik kitabını bu elm sahəsinə verilən böyük bir hədiyyə hesab edirik.

Dərslik nəfis bir şəkildə nəşr edilib və lazım gələn yerlərdə məlumatlar cədvəllər, diaqramlar və xəritələr şəklində izah edilib. Bu, müəlliflərin öz işlərinin öhdəsindən bacarıqla gəlmələrinin bariz sübutudur.

Hesab edirik ki, haqqında söhbət açdığımız dərslik, ümumi aqroekoloji problemlərlə yanaşı, respublikamızın aqroekoloji vəziyyəti də nəzərə alındığından, öz sələfi olan rus dili nəşrindən daha mükəmməl və dolğun yazılıb. Dərsliyi yüksək dəyərləndirərək, müəlliflərin bu sahədəki fəaliyyətlərində daha yüksək elmi zirvələri fəth edərək, Azərbaycan elminin daha böyük nailiyyətlərinə imza atmalarını arzulayırıq.

 

 

Mahmud ABDULLAYEV,

AMEA-nın Radiasiya Problemləri

İnstitutunun Radioekologiya

laboratoriyasının rəhbəri,

AMEA-nın müxbir üzvü,

kənd təsərrüfatı elmləri doktoru

 

Tubuxanım QASIMZADƏ,

AMEA-nın Botanika İnstitutunun

böyük elmi işçisi, biologiya elmləri

namizədi, Nyu-York EA-nın Patron-üzvü

 

Yeni Azərbaycan.- 2011.- 29 yanvar.- S.7.