Əmanətçilərə
fərdi birdəfəlik ödəmələrin verilməsi
haqqında qərar dövlətin humanist siyasətinin növbəti
təzahürüdür
“Yeni Azərbaycan” qəzetində
keçirilən növbəti “dəyirmi masa”da Prezident
İlham Əliyevin müvafiq Fərmanının əhəmiyyəti
və onun icrası ilə bağlı görülən
işlər haqqında geniş müzakirələr
aparılıb
Məlum
olduğu kimi, mart ayının 14-də Azərbaycan Prezidenti
İlham Əliyev “Keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan
Respublikasının vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi
haqqında” Fərman imzalayıb. Ötən dövr ərzində
dövlət başçısının bu Fərmanının
icrası ilə bağlı bir sıra mühüm işlər
görülüb və sənədə uyğun olaraq, iyun
ayından etibarən ödəmələrə başlanacaq.
Təbii ki, Azərbaycan xalqının böyük
razılıqla qarşıladığı və insanlara
sevinc bəxş edən bu addım mütəxəssislər
tərəfindən də yüksək qiymətləndirilir.
“Yeni Azərbaycan” qəzetində keçirilən növbəti
“dəyirmi masa”da da qonaqlarımızla həm bu Fərmanın
əhəmiyyəti, həm də onun icrası ilə
bağlı görülən işlər haqqında
danışdıq. Bu “dəyirmi masa”mızın qonaqları
isə Milli Məclisin Sosial siyasət komitəsinin
üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının
sədri Sədaqət Vəliyeva, Milli Məclisin Regional məsələlər
komitəsinin üzvü Azər Badamov, YAP Siyasi
Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının
sədri Aydın Hüseynov və Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun prezidenti Rauf Zeynidir.
-
İstərdik, ilk olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin
“Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankının Azərbaycan Respublikasının
vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi
haqqında” 14 mart tarixli Fərmanının əhəmiyyəti
haqqında danışaq. Azər müəllim, ölkəmizdə
həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib
hissəsi olan bu Fərmanı, ümumiyyətlə, əmanətlərin
geri qaytarılması ilə bağlı dövlətin ortaya
qoyduğu iradəni necə qiymətləndirirsiniz?
Azər
Badamov: Heç şübhəsiz ki, ölkəmizin maddi
gücünün, valyuta ehtiyatlarının artması
keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankının Azərbaycan Respublikasının
vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsini
şərtləndirib. Bu, ölkəmizdə son 19 ildə
aparılan düzgün istiqamətlənmiş sosial-iqtisadi
siyasətin nəticəsi olaraq meydana çıxıb.
Ümumiyyətlə, bu siyasi kursun uğurlarını biz təkcə
bu məsələdə görmürük. Bu gün ölkəmizdə
mütəmadi olaraq təqaüdlər, maaşlar
artırılır, insanların sosial vəziyyətinin
yüksəldilməsi istiqamətində davamlı tədbirlər
görülür. Bu, vətəndaşların rifah
halının yüksəldilməsi məsələsinin hər
zaman dövlətimizin diqqət mərkəzində
olmasından xəbər verir. Əmanətlərlə
bağlı suallar hər zaman seçicilər tərəfindən
bizlərə ünvanlanırdı. Möhtərəm
Prezidentimizin müvafiq Fərmanı isə sözügedən
məsələnin öz həllini tapmasına şərait
yaratdı. Dövlət başçısının Fərmanı
vətəndaşlarımız, seçicilərimiz tərəfindən
böyük sevinclə qarşılandı. Bu addım bir daha
dövlətimizin apardığı siyasətin əsasında
vətəndaş, insan faktorunun dayanmasından və
işıqlı gələcəkdən xəbər verir.
- Sədaqət
xanım, bu Fərmanı ölkəmizdə aparılan sosial
siyasət nöqteyi-nəzərindən necə dəyərləndirirsiniz?
Sədaqət
Vəliyeva: Qeyd etmək istərdim ki, bu məsələ
müəyyən dövrlərdə müzakirə olunub,
Milli Məclisdə də mütəmadi şəkildə səsləndirilib.
Dövlət başçısının sözügedən
Fərmanı birbaşa insanlarımızın sosial vəziyyətinin
yüksəldilməsinə istiqamətlənib. Hazırda
dünyada qlobal iqtisadi böhranın davam etdiyi bir vaxtda 20
illik müstəqillik tarixi olan bir dövlət
üçün bu, böyük uğurdur. Azərbaycan
dövlətinin, möhtərəm Prezidentimizin bu tarixi Fərmanı
imzalaması sevindirici və qürurvericidir.
