Azərbaycan gəncləri dövlətin qayğısı ilə əhatə olunub

 

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov www.yap.org.az saytına müsahibə verib:

- Fuad müəllim, Azərbaycanda hər il 2 fevral tarixi Gənclər Günü kimi qeyd olunur. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti haqqında nə deyə bilərsiniz?

- Öncə 2 Fevral - Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edirəm. Məlum olduğu kimi, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müstəqilliyimiz əldə olunan dövrdən bəri ölkəmizdə gənclər hər zaman avanqard bir təbəqə kimi seçiliblər, müstəqilliyimizin, suverenliyimizin keşiyində dayanıblar. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu istiqamətdə əsas təkanverici faktor rolunu oynayıb. Təsadüfi deyil ki, məhz Ümummilli liderimiz 1994-cü ildə ölkədə Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı qərar verdi. Bununla yanaşı, həmin dövrlərdə Gənclər Təşkilatları Milli Şurasının, gənclərlə bağlı digər QHT-lərin yaranmasına göstərilən kömək bu prosesdə mühüm rol oynadı. Gənclərə dövlət tərəfindən verilən bu dəstəyin davamı kimi, Azərbaycan Gənclər Forumunun keçirilməsi mühüm əhəmiyyətə malik idi. Onu da xüsusi olaraq qeyd edim ki, əsası məhz o dövrdən qoyulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yüksək iqtisadi-siyasi inkişaf əldə etmiş Azərbaycanda bu gün gənclərlə bağlı tələblər də fərqlidir. Hazırda gənclərimizin inkişafı üçün bir sıra proqramlar həyata keçirilir. Gənclərimizə Avropada təhsil almaq üçün yüksək şərait, elmin fərqli sahələri ilə bağlı gənclərin fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə çevrilən gənclər siyasəti dünyada öndə gedən modellərdən biridir.

- Gənclərlə bağlı qanunvericilik bazasını necə dəyərləndirmək mümkündür?

- Milli Məclis bu yaxınlarda müvafiq qanunvericiliyə dəyişikliklər edib. Bu da təsadüfi deyil. Çünki dövlət gənclər siyasəti ilə bağlı ilk qanunumuz 1997-ci ildə qəbul olunmuşdu. Təbii ki, bu qanunun müasirləşdirilməsi, təkmilləşdirilməsi ilə bağlı hansısa addımların atılması lazım idi və bu addımlar atıldı. Hesab edirəm ki, bu gün dövlətimiz gənclərlə bağlı siyasəti lazımi səviyyədə diqqətdə saxlayır. Bununla yanaşı, gənclərə öz bilik və bacarıqlarını həyata keçirmək üçün maksimal şərait yaradılır. Digər məqam isə gənclərin sosial problemlərinin həlli ilə bağlıdır ki, fikrimcə, dövlətimiz bunun da həlli istiqamətində vacib addımlar atmaqdadır. Biz hər zaman gənclərlə bağlı siyasətin tam mükəmməl olmasını istəyirik və bununla əlaqədar cəmiyyətimizin gənclərlə bağlı olan qurumları - QHT-lər, dövlət strukturları çalışırlar. Bu istiqamətdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının fəaliyyəti də böyük rola malikdir. Milli Şura yarandığı gündən istər beynəlxalq təşkilatlarla, istərsə də dövlət qurumları ilə gənclər arasında körpü rolunu oynamağa çalışıb. Bu, çox geniş bir fəaliyyətdir.

- Sizcə, bu sahədə qanunvericilikdə hansısa yeniliklərin edilməsinə ehtiyac varmı?

