AZƏRBAYCAN GƏNCİ SABAHA İNAMLA BAXIR

 

Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan dövlətinin 1993-cü ildə həyatında yeni bir səhifə açıldı. Ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə titanik irəliləyişlər müşahidə olunmağa başladı. Azərbaycan qisa bir zamanda xaotik ölkədən güclü siyasi və iqtisadi mövqelərə malik olan bir dövlətə çevrildi. Bütün sahələrədə olduğu kimi, Azərbaycan gəncliyinin formalaşması, ən yüksək dəyərlərə malik olması və yüksək səviyyədə inkişaf etdirilməsi məsələsində xüsusi, düşünülmüş bir strategiyanın mövcudluğu göz önündədir. Azərbaycanda gənclər siyasətinin etibarlı bünövrəsini məhz Ümummilli lider Heydər Əliyev qoymuşdur.  Ulu öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət  vermişdir. Heydər Əliyev hesab edirdi ki, gənclərinin qayğısına qalmayan dövlətin heç bir gələcəyi ola bilməz. Bu baxımdan, Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının mühüm bir qolunu da gələcəyin etibar edilə biləcəyi, yüksək dəyərlərə malik gənc nəslin hazırlanması missiyası təşkil etmişdir. Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aşkar müşahidə olunurdu. Belə ki, ötən əsrin 70-ci illərində məhz  Ümummilli liderin  təşəbbüsü və gərgin səyləri nəticəsində on beş mindən artıq azərbaycanlı gənc  SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil almışlar. Bu addım Azərbaycanda ən müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət etmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindəncə digər sahələrin inkişafı ilə yanaşı, gənclərin üzləşdikləri problemlərin həlli də Heydər Əliyev üçün prioritet təşkil etmişdir. Ölkənin siyasi həyatında heç də ürəkaçan hadisələrin baş vermədiyi bir vaxtda, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması sübut edirdi ki, Ulu öndər ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı.  Beləliklə, Ulu öndər dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet  vəzifəsi səviyyəsinə yüksəltmişdir. Bu istiqamətdə yorulmadan böyük işlər görməklə Ümummilli lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail olmuşdur. Ulu öndərin hakimiyyətinin ilk illərindən gənclərə yüksək qayğı göstərməsini bir daha sübut edən məqamlardan biri də ondan ibarətdir ki, O, 1995-ci ildə  Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda  Ümummilli liderin Özü şəxsən iştirak etmişdir. Bunun ardınca, 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli lider “2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük  təntənə ilə  qeyd olunur.  Ulu öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir. Belə ki, Ümummilli lider Heydər Əliyev 2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında tarixi  çıxış etmiş və gənclərə müraciət ünvanlamışdır. Ulu öndər gənclərə müraciət edərək demişdir:  “Mən sizi gördükcə daha da ruhlanıram, siz Mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi Ulu öndər 1999-cu ildə “Dövlət Gənclər Siyasəti haqqında” Fərman imzalamışdır. Bu Fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. Çünki Fərman gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, mənəvi inkişafı, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı və s. ilə bağlı məsələləri əhatə etməklə böyük əhəmiyyət kəsb edirdi. Fərmana müvafiq olaraq ‘’Gənclər siyasəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb. Beləliklə, Ulu öndər bütövlükdə idarəetmə sistemində gənclərə tam yeni münasibətin formalaşmasına nail olmuşdur. Belə ki, 2 mart 1999-cu ildə Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında Ulu öndər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verib.  Bu da öz növbəsində ölkəmizdə reallaşdırılan gənclər siyasətinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmışdır.