İnsanlarımız tərəfindən bu məsələ
olduqca böyük sevinclə qarşılanır.
-
Aydın müəllim, qeyd olunduğu kimi, bu məsələ
20 il ərzində mütəmadi olaraq gündəmə gəldi.
Amma məhz bu il məsələnin həllinə imkan
yarandı. Ona görə də, bir iqtisadçı-ekspert
kimi, istərdik bu sualla bağlı sizə müraciət edək.
Bu gün hansı iqtisadi şərtlər formalaşdı ki,
bu addımın atılması, əmanətlərin vətəndaşlara
qaytarılması reallaşdı?
Aydın
Hüseynov: Hörmətli millət vəkillərimizin də
qeyd etdiyi kimi, bu, ölkə iqtisadiyyatının inkişaf
tempinin yüksəlişi ilə əlaqədar olan bir məsələdir.
Hazırda Avropanın bir sıra böyük dövlətlərinin
hansı durumla üz-üzə qaldığı məlumdur.
Belə bir zamanda Azərbaycanda SSRİ dövründə
batmış əmanətlərin qaytarılması, ən əsası
isə, bunun qısa bir zaman ərzində həyata
keçirilməsinin nəzərdə tutulması olduqca
mühüm hadisədir. İlk növbədə, qeyd edim ki,
dövlət başçısının Fərmanında əmanətlərin
qaytarılması ilə bağlı ortaya çıxa biləcək
bütün suallar öz cavabını tapıb. Əmanətlərin
qaytarılması mexanizmi çox asan şəkildə tətbiq
olunacaq. Bildiyiniz kimi, 1992-ci ildə SSRİ rublundan manata
keçid dövründə ekvivalent kimi birin ona nisbəti
götürülmüşdü. 2006-cı ildə manatın
denominasiyası həyata keçirilərkən bu, 1/5000 nisbəti
əsasında aparıldı. Yəni, SSRİ əmanət
bankında 2000 rublu olan insanın pulu avtomatik şəkildə
10 dəfə azaldılır və sonradan 5000-nə
bölünür və qalır 2 manat. Həmin miqdar isə
75-ə vurulur. Niyə burada məsələ 2000 rublla
götürülür? Çünki SSRİ əmanət
bankında batan əmanətlərin böyük həcmi, təxminən,
70 faizi 2000 rubl miqdarında olub. Yəni, Fərmanın
özündə də həmin 70 faizi təşkil edən
insanlara böyük həssaslıqla yanaşılır.
Miqdar artdıqca isə indeks azalır. Sirr deyil ki, bu gün əmanətlərin
qaytarılması məsələsinə fərqli müstəvidə
yanaşan, bir sıra hallarda bu məsələyə fərqli
don geyindirməyə çalışanlar olur. Xüsusilə,
Azərbaycanın radikal müxalifəti müəyyən
zamanlarda SSRİ banklarında əmanəti batmış
insanları narazı kütlə qismində qələmə
verməyə çalışırdı. Bu üzdən də
əmanətlər məsələsinin öz həllini
tapması həmin düşərgədə böyük
narahatlığa səbəb olub. Hətta bəzi məqamlarda
radikal müxalifət təmsilçiləri, konkret, İsa Qəmbər
Azərbaycandan köçüb gedən ermənilərin belə
əmanətlərinin qayğısına qalmağa
çalışır, onlara guya yol göstərir.
A.Badamov:
Fərmanda da qeyd olunur ki, Azərbaycan vətəndaşı
olan və Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi olan şəxslərin əmanətləri
qaytarılır. Əgər söhbət Dağlıq Qarabağın
erməni əhalisindən gedirsə, həmin insanlar
buyursunlar, Azərbaycanın şəxsiyyət vəsiqəsini
alsınlar və sonra müvafiq orqanlara müraciət etsinlər.
Amma təəssüf ki, Ermənistan dövləti deportasiyaya
uğramış azərbaycanlılar üçün
heç bir kompensasiya nəzərdə tutmayıb və
onların əmanətlərini qaytarmayıb. Onların qanun
layihəsində bu nəzərdə tutulmayıb. Bizim Ermənistandan
qovulan insanlarımızın isə bir yolu qalıb ki, öz
hüquqlarını beynəlxalq məhkəmələr vasitəsilə
bərpa etsinlər.
