AZƏRBAYCANIN İNKİŞAF MODELİ: MALİYYƏ NƏZARƏTİNİN KONSEPSİYASI

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamına uyğun İnkişaf Konsepsiyasının layihəsinin hazırlanması üzrə həyata keçirilən işlər geniş vüsət almaqdadır. Bu mənada iqtisadiyyatın mühüm infrastruktur sahəsi olan maliyyə nəzarəti sistemində öz konseptual həllini gözləyən problemlərin tədqiqi xüsusi əhəmiyyət kəsb edir.

Müasir şəraitdə iqtisadi inkişafın sürətləndirilməsi və onun səmərəliliyinin yüksəldilməsi, istehsal proseslərinə elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi və resurslardan səmərəli istifadənin təmin olunması ön plana çəkilir. Belə bir şəraitdə bütün növ məsrəflərin və əldə edilmiş nəticələrin uçotunun düzgün qurulması, istehsal proseslərinin və əldə edilən nəticələrin hərtərəfli təhlili və onların hesabatda doğru-düzgün əks etdirilməsi iqtisadi inkişafın təminatverici bir amili kimi diqqət çəkir. Son illərdə ölkəmizdə mühasibat uçotunun və hesabatlığın islahatına, auditin və maliyyə nəzarətinin beynəlxalq standartlara uyğun qurulmasına xüsusi diqqət yetirilməsi də müəyyən mənada bu amillə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək: “Biz bütün maliyyə sistemində şəffaflığı təmin etməliyik və belə olan halda, Azərbaycanda həm korrupsiyanın aradan qaldırılması məsələsi öz həllini tapa bilər, həm də xərclər Azərbaycanın iqtisadiyyatının inkişafına daha məqsədyönlü şəkildə xidmət göstərə bilər. Eyni zamanda, biz inflyasiyanın azaldılmasına da nail ola bilərik”. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas qayəsi Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını, beynəlxalq mühasibat və uçot standartlarının və beynəlxalq audit standartlarının ölkəmizdə reallaşmasına zəmin yaratmaqdan ibarətdir.

Yeni şəraitdə maliyyə nəzarəti təkcə pozuntuların qeydə alınması və onların aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi ilə məhdudlaşa bilməz. Hər şeydən əvvəl, aşkara çıxarılmış kənarlaşmaların yoxlanılan obyektdə işlərin yaxşılaşdırılmasına dair konkret təkliflərin və tövsiyələrin işlənib hazırlanmasına imkan verən səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək zəruridir. Yəni nəzarət sadəcə olaraq yoxlama məqsədilə aparılmır, kənarlaşmaları aşkara çıxarmır, həm də onların (məsələn, pozuntu, oğurluq, səhvlər) meydana gəlməsinin qarşısını alır, mənfi meyllər risqlərini azaldır.

Mövcud nəzarət sisteminin təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılması Ulu öndərimiz Heydər Əliyevin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuşdur.

Hələ 1996-cı ildə imzalanmış “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Prezident Fərmanı paralel və lüzumsuz yoxlamaların azaldılmasında, iqtisadi subyektlərin qanuni mənafelərinin qorunmasında mühüm rol oynamışdır.

Beynəlxalq standartlara cavab verən nəzarət mexanizmini tətbiq etmək məqsədilə “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Fərman iqtisadiyyatımızda demokratik prinsiplərin bərqərar olunması baxımından müstəsna əhəmiyyət kəsb etmişdir.

Azərbaycan Respublikasında dərin sosial-iqtisadi dəyişikliklərin getdiyi, büdcə və vergi intizamının möhkəmləndirilməsinin dövlət siyasətində üstünlük təşkil etdiyi, azad və sosialyönümlü vətəndaş cəmiyyətinin bərqərar olduğu indiki şəraitdə maliyyə nəzarətinin, o cümlədən auditin rolu ikiqat artır. Bu mənada heç də təsadüfi deyildir ki, audit sisteminin islahatı “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında müasir şəraitdə dövlət quruculuğunun dörd əsas istiqamətindən biri kimi qarşıya qoyulmuşdur.

Azərbaycan Respublikasının müstəqil, demokratik inkişaf yoluna qədəm qoymasından sonra ölkədə həyata keçirilən radikal iqtisadi islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi, xəzinədarlıq sisteminin yaradılması, nazirlik, komitə və başqa mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş qurumlarının ləğv olunması, dövlət orqanlarına onların öz səlahiyyətlərinə aid olmayan yoxlamalar aparılmasının qadağan edilməsi və bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən digər məqsədyönlü tədbirlər ölkədə beynəlxalq standartlara cavab verən maliyyə nəzarəti sisteminin qurulmasını zərurətə çevirdi.