Göründüyü kimi, Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini qoymuşdur. Həqiqətən də bu günümüzü təhlil edəndə bir daha əmin oluruq ki, Heydər Əliyev çox böyük müdrikliklə Azərbaycanda gənclər siyasətinin əsasını qoymuşdur və biz artıq bu siyasətin bəhrəsini aşkar hiss edirik. Bu gün ölkə həyatının ən müxtəlif sahələrində gənclərimiz böyük müvəffəqiyyətlə bilik və bacarıqlarını nümayiş etdirməkdədirlər. Bu gün Azərbaycan gəncləri Ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Bu da təsadüfi deyil. Sirr deyil ki, ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə bağlı siyasət sahəsində Ümummilli lider Heydər Əliyevin kursu möhtərəm Prezident İlham Əliyev tərəfindən ən müasir tələblərə uzlaşdırılaraq layiqincə davam etdirilir. Hələ dövlət başçısı seçilməmişdən xeyli əvvəl də cənab Prezident İlham Əliyev Azərbaycan gəncliyinin formalaşmasına və inkişaf etməsinə böyük töhfələr vermişdir.  Belə ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti kimi, Ulu öndərin gənclərlə bağlı siyasətinin daha səmərəli həyata keçirilməsində mühüm rol oynayan İlham Əliyevin MOK-a rəhbərliyi zamanı Azərbaycan idmanının inkişafında ciddi dönüş yaranmışdır. Ümumiyyətlə, 1993-2003-cü illər Azərbaycanın müasir uğurlu inkişafının əsaslarının qoyulduğu və möhkəmləndirildiyi dövr kimi tarixə düşdü. 2003-cü ildən sonrakı dövr isə Ulu öndər tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının zamanın tələblərinə uyğun daha zənginləşdirildiyi və ən yüksək səviyyədə uğurla davam etdirildiyi dövrdür.  Belə ki, İlham Əliyev prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artıma qeyri-neft sektorunun hesabına nail olunmasını qarşıya ciddi məqsəd kimi qoymuşdur və bu istiqamətdə misilsiz uğurlara imza atmışdır. Bununla yanaşı, möhtərəm Prezident neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ciddi uğurların əldə olunmasına nail olmuşdur. Bu, gənc nəslin ən yüksək tələblərə cavab verəcək səviyyədə yetişdirilməsində özünü aşkar büruzə verir. Cənab Prezident İlham Əliyevin reallaşdırdığı gənclər siyasətinin nəzərəçarpan unikal tərəflərindən biri də ondan ibarətdir ki, bu siyasət təkcə Azərbaycanın sərhədləri daxilində yaşayan gənclərimizi deyil, dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlı gəncləri əhatə edir. Gənclər siyasətinin daha səmərəli reallaşdırılması məqsədi ilə  Prezidenti İlham Əliyev 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı” imzalamışdır. Proqram gənclərin bütün problemlərini əhatə etməklə öz unikallığı ilə seçilir. Dövlət Proqramında gənclərin yüksək təhsili və peşəkarlığı məsələsinə xüsusi yer verilmişdir. Bu, ondan xəbər verir ki,  möhtərəm Prezident İlham Əliyev yüksək ixtisaslı, yeni texnologiyaların tətbiqini bacaran gənc mütəxəssislərin yetişdirilməsini prioritet vəzifə kimi müəyyənləşdirilmişdir.  Prezident İlham Əliyevin Fərmanı ilə “2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları ilə bağlı Dövlət Proqramı”nın təsdiqlənməsi və uğurla icrası bunu bir daha sübut edir. Deməli, 1970-1980-ci illərdə Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsu ilə çoxsaylı azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilərək yüksək ixtisaslı kadrlar kimi Vətənə yararlı gənc nəsil yetişdirmək ənənəsi  hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Yüksək təhsilin vacibliyinə işarə edərək cənab Prezident demişdir: “Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır”.

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev gənclər siyasətinin səmərəliliyinin artırılması məqsədi ilə 2007-ci ili “Gənclər ili” elan etmişdir. 

Prezident İlham Əliyevin atdığı ardıcıl addımlar nəticəsində Azərbaycan gəncliyi ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsinə çevrilmişdir, respublikamızın inkişafında ciddi rol oynamağa başlamışdır. Qeyd etdiyimiz kimi, müasir gənclər siyasəti ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlı gəncləri də əhatə etməklə unikal xarakter daşıyır.  Bu gün xarici ölkələrdə Azərbaycanın çoxsaylı diaspor təşkilatları fəaliyyət göstərir. Təsadüfi deyildir ki, bu təşkilatların böyük əksəriyyəti gənclər tərəfindən yaradılmışdır. Sevindirici haldır ki, artıq bütövlükdə dövlətimizi, millətimizi yüksək səviyyədə təmsil edən gənclərimiz yetişmişdir. Məhz belə gənclərimiz xarici ölkələrdə milli maraqlarımızın qorunmasında əvəzsiz rol oynayırlar.

Müasir Azərbaycan gəncliyinin inkişafında və yeni uğurlar qazanması, istedadlı azərbaycanlı gənclərin dünya miqyasında tanınmasında Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd etmək vacibdir.  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da azərbaycanlı gənclərin nüfuzlu xarici ali məktəblərdə təhsil alması, yüksək mənəvi dəyərlərə yiyələnməsi və Vətənə gərəkli övlad kimi yetişməsi üçün səylərini əsirgəmir. Xüsusilə də, Azərbaycanın müasir təhsil sisteminin formalaşmasında və inkişafında Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Onun rəhbərlik etdiyi  Heydər Əliyev Fondu fəaliyyəti dövründə Azərbaycan təhsil sisteminin müasirləşdirilməsinə böyük töhfə verib. Beləliklə, sağlam düşünən, yüksək təhsilli və mənəvi dəyərlərə malik gənclərin yetişdirilməsi məsələsi fond üçün prioritet istiqamətlərdən biridir.

Xaricdə yaşayan gənc soydaşlarımızın ümummilli məqsədlər naminə səfərbər olunaraq bir araya gəlməsində Leyla xanım Əliyevanın da rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, 2009-cu ildə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə yaradılmışdır. Bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması,   gənclərin milli maraqlar ətrafında birləşdirilməsi istiqamətində titanik addımlar atmışdır.

Beləliklə, yuxarıda qeyd etdiklərimiz Azərbaycanda reallaşdırılan uğurlu gənclər siyasətinin, gənclərə yüksək dövlət qayğısının bəzi məqamları idi və hər birimizdə olduqca böyük iftixar hissi doğurur. Müstəqil, inamla irəli gedən, davamlı inkişaf edən Azərbaycan Respublikasının gənc vətəndaşı olmaqdan qürur hissi duyuruq.

 

 

Elşad Mirbəşiroğlu,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının müəllimi,

siyasi elmlər namizədi

 

Yeni Azərbaycan.- 2011.- 2 fevral.- S.5.