A.Hüseynov:
Başqa bir maraqlı məqamı da diqqətinizə
çatdırmaq istəyirəm. Əgər İsa Qəmbər
bu məsələdən belə “narahat” idisə, nə
üçün parlamentin sədri olduğu zaman bu məsələni
büdcə layihəsinə salmadı, heç bir qərar
layihəsi hazırlanmadı? Və ya o zamanlar dövlət
katibi vəzifəsini tutmuş Əli Kərimli deyir ki,
SSRİ dövründən qalmış 4 milyard 800 milyon rubl
haradadır? Əslində, bunu Əli Kərimlinin
özündən soruşmaq lazımdır. Banklarda qalıq vəsait
yox idi. O zamanlar yaradılmış ləl-cəvahirat fondunun
vəsaiti hara getdi, onlar bu vəsaitləri hara xərclədilər?
1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə
gəldiyi zaman dövlət büdcəsi sıfır vəziyyətində
idi. Azərbaycan 1993-cü ildə boş bir büdcəsi
olan, bu gün isə 55 milyard dollar strateji valyuta
ehtiyatlarına malik və 22 milyardlıq illik dövlət
büdcəsi olan ölkəyə çevrilib. Azərbaycan
Respublikasının Prezidenti siyasətində həmişə
reallığa söykənir. Bugünkü reallıq isə
ondan ibarətdir ki, Latviya istisna olmaqla keçmiş SSRİ məkanında
ən yüksək indekslə əmanətləri məhz Azərbaycan
dövləti qaytarıb. Qazaxıstanda hər 1000 rubla 60
dollar, Rusiyada hər 1000 rubla 30 dollar qaytarılıb. Azərbaycanda
isə hər 1000 rubla 185 dollar nəzərdə tutulub.
Müqayisə göz önündədir. Ukrayna, hətta mərhələli
şəkildə bu prosesi aparmaq istəsə belə, başa
çatdıra bilmədi. Azərbaycanın radikal müxalifəti
iddia edir ki, Ermənistan 2 milyard dollar əmanət qaytarıb.
Bu, gülünc bir məsələdir, axı Ermənistanın
dövlət büdcəsi 2,5 milyard həcmindədir. Görəsən,
ermənilər bu pulu haradan alıb qaytarıb? Demək ki,
bütün deyilənlərin hamısı yalandır. Sadəcə,
bütün bu dezinformasiyalar əmanətçilərdə
çaşqınlıq yaratmağa xidmət göstərir.
Amma onlar dərk etmirlər ki, bu gün Azərbaycan vətəndaşı
reallığı gözü ilə görür və onu
aldatmaq mümkün deyil.
-
Aydın müəllim, Prezidentin Fərmanında göstərilir
ki, iyun ayından birdəfəlik ödəmələrə
başlanacaq. Bu Fərmanın icrası ilə bağlı
hansı işlər görülür?
-
Qeyd edim ki, möhtərəm Prezidentimizin Fərmanına əsasən
işlər kifayət qədər sürətli həyata
keçirilməkdədir. Artıq Maliyyə Nazirliyində
müvafiq işlə məşğul olan komissiya
yaradılıb. Bu komissiya müvafiq icra orqanlarının təmsilçilərinin
iştirakı ilə operativ fəaliyyət göstərir. Məsələ
ilə bağlı internet resursu xidmət göstərir ki, vətəndaşlarımız
bu saytın köməyi ilə lazımi məlumatları əldə
edə bilirlər. Bundan başqa, “Qaynar xətt”
yaradılıb və gün ərzində həmin “Qaynar xətt”ə
minlərlə əmanətçi zəng vurur, lazımi məsləhətlər
alırlar. Maliyyə Nazirliyində əmanətçilərin
sualları cavablandırılır.
Bundan
başqa, Nazirlər Kabinetinin qərarına görə,
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankının Azərbaycan Respublikasının
vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi və
bu işin təşkil edilməsi, o cümlədən, bu
işin icrası üçün “Kapital Bank” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən müddətli əmək
müqavilələri əsasında əlavə işçi
qüvvəsinin cəlb edilməsi, onların yerləşdirilməsi
xərclərinin ödənilməsi, maddi-texniki və proqram
təminatı məsələlərinin həll edilməsi məqsədi
ilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə
tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə ilkin olaraq 300 000 000 (üç yüz
milyon) manat məbləğində vəsait ayrılacaq.
