Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır

 

Öz cahanşümül əməlləri və fövqəlbəşər fəaliyyətləri ilə dünya tarixində silinməz izlər buraxan görkəmli siyasi xadimlər barmaqla sayılacaq qədər azdır. Milli dövlətçilik tariximizin əbədi şöhrətinə cevrilmiş Ulu öndər Heydər Əliyev isə artıq öz bəşəri əməllərilə qüdrətli bir dövlət xadimi və əvəzedilməz bir şəxsiyyət olduğunu dünya qarşısında nümayiş etdirmişdir. Azərbaycanın 33 illik tarixi dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Milli dövlətçiliyimizin və əbədiyaşar müstəqilliyimizin baş memarı olan, misilsiz xidmətləri ilə Azərbaycan tarixinin şanlı salnaməsini yaradan, öz mənalı ömrünün  böyük bir hissəsini doğma Vətəninin və canından əziz bildiyi xalqının iqtisadi tərəqqisi, səadət və xoşbəxtliyi naminə mübarizəyə həsr edən Heydər Əliyevə olan sevgi və məhəbbət təkcə Azərbaycanda yaşayan 9 milyon yurddaşımızın deyil, vaxtilə müxtəlif ictimai-siyasi münaqişələr üzündən doğma yurd-yuvalarından didərgin düşüb planetimizin 70 ölkəsinə səpələnmiş 50 milyon soydaşımızın da qəlbində əbədiyyət heykəlinə çevrilib.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk 14 il ərzində azı 14 qərinəlik zəfər yolu keçib məmləkətimiz. Azərbaycanın zəif aqrar bir ölkədən yüksək dərəcədə inkişaf etmiş qüdrətli sənaye respublikasına çevrildiyi həmin zaman kəsiyində əldə olunmuş misilsiz nailiyyətlər respublikamızın sonrakı dinamik inkişafı üçün möhkəm baza sütunları rolunu oynayıb. Ulu öndər Heydər Əliyev ikinci hakimiyyəti dövründə məhz həmin zəngin bazaya söykənərək 70 illik imperiya əsarətindən qurtulub, müstəqillik yoluna qədəm qoymuş Azərbaycanın yüksək inkişaf platformasını müəyyən etdi. Bu gün sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına qədəm qoymuş müstəqil Azərbaycanımızın fenomenal inkişaf yolunun təməlində məhz xalqımızın Ümummilli lideri Heydər Əliyevin ağır zəhmət bahasına hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinası dayanır. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi öz dövlət suverenliyini yenicə bərpa etmiş Azərbaycanda demokratik dövlət quruculuğu və institisional kompleks islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşmasına, müasir dövrün tələbləri ilə uzlaşan yeni, çoxşaxəli təsərrüfat sisteminin yaradılmasına və həyatın bütün sahələrində sıçrayışlı inkişafın təminatına möhkəm əsaslar yaratdı. Ümummilli liderimizin ideyaları Azərbaycanın dünəninə, bu gününə və daha xoşbəxt gələcəyinə hesablanmış uğurlu fəaliyyət proqramı, əvəzolunmaz  milli strategiya və müdrik bir  konsepsiya idi. O dövrdə müstəqilliyimizin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və həyata keçirmək üçün hər şeydən öncə ali idarəçilik qabiliyyətinə malik müdrik bir siyasətçiyə, iç dünyası zəngin, ağıl və hikmət xəzinəsi olan bir hakimiyyət ustadına ehtiyac var idi. Dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu və dövlət atributlarını yaradıb inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublika vətəndaşlarının rifah halını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olub.

