Bəzi anti-Azərbaycan
dairələri Avropanın nüfuzlu mədəniyyət
aksiyası olan “Eurovision”
yarışmasını siyasiləşdirərək, bu və ya digər məqsədlərini
reallaşdırmaq istəyirlər
Əli Həsənov: “Amnesty
İnternational” da daxil olmaqla, bəzi təşkilatlar indiyə
qədər reallaşdıra bilmədikləri
ayrı-ayrı məqsədlərinə nail olmaq
üçün Azərbaycana təzyiq etmək istəyir
Azərbaycan Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun APA-ya
müsahibəsi:
-
ABŞ-da nəşr olunan “Foreign Policy” dərgisində Azərbaycanın
öz aerodromlarını İsrailin sərəncamına
verdiyi iddia olunan məqaləyə münasibət bildirməyinizi
istərdik. “Foreign Policy” dərgisi həm də iddia edir ki, Azərbaycan
öz aerodromlarını hazırda İsrailə verməsə
belə, İranla müharibə başlayacağı təqdirdə
bunu edəcək. Bunlar nə qədər əsaslı
iddialardır?
- Bu
iddiaların heç bir əsası yoxdur. Bu, ayrı-ayrı
dairələrin uydurduğu, indiki vəziyyətdə mətbuata
yaydığı, Azərbaycanla İranı bir-birinə
qarşı qoymaq, bir-birinə qarşı istifadə etmək
niyyəti ilə ortaya atılmış məqsədyönlü
məlumatlardır. Azərbaycan tam müstəqil hərbi və
təhlükəsizlik siyasəti yürüdür. Azərbaycan
1993-cü ildən Ümummilli lider Heydər Əliyev tərəfindən
müəyyən olunmuş bölgədə hərbi
geosiyasi, geostrateji tarazlığa uyğun olaraq bitərəf
siyasət yürüdür. Azərbaycan nə NATO-nun, nə
Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının, nə də digər
bölgə dövlətlərinin Azərbaycanda, Cənubi
Qafqazda hərbi bazalar saxlamaq, hərbi hissələr yerləşdirmək
siyasətini dəstəkləyir. Azərbaycan hesab edir ki, Cənubi
Qafqaz ölkələri ümumiyyətlə heç bir hərbi
blokda iştirak etməməli, hərbi blokların Cənubi
Qafqazdakı qarşıdurmasının meydanı
olmamalıdır. Cənubi Qafqazda tərəfdaşlıq, əməkdaşlıq
mühiti olmalıdır. Cənubi Qafqaz, o cümlədən
Azərbaycan da yalnız iqtisadi cəhətdən xarici ölkələrin
tərəfdaşlıq, əməkdaşlıq meydanına
çevrilməlidir.
-
“Amnesty İnternational” beynəlxalq təşkilatı “Twitter”
sosial şəbəkəsində Azərbaycanda keçiriləcək
“Eurovision” mahnı yarışması ilə bağlı yeni
kampaniyaya başlayıb. Bunu necə dəyərləndirirsiniz?
- Əlbəttə,
biz buna təəssüflənirik. Ümumiyyətlə, təkcə
“Amnesty İnternational” təşkilatı yox, bəzi digər
beynəlxalq dairələr, hətta bəzi ölkələrdəki
müvafiq anti-Azərbaycan dairələri “Eurovision” mahnı
yarışmasını - Avropanın nüfuzlu mədəniyyət
aksiyasını siyasiləşdirərək özlərinin
bu və ya digər məqsədlərini reallaşdırmaq,
Azərbaycana bu və ya digər sahələrdə təzyiq
göstərmək, Azərbaycanla bağlı indiyə qədər
reallaşdıra, həyata keçirə bilmədiyi
ayrı-ayrı məqsədlərinə nail olmaq istiqamətində
istifadə etməyə çalışırlar. Əlbəttə,
bu, ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlik,
Avropa Yayım Birliyinin bu cür nüfuzlu tədbirini siyasiləşdirərək
nüfuzdan salmaq cəhdidir. Digər tərəfdən, əlbəttə,
müsabiqəyə qatılan, qatılmaq hüququ
qazanmış müğənnilərə təzyiqdir, onlara
hörmətsizlikdir, onların fəaliyyətini siyasiləşdirməkdir.
Bu insanların heç birinin məlumatı yoxdur ki, hansı
ölkədə siyasi proseslər necə gedir, bu məsələlərin
onlara aidiyyəti də yoxdur. Onlardan istifadə edərək,
özlərinin siyasi və digər təzyiq mexanizmlərini
reallaşdırmaq istəyirlər. Belə hərəkətlər
bu tip təşkilatlara, o cümlədən “Amnesty
İnternational” təşkilatına başucalığı gətirmir,
əksinə, onların siyasiləşməsinə,
onların ayrı-ayrı dairələrə bağlanaraq məqsədyönlü
subyektiv siyasət yürütməsinə və subyektiv fəaliyyət
göstərməsinə bir işarədir.
