İNKİŞAFIN AZƏRBAYCAN MODELİ: HƏDƏFLƏR VƏ VƏZİFƏLƏR

 

Dövləti uzun ömürlü edən, tarixi və sosial-iqtisadi fenomenə çevirən ən başlıca xüsusiyyət onun üçölçülü zaman, yəni keçmiş-indiki-gələcək zaman prizmasından müqayisəli şəkildə təhlil imkanının olması, ən başlıcası, futuroloji baxımdan dəyərləndirmənin mümkünlüyüdür. Yəni bir dövlətin  ali məqsədini müəyyənləşdirmək üçün onun dünənki, bugünkü və sabahkı milli həfədlərini öyrənmək vacib şərtdir. Azərbaycan timsalında isə görkəmli dövlət xadimi, möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, bu hədəflər cəsarətli və ölkəmizin dünya xəritəsindəki yeri ilə müqayisədə müsbət mənada  ambisiyalıdır. Faktlar da bunu təsdiq edir.

Belə ki, ötən hər il qarşıya yeni vəzifələr qoyur. Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bir daha 2011-ci ildə qazanılan uğurların fonunda qarşıda duran vəzifələri diqqətə çatdırdı. Sözsüz ki, cari ilin prioritetləri müəyyənləşdirilərkən ötən ildə əldə olunan uğurların təhlilinə ehtiyac yaranır. Bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf strategiyasının bu gün digər ölkələrə nümunə göstərilməsi uğurlarımızın təsdiqidir. Prezident İlham Əliyevin daim vurğuladığı kimi, hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına böyük stimul verir. Həmin proqramlarda prioritetlər müəyyənləşdirilir, onların icra mexanizmləri və sərf olunacaq maliyyə vəsaitləri öz əksini tapır.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil və çoxşaxəli enerji siyasəti, əslində, inkişafın Azərbaycan modelinin təməlini qoyaraq ölkədə modernləşməni başlatdı və milli iqtisadiyyatımızın inkişafını şərtləndirdi. Heç şübhəsiz, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf və tərəqqi strategiyasının mühüm istiqamətlərindən birini də müstəqil enerji siyasəti təşkil edir. Ümummilli liderin uzaqgörən enerji siyasətinin fonunda milli sərvətimiz milli mənafeyə yönləndirildi və bunun sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı daha da sürətləndi, eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandı və bununla da dünya siyasətinin nüfuz və güc iyerarxiyasına doğru sürətli irəliləyişin əsası qoyulmuş oldu.

Ümummilli liderin gərgin əməyi və qətiyyəti sayəsində neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına daha çox cavab verən saziş şərtləri hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Ulu öndər həmin sazişin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını bildirirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlanıldı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük mailli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. 1997-ci ilin noyabr ayının 12-də “Çıraq-1” özülündən qazılmış quyudan ilkin neft alındı. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş tanker dünya bazarlarına çıxarıldı.

Ulu öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Şərq-Qərb marşrutunun yaradılması başlıca məqsədlər idi. Məhz bu məqsədlə “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan yanacağın Avropaya boru kəmərləri ilə nəqlini təmin edə biləcək transkommunikasiya dəhlizinin yaradılması olduqca vacib sayılırdı. Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu siyasi liderləri, müxtəlif ölkələrin dövlət və hökumət başçıları, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərinin rəhbərləri ilə mütəmadi danışıqlar apararaq Azərbaycan neftinin Türkiyə vasitəsilə Qərbə ixracını nəzərdə tutan strateji boru kəmərinin çəkilməsi üçün dövlətlərarası sazişin imzalanmasına çalışırdı. Bunun üçün regionda ən təhlükəsiz və uzunömürlü, rentabelli marşrut olan Bakı-Tbilisi-Ceyhanın (BTC) çəkilməsi təklif olunurdu. Həmin dövrdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında rol oynasa da, BTC qədər beynəlxalq əhəmiyyətli ixrac dəhlizi sayıla bilməzdilər. İlkin dövrlərdə BTC-nin reallaşmasını istəməyən qüvvələr çox idi və onlar neftin digər marşrutlarla nəqlinə çalışırdılar. Lakin həmin qüvvələrin müxtəlif təxribatlarına və təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi nəticəsində, ən əsası isə, Ulu öndərin qəti əzmkarlığı sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə reallığa çevrildi.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin yaranmasına, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası, çəkilişinə nail olduğu Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artmasına səbəb oldu. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti həyata keçirərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynamaqdadır.

