ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN GENDER SİYASƏTİ: UĞURLU NƏTİCƏLƏR

 

Bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərini ildən-ilə daha da gücləndirməlidirlər.

Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması səbəbindən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, müxtəlif fəaliyyət sferalarının inkişafında qadınların potensialından səmərəli istifadə kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir. Bildiyimiz kimi, ötən il Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 20-ci ildönümünü qeyd etdik. Təbii ki, bu, dövlətçilik tarixi baxımından o qədər də çox olmayan zaman periodudur. Amma buna baxmayaraq, Azərbaycan Respublikası bu 20 illik dövr ərzində bir çox dövlətlərin əsrlərlə əldə edə bilmədiyi yüksəlişə, inkişafa nail olmuşdur. İqtisadiyyat, sosial həyat, siyasət və beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılmışdır. O cümlədən, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də çox ciddi nailiyyətlər əldə olunmuşdur ki, bu, da bütün beynəlxalq və yerli müşahidəçilər, mütəxəssislər tərəfindən etiraf olunmaqdadır. Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını da təmin etmişdir.

Şübhəsiz ki, əgər biz bu gün Azərbaycanda qadın hüquqlarının ən yüksək səviyyədə təminatından, gender bərabərliyindən bəhs ediriksə, bu məsələdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətini mütləq şəkildə vurğulamalıyıq. Tam səmimi olaraq, qeyd edə bilərik ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirmişdir. Yüzlərlə qadınlarımız Onun yaratdığı əlverişli şərait nəticəsində fərdi bacarıqlarını nümayiş etdirmiş, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. Hələ Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi 1970-1980-ci illərdə ölkənin sosial-mədəni həyatında qadınların rolu xeyli artmışdır. Bu sahədə işləyən qadınların ümumi sayında müəllimlər 47 %, həkimlər 60 %, tələbələr 43 %, elmi işçilər 37 % təşkil edirdi. Həmin dövrdə yetişən ziyalılar içərisində Azərbaycan qadınlarının xüsusi çəkisi olmuşdur. Azərbaycan elminin şöhrətini ucaldan və onu dünyaya tanıdan bu ziyalı qadınlara ittifaq miqyaslı fəxri adların verilməsi Heydər Əliyevin onlar qarşısındakı əvəzsiz xidmətlərindən biri idi.

Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılmış, müvafiq qərarlar qəbul olunmuşdur. Bu qərarların da müəllifi Ulu öndər Heydər Əliyev olmuşdur. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur. 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam imzalanmışdır. Bu Sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir. Heydər Əliyev bu Sərəncamla qadınların dövlət və ictimai həyatda irəli çəkilməsində mövcud köhnə bazanı demokratik dövrdə yeniləşdirdi. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 55-56-ci maddəsində qadınlar da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyri-şərtsiz iştirak etmək hüququna malikdirlər.

Ulu öndərin 6 mart 2000-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” 289 saylı Fərman respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə oldu. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması və bu kimi mühüm tapşırıqlar öz əksini tapmışdır.

2000-ci ilin ilk aylarında “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” hazırlanmışdır. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edilmişdir. Plan problemlərin beynəlxalq standartlara uyğun şəkildə həllinə yönəldilmiş nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış və bütün problemli sahələrdə gender bərabərliyinə yönəldilmiş dövlət sənədidir. “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” adlanan bu sənədi Azərbaycan Respublikası Nazirlər Kabineti 6 mart 2000-ci il tarixli, 33 saylı qərarı ilə təsdiq etmişdir. Bu sənəd dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri ilə əlaqədar konkret təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. Bu Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti, istismarının qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edilmişdir. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmə də daxil olmaqla, müvafiq ölçülərin götürülməsi nəzərdə tutulur.

Azərbaycan qadınlarının fəallığının artması istiqamətində önəmli hadisə olan Azərbaycan Respublikası Qadınlarının II qurultayı 27 sentyabr 2003-cü il tarixdə keçirilmişdir. Qurultaya 2070 nəfər nümayəndə seçilmişdir. Qurultayda başqa məsələlərlə yanaşı, koordinatorların fəaliyyəti qiymətləndirilmiş, əldə edilmiş nailiyyətlərlə yanaşı çatışmazlıqlar da müəyyən edilmiş yə gələcək inkişaf perspektivlərinin ilkin konturları dəqiqləşdirilmişdir.