- Bu gün ölkəmizdə sosialyönümlü layihələrin həyata keçirilməsi prosesi gedir. Bu mənada gənclərə verilən ipoteka kreditlərini xüsusilə qeyd etmək lazımdır. Hesab edirəm ki, bu gün sosial ipoteka çox vacib bir şərtdir və bundan daha yaxşı bəhrələnmək üçün müəyyən təkmilləşmələr də aparılmalıdır. Bunun üçün ölkəmizin kifayət qədər imkanı var. İkincisi, ölkəmizdə gənclərin təhsil alması ilə bağlı təkliflərimiz var. Yeni təhsil qanunumuz qəbul olunub və bu nöqteyi-nəzərdən fikirləşirik ki, gənclərin təhsil alması ilə bağlı müəyyən təkmilləşdirmə işlərinə ehtiyac yaranıb. Bizim təkliflərimiz sırasında gənc ailələrin sosial müdafiəsi məsələsi də dayanır. Bu istiqamətdə gənc millət vəkilləri arasında da müəyyən müzakirələr aparılıb və düşünürəm ki, gənc ailələrə dövlət tərəfindən müəyyən güzəştlərin edilməsi mümkündür.

Qanunvericilikdə Gənclər Fondunun yaradılması məsələsi öz əksini tapıb və bu çox vacib bir məsələdir. Burada söhbət yalnız təşkilatlanmış gənclərdən getmir, bu, fərdi şəkildə gənclər üçün vacib bir məsələdir. Fikrimcə, bu təkliflərin həyata keçirilməsi üçün dövlətimizin şərait yaratmağa bütün imkanı var. Biz məsələni Milli Məclisə müzakirəyə çıxarmaq fikrindəyik. Gənclər Fondundan individual olaraq, gənclər fərqli məsələlər üzrə yararlana bilərlər. Hesab edirəm ki, sadaladığımız bu istiqamətlər üzrə yeniliklərə ehtiyac var.

Biz Gənclər Fondu ilə yanaşı, Gənclər Mərkəzinin yaranması təklifini də irəli sürmüşük. Məqsədimiz gənclərimizin toplanması, müəyyən müzakirələr aparması üçün ünvan yaratmaqdır. Orada həm kompüter mərkəzi, həm konfrans zalı, həm də digər otaqlar olmalıdır ki, gənclərimiz bundan maksimum istifadə etsinlər. Fikrimcə, bu layihənin də gerçəkləşməsinə imkan var və biz bu layihənin reallaşması üçün müvafiq strukturlara müraciət edəcəyik.

- Qeyd etdiniz ki, gənclərimiz dövlət qayğısı ilə əhatə olunub. Bəs onlar yaradılmış şəraitdən istifadə edərək öz potensiallarını tam şəkildə ortaya qoya bilirlərmi? Yəni, gənclər bu şəraitdən nə dərəcədə səmərəli istifadə edirlər?

- Bu, bir aksiomadır ki, gənclər hər bir ölkənin gələcəyidir. Mən çox şadam ki, 1996-cı ildən gənclərlə işləyirəm. Dövr inkişaf etdikcə gənclərin təfəkküründə də yeniliklər baş qaldırır, yeni təkliflər meydana çıxır. Biz bunu normal qarşılamalıyıq. Təbii ki, burada dövlətçiliklə bağlı dəyişməz xətt də mövcuddur. Dövlət özü də gənclərin diqqət mərkəzində olmasında, onlara öz potensialını üzə çıxarmaq və cəmiyyətə xərcləmək üçün yüksək şərait yaradılmasında maraqlı olmalıdır. Hesab edirəm ki, Azərbaycanda gənclərə belə bir münasibət var. Dövlətimizin başçısı bu amili öz çıxışlarında da hər zaman vurğulayır. Dövlət hər bir vətəndaşının, o cümlədən, gənclərin yaxşı həyat sürməsi üçün fəaliyyət göstərən bir mexanizmdir. Ölkəmizdə bu mexanizm çox yüksək səviyyədə fəaliyyət göstərir. Heç kim diqqətdən kənarda qalmır. Gənclərimiz də maksimum bu imkanlardan yararlanmalıdırlar və yararlanırlar da.