Həmçinin, “Kapital bank”da da xüsusi əlaqələndirmə
mərkəzi yaradılıb. Hər hansı mübahisəli məsələlər
və ya bank tərəfindən qaldırılan məsələlər
komissiyaya ünvanlanır. Məsələn, hər
hansı əmanətçinin əlində əmanət
kitabçası yoxdursa, lakin o şəxs hesabı haqda məlumat
və ya şəxsi hesabının nömrəsini bilirsə,
onlar bu komissiyaya müraciət edə bilərlər. Lakin həmin müraciətlər xüsusi komissiya tərəfindən
araşdırılacaq. Araşdırma nəticəsində
həmin əmanətçiyə cavab veriləcək. Bütün bunlar isə, nəticə etibarilə,
prosesin daha şəffaf və uğurla həyata keçirilməsinə
yönəlib.
- Rauf bəy,
siz Milli QHT forumunun prezidenti kimi, vətəndaş cəmiyyətinin
bu proseslərə münasibətini necə xarakterizə edərdiniz?
Cənab Prezidentin müvafiq Fərmanını
vətəndaş cəmiyyətinin üzvləri necə qiymətləndirir?
- Rauf
Zeyni: Qeyd etmək lazımdır ki, ötən illər ərzində
Azərbaycan vətəndaşını narahat edən, ictimai
şüurda narahatlıq yaradan iki məsələdən biri
məhz əmanətlərin qaytarılması ilə
bağlı məsələ idi. Ölkə
Prezidentinin müvafiq Fərmanı isə böyük bir inama
yol açdı. Çünki əhali
müəyyən mənada bu əmanətlərin
qaytarılmasına inamını itirmişdi. Düzdür, ölkəmizin iqtisadi qüdrəti
ildən-ilə möhkəmlənir, gəlirlərimiz
artır. Amma bununla yanaşı, nəzərə
almaq lazımdır ki, biz müharibə şəraitində
olan bir dövlətik və bu gün işğal altında
olan torpaqlarımızın qaytarılması istiqamətində
mühüm tədbirlər görülür, Azərbaycanın
hərbi potensialı artır. Bu gün, həqiqətən,
ölkəmiz güclənir, Azərbaycanda “Eurovision” kimi
mötəbər bir yarışma keçirilir, bir sıra
beynəlxalq tədbirlər reallaşır. Bütün bunlar hamısı Azərbaycanın
iqtisadi-siyasi çəkisinin göstəricisidir.
O ki
qaldı əmanətlər məsələsinə, bir məqamı
xüsusi olaraq xatırlatmaq istəyirəm: Azərbaycanın
SSRİ bankında 7 milyard dollar vəsaiti qalmışdı. Bu vəsaitin içində pensiyalar da vardı,
başqa vəsaitlər də vardı. O zamanlar Azərbaycanın
ehtiyatları SSRİ bankında saxlanılırdı. Sovet dövrünün qanunları belə tələb
edirdi və Azərbaycan özü müstəqil valyuta
saxlamaq hüququna malik deyildi. Azərbaycan
vətəndaşlarının həmin 7 milyard vəsaiti isə
SSRİ-nin varisi kimi Rusiya tərəfindən bizə
qaytarılmadı. Bu üzdən də 1994-95
- ci illərdə təqaüdlərin verilməsi ilə
bağlı məsələlər olduqca çətinlik
yaradırdı. Amma bu gün əmanətlərin
qaytarılması da məhz dövlətimizin qüdrətindən
irəli gəlir. Məhz bu qüdrət
bizə imkan verir ki, yüksək indekslə bu pulu qaytaraq.
Əks halda, biz də bir sıra postsovet dövlətləri
kimi kiçik, simvolik bir pul qaytarılması ilə kifayətlənərdik.
Bu məsələ ilə bağlı bizim iqtisadi,
sosial, hüquqiyönümlü QHT-lərimiz dəfələrlə
tədbirlər keçiriblər, ictimai rəylə
bağlı hesabatlar hazırlayıblar və əmanətlərin
qaytarılması istiqamətində fəallıq
nümayiş etdiriblər. Bir daha qeyd etmək istəyirəm
ki, verilən Fərmana xalqımızın münasibəti
çox müsbətdir. Bu, öz növbəsində,
xalqımızın işğal olunmuş
torpaqlarımızın azad ediləcəyinə
inamını da artırır.
