“Müxalifət
Azərbaycan vətəndaşlarının diqqətini
çəkəcək nəsə vəd edə bilmir”
“Media
forum” saytının suallarını Yeni Azərbaycan
Partiyası Sədrinin müavini – İcra katibi, deputat Əli Əhmədov
cavablandırır:
- ATƏT-in
Bakı ofisi iqtidar-müxalifət dialoqu təşkil edəcəyini,
bunun üçün müzakirələr
apardıqlarını açıqlayıb. YAP-a belə bir təklif
daxil olubmu?
- ATƏT-in
Bakı ofisindən belə təklif almamışıq.
Müxtəlif dövrlərdə hansısa məsələlərin
müzakirəsinin təşkil olunmasına dair söhbətlər
olub. Bir dəfə isə konkret olaraq “Siyasi partiyalar
haqqında” qanuna dəyişikliklərlə bağlı fikir
mübadiləsi aparılması təklifi vardı. Artıq
Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsi “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər
layihəsini müzakirə edib. Layihə parlamentə
tövsiyə olunub. Hesab edirəm ki, bu, həll olunmuş bir
məsələdir. Ona görə də bu məsələ ətrafında
dialoq təşkil etmək, diskussiya aparmaq hər hansı məna
və əhəmiyyət kəsb etmir.
Dialoq əhval-ruhiyyəsinə
gəlincə, Azərbaycan cəmiyyətində bu ovqat var.
Bundan ötrü kimlərinsə təşəbbüsü və
rəhbərliyi altında yığışıb söhbət
etməyə, fikir mübadiləsi aparmağa heç bir
ehtiyac yoxdur. Hansısa məsələlərlə
bağlı söhbətə ehtiyac yarananda partiyalar özləri
bunu etməyə qadirdir. Aprelin 10-da Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin
iclasında gözəl bir müzakirə baş tutdu.
Parlamentdə təmsil olunan müxalifət partiyaları ilə
YAP “Siyasi partiyalar haqqında” qanuna ediləcək dəyişikliklər
ətrafında çox səmərəli fikir mübadiləsi
apardı. Siyasi partiyalar onları maraqlandıran məsələlər
ətrafında fikir mübadiləsi aparmağa
hazırdırlar və bunu edə bilərlər. Kiminsə
yardımına, dəstəyinə elə bir ehtiyac
görmürük.
-
İctimai Palata aprelin 22-nə mitinq təyin edib. Bunu necə
qiymətləndirirsiz?
- Hesab
edirəm ki, müxalifətin cidd-cəhdlə və
çoxlu sayda partiyanın iştirakı ilə təşkil
etdiyi 8 aprel mitinqi iflasa uğrayıb. Mitinqdə iştirak edənlərin
sayını təşkilatçı partiyaların sayı
ilə müqayisə etsək, məlum olar ki, hər partiya
aksiyaya orta hesabla 20-30 nəfər adam gətirib. Bu amil
müxalifətin mitinq taktikasının və mitinq həvəsinin
növbəti iflasından başqa bir şey deyil.
8 aprel Azərbaycan
vətəndaşlarının müxalifətə və onun
mitinq istəklərinə tamamilə biganə
yanaşmasının ifadəsidir. Cəmiyyətimiz ötən
illər ərzində dəfələrlə müxalifəti
dəstəkləmədiyini, ondan bir fayda
olmadığını açıq formada bəyan edib. Azərbaycan
cəmiyyəti və vətəndaşları son mitinqə
münasibətdə müxalifəti dəstəkləmədiyini,
ondan hər hansı fayda gözləmədiyini daha aydın
şəkildə ifadə etdi. Müxalifət bir ay
böyük kampaniya aparıb aprelin 8-də mitinq keçirmək
istəyini ortaya qoymuşdu. Amma nəticə göz
qabağındadır. Min nəfəri güclə
yığıblar. Hesab edirəm ki, müxalifətin təşkilatçılığı
altında kütləvi mitinqlərin keçirilməsi
ehtimalı sıfıra bərabərdir. Azərbaycan vətəndaşları
həyatından, güzəranından məmnundur.
İnsanlarımız ölkəmizin həyatında,
iqtisadiyyatında baş verən dəyişikliklərin
faydasını görür. Bunun fonunda müxalifət Azərbaycan
vətəndaşlarının diqqətini çəkəcək
nəsə vəd edə bilmir. İnsanlar müxalifətin
arxasınca getmir və getməyəcək.
-
Bakıda keçiriləcək “Eurovision 2012”
yarışması müəyyən gərginlik yaradıb. Qərb
mətbuatı hər gün Azərbaycan haqda yazır. Bu
yazıların əksəriyyəti tənqidi xarakterlidir. Azərbaycan
təmsilçilərinin “Eurovision” yarışmasında
ötənilki qələbəsi faktdır. Amma bəzi siyasi
ekspertlər hesab edir ki, bu qələbə və
yarışmanın Bakıya gəlib çıxması təsadüfi
deyil, burada Qərbin müəyyən siyasi məqsədləri
var. Bunu mümkün hesab edirsinizmi? İndiyə qədər
olan mərhələdə hansısa ölkə və
qüvvələrin bu yarışmadan Azərbaycana
qarşı siyasi məqsədlər üçün istifadə
etməsi hallarını müşahidə etmisinizmi?
