Qaçqın və
məcburi köçkünlərin sosial problemlərinin həlli
Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir
Azərbaycan
Respublikası Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz
Orucov www.yap.org.az saytına müsahibə verib:
- Ayaz
müəllim, hazırda Məcburi Köçkünlərin
Sosial İnkişaf Fondunun qarşısında duran əsas vəzifə
nədən ibarətdir, fəaliyyətinin prioritet istiqamətləri
hansılardır?
- Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi zamanı öz doğma yurd -
yuvalarından didərgin düşmüş məcburi
köçkünlərin yaşayış, onların mənzil-məişət
şəraitinin yaxşılaşdarılması məqsədilə
Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 6
dekabr 1999-cu ildə yaradılmışdır.
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan neft strategiyası öz bəhrəsini verməyə
başlayan andan ilk vəsait də bu sahəyə -
qaçqın və məcburi köçkünlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Onların
sosial müdafiəsi ilə bağlı geniş tədbirlər
həyata keçirilməyə başlanıldı. Fond faktiki olaraq 2001-ci ildən etibarən fəaliyyət
göstərməyə başladı.
Fondun yaradılmasında Azərbaycan hökuməti ilə
bərabər, beynəlxalq donorlar da iştirak edib. MKSİF-in ali
idarəetmə orqanı Müşahidə Şurası hesab
olunur və Şuranın tərkibinə Azərbaycan hökumətinin,
yerli qeyri-hökumət və özəl təşkilatların
nümayəndələri ilə bərabər, beynəlxalq
donor təşkilatların nümayəndələri də
daxil edilib. MKSİF bütün fəaliyyəti
üzrə Müşahidə Şurasına hesabat verir.
Yəni, təşkilatın fəaliyyəti
tamamilə şəffaf mexanizmlər əsasında qurulub.
Qaçqın
və məcburi köçkünlərin sosial problemlərinin
həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində
olmuş, prioritet məsələlərdən biri kimi bu
istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər
həyata keçirilmişdir.
Bu illər
ərzində Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondu yüzlərlə məcburi
köçkün ailəsinin məskunlaşdığı
yataqxanaların təmirini həyata keçirmiş, məcburi
köçkünlərin məskunlaşdığı
yataqlara yollar, su, işıq xətləri çəkmiş,
məktəblər tikmiş, məktəbləri təmir
etmiş və s. işlər görmüşdür. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən məcburi köçkün ailələrinin
daha sürətlə məskunlaşması üçün
Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna
keçən illərdəkindən fərqli olaraq 2 dəfə
artıq vəsait ayrılmışdır. Yəni, Məcburi Köçkünlərin Sosial
İnkişaf Fonduna 300 milyon manat məbləğində vəsait
ayrılmışdır. Bunun müqabilində 5 minə
yaxın ailə, haradasa 25 min məcburi köçkün
yeni, günün tələblərinə cavab verən,
bütün texniki-iqtisadi infrastrukturla təmin olunmuş məhəllə
və qəsəbələrdə məskunlaşacaqdır.
- Məcburi
köçkünlərin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondunun beynəlxalq
əməkdaşlıq əlaqələri hansı səviyyədədir?
- Məlum
olduğu kimi. MKSİF-in ilkin mərhələdə
əsas maliyyələşmə mənbəyi Dünya
Bankının Azərbaycan hökumətinə 10 mln. ABŞ dolları həcmində
ayırdığı güzəştli kredit vəsaiti olub.
2000-ci ildə BMT-nin İnkişaf
Proqramının və BMT-nin Qaçqınlar üzrə Ali
Komissarının Azərbaycandakı nümayəndəlikləri
tərəfindən Fondun institusional inkişafı məqsədi
ilə 40 min ABŞ dolları həcmində vəsait
ayrılıb. Fondun əsas məqsədi məcburi
köçkünlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, onlar üçün
iş yerlərinin açılması, sosial infrastrukturun bərpası
ilə bağlı davamlı tədbirlərin həyata
keçirilməsinə yönəldilib. Təşkilatın
vəzifəsi ayrılmış vəsait hesabına nəzərdə
tutulan layihələrin həyata keçirilməsini və
eyni zamanda, bu vəsaitlərin səmərəli və məqsədyönlü
istifadəsini təmin etməkdən ibarətdir.