Heydər Əliyev Azərbaycan xalqının milli xilaskarı, milli ideyanın, dövlətçilik ənənələrinin yaradılmasında əvəzsiz xidmətləri olan fenomenal bir şəxsiyyət kimi həm də Azərbaycanın uzunömürlü, davamlı ideoloji-siyasi platformasını, bu platformanın təbliğati-ideoloji prinsiplərini öz məqsəd və məramı ilə həyata keçirən güclü siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının (YAP) qurucusudur. Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda ictimai-siyasi, iqtisadi-sosial vəziyyət həddindən artıq ağır idi. Ölkədə kataklizmlərin sonu görünmürdü və bu, daha ağır fəlakətlərə yol açırdı. Keçmiş müttəfiq respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin birdən-birə kəskin şəkildə pozulması nəticəsində istehsalın səviyyəsinin aşağı düşməsi, müəssisələrin öz fəaliyyətlərini ya məhdudlaşdırmaq, ya da dayandırmaq məcburiyyətində qalması, işçilərin kütləvi surətdə işdən azad edilməsi və əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əmək haqqı səviyyəsinin aşağı düşməsi daxili böhran resessiyalarını gücləndirmiş, inflyasiya prosesini qarşısıalınmaz problemə çevirmişdi. Sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əməkhaqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri və çoxsaylı güzəştlərin tətbiqi isə inflyasiya prosesinin daha da sürətlənməsinə - hiperinflyasiyaya səbəb olmuşdu. Əmək məhsuldarlığının tamamilə itməsi ölkənin qeyri-səmərəli təsərrüfat mexanizmlərindən azad ola bilməməsini və iqtisadiyyatın tənəzzülə uğramasını şərtləndirirdi. O dövrdə  baş verən siyasi, hərbi, sosial, ictimai uğursuzluqları aradan qaldırmaq qüdrətinə malik olmayan, xalqın nəbzini tutmaq bacarığından məhrum təcrübəsiz rəhbərlər ölkənin idarə olunmasında bir boşluq yaratmışdılar. Ölkədəki böhran tendensiyası günbəgün kəskinləşərək qorxulu bir həddə çatmışdı. İqtisadi islahatların zəif və kosmetik xarakter daşıması nəticəsində iqtisadiyyatın real sektorunda bütün göstəricilər üzrə mənfi meyillər müşahidə olunurdu. Dükanlar, mağazalar suyu sovrulmuş dəyirmana dönmüşdü. Ölkə başdan-başa işsizlik, aclıq və yoxsulluq əzabına düçar olmuşdu. Bu da son məqamda əsəbləri tarıma çəkilmiş xalqın qəzəb və nifrət hədəfinə çevrilmiş başsız başçılarımızın öz hakimiyyət kürsülərindən qovulması ilə nəticələndi.

Mən Heydər Əliyevin-O dahi şəxsiyyətin hələ ilk hakimiyyəti dövründə Ona bütün varlığı ilə bağlı olan, 1988-1993-cü illərdə respublikamızda baş verən faciələrin canlı şahidlərindən biri kimi, ölkədəki siyasi proseslərin hansı məcraya yönələcəyini, Azərbaycanın baş kürsülərində əyləşən səriştəsiz, naşı, dağıdıcı qüvvələrin respublikanı hansı fəlakətlərə sürükləyəcəyini aydın görür və bir həqiqəti dərindən dərk edirdim ki, yalnız bir nəfər - Moskvada ermənipərəst Mixail  Qorbaçovun iblis xislətinə etiraz əlaməti olaraq SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa vermiş Heydər Əliyev Azərbaycanı bu fəlakət bataqlığından çıxara bilər. O dövrdə Heydər Əliyevin ən yaxın dostlarından biri olan və hər gün görüşüb söhbətləşdiyim mərhum Əjdər Xanbabayevin ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı narahatlıqlarını bu gün də unuda bilmirəm. O, Azərbaycanın bir dövlət kimi az qala tarix səhnəsindən silinmək təhlükəsi qarşısında qaldığı həmin faciəli dövrdə xalqın Heydər Əliyev kimi bütün çətinlikləri dəf etmək, onun qaranlıq yollarını öz ağıl işığı ilə nurlandırmaq, yıxılmış məmləkətimizi yenidən ayağa qaldırmaq qüdrətinə malik bir milli liderə, polad iradəli, zəngin dövlətçilik təcrübəsinə malik, məqsədyönlü iş üslubu, siyasi uzaqgörənliyi, hadisələri düzgün qiymətləndirmək və proqnozlaşdırmaq dəst-xəttinə malik müdrik bir rəhbərə ehtiyacı olduğunu dönə-dönə xatırladır, Onun Azərbaycana qayıtmasının zəruri olduğunu qətiyyətlə bildirir, heç bir təzyiqdən qorxub çəkinmədən müntəzəm olaraq Heydər Əliyevlə telefon əlaqəsi saxlayırdı. Onun danışıqlarında bir əsas məqam var idi: Heydər Əliyev mütləq Bakıya qayıtmalıdır. Əks-təqdirdə, Azərbaycan ağır faciələrlə üzləşəcək.