Əsası Ulu öndər tərəfindən qoyulan Azərbaycanın gender siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu sahədə bütün müvafiq addımların atılmasına şəxsən nəzarət edir. Azərbaycan Ruspublikasının Prezidenti İlham Əliyev 2010-cu ilin may ayında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransın iştirakçılarına təbrik məktubunda müstəqil Azərbaycan Respublikasında gender məsələlərinə münasibəti bu cür ifadə etmişdir: “Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər”.

Azərbaycan Respublikasının bütün qanunları (Cinayət Məcəlləsi, Mülki Məcəllə, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və s.) və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır ki, bunlar da bütövlükdə Konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlarda qadınlara qarşı ayrı-seçkiliyə yol verən müddəalar yoxdur və qanun çərçivəsində insanlar cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən asılı olmayaraq qoruyur və əsas beynəlxalq humanitar aktların tələblərinə cavab verir.

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, problemlərin həllində beynəlxalq əməkdaşlıq həmişə mühüm rol oynamışdır. O cümlədən, ölkəmizdə düzgün gender siyasətinin reallaşdırılması üçün beynəlxalq təcrübədən yararlanmaq və bu sahədə geniş əməkdaşlığa imza atmaq bu gün sadaladığımız uğurların əldə olunmasında müstəsna rol oynamışdır. Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu), AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda, Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilir. Gender bərabərliyinin təşviqi sahəsində ölkəmizin yaxından əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də BMT-nin Qadınlar üçün İnkişaf Fondudur (UNİFEM). Ölkəmizin UNİFEM-lə əməkdaşlığı “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” adlı regional layihə çərçivəsində həyata keçirilmişdir. Layihə əsasən hökumətlər, qadın koalisiya və şəbəkələri ilə tərəfdaşlıq şəraitində həyata keçirilmiş və gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşımışdır. Eyni zamanda, Azərbaycan hökuməti beynəlxalq səviyyədə də qadın hüquqlarının təşviqində fəal iştirak edir. Bunun göstəricisi olaraq, 2008-ci il iyunun 10-11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq forum keçirilmişdir. 2010-cu il 24-25 may tarixində Bakıda Avropa Şurasına üzv olan ölkələrin gender məsələlərinə məsul nazirlərinin “Gender bərabərliyinin de-yure və de-fakto təmin edilməsi” mövzusuna həsr edilmiş VII konfransı keçirilmişdir ki, həmin konfransda Avropa Şurasının üzv dövlətlərinə tövsiyələr və fəaliyyətlər üzrə Tədbirlər Planı qəbul edilmişdir. Həmçinin, Azərbaycan dövləti Avropa Şurası ilə də mütərəqqi əməkdaşlıq qurmuş, parlamentarilərimiz qurumun Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin iclaslarında fəal iştirakları ilə müsbət mənada seçilmişdir. Bildirmək yerinə düşər ki, komitənin növbəti iclasının məhz Azərbaycan paytaxtındə keçirilməsi gündəmdədir.

Bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Statistik rəqəmlər də bu fikri özündə ehtiva edir. Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə (78,6 faiz), təhsil (71 faiz) və mədəniyyət (75 faiz) ən ön sıralardadır. Həmçinin səhiyyə sistemində rəhbər vəzifədə çalışanların 37 faizini, təhsil sahəsində 44 faizini, mədəniyyət və turizm qurumlarında 23 faizini qadınlar təşkil edir. Hazırda ölkəmizdə AMEA-nın 3 həqiqi üzvü, 12 müxbir üzvü qadındır. Bu məqamlar Azərbaycan hökumətinin imkanların genişləndirilməsi, qadınların cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərdiyi yüksək qayğının əyani təzahürüdür. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərə çarpacaq dərəcədə artmışdır. Təbii ki, bu görülən işlərin nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlardan sadəcə bir neçəsidir.

Bir məsələni də xüsusilə qeyd etmək yerinə düşər. Bildiyimiz kimi, Azərbaycan tarixində xalqının, dövlətinin taleyində müstəsna rol oynamış, öz qərarları və atdıqları addımlarla xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız olmuşdur. Azərbaycan xanımları bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri də məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin daha da inkişafına həsr edən belə işguzar, cəsarətli, vətənpərvər xanımları vardır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Onun milli - mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsininin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara və yalnız milli maraqlarımza söykənir. Bu gün hər bir Azərbaycan qadını öz fəaliyyətində Mehriban xanım Əliyevanın cəsarətli addımlarını, yorulmaz fəaliyyətini örnək sayır.

Beləliklə, bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir.

 

 

Sahibə QAFAROVA,

Milli Məclisin deputatı,

Dövlət Slavyan Universitetinin

Prorektoru

 

Yeni Azərbaycan.- 2012.- 5 aprel.- S.4.