Ötən müddət ərzində Fondun maliyyə vəsaitləri
hesabına icma mikrolayihələri həyata
keçirilmiş, mikrokreditlərin verilməsi təmin
olunmuşdur.
Sonradan Fondun fəaliyyəti daha geniş xarakter
alıb və maliyyələşmə mənbələri
artıb. MKSİF-in hazırda maliyyələşmə
mənbələrinin sırasına Dövlət Neft Fondu və
Dövlət Neft Şirkəti, büdcə vəsaitləri,
Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial
İnkişaf Fondu və digər donorların maliyyə
resursları daxildir. Onu da qeyd edim ki, MKSİF-in
təşkilati strukturu və heyəti donorların tələblərinə
uyğun formalaşdırılır. Hər
bir donorun maliyyələşdirmək istədiyi layihə
üzrə xüsusi icra qrupu yaradılır.
- Fond
qaçqın və məcburi köçkünlərin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması istiqamətində nə
qədər yeni qəsəbə inşa etmişdir?
- Qeyd etmək
istərdim ki, MKSİF-in əsas fəaliyyəti Dövlət
Neft Fondunun maliyyələşdirdiyi dövlət
proqramları ilə bağlı olduğundan, Azərbaycan
Respublikası Prezidentinin Fərman və Sərəncamlarına
uyğun olaraq 2001-ci ildən etibarən ölkədəki
çadır düşərgələrində və digər
uzunmüddətli yaşayış üçün
yararlı sayılmayan yerlərdə məskunlaşmış
məcburi köçkünlər üçün yeni qəsəbələrin
tikintisinə böyük diqqət
ayırımışdır. Bu istiqamətdə
mühüm işlər görülüb, yeni qəsəbələrin
tikintisinə başlanılıb. Ümumiyyətlə,
bu günə kimi qaçqınlar və məcburi
köçkünlər üçün Ağdam, Ağcabədi,
Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy,
Göygöl, Qəbələ, Yevlax rayonları və
Bakı şəhəri ərazisində 64 qəsəbə
(zəruri sosial-texniki infrastrukturla) salınmışdır
ki, bunların da 50-si MKSİF tərəfindən
tikilmişdir. Həmin qəsəbələrdə
də 20 minə yaxın köçkün ailəsi məskunlaşmışdır.
Məcburi köckünlərlə bağlı Ulu öndər
Heydər Əliyev tərəfindən, daha sonra Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən, eləcə
də Milli Məclisdə çox mühüm qərarlar və
qanunlar qəbul olunmuş, Dövlət Proqramları və
Dövlət Proqramlarına əlavələr
imzalanmışdır. Bütün bu layihələr
uğurla həyata keçirilir. Düşünürəm
ki, məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması ilə bağlı
ölkə başçısının
yürütdüyü siyasət qarşıya qoyulan məsələləri
tamamilə əhatə edir.
Məcburi köçkün ailələrinin sosial şəratini
yaxşılaşdırmaq məqsədilə 2011-ci ildə
dünya bankı ilə yeni bir layihə imzalanmışdır
ki, həmin layihə 76, 8 milyon ABŞ dolları məbləğindədir. Hansı ki, bu
layihədə əsasən məcburi köçkünlərin
məskunlaşdığı 95 yataqxananın təmiri, eləcə
də 250-ə yaxın kiçik mikro layihələrin həyata
keçirilməsi nəzərdə tutulub. Və bununla bağlı artıq layihə işləri
həyata keçirilir. Yəni, bu ildən
məcburi köçkünlərin məskunlaşması ilə
bağlı daha sürətli və daha geniş miqyaslı
layihələr həyata keçiriləcəkdir.
Məcburi Köçkünlərin Sosial İnkişaf
Fondu ölkə daxilində, eləcə də ölkədən
kənarda gördüyü işlərlə diqqəti cəlb
etmiş və 2001-ci ildə Ümummilli lider Heydər Əliyev
tərəfindən Dövlət Neft Fonduna ayrılmış
ilkin bonus hesabına məcburi köçkünlər
üçün Goranboy rayonunun Ağcakənd
yaşayış məntəqəsində ilk qəsəbənin
salınması ilə bağlı Fərman imzalanmışdır. Və o zamandan bu günə
kimi Məcburi Köçkünlərin Sosial İnkişaf
Fondu tərəfindən öz doğma yurdlarından didərgin
düşmüş insanlar üçün
yaşayış yerləri, qəsəbələr, fərdi
evlər tikilib, 120 minə yaxın məcburi
köçkün həmin 70-ə yaxın qəsəbədə
fərdi qaydada məskunlaşdırılmışdır.
