Bakının
memarlığı Azərbaycan paytaxtının zəngin
tarixinin və daxili mənəviyyatının təcəssümüdür
Leyla Əliyeva: Mənim fikrimcə,
insan hansı işlə məşğul olmasından
asılı olmayaraq, ona ürəklə yanaşmalı və
uğur qazanacağına inanmalıdır
Keçən
əsrin 60-cı illərinin sonlarında ABŞ-da təsis
edilmiş “İnterview Magazıne” jurnalının son nömrəsində
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Beynəlxalq
Ekologiya Kampaniyasının təşəbbüsçüsü
Leyla Əliyeva ilə müsahibə dərc edilib. Bu nəşr
incəsənət aləminin ulduzları - rəssamlar,
musiqiçilər və mütəfəkkirlərlə
söhbətlər dərc etməsi ilə məşhurdur.
Leyla Əliyeva ilə Simon de Püri arasında söhbət
müasir dövrdə Azərbaycanın inkişafının
bütün səciyyəvi xüsusiyyətlərinə - incəsənət
əsərləri sərgiləri, memarlıq bumunun yeni
dalğası, habelə ekologiya hərəkatı
mövzularına həsr edilib. AzərTAc müsahibənin
qısaldılmış tərcüməsini təqdim edir.
Azərbaycan
avanqard rəssamlar, moda və incəsənət, ekoloji hərəkat
və qlobal memarlığın növbəti dalğası ilə
əlamətdar olan ölkədir. Bu, qismən Şərqi
Avropada, qismən də Asiyada yerləşən
keçmiş sovet respublikasının adı çəkiləndə
Qərbdə yaranan stereotiplərə bəlkə də
uyğun gəlmir. Lakin söhbətdən məlum olur ki, 26
yaşlı redaktor, rəssam, aktivist və Prezident İlham Əliyevin
böyük qızı Leyla Əliyeva istəyir ki, onun
ölkəsi, o cümlədən paytaxt Bakı tezliklə
dünyanın mədəni episentri adlanmaq hüququ uğrunda
Nyu-York, Berlin və Tokio ilə rəqabət aparsın.
Leyla
Əliyevanın layihələri həqiqətən
çoxdur - filmlər, xeyriyyə tədbirləri,
heyvanların hüquqlarını müdafiə
kampaniyaları, gənclərlə bağlı aksiyalar ... Buna
görə bəzən bir məsələni anlamaq çətin
olur -iki uşaq anası bu qədər çoxşaxəli fəaliyyətin
öhdəsindən necə gələ bilir?
Əvvələn,
Əliyevanın 2007-ci ildə Moskvada nəşr etməyə
başladığı “Baku” jurnalının beynəlxalq
miqyasda təqdimatı keçirilib. Bu jurnal vasitəsilə
o, Azərbaycan paytaxtının mədəni həyatında
baş verən hadisələr haqqında oxucuların məlumatını
artırmaq, habelə mədəniyyət və incəsənət
sahəsində xüsusi layihələr üçün
platforma yaratmaq niyyətindədir. Keçən ilin oktyabr
ayında Leyla Əliyeva “Baku” jurnalının baş redaktoru
kimi, jurnalın ingilisdilli beynəlxalq versiyasının nəşr
edilməsi üçün “Konde Nast” nəsrlər evi ilə
əlaqə yaradıb. O, yaxın vaxtlarda jurnalın aprel
nömrəsinin Amerika qəzet köşklərinə daxil
olması ilə əlaqədar Nyu-Yorkda təqdimat mərasimi
keçirməyi planlaşdırır.
Sonra
Əliyevanın köməyi ilə təşkil edilmiş
“Bakıya uçuş” adlı müasir incəsənət sərgisi
- Xəzər dənizindən başlamış Bruklinə qədər
geniş bir məkanda fəaliyyət göstərən 21 azərbaycanlı
heykəltəraş, rəssam, videoqrafik və fotoqrafın əsərlərindən
ibarət möhtəşəm eklektik şou-ekspozisiya
keçirilməsi nəzərdə tutulur. Yanvar ayında
Londonda “Fillips de Püri” qalereyasında start
götürmüş bu sərgini bütün dünyada
nümayiş etdirmək planlaşdırılır. Əgər
həmin işlər arasında Leyla Əliyevanın
özünün çəkdiyi rəsmləri də görsəniz,
təəccüblənməyin. O, gərgin qrafikinə
baxmayaraq, ölkəsinin mənafelərini irəlilətməklə
yanaşı, fərdi yaradıcılıq maraqlarını
da reallaşdırmağa vaxt tapır.