Beləliklə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil enerji siyasəti və gerçəkləşdirilən nəhəng layihələr həm də milli iqtisadiyyatımızın inkişafına fundamental töhfələr bəxş etmiş oldu.

Ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolu inkaredilməzdir. Lakin cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Regional inkişaf proqramlarının uğurlu icrası da bu məqsədə xidmət edir. Belə ki, ötən il qeyri-neft sektorunda artım 10 faizdən çox olmuşdur. ÜDM-də özəl bölmənin payının 85,5 faiz olması da bu diqqətin bariz nümunəsidir.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq, paytaxt və bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olmuşdur. Ölkənin hərtərəfli tərəqqisində regionların inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyev bildirir ki, inkişaf etmiş ölkələrdə də paytaxtla bölgələr arasında fərq olmur. Biz də buna çalışırıq.

Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin geniş təhlil olunması, ölkəmizin təcrübəsinin öyrənilməsinə dünya dövlətlərinin xüsusi maraq göstərməsi bir daha bu gerçəkliyi təsdiqləyir ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub. Bir faktı da qeyd etmək kifayətdir ki, 2008-ci ildən dünyanı iqtisadi və mailyyə böhranı bürüsə də Azərbaycan iqtisadiyyatının düzgün təməl üzərində qurulması sayəsində ölkəmiz bu problemləri yaşamadı. Əksinə, ölkəmiz iqtisadi artımın sürətinə görə yenə də dünyada birinciliyini qorudu.

Qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahibdir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr dövlətlər arasında körpü rolunu oynayır. Azərbaycan bu təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir.

Qeyd edək ki, cari ildə istifadəsi nəzərdə tutulan, əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz boru kəmərlərindən geri qalmayan, dünyaya açılan “üçüncü qapı” kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Azərbaycanın səyləri nəticəsində gerçəkləşir. Məlum olduğu kimi, maliyyə probleminin mövcudluğu layihənin icrasını mümkünsüz etmişdi. Lakin Azərbaycan dövləti dəmir yolunun Gürcüstan hissəsinin də maliyyəsini öz üzərinə götürməklə layihənin reallaşmasına stimul verdi. Gürcüstan tərəfi həmin vəsaiti kredit əsasında ödəyəcək.

Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin edilməsinin nəticəsidir ki, bu kimi beynəlxalq əhəmiyyətli layihələrin icrasına zəmin yaranır. Qeyd edək ki, Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 32 milyard dollardan çoxdur. Dövlət başçısı İlham Əliyev bu uğurlara əsaslanaraq bildirir ki, bu gün Azərbaycan dövləti öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər.

İqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsinə stimul verir. İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələdir. Ötən il 100 minə qədər yeni iş yeri açılıb. Ümumilikdə isə, son səkkiz ildə yeni iş yerlərinin sayı bir milyondan artıqdır. İşsizliyin səviyyəsi 5,5 faizdir. Yoxsuluğun azaldılmasına xidmət edən Dövlət Proqramlarının uğurlu icrası əldə olunan nəticədən də aydın görünür. Yoxsulluğun səviyyəsi 8 faizdən aşağıdır. Əhalinin pul gəlirləri təxminən 20 faiz artıb. Əhalinin sosal müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər davamlılığı ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyevin 1 dekabr 2011-ci il tarixli Sərəncamı ilə əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə həmin aydan minimum aylıq əməkhaqqının məbləğinin 10 faiz artırılaraq 93,5 manat müəyyən edilməsi də deyilənlərin təsdiqidir. Ötən il 900 minə yaxın pensiyaçının orta pensiyası təxminən 40 faiz artırıldı. Ünvanlı Sosial Yardım Proqramı 113 min ailəni, 500 mindən çox insanı əhatə edir. Digər sosial proqramlar da uğurla icra edilir. Paytaxt və bölgələrdə yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib, istifadəyə verilib. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafını təsdiqləyir.