Əjdər Xanbabayev həmin vaxtlarda hakimiyyətə yalnız Heydər Əliyevin gəlməsi ilə ölkəni fəlakətdən qurtarmağın mümkünlüyünü bildirir və hər yerdə bu barədə  təbliğati iş aparırdı. O, böyük inamla bilidirirdi  ki, Heydər Əliyev mütləq Azərbaycana qayıtmalı, ən azı, məsləhətçi kimi fəaliyyət göstərib, hakimiyyət kürsüsündə əyləşənlərə xalqı idarə etməyin yolunu göstərməlidir.

Həmin proseslərin canlı şahidi kimi, o dövrdə Heydər Əliyevin öz doğma məmləkəti və xalqı üçün nə qədər ağır sarsıntılar keçirdiyini, onu fəlakətdən qurtarmaq üçün Moskvada belə zalım imperiyanın dörd tətəfdən qapadığı yolsuzluq çərçivəsində ümidverici bir yol axtarmaq cəhdini bu gün də unuda bilmirəm. 1989-cu ildə Əjdər Xanbabayevin Heydər Əliyevlə Moskvada görüşü zamanı Onun Azərbaycana qayıdış məsələsi bir daha geniş müzakirə olundu.

1990-cı il mayın 30-da Əjdər Xanbabayev səhər saat 10.30-da Cəlal Əliyevlə göruşdükdən sonra Heydər Əliyevlə danışıb bir daha qətiyyətlə  dedi ki, əgər Azərbaycanın bir dövlət kimi gözlənilən fəlakətdən qurtulub əbədi yaşam pasportu qazanmasını istəyirsinizsə, mütləq Bakıya qayıtmalısınız. Sizin Azərbaycana qayıdışınız bütövlükdə Azərbaycanın özünə Qayıdışı olacaq. Yalnız bu danışıqlardan sonra Ümummilli lider Bakıya qayıtmağa razılıq verdi. İyunun birinci ongünlüyündə Onun Bakıya gəlməsi üçün bilet sifariş edildi və çox çəkmədi ki, O, doğma Vətənə  qayıtdı.

Bu proseslərdə yaxından iştirak edən bir şəxs kimi onu da qeyd edə bilərəm ki, Heydər Əliyev Bakıya qayıdıb, buradan da dərhal  Naxçıvana yola düşdükdən  sonra daxili və xarici qüvvələr Ona qarşı təqib və təzyiqləri artırdılar. Amma Ulu öndərin qətiyyəti, prinsipiallığı, əzmkarlığı və nəhəng xarizmatik şəxsiyyət olması bütün bu planları alt-üst etdi. Çünki Heydər Əliyevin arxasında Vətənin taleyini öz talelərindən üstün tutan sadə insanlar-ali vicdan sahibləri dayanmışdı. Artıq ölkədə güclü xalq hərəkatı başlamışdı və bu geniş həcmli və ölkəmiqyaslı aksiya Qurtuluş hərəkatına çevrilirdi. Yeri gəlmişkən, Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Moskvada Azərbaycan səfirliyinə gələrək çıxış etməsi xalqı Onun ətrafında daha sıx birləşdirmişdi. Onun Moskvadakı həmin çıxışının, həmçinin, məşhur teleaparıcı Andrey Karaulova verdiyi müsahibənin kasetləri ilə bağlı bir xatirəni də qeyd etmək istərdim. Çoxlu xahişlərdən sonra dahi rəhbər həmin kasetləri Əjdər Xanbabayevə vermişdi. Sonra biz həmin kasetləri əhali arasında yaymaqla videosu olan insanların da baxmasına nail olduq. Bunun özü də çox böyük ideoloji-təbliğatı bir iş idi. Onu da xatırladım ki, yanvarın 22-də Əjdər Xanbabayevin matəm günü bu ağır faciə ilə əlaqədar Heydər Əliyevin Azərbaycan xalqına başsağlığı teleqramı oxunmalı idi. Lakin nə qədər çalışsaq da, həmin teleqramı oxumadılar, o buna çox təəssüfləndi.  