A.Badamov:
Bayaq çox maraqlı bir məsələyə toxunduq. Azərbaycan SSRİ dövründə tək-tək
respublikalardan idi ki, mərkəzdən dotasiya almırdı və
özü-özünü saxlayırdı. Ona görə də, Azərbaycan vəsaitləri həmin
dövrdə Moskvada cəmlənib saxlanılırdı.
SSRİ dağılandan sonra SSRİ Əmanət
Bankının Azərbaycan Əmanət Bankında
saxlanılan əmanətlərin qaytarılması ilə
bağlı müstəqil respublikamızın hüquqi məsuliyyəti
yox idi. Amma Azərbaycan dövləti
çox humanist bir qərar qəbul edərək bu
addımı atdı. Bununla yanaşı,
bizim dövlət siyasətimizin əsasında insan faktoru
dayanır. İş yerlərinin
açılması, xəstəxanaların, məktəblərin
tikilməsi, yolların salınması və digər
infrastrukturların yenilənməsi birbaşa
insanlarımızın sosial rifahının yüksəldilməsinə
xidmət edən layihələrdir. Təbiidir
ki, ölkəmizin əldə etdiyi bu inkişaf beynəlxalq
aləm tərəfindən də yüksək qiymətləndirilir.
Cəmisi 20 illik müstəqillik tarixinə
malik olmağımıza baxmayaraq, bizim inkişaf
imkanlarımız çox yüksəkdir. Bu nailiyyətlərə
isə Ulu öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən uğurla davam və
inkişaf etdirilən siyasi kurs nəticəsində nail olunub.
- Sədaqət
xanım, bu Fərmanın iqtisadi və sosial tərəflərini
müzakirə etdik. Amma təbii ki, bunun
humanitar, insani tərəfi də mövcuddur. Bu da ondan
ibarətdir ki, dövlətimizin başçısının
bu qərarı vətəndaşın dövlətə
inamının artmasına, insanların güzəranının
daha da yaxşılaşmasına gətirib
çıxaracaq...
S.Vəliyeva:
Tamamilə doğru vurğulayırsınız. Bu addım həm də insanların sosial vəziyyətinin
yaxşılaşdırılmasına yönəlik bir qərardır.
Bu gün Azərbaycanın sərvətləri
Azərbaycan xalqına məxsusdur. Əgər zaman-zaman
bu sərvətlər fərqli xalqların deyil, Azərbaycan
xalqının problemlərinin həllinə yönəldilsəydi,
imperiyalar Azərbaycan xalqına məxsus sərvətləri
oğurlayıb talan etməsəydi, bu gün dövlətimiz,
bəlkə də, dünyanın ən inkişaf etmiş
ölkələrindən biri olardı.
R.Zeyni:
Bjezinski demişdi ki, əgər Azərbaycandan 100 il ərzində
aparılan neftin əvəzi Azərbaycana qaytarılsa, onun ərazisini
3 santimetr qızılla örtmək mümkün olar.
S.Vəliyeva:
Amma buna baxmayaraq, Azərbaycan artıq çətinlikləri,
işğalları geridə qoyub, işıqlı gələcəyə
doğru inamla irəliləyir. Ölkə
Prezidentinin xalqına qayğısı, vətəndaşlarımızın
problemlərinin həlli, insanlarımızın güzəranının
ildən-ilə yaxşılaşdırılması
yönündə atılan addımlar bunu deməyə əsas
verir ki, Azərbaycan yaxın perspektivdə ən inkişaf
etmiş, qabaqcıl dövlətlərdən birinə
çevriləcək.
A.Badamov: Ən
yüksək nailiyyətlərə çatmaq
üçün mütləq zaman lazımdır. Burada qısa bir haşiyəyə
çıxıb, bir məsələni vurğulamaq istəyirəm.
Biz bu ilin yanvar ayında Türkiyədə səfərdə
olduq və orada bələdiyyələrin fəaliyyəti ilə
tanış olduq. Orada səsləndi
ki, Türkiyə daxilində reallaşdırılan layihələrin
əksəriyyətini bələdiyyələr həyata
keçirir və onların fəaliyyəti olduqca fəaldır.