-
Bakıda keçirilən Avronest Parlament Assambleyasının
II sessiyasında erməni deputatların iştirakı barədə
fikirləriniz maraqlı olardı...
- Azərbaycan
beynəlxalq birliyin üzvüdür, ATƏT-in, Avropa
Şurasının, BMT-nin, İqtisadi Əməkdaşlıq
Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının
və digər bu tipli qurumların üzvüdür, yaxud əməkdaşlıq
edir. Məsələn, NATO ilə əməkdaşlıq
çərçivəsində bəzən Ermənistanla bu və
ya digər formada təmasa girməyə məcbur oluruq. Biz
bundan çəkinmirik də. Çünki
düşünürük ki, harada keçirilməsindən
asılı olmayaraq, tədbirlərin bütün
iştirakçılarının təhlükəsizliyi, tədbirin
təhlükəsizliyi və tədbirə qatılanların
sərbəst fəaliyyəti təmin olunmalıdır. Azərbaycan
da bu öhdəliyi yerinə yetirir, hər kəsin təhlükəsizliyini
təmin edir. Erməni deputatların həm bu, həm də
bundan əvvəlki tədbirlərdə iştirakla
bağlı səfərlərində təhlükəsizlikləri
təmin olunub. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm
ki, çıxışlarda erməni nümayəndə heyəti
qeyri-konstruktivlik nümayiş etdirir. Bir milləti təmsil edən
millət vəkili statusu ilə tədbirə qatılan
deputatın oradakı çıxışı, o cümlədən
Azərbaycan ərazilərinin işğalı ilə
bağlı orada səsləndirdiyi fikirlər onu göstərdi
ki, Ermənistan dövləti hələ də beynəlxalq
hüquq normalarına, BMT-nin sənədlərinə meydan
oxumaqda davam edir.
- Mətbuata
açıqlamanızda iqtidar-müxalifət dialoqu ilə bəzi
fikirlər işlətmisiniz. Bu günlərdə isə
İqbal Ağazadə deyib ki, Əli Həsənovu aprelin 5-i
saat 12-də qərargahda gözləyir. Bu
çağırışa münasibətiniz necədir?
- Mənim
kiminsə qərargahına getməyə nə vaxtım, nə
də həvəsim var. Mən kiminsə qərargahına niyə
getməliyəm? Mənim çağırışım o
deyil ki, kimsə kiminsə qərargahına getsin, kimsə
kiminləsə görüşsün. Mənim
açıqlamam ondan ibarət idi ki, Azərbaycan dövləti
Azərbaycan vətəndaşları, onların təmsil
olunduğu təşkilatların, siyasi partiyaların bu və
ya digər istəklərini, təkliflərini dinləməyə,
konstruktiv şəkildə müzakirələr aparmağa,
onların rasional ideyalarını qəbul etməyə və
həyata keçirməyə, qeyri-rasional ideyalarının tətbiqinin
qeyri-mümkünlüyünə onları inandırmağa
hazırdır. Mən dövlətin, Prezident İlham Əliyevin
komandasının iradəsini ortaya qoymuşam. Bu qətiyyən
o demək deyil ki, kimsə kiminsə ayağına və ya
harasa getməlidir. Mən dövlət məmuruyam, vəzifəm
də Azərbaycanın ictimai-siyasi dairələri ilə Azərbaycan
Prezidentinin əlaqələrini yaratmaq, onların istək və
arzularını ölkə Prezidentinə, dövlət
başçısının siyasətini də onlara
çatdırmaqdır.
-
AXCP sədri Əli Kərimli “Texnikabank”ın əməkdaşı
olan qaynının həbsini özünə qarşı təzyiq
hesab edir. Bunu necə qiymətləndirirsiniz?
- Bu
məsələ ilə əlaqədar proses davam edir.
Hüquq-mühafizə orqanlarının fəaliyyəti, məhkəmə
qərarı, həbs məsələsi, bundan sonrakı
proseslər bitmədiyinə görə mənim verəcəyim
şərh prosesə təsir kimi qiymətləndirilə bilər.
Yalnız onu deyə bilərəm ki, Azərbaycanda gün ərzində
yüzlərlə bu tip hadisə baş verir, onlarla, yüzlərlə
saxlanan olur, işi məhkəməyə gedir. Bunların hər
biri fərdi qiymətləndirilməlidir. Bu məsələləri
siyasiləşdirib hansısa siyasi prosesə bağlamaq
heç kəsə başucalığı gətirmir.
Yeni Azərbaycan.- 2012.- 4 aprel.- S.3.