Elnur Aslanov: Azərbaycanlı
gənclər ölkəmizin bugünkü
uğurlu inkişafının sabah ehtiyac duyacağı əsas
kadrlardır
Aprelin
6-7-də Budapeştdə Azərbaycanlı Tələbələr
və Məzunların Beynəlxalq Forumunun (ASAIF-in) növbəti
beynəlxalq konfransı keçiriləcək. AzərTAc bu
barədə Azərbaycan Prezidenti Administrasiyasının
Siyasi təhlil və informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanovdan müsahibə alıb:
-
Elnur müəllim, ASAIF-in növbəti beynəlxalq
konfransı haqda nə deyə bilərsiniz?
- Azərbaycanlı Tələbələr
və Məzunların
Beynəlxalq Forumunun Macarıstan Respublikasının
parlamentində keçiriləcək
“Mən gənc səfirəm” adlı beynəlxalq konfransı azərbaycanlı gənclərin
xarici ölkələrdə
keyfiyyətli təhsil
almaları ilə yanaşı, fəaliyyət
imkanlarının yenidən
dəyərləndirilməsini nəzərdən keçirəcəkdir.
Konfransın rəsmi açılışında
Macarıstan parlamentinin
vitse-spikerinin, Macarıstan
Milli Ehtiyatlar Nazirliyinin dövlət katibinin çıxışları
gözlənilir. Tədbir
müxtəlif mövzuları,
xüsusilə xaricdə
təhsil alan azərbaycanlı gənclərin
təşkilatlanması, diaspor
və lobbiçilik fəaliyyətinin formalaşdırılması,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
haqqında məlumatların
dünya ictimaiyyətinə
çatdırılmasında gənclərin rolu, Azərbaycanın gələcək
inkişafında insan
kapitalının əhəmiyyəti,
gənclərin fəallıqlarının
artmasında sosial şəbəkələrin və
KİV-lərin rolunu əhatə edən panellərdə öz işini davam etdirəcəkdir. Hər bir
mövzu üzrə təyin edilən məruzəçinin çıxışı
və geniş müzakirələr nəzərdə
tutulmuşdur. Tədbirdə,
həmçinin Azərbaycan
Respublikasının gənclər
və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclisin deputatları,
media nümayəndələri və özəl şirkətlərin rəhbərləri
iştirak edəcəklər.
- Sizin bu konfransdan
gözləntiləriniz nədir?
- Bilirsiniz, Azərbaycan müstəqilliyini 20 ildir
ki, bərpa etmiş və bu illər ərzində
çətin sınaqlardan
keçmişdir. Qonşu Ermənistanın
təcavüzkar siyasəti,
erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyəti,
beynəlxalq birliyin nümayiş etdirdiyi ikili standartlar, əlbəttə, bütün
bunlar təəssüf
hissi doğurur. Bu gün Azərbaycan
beynəlxalq birliyin etibarlı tərəfdaşı,
regional inkişafın əsas
aparıcı qüvvəsidir.
Azərbaycanın malik olduğu
geniş imkanlar onun xarici siyasətini
zəruri vasitələrlə
təmin etmiş, fəaliyyət imkanlarını
genişləndirmişdir. Eyni zamanda, daimi
tərəqqidə olan
müasir dünyanın
tələblərinə uyğun
olaraq, Azərbaycan gələcək inkişafının
möhkəm özüllər
üzərində qurulmasını
təmin etmək məqsədilə “neft kapitalının insan kapitalına çevrilməsi”
prosesinə başlayıb
və onu uğurla davam etdirir. Dünyanın bir çox ölkələrində müxtəlif
ixtisaslar üzrə təhsil alan
azərbaycanlı gənclər
ölkəmizin bugünkü
uğurlu inkişafının
sabah ehtiyac duyacağı əsas kadrlardır. Digər tərəfdən, bu, azərbaycanlı gənclərin malik olduğu təhsil baqajı, onların beynəlxalq arenada, xüsusilə öz ixtisaslarına uyğun olan sahələrdə rəqabətədavamlı kadr
kimi formalaşmasını
təmin edir. Bu isə o deməkdir
ki, onlar seçim edib təhsil aldıqları ölkədə də qalıb işləyə bilərlər. Belə olan
halda biz onları itirmirik, onların simasında Azərbaycanın
gələcək lobbi
nümayəndələrini qazanmış oluruq.