Azərbaycan maliyyə şəffaflığının təmin olunması, maliyyə nəzarətinin müasir dövrün tələblərinə uyğun qurulması istiqamətində yüksək hüquqi bazaya malik olan ölkələr arasında özünə layiqli yer tutmuşdur. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və digər normativ hüquqi sənədlərin qəbul olunması onu göstərir ki, Azərbaycan dövləti tərəfindən ölkədə maliyyə şəffaflığının təmin olunmasına böyük əhəmiyyət verilir.

Prezident İlham Əliyevin iqtisadi siyasətində şəffaflıq kateqoriyası onun 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da özünün sistemli həllini tapmışdır. Ümumiyyətlə, bütün sahələrdə olduğu kimi, şəffaflığın təminatı istiqamətində də Prezident İlham Əliyevin siyasəti öz sistemliliyi, kompleksliyi və dönməzliyi ilə səciyyələnir.

Qeyd etmək lazımdır ki, maliyyə fəaliyyətinin qanuniliyini, səmərəliliyini və məqsədəmüvafiqliyini təmin etmək məqsədilə ölkədə maliyyə nəzarəti sahəsində həyata keçirilən iqtisadi islahatlar və dövlət quruculuğu çərçivəsində dəyişikliklər aparılmışdır. Bir tərəfdən mövcud nəzarət orqanları ləğv edilmiş, digər tərəfdən isə bazar iqtisadiyyatı tələblərini özündə ehtiva edən yeni qurumlar və fəaliyyət sahələri təşəkkül tapmış, dövlət maliyyə nəzarəti gücləndirilmişdir.

Maliyyə nəzarətinin konseptual əsasları işlənərkən onun əsas vəzifə və funksiyalarının düzgün müəyyənləşdirilməsi çox önəmlidir. Bu mənada fikrimizcə aşağıda göstərilənlər diqqət mərkəzində olmalıdır:

1. Maliyyə resurslarının ayrılmasının və istifadə olunmasının qanuniliyini, məqsədəmüvafiqliyini, tamlığını, vaxta uyğunluğunu və məqsədli təyinatını aşkara çıxarmaq;

2. İqtisadi subyektlərin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyindən, məqsədəmüvafiqliyindən və səmərəliyindən kənarlaşmaları, həmin əməliyyatların uçotda əks etdirilməsinin düzgünlüyünü (qoyulmuş qaydalara uyğunluğunu), tamlığını və vaxta uyğunluğunu, hesabatın mötəbərliyini müəyyən etmək;

3. Təsərrüfat subyektlərinin büdcə və büdcədənkənar fondlarla hesablaşmalarının müəyyən edilmiş qaydada aparılıb-aparılmamasını təyin etmək;

4. Əsas sərəncamçılar, icraçılar və büdcə vəsaitlərini alanlar tərəfindən dövlət vəsaitlərinin (təxsisatlarının) ayrılması, bölüşdürülməsi, alınması, istifadə olunması və qaytarılması qaydalarına riayət edilməsinin yoxlanması;

5. Bütün növdən olan tədiyələrin və təsdiq edilmiş büdcə təxsisatlarının düzgün və iqtisadi cəhətdən əsaslandırılmış şəkildə bölüşdürülməsinə nəzarət.

6. Dövlət büdcəsinin və büdcədənkənar fondların gəlir və xərc maddələrinin icrasının tamlığına, vaxta müvafiqliyinə, struktur uyğunluğuna və məqsədli təyinatına nəzarət. Kənarlaşmaların aradan qaldırılması və bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

7. Dövlət idarələrində, dövlətin tam və ya qismən iştirakı olan, yaxud dövlətin fəaliyyəti ilə bağlı olan (öz fəaliyyətində dövlət mülkiyyətindən istifadə edən, dövlət sifarişlərini və vəzifələrini yerinə yetirən, dövlət tərəfindən təminatlar, zəmanət alan və digər formalarda təchiz olunan, dövlət hakimiyyəti orqanlarının verdiyi maliyyə və material vəsaitlərindən istifadə edən, dövlətin verdiyi vergi, gömrük və digər güzəşt və üstünlüklərə malik olan və s.) təşkilatlarda maliyyə vəziyyətinin, idarəetmə və nəzarət sistemlərinin səmərəliyinin qiymətləndirilməsi;

8. İdarəetmənin və fəaliyyətin səmərəliyinin yüksəldilməsi, qeyri-rasional məsrəflərin qarşısının alınması və maya dəyərinin aşağı salınmasının ehtiyat mənbələrinin aşkara çıxarılması variantlarının işlənib hazırlanması.