Azərbaycanın
dünya üzrə növbəti mədəni mərkəz
olmaq şansı nə dərəcədədir? Əlbəttə,
Leyla Əliyeva son illərdə incəsənət
dünyasının diqqətini öz ölkələrində
müxtəlif layihələrə cəlb etməyə nail
olmuş başqa istedadlı və təşəbbüskar gənclərin
güclü kampaniyasındadır.
Keçən
il Ell/Nikki Azərbaycan dueti “Eurovision”da “Running Scared”
mahnısı ilə qalib olub. Bu, həmin müsabiqədə
cəmi dörd il bundan əvvəl
çıxış etməyə başlamış ölkə
üçün çox yaxşı nəticədir.
“Eurovision” mahnı müsabiqəsi bu il may
ayında Bakıda keçiriləcək. Bu tədbir
həm şəhərə, həm də təbliğ edilməsini
Əliyevanın öz missiyasına çevirdiyi bədii
ab-havaya diqqəti cəlb edəcək.
Leyla Əliyeva
onun təşəbbüsü ilə həyata keçirilən
layihələrin bugünkü vəziyyətini və gələcəyini
müzakirə etmək üçün Londonda Simon de Püri ilə
görüşüb.
Simon de
Püri: “Bakıya uçuş” sərgisinin
açılışı ilə əlaqədar Sizi görmək
çox xoşdur. Yadımdadır, keçən il yayda mən xanımım Mikaela ilə bərabər
Sizin dəvətinizlə Bakıda olduq. Əvvəllər
heç vaxt Bakıda olmamışdıq. Orada cəmi 36 saat olduq və bu müddətdə
bir neçə rəssamın studiyasına baş çəkdik.
Bu, bizi çox sevindirdi, çünki müasir
Azərbaycan incəsənəti haqqında məlumat çox
azdır. Buna görə, bu sərginin
keçirilməsi mühüm qərar oldu. Sərginin kuratoru Erve Mikaeloff həqiqətən çox
uzaqgörən adamdır.
Leyla Əliyeva:
Elədir, bu sərgidə 21 rəssamın 100-dən çox
işi təqdim ediləcəkdir. Həmin rəssamların
bəziləri böyük sənətdə hələ ilk
addımlarını atır, bəziləri isə kifayət
qədər məşhurdur. Lakin
maraqlıdır ki, həmin işlərin əksəriyyəti
məxsusi bu sərgi üçün
hazırlanmışdır, yəni onlar ilk dəfə
nümayiş etdirilir.
Simon de
Püri: Siz bu sərgini Londondan sonra başqa yerlərdə də
nümayiş etdirmək niyyətindəsiniz, elədirmi?
Leyla Əliyeva:
Bəli, biz bu sərgini Parisdə, Berlində, Romada, Moskvada və
ümidvaram ki, Nyu-Yorkda da nümayiş etdirməyi
planlaşdırırıq. Sonra sərgini
Bakıda tamamlamaq, onu evə, çox ehtimal ki, 2009-cu ildə
açılmış Müasir İncəsənət Muzeyinə
gətirmək fikrindəyik.
Simon de
Püri: Necə düşünürsünüz, bu müxtəlif
rəssamların hamısının Azərbaycandan
olmasından başqa onların arasında daha hansı
ümumi cəhətlər var?
Leyla Əliyeva:
Onların hər birinin fərdi dəst-xətti var. Lakin onlar
hamısı Azərbaycandan olduğuna görə, hər
halda onların işləri Azərbaycanın paytaxtı
Bakı ilə bağlıdır. Azərbaycanda incəsənətin
qədim ənənələri var, ona görə bu rəssamlar
böyük bir mədəni irs çərçivəsində
ünsiyyət saxlayırlar. Əgər siz
haçansa Qobustanda olmusunuzsa, yəqin ki orada yaşı
minilliklərlə ölçülən qayaüstü rəsmləri
görmüsünüz. Beləliklə,
Azərbaycan hələ dünyanın incəsənət
paytaxtı hesab edilməsə də, onun ən qədim
dövrlərdən başlanan çox zəngin tarixi
keçmişi vardır. Azərbaycan mədəniyyətlərin,
dinlərin və ənənələrin
qaynayıb-qarışdığı məkandır və bu
fakt incəsənətdə də öz əksini
tapmışdır. Şərq ilə Qərbin
qaynayıb-qarışması sərgidə nümayiş
etdirilən incəsənət əsərlərində də
özünü göstərir.