Mən orada sual verdim ki, sizdə neçə
ildir bələdiyyə sistemi formalaşıb? Cavab verdilər ki, 1905-ci ildən sonra bu sistem
Türkiyədə qurulub və 100 ildən artıqdır ki,
fəaliyyət göstərir. Amma səslənən
uğurlara son zamanlarda nail olunub. Bizdə bu
sistem 10 ildir qurulub, amma mühüm nailiyyətlər əldə
olunub və yenə də təkmilləşdirmə
aparılır. Yəni, hər bir uğur
zamana ehtiyac duyur. Bu gün gənc Azərbaycanda
mühüm addımlar atılır, yeni standartlara uyğun
qanun layihələri hazırlanır, vətəndaşların
sosial rifahının yüksəldilməsi istiqamətində
davamlı tədbirlər görülür, bunların da nəticələrini
hər bir vətəndaşımız öz həyatında
hiss edir.
- Vaxtilə
əmanətlər niyə qaytarılmır deyənlər bu
gün əmanətlər niyə qaytarılır, bu,
inflyasiyaya yol açacaq deyirlər. Bu fikirlər
arasındakı kəskin dəyişmə, mövqesizlik nə
ilə əlaqədardır?
R.Zeyni:
Bütün ümummilli məsələlərdə bir ortaq
davranış, ortaq mövqe olmalıdır. Biz bu gün
ümummilli məsələmiz olan Qarabağdan
danışırıqsa, hətta elə əmanətlərin
qaytarılmasından danışırıqsa, regionda gedən
prosesi və bizim inkişafımızı, qüdrətlənməyimizi
istəməyən dövlətlərin olmasını nazərə
alsaq, uğurları qeyd etməmək mümkün deyil.
Müxalifətin fəaliyyəti hakimiyyət
uğrunda mübarizə aparmaqdır, bu təbiidir. Amma bunu qanunlar çərçivəsində,
normaları pozmadan etmək lazımdır. Axı müxalifətsənsə belə, Azərbaycan
müxalifətisən və dövlətin hər bir
uğuruna sevinməlisən. Bu uğurlara
necə sevinməmək olar? İqtidara məhəbbətin
və ya nifrətin gözü ilə baxmaq olmaz, iqtidara
obyektivliyin gözü ilə baxmaq lazımdır. İnkişaf gedir, beynəlxalq təşkilatlar
müsbət rəy verir, bütün bunlara obyektivlik naminə
qiymət vermək lazımdır.
-
A.Hüseynov: Bu gün YAP, Azərbaycan iqtidarı dövlətçilik
maraqlarını hər şeydən üstün tutur, qəbul
edilən bütün qərarlarda, atılan hər bir
addımda ən ümdə maraq vətəndaşın,
dövlətin marağı, arzusunun təmin
olunmasıdır. Ancaq gəlin görək,
radikal müxalifətdə milli və dövlətçilik
maraqları məfhumu və məfkurəsi varmı? “Eurovision” bizim böyük nailiyyətimizdir və gələn
ay Azərbaycana on minlərlə turist gələcək.
Azərbaycan haqqında geniş məlumatlar əldə
olunacaq, inkişafımızla tanış
olacaqlar, Azərbaycan daha geniş arealda tanınacaq, təbliğ
olunacaq. Bunun əvəzinə müxalifət
öz xırda ambisiyasına uyaraq konkret cinayət törətmiş
insanların azadlığını tələb edir. Axı bu absurddur, mədəni bir tədbirə
siyasi don geyindirmək istəyidir.
A.Badamov: Azərbaycan çoxpartiyalı demokratik bir dövlətdir. Müxalifətin varlığı ölkədə demokratiyanın göstəricisidir. İndiki radikal müxalifət vaxtilə hakimiyyətdə təmsil olunurdu və onların potensialını xalq gördü. Həmin dövrdə Azərbaycan uçurumun bir addımına gəlib çatmışdı, olan qalan infrastruktur da dağıdıldı, xaos yarandı. Hazırkı iqtidar gəldikdən sonra isə ölkədə siyasi sabitlik yarandı, bu gün haqqında danışdığımız nailiyyətlər əldə olundu, Azərbaycanın iqtisadi qüdrəti artdı. Müxalifət də bu reallığı görməlidir. Müxalifətin gücü aprelin 8-də bəlli oldu. Real olaraq onların gücsüzlüyü ortadadır. Bu gün Azərbaycan xalqı öz iqtidarını, Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir. Bu dəstək, birlik isə bütün uğurların təməlini təşkil edir.
Aqşin ŞAHİNOĞLU,
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2012.- 13 aprel.-
S.6.