- Fuad müəllim, rəhbərlik etdiyiniz Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yaradılmasının 15 ili tamam olur. 15 il ərzində bu təşkilat qarşısına qoyduğu məqsədlərə nə dərəcədə nail ola bilib?

- Fikrimcə, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası müasir tariximizdə özünəməxsus yeri olan bir qurumdur. Bu təşkilatda dövlətçiliyimizin inkişafı ilə bağlı ənənələrimiz qorunub saxlanılıb. GTMŞ elə bir təşkilatdır ki, oraya minlərlə gənclərimiz üzv olur və gənclərin asudə vaxtlarının təşkilində, gənclərlə bağlı problemlərin aradan qaldırılmasında, milli maraqlarımızın qorunmasında, beynəlxalq qurumlarla, gənclər təşkilatları ilə əlaqələrin qurulmasında özünəməxsus fəaliyyət nümayiş etdirir. Təşkilatın yaranmasından ötən 15 il ərzində bizim fəaliyyətimiz genişspektrli olub. Biz hər zaman bütün fikirlərə hörmətlə yanaşmışıq, təşkilatımızın inkişafı istiqamətində hər zaman iş aparmışıq. Milli Şuranı inkişaf etdirən amillərdən ən əsası dövlətçiliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunması, beynəlxalq müstəvidə ölkəmizin imicinin möhkəmləndirilməsi uğrunda aparılan mübarizədir. Bu istiqamətlərdə bir sıra layihələrimiz həyata keçirilir. Regionlarda sağlam həyat tərzi sürülməsi ilə bağlı layihələrimiz var. Sağlam həyat tərzi ölkəmizin gələcəyinin qorunması baxımından da vacibdir. Gənclərimiz fiziki cəhətdən sağlam olmalıdır. Çünki bizim hər bir gəncimiz sabah əlində silah torpağını azad etmək üçün bir əsgərdir. Biz mənəvi sağlamlıq uğrunda mübarizə aparmalıyıq. Zərərli vərdişlərə meyil edilməməsi üçün təlimlər həyata keçiririk. Fikrimcə, bu işlərdə digər gənclər təşkilatları da daha fəal olmalıdırlar. Bu istiqamətdə müxtəlif dövlət qurumları ilə əməkdaşlığımız olub və bu gün də davam edir. Müsəlman dünyasının yeganə gənclər təşkilatıyıq ki, biz Avropa miqyasında təmsil olunuruq. Avropa Gənclər Forumunda təmsilçiliyimiz bizim ölkəmizin uğurudur. O baxımdan bu gün fərəhlə deyə bilərik ki, GTMŞ gənclərin yetişməsi üçün böyük bir məktəb rolunu da oynayır. Bu gün ölkəmizin siyasi-ictimai həyatında üzdə olan, fəaliyyəti ilə seçilən gənclərimizin demək olar ki, hamısı təşkilatımızla bağlı insanlardır. Bu, bizi çox sevindirir. Təbii ki, təşkilat olaraq lazım olan istiqamətlərdə öz fəaliyyətimizi davam etdirəcəyik.

- Azərbaycan Gənclər Təşkilatları Milli Şurasında nə qədər qurum birləşib?

- Hazırda Azərbaycan Gənclər Təşkilatları Milli Şurasında 70-dən çox təşkilat birləşib. Qurum təsis olunanda orada 11 təşkilat fəaliyyət göstərirdi. Bu gün təşkilatımıza maraq çox güclüdür. GTMŞ ölkəmizdə gənclər təşkilatları arasında sağlam rəqabətin yaranmasına şərait yaradıb. Bu çox vacib şərtdir. Bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının sayı 150-dən çoxdur. Bu o deməkdir ki, gənclər məsələsi cəmiyyətin də diqqət mərkəzindədir.

 

 

 Yeni Azərbaycan.- 2011.- 2 fevral.- S.7.