Simon de
Püri: Sərgidə şəxsən Sizin
üstünlük verdiyiniz əsərlər varmı?
Leyla Əliyeva:
(gülür) Bu işlərin hamısı xoşuma gəlir.
Lakin əgər bir əsər məni həqiqətən
valeh edirsə, bu, dərhal baş verir və mənim həyatımda
iki dəfə belə hadisə olmuşdur. Bir dəfə Bakıda, Müasir İncəsənət
Muzeyində Niyazi Nəcəfovun işinə tamaşa edəndə
belə hissləri keçirmişəm. O vaxt hələ
muzey açılmamışdı. Həmin əsərdən
aldığım təəssürat indi də
yadımdadır. İkinci dəfə buna oxşar hissləri
azərbaycanlı olmayan bir rəssamın işi ilə
bağlı, Sizin qalereyada Corc Kondonun əsərini
görəndə yaşadım.
Simon de
Püri: Siz onun işlərini Bakıda nümayiş etdirmək
istərdinizmi?
Leyla Əliyeva:
Bəli, mən bunu istərdim. Bu iki insan
hazırda yaşayıb yaradan rəssamlar arasında mənim ən
çox sevdiyim sənətkarlardır.
Simon de
Püri: Bu müsahibəni beynəlxalq auditoriya oxuyacaqdır.
Bununla əlaqədar, Siz necə hesab edirsiniz, həmin
oxucuların Azərbaycan haqqında bilmədikləri və Sizin onlara demək istədiyiniz məsələlər
varmı? Biz bu söhbəti burada, Londonda aparırıq və
deməliyəm ki, mən Sizinlə görüşmək
şərəfinə nail olana qədər Azərbaycan mənə
uzaq gəlirdi, halbuki Londondan Bakıya təyyarə ilə cəmi
bir neçə saatlıq məsafə varmış...
Leyla Əliyeva:
Bizim ölkə coğrafi baxımdan Xəzər dənizinin
sahilində, Şərq ilə Qərbin, Asiya ilə
Avropanın düz sərhədində yerləşir və
buna görə Azərbaycan çox maraqlı bir məkandır.
Biz tarixi dövlətçilik ənənələri
olan gənc ölkəyik. Müstəqilliyimizin bərpa
olunmasının iyirmi illiyini keçən il
qeyd etdik. Bununla bərabər, ölkəmiz
çox qədim və zəngin tarixə malikdir. Çoxları bilmir ki, Azərbaycanda qadınlar səsvermə
hüququnu 1918-ci ildə qazanmışlar. Bu, İngiltərədən və ABŞ-dan əvvəl
olmuşdur.
Simon de
Püri: Bəs İsveçrə? Bu,
İsveçrədəkindən xeyli əvvəl olmuşdur
(gülür).
Leyla Əliyeva:
Bəli, üstəlik, Azərbaycanda qızlar
üçün ilk dünyəvi məktəb 1901-ci ildə
açılmışdır. Şərqdə
ilk opera və balet də məhz bizdə
yaranmışdır. Şərqdə ilk
demokratik respublika da məhz Azərbaycanda qurulmuşdur. Azərbaycan həm Qərbdə, həm də Şərqdə
yerləşdiyinə görə o, həqiqətən
özünün açıqlığı və
tolerantlığı ilə məşhurdur. Burada məscidlərin, sinaqoqların və kilsələrin
yanaşı yerləşdiyini görmək olar. Bizim qarşılıqlı münasibətlərdə
heç vaxt heç bir problem olmamışdır. Bizə başqa mədəniyyətlərə bu
ehtiram və səmimi münasibət doğulduğumuz andan
aşılanır. Mənim fikrimcə, bu
məqamlar bu gün burada sərgilənən incəsənət
əsərlərində də öz əksini tapır.