Bütün bu proseslər Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyən sadə insanların tələb və təkidini daha da artırdı. Belə bir vəziyyətdə ölkənin xalq arasında  böyük nüfuzu olan tanınmış nümayəndələri, ziyalılar, elm xadimləri, cəmiyyətin bütün üzvləri və sosial təbəqələri Azərbaycanı gözləyən real təhlükələrdən, xarici təhdid və təsirlərdən, vətəndaş qarşıdurmasından və separatizmdən, üstəlik, Ermənistanın işğalçılıq siyasətinin güclənməsi nəticəsində torpaqların itirilməsindən dərin narahatçılıq hissləri keçirərək milli mənafe uğrunda vahid bir ideya bayrağı altında polad sıralarla birləşdilər. Ümummilli lider Heydər Əliyevi ölkənin xilaskarı kimi görən yüz minlərlə insan qətiyyət, iradə nümayiş etdirərək Naxçıvana üz tutdu.

Onların yeganə arzuları Heydər Əliyevin dağılmış respublikaya rəhbərlik etməyə razılıq verməsi idi. Məhz belə bir dövrdə ideoloji-siyasi konsepsiyanın hazırlanması zərurəti  meydana çıxdı. 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə sadiq olan 91 nəfər şəxs - alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər, əmək adamları, siyasətçilər ölkədə vahid milli birliyi və dövlətçiliyi özünün amalına çevirən güclü siyasi təşkilatın təsis olunmasının vacibliyini nəzərə alaraq Ulu öndərə müraciət etdilər.

O günləri xatırlayanda içimdəki qürur hissi, Heydər Əliyev əzmkarlığına, dühasına olan məhəbbət, Ulu öndərin nəhəngliyinin təcəssümü bir daha gözlərim önündə bütün zənginliyi ilə canlanır. Biz soyuq zalda palto-papaqla oturduğumuz halda Heydər Əliyev adi pencəkdə gümrah və şux bir görkəmdə əyləşib ölkəmizin düşdüyü ağır durumdan çıxış yollarını arayırdı. Onun belə bir vəziyyətdə düşündüyü yeganə məsələ Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmək idi.

Beləliklə, Ümummilli liderin qətiyyəti və prinsipiallığı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) yarandı. Partiyanın strategiyasının ana xətti və başlıca məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsindən, ərazi bütövlüyünün bərpasından, sivilizasiyalı demokratik hüquqi dövlət, dinclik və əmin-amanlıq, ictimai həmrəylik, sabit və sosialyönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar, xalqın firəvan həyatı, onun hüquqlarının qorunması uğrunda mübarizə aparmaqdan ibarət idi. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının qızıl fondudur. Ulu öndərin böyük qürür hissi ilə bəyan etdiyi kimi, “YAP- dünənin, bu günün, sabahın partiyasıdır”.

Azərbaycanın ağır günlərində 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün uğurlu manevrlər etdi. Qısa müddətdə qardaş qırğınının, ölkənin parçalanmaq təhlükəsinin qarşısı alındı. Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtuldu. Ölkədə Milli Qurtuluş Hərəkatı uğurla başa çatdı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkə tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin vaxt Ulu öndərin Milli Məclisdəki çıxışı zamanı ürəyinin dərin qatlarından süzülüb gələn “Mən belə bir ağır vəziyyətdə bütün məsuliyyəti öz üzərimə götürürəm” ifadəsi xalqın dilində bəşəri bir şüara çevrildi. Bu, tariximizin şanlı səhifəsidir.

Məhz Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı-Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra məqsədyönlü siyasəti və gərgin fəaliyyəti  müstəqil dövlətimizi və xalqımızı yenidən müstəmləkə boyunduruğu altına düşməkdən xilas etdi. Ölkədə baş verən hərc-mərclik o dahi şəxsiyyətin böyük müdrikliyi, yüksək təşkilatçılıq bacarığı və siyasi uzaqgörənliyi sayəsində qısa müddətdə aradan qaldırıldı.  Dövlətçiliyin milli əsaslarının yaradılması istiqamətində köklü dəyişikliklər baş verdi. Siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara start verildi. Demokratik təsisatların təhlükəsiz şəraitdə uğurlu fəaliyyətinə, xarici ölkə şirkətlərinin, korporasiyalarının, ayrı-ayrı əcnəbi iş adamlarının respublikamıza investisiya qoyub müstəqil işləmələrinə, beləliklə də, Azərbaycanın iqtisadiyyatının, sosial həyatının tədricən inkişaf etməsinə, dünənədək aclıq və yoxsulluq məngənəsində çırpınan xalqın yaşam vəziyyətinin normallaşmasına əlverişli şərait yarandı.

Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı. Ulu öndər ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi və iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi.

Ulu öndər davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə nail olmaq üçün təkamül yolu ilə yeni iqtisadi sistemə transformasiyanı   çoxmülkiyyətli iqtisadiyyatın formalaşmasını təmin etdi. Ölkəmizin potensial imkanları, milli mənafeləri, xarici dövlətlərlə qarşılıqlı münasibətləri, iqtisadi əməkdaşlıq yolları, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla Azərbaycanın demokratik islahatlar platforması, inkişafın mükəmməl və özünütəsdiq vektorları yaradıldı. İqtisadi islahatlar çoxmasştablı, nəhəng, uzunmüddətli proqramlarla vəhdət təşkil edərək həyata keçirilir və tarixi proseslərin məntiqi ardıcıllığı ilə hər bir dövrün müasir tələblərini özündə ehtiva edir, yeni çağırışları qəbul etməyi şərtləndirir.

Təbii ki, Ulu öndər Heydər Əliyevin dövlət idarəçilik fəlsəfəsində kadr siyasətinə verdiyi xüsusi önəm böyük əhəmiyyətə malikdir. Dövlət idarəçiliyinin milli sisteminin modeli Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq konsepsiyasından irəli gəlir. Heydər Əliyevin kadr idarəçilik konsepsiyasının başlıca qayəsi yüksək ixtisaslı, öz işinə vicdanla yanaşan, dövlətə və dövlətciliyə tam sədaqətli, intizamlı, işgüzar kadrların yetişdirilməsi və onların dövlət idarəçilyində irəli çəkilməsindən ibarət idi. Heydər Əliyev müstəqil Azərbaycanın güclü kadr bazasının təməlini hələ birinci hakimiyyəti illərində qoymuşdu. 1969-1980-ci illərdə Ulu öndər ittifaqın ən nüfuzlu ali məktəb və elmi müəssisələrində peşəkar kadrların yetişdirilməsi üçün uzaqgörən siyasət həyata keçirirdi. Beləliklə, keçmiş SSRİ-nin müxtəlif ali məktəblərinə göndərilən minlərlə istedadlı gənc təhsilini başa vurub ölkəyə qayıtdıqdan sonra Vətənin kadr və intellektual potensialını daha da artırdı.

Ümummilli liderin güclü idarəçilik institutu və vahid peşəkar komanda formalaşdırması, müstəqil Azərbaycanın inkişafnda böyük rol oynadı. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki hakimiyyəti dövründə Azərbaycan vətəndaşlarının, respublikamızın milli maraqlarına cavab verən Konstitusiyanın qəbul olunmasına nail oldu. Təsadüfi deyil ki, Onu Azərbaycanda Konstitusiyanın memarı adlandırırlar. İlk dəfə keçmiş SSRİ  dövründə -1978-ci ildə Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması Ümummilli liderin böyük qətiyyətinin, uzaqgörənliyinin təntənəsi sayıla bilər. Onun birbaşa müəllifi olduğu, 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə, strateji əhəmiyyətinə görə seçildi. Ulu öndər  müstəqil ölkənin ilk Konstitusiyasının iqtisadi və sosial islahatlara, milli inkişafa böyük təminat verdiyini bildirirdi.