Hər bir insan müxtəlif
məkanlarda yaşaya
bilər, lakin o hər zaman əcdadlarının milli-mədəni
irsinə, yaşadığı
vətənə daim bağlılıq hiss edir.
Bu, təbii bir hisdir, onu heç
kim və
heç bir qüvvə sındıra
bilməz. Öz məqsədlərinə nail olmaqla,
onlar ümumi işə töhfə vermiş olurlar.
Qeyd edilənlər
bir daha göstərir ki, Azərbaycan dövlətinin
uzunmüddətli strategiyası,
onun inkişaf etmiş iqtisadi sistemə əsaslanan rifah dövlətinin qurulmasına və beynəlxalq arenada mövqeyinin güclənməsinə
xidmət edir. Bu gün isə konkret olaraq azərbaycanlı gənc tələbələr öz
fəaliyyətləri ilə
Azərbaycanın təbliğatçılarına
çevrilir, onun haqlı mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına
kömək edirlər.
Avropanın müxtəlif
ölkələrində təhsil
alan 300-ə yaxın azərbaycanlı
tələbənin qatıldığı
hazırkı konfransı
bu istiqamətdə atılan növbəti addım kimi dəyərləndirirəm.
- Konfransdan öncə gənc tələbələrə
və tədbirdə iştirak edəcək gənclərə hansı
mesajları vermək istəyirsiniz?
- İlk mesajım,
əlbəttə, Azərbaycan
dövlətinin onlara
göstərdiyi inam və etibarı doğrultmaq, təhsildə
əldə etdikləri
nailiyyətlərlə bizi
sevindirməkdir. Onların əsas məqsədi
yüksək keyfiyyətli
təhsil almaqdır.
Biz də bunu
gözləyirik. İkinci mesaj
isə ondan ibarətdir ki, tələbələr öz
təhsilləri ilə
yanaşı, asudə
vaxtlarından səmərəli
istifadə edərək,
təşkilatlanma işini
bir daha nəzərdən keçirməlidirlər.
Onların öz maraq dairələrini əhatə
edən sahələrdə
Azərbaycan haqqında
məlumatların yayılmasına
töhfə vermək
imkanları da müzakirə edilməlidir.
Hazırda sosial şəbəkələr
çoxsaylı insanların
öz fikir və düşüncələrini,
baxışlarını və
müxtəlif məlumatları
paylaşdığı məkana
çevrilmişdir. Düşünürəm ki, azərbaycanlı tələbələr təhsil
aldıqları ölkələrdə
keçirilən elmi tədbirlərdə fəal
iştirak etməli, Azərbaycan ilə bağlı müxtəlif
mövzularda çıxış
etməli, elmi məqalələr və əsərlər yazmalı,
bilik və savadları ilə digər tələbələr
üçün nümunə
olmalıdırlar. Dünyanın bir çox ölkələrində Azərbaycan
ilə bağlı informasiya qıtlığı
vardır. Yazılan məqalələrin
sayı azdır, bəziləri isə qərəzli şəkildə
ermənipərəst müəlliflər
tərəfindən qələmə
alınmışdır. Azərbaycanlı gənc tələbələr
bu məsələyə
həssaslıqla yanaşmalı,
həmin boşluğu
doldurmaq üçün
əllərindən gələni
etməlidirlər. Onlar öz
elmi potensiallarını
vətənləri haqqında
dolğun yazılara sərf etməli, növbəti tədqiqatlar
üçün münbit
zəmin yaratmalıdırlar.
Elə etmək lazımdır ki, onlardan sonra
gələn tələbələr
və yaxud yerli tədqiqatçılar
informasiya qıtlığından
şikayət etməsinlər.
Biz bu gün
addım-addım öz
yolumuzu təyin etməliyik. Keçiriləcək konfrans bu məsələləri
tələbələrlə birgə müzakirə edəcək və onlara tövsiyələrini
verəcəkdir.
Yeni Azərbaycan.- 2012.- 3 aprel.- S.5.