Son dövrlərdə dövlət maliyyə nəzarətinin cəmiyyətin həyatında rolunun durmadan artması çirkli pulların leqallaşdırılması ilə mübarizədə özünü büruzə verir. Dünya təcrübəsi göstərir ki, çirkli pulların yuyulmasının qarşısının alınması və bu istiqamətdə beynəlxalq səviyyədə fırıldaqçılıq hallarına qarşı mübarizədə maliyyə nəzarəti və müstəqil auditin birgə strategiya və taktikasının işlənib hazırlanması nəzarətin bu mühüm qolları arasında qarşılıqlı əlaqənin səmərəli qurulmasından çox asılıdır. Son dövrlərdə bu istiqamətdə ölkədə sistemli və təsirli tədbirlərin həyata keçirilməsinə baxmayaraq bir sıra ciddi problemlər hələ də qalmaqdadır ki, bu da, öz növbəsində, maliyyə nəzarətinin təkmilləşdirilməsi konsepsiyasında öz həllini tapmalıdır.

Azərbaycan xalqının Ümummilli lideri, Uu öndər Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin daim diqqət mərkəzində saxladıqları maliyyə nəzarətinin təkmilləşdirilməsini, ölkənin maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə edilməsinə xidmət edə biləcək belə bir konsepsiyanın hazırlanması və onun əsasında ölkəmizdə şəffaflığın yüksəldilməsi müasir şəraitdə daha mühüm əhəmiyyət kəsb edir.

Bizim fikrimizcə, çox sahəli bir sistemi özündə ehtiva edən maliyyə nəzarətinin ayrı-ayrı istiqamətlərini təkmilləşdirməkdən öncə ölkəmizdə maliyyə nəzarəti üzrə vahid konsepsiya işlənib hazırlanmalı və bu konsepsiyada maliyyə nəzarətinin nəticəliliyinin, şəffaflığının və aşkarlığının, obyektivliyinin və səriştəliliyinin, müstəqilliyinin və təsirliliyinin, iqtisadi inkişafa və təhlükəsizliyə təminatının əsas istiqamətləri, maliyyə nəzarətinin hüdudları, forma və metodları, nəzarət qurumlarının hüquqi statusu, maliyyə nəzarəti orqanları ilə digər dövlət idarəetmə orqanlarının əlaqələrinin təkmilləşdirilməsi, maliyyə nəzarəti sahəsində maraqların toqquşmasının qarşısının alınması, habelə nəzarət qurumlarının fəaliyyətinin iqtisadi mexanizmləri müəyyən edilməlidir.

Fikrimizcə maliyyə nəzarəti sisteminin təşkili üzrə aşağıdakı istiqamətlər Konsepsiyada öz həllini tapmalıdır.

1) Maliyyə nəzarətinin effektivlik meyarlarının hazırlanması və tətbiqi;

2) Maliyyə nəzarətində daha geniş əhatəliliyi təmin etmək məqsədilə mütərəqqi seçmə prosedurlarından istifadə edilməsi;

3) Maliyyə nəzarətinin keyfiyyətinin yüksəldilməsi və təsirliliyinin təmin olunması;

4) Nəticəyə istiqamətləndirilmiş büdcələşdirmə və səmərəlilik auditinin genişləndirilməsi;

5) Maliyyə nəzarəti orqanlarının Koordinasiya Şurasının yaradılması;

6) Nəzarət orqanlarının hesabatlılığının təkmilləşdirilməsi;

7) Maliyyə nəzarətində informasiya texnologiyalarının tətbiqi və elektron nəzarət (“e-nəzarət”) sisteminin yaradılması;

8) Müstəqil (kənar) auditorların dövlət büdcəsi maliyyə nəzarətinə cəlb olunması;

9) Maliyyə nəzarəti statistikasının təşkili;

10) Nəzarət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və sinxronlaşdırılması;

11) Peşə fəaliyyəti standartlarının və peşə etikası məcəlləsinin praktikada tətbiqinə dair metodik tövsiyələrin hazırlanması üzrə işlərin təşkili və onlara riayət olunmasının təmin edilməsi;

12) Dövlət orqanlarında daxili nəzarət fəaliyyətinin təkmilləşdirilməsi;

13) Kadr hazırlığı sisteminin təkmilləşdirilməsi;

14) Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi.

Müasir şəraitdə nəzarət-maliyyə mexanizminin təşkilinin ən vacib problemləridən biri müstəqil audit institutu ilə dövlət maliyyə nəzarəti arasında qarşılıqlı əlaqənin qurulması və onun beynəlxalq təcrübəyə əsasən təşkilinin təmin edilməsidir.

 

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri

 

Yeni Azərbaycan.- 2012.- 12 aprel.- S.4.