Ölkəmizin valyuta ehtiyatları 40 milyard dollardan artıqdır. Son 15 ildə ölkə ictisadiyyatına 97 milyard dollardan artıq vəsait qoyulub. Bu, sözsüz ki, Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Ötən il neft-qaz sektorunda əldə olunan uğurlara diqqət yetirməklə qarşıdakı illərdə əldə ediləcək uğurlar barədə aydın təsəvvür yarana bilər. Yeni neft-qaz yataqlarının aşkarlanması, müxtəlif ölklərlə imzalanan sazişlər, Anlaşma Memorandumları bunu söyləməyə əsas verir. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, ölkəmiz qarşıdakı illərdə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq: “Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır”.

Azərbaycanın artan iqtisadi imkanları siyasi mövqeyinin möhkəmlənməsinə də öz müsbət təsirini göstərir. Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində erməni yalanları ifşa olunur, dünyanın nüfuzlu təşkilatları qəbul etdikləri qərar və qətnamələrdə Ermənistanın işğalçılıq siyasətini pisləyir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirirlər. Münaqişənin həlli üçün hüquqi baza mövcud olsa da, işğalçı dövlət qeyri-konstruktiv mövqeyi ilə məsələnin həllinin uzanmasına səbəb olur. Dövlət başçısı İlham Əliyev Yeni il təbrikində əsas diqqəti bu məsələyə yönəldərək bildirib: “Bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Azərbaycan bütün dövrlərdə, xüsusilə son dövrdə öz səylərini daha da gücləndirir. Ancaq bildiyiniz kimi, bu məsələnin həlli təkcə bizdən asılı deyildir. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesində göstərdiyi riyakarlıq, danışıqlardan faktiki olaraq imtina etməsi bu prosesə böyük zərbə vurmuşdur. Əfsuslar olsun ki, hələ də dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər birmənalı şəkildə danışıqların pozulmasında günahkarın kim olduğunu açıq demirlər”.

Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından bəyan edir ki, bəyanatlardan konkret əməli işə keçməklə münaqişənin ədalətli həllinə nail olmaq olar. Prezident İlham Əliyev xalqa təbrikində də bildirib: “Biz bu bəyanatları dəstəkləyirik. Ancaq bəyanatlardan sonra konkret addımlar atılmalıdır. Əfsuslar ki, bu addımlar atılmır”.

Azərbaycanın dəyişməz mövqeyini bir daha bəyan edən dövlət başçısı İlham Əliyev bildirib ki, biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılması qeyd olunur. Dövlət başçısı bir daha bəyan edib ki, “Biz heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Bu, bizim prinsipial mövqeyimizdir. Bir daha demək istəyirəm ki, bu mövqe həm tarixə, həm hüquq normalarına, həm də ədalətə əsaslanır”.

Azərbaycanın diplomatiya sahəsində uğurları göz qabağındadır. Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun bir daha artan nufuzunu və siyasi çəkisini təsdiqlədi. Azərbaycanın dünyanın 155 ölkəsinin dəstəyini qazanması böyük uğurdur. Artıq ölkəmiz yeni ilin ilk ayından BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi öz səlahiyyətlərinin icrasına başlayıb. Düşünürük ki, bu uğurumuz ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalatli həllinə öz müsbət təsirini göstərəcək.