- Azərbaycanın
gənc ifaçılarının Avropanın çox mötəbər
mahnı müsabiqəsində qələbə qazanması,
sözsüz ki, əhəmiyyətli hadisədir. İlk
növbədə mədəni hadisədir. Təbii ki, bu qələbənin
qazanılmasında həlledici rolu bizim gənc
ifaçılarımız oynayıb. Bunu birmənalı
şəkildə etiraf etmək lazımdır.
Eyni
zamanda etiraf olunmalı bir cəhət ondan ibarətdir ki, bu qələbə
sayəsində Azərbaycan Avropa məkanında, ən
azından qitənin mədəni məkanında daha geniş
şəkildə tanınmaq, təbliğ olunmaq şansı əldə
edib. Azərbaycanın hər bir vətəndaşı
ölkəmizin belə bir şans qazanmasından qürur hissi
keçirməlidir. Ən azından Azərbaycanı daha
yaxşı tanıyıblar, Avropanın sadə vətəndaşlarında,
dünyanın bütün guşələrində yaşayan
insanlarda Azərbaycana daha isti münasibət formalaşıb.
İndi ölkəmizi daha yaxından tanıyırlar. Bu,
bütövlükdə dövlətimizin, cəmiyyətimizin,
hər birimizin uğuru sayılmalıdır.
Ola bilər
ki, Azərbaycanın belə bir qələbə qazanması
kimlərdəsə qısqanclıq yaratsın. Qələbəmiz
ayrı-ayrı dövlətlərdə, bizi istəməyən
qonşularda, bizi istəməyən və qonşu olmayan
ölkələrdə müxtəlif hisslər yarada bilər.
Avropanın belə mötəbər tədbirində Azərbaycan
cəmi dörd dəfə iştirak edib və hər dəfə
uğur qazanıb. Dördüncü dəfə isə birinci
yerə çıxıb. Çox az sayda, bəlkə də
barmaqla sayılacaq qədər ölkə belə yüksək
uğur əldə edib. Bu, Azərbaycana xoş münasibəti,
obyektiv yanaşması olmayan bəzi insanlarda, qurumlarda
qısqanclıq yarada bilər.
Digər
tərəfdən isə Azərbaycanın Avropa məkanında,
bütövlükdə beynəlxalq aləmdə belə mədəni,
inkişaf etmiş bir dövlət kimi tanınmasından
narahatlıq keçirən qruplar, təşkilatlar ola bilər.
Bunu istisna etmək olmaz.
Azərbaycan
yalnız mədəni cəhətdən deyil, həm də
iqtisadi baxımdan sürətlə inkişaf edir. Ölkəmizdə
müəyyən maraqları olan qurumlar da, təbii ki, Azərbaycanın
mövqelərinin möhkəmlənməsini bəzi hallarda həzm
edə bilmirlər. Bu da reallıqlardan biridir. Ona görə də
bu fürsətdən istifadə edib Azərbaycan əleyhinə
kampaniya aparmaq istəyən qruplar, qüvvələr meydana
çıxıb. Bunlar real olaraq var və bu fürsətdən
faydalanmaq istəyirlər. Bu gün Azərbaycan haqda ölkəmizin
həqiqətlərini əks etdirməyən, əksinə,
böhtan və şərə əsaslanan yazıların
yazılması, anti-Azərbaycan təbliğatının
aparılması həm də bunlarla əlaqədardır.
Çox
təəssüf hissi ilə qeyd edirəm ki, vacib bir mədəni
kampaniyaya kimlərsə siyasi don geydirir, onu siyasiləşdirməyə
çalışır və bundan Azərbaycana qarşı
bir təsir vasitəsi kimi faydalanmaq istəyirlər. Amma məni,
hər bir vətəndaşı bundan da artıq narahat edən
amil var. Bu da ondan ibarətdir ki, Azərbaycana qarşı təbliğat
kampaniyası aparan bəzi kənar dairələrin hərəkətlərinə
ölkənin daxilindən də bəzi siyasi partiyalar,
onların təmsilçiləri dəstək verirlər. Təsəvvür
edin ki, eyni motivlər əsasında Azərbaycanda keçiriləcək
mahnı müsabiqəsi ilə bağlı tənqidlər,
böhtanlar və qarayaxmalar ortaya qoyulur. Çox qəribədir
ki, burada ciddi sinxronluq müşahidə olunur. Azərbaycanın
daxilində bu kampaniyanı aparan bəzi siyasi partiyaların,
QHT-lərin təbliğatları, hərəkətləri ilə
xaricdə bu məsələdə Azərbaycana böhtan
yağdıran qüvvələrin hərəkətlərində,
kampaniyalarında çox ciddi oxşarlıq, sinxronluq var.