Simon de
Püri: Mən Bakıya gələndə gördüm ki, Siz
özünüz də rəssamsınız. Bu,
mənim üçün bir sürpriz oldu. Erve Mikaeloff mənə
dedi ki, o, Sizin rəsmlərinizi görəndə qərara
almışdır ki, həmin işlər bu sərginin tərkib
hissəsi olmalıdır.
Leyla Əliyeva:
Özümü tanıdığım vaxtdan rəsm çəkirəm.
Mən incəsənəti məktəbdə də
öyrənmişəm, fərdi dərs də almışam,
lakin heç vaxt ənənəvi mənada rəssamlıq təhsilim
olmayıb. Rəsm çəkmək
heç vaxt bitməyən öyrənmə prosesidir,
çünki nə qədər çox rəsm çəksən,
bunu necə etmək və hansı yolla daha yaxşı etmək
olduğunu bir o qədər çox anlayırsan. Adətən, mən rəsm çəkməyə
başlayanda dayana bilmirəm, bəzən isə rəsmi
tamamlamayınca gözümə yuxu getmir. Ona görə ki, bütün fikirlərim həmin rəsmlə
bağlı olur. Mən məxsusi bu sərgi
üçün dörd iş hazırlamışam. Özümü peşəkar rəssamlarla
müqayisə etmək fikrində deyiləm, lakin var
gücümlə çalışmışam.
Simon de
Püri: Sizin əsərlərinizdən birini bu sərgidə
gördüm, bu iş məni heyran etdi. Bu, Azərbaycanda
çox geniş yayılmış böyük bir meyvə təsvir
edilmiş natürmortdur.
Leyla Əliyeva:
Bu, nardır. Sərgi “Bakıya uçuş”
adlandığına görə mən Bakı ilə
assosiasiya doğuran bir iş görmək istədim, nar isə
çox məşhur və dadlı meyvədir. Başqa yerdə belə dadlı nar tapa bilməzsiniz.
Bu səbəbdən mən nar rəsmi çəkməyi
qərara aldım.
Simon de
Püri: Özünüzün rəssam olmağınız yəqin
ki, başqalarının işlərini qiymətləndirməkdə
Sizə kömək edir.
Leyla Əliyeva:
Mən belə düşünürəm. Bunun
rəssam üçün necə vacib olduğunu bilirəm.
Əsərin yaranması üçün nə
qədər qüvvə sərf edildiyini biləndə həmin
əsəri satmağın necə çətin olduğunu
başa düşürsən. İnsan
öz əməyinin məhsulundan ayrılmaq istəmir.
Simon de
Püri: Muzeylər və art-bazar dünyasında adamların
çoxu, o cümlədən mən də rəssam kimi fəaliyyətə
başlamışam. Həmin rəssamların
çoxu bunu etiraf etmir. Mən
düşünürəm ki, rəssamlıq insana
dünyanı görməyi öyrədir.
Leyla Əliyeva:
Mən rəsm qalereyalarında və muzeylərdə saatlarla ola bilərəm. Teyt Muzeyində, Milli Qalereyada
eyni şəklə saatlarla baxa bilərəm.
Simon de
Püri: Eşitmişəm, Sizin şairliyiniz də var?
Leyla Əliyeva:
Düzdür, şeir yazıram, amma mən şair deyiləm.
Sadəcə olaraq, uşaq yaşlarımdan elə-belə,
özüm üçün şeirlər yazıram. Amma Siz mənim şeirlərimi
oxumamısınız, elə deyilmi?
Simon de
Püri: Təəssüflə etiraf etməliyəm ki,
oxumamışam. Amma onu da eşitmişəm
ki, Siz musiqini çox sevirsiniz.
Leyla Əliyeva:
Mən müxtəlif janrlara aid musiqini dinləməyi
xoşlayıram. Azərbaycanda musiqi sənətinə
həmişə məxsusi rəğbət olmuşdur, bu
gün də belədir. Bizim
muğamlarımız dərin fəlsəfəsi, ənənələri
və tarixi olan xalq musiqisidir. Digər tərəfdən,
yəqin ki, Siz bilirsiniz, biz “Eurovision” mahnı müsabiqəsində
qalib gəlmişik. Bu, bizim
üçün böyük qələbədir.
Növbəti müsabiqəni may ayında biz keçirəcəyik.