Dövlətin iqtisadi siyasətinin əsas məqsədlərinə uyğun olaraq, özəlləşdirmənin qarşısında iqtisadiyyatın yenidən qurulması, xüsusi mülkiyyət münasibətlərinin və sahibkarlığın sürətli inkişafı, iqtisadiyyata xarici investisiyaları cəlb etməklə, onun səmərəliliyinin artırılması, köhnə iş yerlərinin bərpası, yeni iş yerlərinin açılması və digər bu kimi məqsədlər dururdu. Ulu öndər həmişə deyirdi ki, özəlləşdirmədə elə addım atmaq lazımdır ki, bu prosesdə heç bir boşluq yaranmasın. Özəlləşmənin məqsədi iqtisadiyyatın inkişafına, vətəndaşların sosial maraqlarına uyğun olmalıdır.

Heç şübhəsiz, bazar iqtisadiyyatının əsas tələblərindən biri də, ilk növbədə, torpaq islahatlarının həyata keçirilməsi ilə bağlıdır. Torpaq sahibi olmadan mülkiyyətçinin azad və sərbəst istehsal fəaliyyəti ilə məşğul olması qeyri-mümkündür. Buna görə də, Heydər Əliyev iqtisadiyyatı böhrandan çıxarıb inkişaf etdirməyin yeganə yolunun islahatlar olduğunu bildirirdi. Bu məqsədlə Onun rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradılıb həyata keçirildi. 1995-ci ildən başlayaraq Heydər Əliyevin göstərişi ilə ölkənin aqrar sektorunda islahatların keçirilməsi üçün ciddi addımlar atıldı. Ulu öndərin gərgin əməyi sayəsində sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu.

Ümummilli liderin gərgin əməyinin və qətiyyətinin ən böyük bir nümunəsi də Azərbaycanı dünyaya bağlayan neft sazişlərinin imzalanmasıdır. Onun prinsipial mövqeyi və əzmkarlığı sayəsində Azərbaycanın maraqlarına tam cavab verən müqavilə şərtləri hazırlandı və 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsinin 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Heydər Əliyev öz çıxışlarında həmin sazişin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını  bildirirdi.

Neft gəlirləri isə Azərbaycan xalqının, sadə insanların yaxşı yaşamasına yönəldildi. Bu məqsədlə, Dövlət Neft Fondunun yaradılmasına qərar verildi. Fondun vəsaitləri vətəndaşların sosial rifahının yüksəlməsinə, qaçqın və məcburi köçkünlərin yaşam şəraitinin yaxşılaşdırılmasına, bütün rayon və şəhərlərin, qəsəbə və kəndlərin abadlaşmasına, yolların çəkilməsinə, yeni körpülərin, məktəb, xəstəxana, səhiyyə ocaqlarının inşasına, mədəniyyət mərkəzlərinin tikilməsinə, park və xiyabanların, istirahət mərkəzlərinin salınmasına sərf olunur.

Bu gün ölkəmizin tərəqqi meredianlarının mərkəzində məhz  Heydər Əliyevin ideyaları  dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olub. Ümummilli liderin ideyaları, amalları həmişəyaşardır. Bu gün Azərbaycanda həyata keçirilən beynəlxalq əhəmiyyətli bütün böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının əbədiyaşarlığının təsdiqidir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı Onu bütün dünya azərbaycanlılarının əbədi liderinə çevirib. Onun ömür yolu isə Vətənə və xalqa xidmətin ən parlaq nümunəsinə çevrilib. Təsadüfi deyil ki, bu ali şəxsiyyət ölkəmizin və xalqımızın tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Onun “Mən fəxr edirəm ki,  Azərbaycanlıyam” fikri artıq dünya azərbaycanlılarının əsas həyat devizinə çevrilib. Tariximizə qızıl hərflərlə yazılmış “Nə qədər Azərbaycan var, mən də varam” deyimi Ulu öndərin əbədiyaşarlığının təsdiqidir.

Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin zəhməti və fədakarlığı sayəsində Azərbaycan artıq iqtisadiyyatın keçid dövrü ilə vidalaşaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin mərhələ iqtisadi inkişafın Yeni Azərbaycan Modeli üzərində təşəkkül tapıb ki, onun da müəllifi Azərbaycana rəhbərlik etdiyi qısa bir zaman çərçivəsində uğurla həyata keçirdiyi mükəmməl islahatlar konsepsiyasının yaradıcısı Prezident İlham Əliyevdir.

 

 

Rizvan VAHABOV,

YAP Siyasi Şurasının üzvü

 

Yeni Azərbaycan.- 2012.- 6 aprel.- S.4.