İndi rayonlarda demək olar ki, çadır şəhərcikləri
yoxdur. 2007 - ci ilin dekabr ayında çadır şəhərciklərini
tamamilə ləğv etdik. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev 2003-cü il
prezident seckilərində söyləmişdir: “Əgər
etimad göstərib məni seçərsinizsə, mən
prezidentliyimin sonuna qədər Azərbaycanda bir dənə də
olsun belə çadır şəhərciyinin qalmamasına
təminat verirəm”.
Ölkə Prezidentinin verdiyi vəd öz həllini
tapdı. Bu gün artıq dörd ildir ki, ölkədə
bir dənə də olsun məcburi köçkün
çadır şəhərciyində yaşamır.
- Bu
gün inkişafın Azərbaycan modeli dünyanın diqqət
mərkəzindədir. Bu baxımdan, müasir
dünyamızda dövlətimizin mövqeyini və beynəlxalq
aləmə verdiyi töhfələri necə qilmətləndirirsiniz?
- 2011-ci il Azərbaycan xalqı üçün
doğrudan da böyük zirvələr fəth olunan il oldu.
Azərbaycan BMT-nin Təhlükəsizlik
Şurasına müvvəqqəti üzv seçilmək
üçün 150 dövlətin dəstəyini qazandı. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin
apardığı böyük xarici siyasətin nəticəsidir.
20 illik müstəqillik tarixi olan Azərbaycan
“Eurovision” mahnı müsabiqəsində qalib gəldi və
onun keçirilməsi Azərbaycana nəsib oldu.
Eyni
zamanda, Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar
dövlət başçısının iştirakı ilə Bakıda
möhtəşəm bir yürüş oldu. Bu
böyük yürüş Azərbaycanın
gücünün, qüdrətinin, düşmən üzərində
qələbə əzminin nümayişi idi. Bu aksiya bir daha bizim mənfur düşmənlərimizə
göstərdi ki, biz istənilən an səfərbərik.
Bizim hamımız ölkə
başçısı İlham Əliyevin bir
çağırışına bəndik. Biz ölkə başçısı cənab
İlham Əliyevin ətrafında sıx birləşərək
Azərbaycan torpaqlarının azadlığını təmin
edəcəyik. Azərbaycan
bayrağını Qarabağda, Xankəndində
dalğalandıracağıq. Allah qoysa,
buna nail olacağıq.
- Ayaz
müəllim, siz Beyləqan rayonundan Milli Məclisə deputat
seçilmisiniz. Regionların sosial-iqtisadi
inkişaf proqramı çərçivəsində bu rayonda
görülən işləri necə dəyərləndirmək
olar?
- Bu
gün Beyləqan aqrar rayon olaraq kənd təsərrüfatı
məhsullarının istehsalı sahəsində nəzərə
çarpacaq naliyyətlər əldə etmişdir.
Xüsusilə,
son illər ərzində Beyləqanda kənd təsərrüfatı
məhsullarının istehsalı intensiv artım tempi ilə
inkişaf edir. İnsanlar onlara
ayrılmış torpaq sahələrini birləşdirirlər,
müəyyən korparasiya formasında daha əlverişli məhuslların
istehsalı ilə məşğuldur.
Hal - hazırda Yeni Mil kanalının tikintisi davam edir. Bu lahiyə ilə
Beyləqanın suvarılmayan torpaqlarının
suvarılması, orda məhsul istehsalının
artırılması, habelə yeni əkin sahələrinin
genişləndirilərək yerli əhalinin kənd təsərrüfatı
məhsullarının istehsalına cəlb olunması
artıq öz həllini tapır. Bir
sözlə, Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə həyata keçirilən nəhəng
islahatlar və böyük quruculuq tədbirləri sayəsində
Azərbaycan kəndinə yeni həyat gəlir.
Yeni Azərbaycan.-
2012.- 6 aprel.- S.5.