Mən həmin müsabiqəni səbirsizliklə
gözləyirəm və biz ona hazırıq.
Bakının memarlığı Azərbaycan
paytaxtının zəngin tarixinin və daxili mənəviyyatının
təcəssümüdür. Bununla əlaqədar,
memarlıqda insanı heyran edən yeni dalğanı da qeyd etmək
istərdim. Bu il Bakıda bir neçə
beşulduzlu otelin, o cümlədən postsovet ölkəsində
ilk “Four Seasons” otelinin açılması
planlaşdırılır. Bu memarlıq
ansamblı çox cəlbedici harmoniyası ilə seçiləcəkdir.
Zahi Hadidin layihələndirdiyi mədəniyyət
mərkəzi isə hələ tikinti mərhələsində
olduğuna baxmayaraq, onun adı indidən əsl memarlıq
şedevri kimi dünya tarixinə düşmüşdür.
Beləliklə, bu il bizim üçün
həqiqətən çox həyəcanlı dövrdür.
Simon de
Püri: İncəsənətin bu müxtəlif formaları
- təsviri incəsənət, memarlıq, musiqi, ədəbiyyat,
hətta moda - bütün bunlar Sizin “Baku” jurnalında cəmlənir.
Müxtəlif sahələr arasında bütün süni hədlər
aradan qalxır və Sizin jurnalınız
bu ruhu əks etdirir.
Leyla Əliyeva:
Biz bu jurnalı dörd il bundan əvvəl
Moskvada nəşr etməyə başlamışıq. Belə bir jurnal yaratmaq mənim arzum idi və nəticə
etibarilə o, böyük uğur qazandı. Jurnalda mədəniyyət, musiqi, incəsənət,
tarix və insanlar barədə - təkcə Azərbaycanda
tanınmış adamlar barədə deyil, həm də
maraqlı həyat tarixçələri olan adi insanlar
haqqında söhbət açılır. Bu nəşr çox adamın xoşuna gəldi,
ona görə də mən jurnalın ingilisdilli versiyasını
yaratmağı qərara aldım. Biz
jurnalın ingilisdilli versiyasını “Konde Nast” ilə birgə
nəşr edirik, çünki onlar bu ideyanı dərhal
başa düşdülər. Jurnal “Baku”
adlansa da, təkcə Bakı haqda deyil. Səmimi
deyirəm, onun hər buraxılışı bir növ incəsənət
əsəridir. Biz jurnalın hər
buraxılışında müxtəlif rəssamları
oxuculara təqdim etməyə, həmin rəssamların
istedadını göstərməyə, oxucuları onların işləri
ilə tanış etməyə çalışırıq.
Jurnalın bir nömrəsində biz cənab
Breynuoşa jurnal üçün xüsusi illüstrasiya
hazırlamağı təklif etdik. Başqa
bir nömrə üçün qraffiti - yaradıcı
küçə rəssamı Riç Simmonsu Bakıya dəvət
etmişik. Bu rəssam Bakıda çox
maraqlı əsərlər yaratmışdır.
Simon de
Püri: Bu, müasir mədəniyyətə çox
maraqlı baxışdır. Dəqiq deyə
bilərəm ki, bu, turistlər üçün Azərbaycana
aid soraq kitabçasına oxşamır.
Leyla Əliyeva:
Mən istəyirəm ki, bu jurnal heç vaxt Bakıda
olmamış və onun barəsində az
bilən adamlar üçün maraqlı olsun.
Simon de
Püri: Yəqin deyə bilərəm ki, bu, Bakıya getmək
arzusunu artırır. Siz buna necə nail olursunuz? Sizin bu qədər müxtəlif layihələriniz
var. Yaxşı ideyaları olmaq bir məsələdir, əsas
məsələ isə bütün bu ideyaların necə
gerçəkləşdiyini görməkdir. Siz çox işləyirsiniz?
Leyla Əliyeva:
Mən tez-tez uçmalı oluram, əsasən də Bakı,
Moskva və London arasında, eləcə də başqa şəhərlərə.
İki övladım var, vaxtımın
çoxunu onların yanında keçirməyə
çalışıram, ona görə bəzən yoruluram.
Lakin xoşladığım məşğuliyyətdən
duyduğum məmnunluq bunun əvəzini çıxır.