Sanki bunların hamısı bir mərkəzdən idarə
olunur. Hesab edirəm ki, bu, xoşagəlməz haldır. Xaricdə
olan qüvvələrin Azərbaycana qarşı təbliğat
aparması haqsızlıq, ədalətsizlikdir. Amma Azərbaycanda
olan bəzi insanların, qrupların, təşkilatlatın
ölkəmizə qarşı aparılan və müxtəlif
çirkli məqsədlərə hesablanmış
kampaniyalarda iştirak etmələri bir vətəndaş
olaraq bizi ciddi narahat edir. Bunu təəssüf hissi ilə qeyd
edirəm.
-
İctimai Palata elan edib ki, 2 aprel məhbusları, digər
siyasi dustaqlar azadlığa buraxılmasa, “Eurovision 2012”
yarışması keçirilən dövrdə aksiyalar təşkil
edəcək. “Eurovision” dövründə beş-on nəfər
bir yerə yığılıb aksiya keçirsə, hətta
polis buna imkan verməsə də, Bakıya gələn əksər
mətbuat orqanının diqqəti buna yönələcək,
hamı aksiyanı çəkib göstərəcək. Bunun
baş verməməsi və gərginliyi azaltmaq
üçün hakimiyyətin siyasi məhbusları
azadlığa buraxması mümkündürmü?
- Azərbaycanda
siyasi məhbus yoxdur.
-
Dağlıq Qarabağ münaqişəsinin həllinə
vasitəçilik edən ATƏT-in Minsk qrupunun üzvü
Fransada prezident seçkisi yaxınlaşır. Nikola Sarkozinin
prezidentliyi dövründə Minsk qrupunun fəaliyətini necə
qiymətləndirirsiz? Fransada hakimiyyət dəyişikliyi
gözləyirsinizmi?
- Mən
Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətini nəticədən
çıxış edərək qiymətləndirmək istərdim.
Fransanın da təmsil olunduğu Minsk qrupunun həmsədrləri
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
qəti bir hərəkət edib nəticə əldə edə
bilməyiblərsə, onda bütövlükdə həmsədrlərin
fəaliyyətindən razı qalmaq mümkün deyil. Eyni
zamanda bu, həmsədrlərin hər bir üzvünə aiddir.
Yalnız Azərbaycana qarşı törədilən ədalətsizliyin
aradan qaldırılması, təcavüzə son qoyulması,
işğal olunan torpaqların azad edilməsi bizi həmsədr
dövlətlərdən, bütövlükdə Minsk
qrupundan, beynəlxalq ictimaiyyətdən razı sala bilər.
Bunların həyata keçirilməsi Azərbaycan və Ermənistan
arasında vasitəçilk edən Minsk qrupunun üzvlərinə
və həmsədlərinə həvalə olunub. Amma
heç biri edilməyib. Deməli, Azərbaycan vətəndaşlarının
bütövlükdə Minsk qrupundan, o cümlədən
Fransanın fəaliyyətindən razı qalması üçün
əsas yoxdur. Əgər razı deyillərsə, deməli,
narazıdırlar. Real həqiqət bundan ibarətdir. Azərbaycan
vətəndaşlarının əksəriyyəti belə
düşünür. Konkret yanaşmaya gəlincə, Fransa
bu müddət ərzində münaqişə tərəflərindən
biri olan Ermənistanı açıq şəkildə dəstəklədiyini
nümayiş etdirib. Fransa rəhbərliyi bunu heç gizlətməyib
də, açıq formada, nümayişkaranə şəkildə
Ermənistanı dəstəklədiyini ortaya qoyub. Təbii
ki, belə olan halda Azərbaycan vətəndaşlarının
həmsədrlərdən biri olan Fransaya münasibəti daha
da qara rənglərlə əhatə olunur. Həqiqətən
bu belədir. Bütün bunlarda Fransa prezidenti Nikola Sarkozinin nə
qədər günahkar olmasına gəlincə, onun xüsusi
təşəbbüskarlıq göstərdiyini ayrıca qeyd
etmək lazımdır. Ermənistanın birmənalı
şəkildə müdafiə olunması, Ermənistana
müxtəlif formalarda dəstək verilməsi məsələsində
Sarkozi xüsusi canfəşanlıq göstərib. Bu da Azərbaycan
vətəndaşlarının diqqətindən
yayınmayıb, mən bunu ayrıca qeyd etmək istəyirəm.
Nəticə isə bundan ibarətdir ki, Azərbaycan vətəndaşları
bizim ölkəyə qarşı belə qeyri-obyektiv və ədalətsiz
mövqe tutan bir insanı dəstəkləyə bilməz.
Bütün bunlara görə yəqin ki, Azərbaycan vətəndaşlarının
mütləq əksəriyyətinin istəyi, mövqeyi
Fransadakı seçkidə bu dövlətin siyasətinin daha
ədalətli olmasına gətirib çıxaracaq dəyişikliyin
baş verməsidir.
Yeni Azərbaycan.-
2012.- 12 aprel.- S.2.