Müharibə şəraitində olan ölkə üçün diplomatik uğurlarla yanaşı, hərbi qüdrətin də artırılması vacib amillərdəndir. Azərbaycanın hərbi büdcəsini artırması işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən daim narahatlıqla qarşılanır. Onlar belə fikir yaratmağa çalışırlar ki, Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Rəsmi Bakı buna cavab olaraq hər zaman bəyan edir ki, hərbi büdcənin artırlması Azərbaycanın suveren hüququdur. Digər tərəfdən, ölkəmizdə yalnız hərbi sahəyə deyil, təhsilə, səhiyyəyə, mədəniyyətə və digər istiqamətlərə yönələn vəsaitlər də artırılır. Bu ölkəmizin hərtərəfli inkişafının göstəricisidir. İqtisadiyyatın güzgüsü olan dövlət büdcəmizin 20 milyard dollardan artıq olması böyük uğurdur. Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsinə bərabərdir. İqtisadiyyatı böhran içərisində olan işğalçı dövlətin güclü ordudan danışması gülüncdür. Ötən il Ermənistanda keçirilən hərbi parad bu dövlətin ordusunun hansı imkanlara malik olduğunu, eyni zamanda hansı ölkədən asılılığını nümayiş etdirdi.

Eyni zamanda, bu fakt da inkaredilməzdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 23 ildir uzanması dövlətimizin sulh siyasətinə sadiqliyinin göstəricisidir. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Ölkəmizin hərbi büdcəsi 3 milyard dollardan artıqdır. Son 8 ildə hərbi sahəyə ayrılan vəsaitin həcmi 25 dəfəyə yaxın artıb. Qeyd edək ki, 2003-cü ildə hərbi büdcəmiz 135 milyon dollar idi.

Azərbaycan Ordusu müasir silah-sursat və hərbi texnika ilə təchiz edilmiş, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Bu gün Azərbaycanda artıq 600 növ hərbi yönümlü məhsullar istehsal edilir. Bu gün Azərbaycan ordusunun gücü imkan verir ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, müstəqil Azərbaycanımız daha da qüdrətlənəcək, möhkəmlənəcək.

Dövlət başçısı bu əminliyi belə ifadə edib ki, 2012-ci ildə də ölkəmizi yalnız və yalnız uğurlar gözləyir.

Atılan addımların, görülən işlərin əsasında Azərbaycan vətəndaşı, Azərbaycan ailəsi dayanır. 2012-ci ilin prioritetlərini açıqlayan dövlət başçısı onların həlli yollarını da diqqətə çatdırdı. Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamında da qeyd edilir ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar keçirilən “dəyirmi masa”da Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirmişdir ki, müzakirəyə çıxarılmış mövzunun fövqəl əhəmiyyət kəsb etməsi hamı üçün aydındır. Təbii ki, hər dövrün öz çağırışları, tələbləri olur. Azərbaycanın öz müstəqilliyinin 20 ili ərzində çox mürəkkəb və eyni zamanda, şərəfli yol keçdiyini vurğulayan akademik R.Mehdiyev ölkəmizin müstəqilliyimizin ilk illərində üzləşdiyi ağır durumu diqqətə çatdırıb. Həmin çətin anda xalqın təkidli və tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev düzgün müəyyənləşdirdiyi siyasəti ilə ölkədə sabitliyi, müstəqilliyimizin daimiliyini təmin etdi, Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müvəffəqiyyətlərimizin davamlılığına, gələcəyə daha böyük inamla irəliləməyimizə, yeni vəzifələrin müəyyən edilərək, onların həlli istiqamətində əhəmiyyətli addımların atılmasına stimul verir. Yeni dövrün çağırışı olaraq təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasının vacibliyi bildirilir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətindən geniş bəhs edən akademik bildirmişdir ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlı olan dövlətimiz Konsepsiyanın hazırlanmasında da bu meyarlara önəm verməkdə qərarlıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, tərəqqi, inkişaf dövlətimizin siyasətinin əsasını təşkil edir. Eyni zamanda, Prezident İlham Əliyev uğurlarımızı qeyd edərkən bu fikri də hər zaman bəyan edir ki, qazanılan uğurlarla kifayətlənməməli, hər zaman irəliyə baxmalıyıq.

 

 

İlqar ƏLİYEV,

ARDNŞ Aparatının şöbə müdiri

 

Yeni Azərbaycan.- 2012.- 13 aprel.- S.4.