Bu gün buraya gəlib sərgini görəndə də belə
oldu - başa düşürəm ki, çəkdiyim əziyyətə
dəyərmiş, ona görə sadəcə olaraq daha
çox iş görmək istəyirəm. Bu,
adamı o qədər xoşbəxt edir, ona o qədər
enerji verir ki, dayanmaq istəmirsən.
Simon de
Püri: Uşaqlarınızın neçə yaşı
var?
Leyla Əliyeva:
Mənim əkizlərimin üç yaşı təzəcə
tamam olub.
Simon de
Püri: Ən böyük arzunuz nədir? Mən
bilirəm ki, arzularınızın çoxunu artıq həyata
keçirmisiniz. Lakin elə bir şey varmı ki,
qarşıdakı beş ildə ona nail
olmaq istərdiniz?
Leyla Əliyeva:
Bizim layihələrimiz və ideyalarımız çoxdur. Biz
İDEA adlanan ətraf mühitin qorunması sahəsində
beynəlxalq dialoq
ekoloji kampaniyasına başlamışıq. Əsas məqsəd Azərbaycanın
regionlarında ətraf mühitin qorunması, gənclərin,
o cümlədən uşaqların maarifləndirilməsidir.
Bu layihənin maraqlı olması
üçün biz ətraf mühitə yaradıcı şəkildə
yanaşmağı qərara almışıq. Məsələn,
may ayında “böyük beşlik” ilə
bağlı maraqlı tədbir keçirməyi
planlaşdırırıq. “Böyük
beşlik” Qafqazda yox olmaq həddinə çatmış
heyvan növləridir - bəbir, qartal, ayı, canavar və
ceyran. Bu ideya Londonda fillərin
paradından sonra yaranmışdır. Biz
təkcə Azərbaycanda deyil, bütün dünyada
yaşayıb-yaradan müxtəlif rəssamlardan həmin
“böyük beşliyi” özlərinin gördükləri
kimi təsvir etmələrini xahiş etməyə
hazırlaşırıq. Ümidvarıq
ki, bu, yox olmaq təhlükəsi qarşısında olan həmin
heyvan növləri barədə təsəvvür
yaradacaqdır. Bizim daha bir layihə
çox qədimlərdə Bakıda, İçərişəhərdə
ucaldılmış Qız qalası ilə
bağlıdır. Qalada təmir işləri
başlayanda məlum oldu ki, orada “uzunqanad” deyilən
quşların 200 yuvası vardır. Biz
Bakıda yaşayan, yayda isə Cənubi Afrikaya köçən
bu quşlar üçün xüsusi yuvalar yaratdıq, əks
halda, təmir işləri ilə əlaqədar, onlar öz
yuvalarını itirərdilər. İşə
yaradıcı şəkildə yanaşmaq üçün rəssamları
dəvət etdik ki, həmin yuvaları bir növ memarlıq
ekvivalentinə çevirək. Beləliklə,
bu layihə ətraf mühit və incəsənət
mövzularını birləşdirir. Bundan
əlavə, indi biz Azərbaycanda çox məşhur olan “Əli
və Nino” romanı üzərində işləyirik. Biz həmin roman əsasında film çəkməyi
planlaşdırırıq, lakin kino sənayesi mənim
üçün tamamilə yeni fəaliyyət sahəsidir.
Əgər biz bu işi görsək, bu, Azərbaycan
üçün böyük irəliləyiş olacaqdır.
Roman özü çox maraqlıdır, ona
görə ki, bu əsərdə Azərbaycanın müxtəlif
mədəniyyətlərin, dinlərin və ənənələrin
qovuşduğu məkan olduğu göstərilir.
Gördüyünüz kimi, Siz məndən yaxın beş il üçün hansı
arzularımın olduğunu soruşanda bu suala həqiqətən
cavab verə bilmirəm.
Simon de
Püri: Biz tez-tez deyirik: “Əgər bir işi tamamlamaq istəyirsinizsə,
onu işi başdan aşan adama tapşırın”.
Leyla Əliyeva:
Mənim fikrimcə, insan hansı işlə məşğul
olmasından asılı olmayaraq, ona ürəklə
yanaşmalı və uğur qazanacağına
inanmalıdır.
Yeni Azərbaycan.-
2012.- 12 aprel.- S.3.