YAP Gənclər Birliyinin
cənub regionu üzrə zona
müşavirəsi keçirilir
Müşavirə
çərçivəsində Lənkəran Dövlət
Universitetində və Lənkərandakı Heydər Əliyev
İdarəçilik Mərkəzində görüşlər
olub, müxtəlif mövzularda diskussiyalar keçirilib
Məlum olduğu kimi, gənclərə
göstərilən diqqət və qayğı Yeni Azərbaycan
Partiyasının (YAP) fəaliyyətində əsas yerlərdən
birini tutur. Məhz YAP tərəfindən bir neçə
ildir ki, böyük uğurla davam etdirilən və ölkəmizin
bütün bölgələrindən olan gəncləri əhatə
edən yay və qış məktəbləri layihələri,
həmçinin, gənclər üçün keçirilən
müşavirə və seminarlar da bu diqqət və
qayğının bariz nümunəsidir. Müntəzəm
olaraq keçirilən bu cür tədbirlər gənclərin
intellektual inkişafının, onların səmərəli
istirahətinin təşkili baxımından yüksək əhəmiyyətə
malikdir. Bu tədbirlərin məqsədi gənclərin həm
idarəçilik potensialının, fərdi
bacarıqlarının üzə çıxarılması,
həm asudə vaxtlarını yaxşı keçirmələri,
bir-birilə təmas və münasibət qurmaları, həm
də onlar üçün intellektual və əyləncəli,
idman yarışlarının təşkilidir.
Məhz bu cür tədbirlər çərçivəsində
YAP-ı təmsil edən deputatlar, ictimaiyyətin
tanınmış ziyalıları gənclərlə
görüşlər keçirirlər. Onlar müxtəlif
mövzular ətrafında fikirlərini bölüşür,
gəncləri maraqlandıran suallara cavab verirlər. Təbii
ki, bütün bunlar gənclərdə böyük maraq
doğurur və onlar üçün yaddaqalan xatirələrə
çevrilir. Yeni Azərbaycan Partiyasının Gənclər
Birliyinin Lənkəranda keçirilən cənub regionu
üzrə zona müşavirəsi də bu istiqamətdə
atılmış növbəti addımdır.
Qeyd edək ki, müşavirə çərçivəsində
aprelin 13-də Lənkəran Dövlət Universitetinin tələbələri
ilə görüş olub. Görüşü giriş
sözü ilə Yeni Azərbaycan Partiyası Lənkəran
şəhər təşkilatının sədri, Lənkəran
şəhər İcra Hakimiyyəti
başçısının birinci müavini İlqar
Dadaşov açıb. O, belə bir tədbirin Lənkəranda
keçirilməsini və müşavirə çərçivəsində
ilk görüşün Lənkəran Dövlət
Universitetinin tələbələri ilə olmasını əlamətdar
hadisə kimi qiymətləndirib. Natiq qeyd edib ki, tələbələrlə
görüşə YAP Gənclər Birliyinin sədri Seymur Orucov,
sədr müavinləri Samirə Quliyeva və Aytac Əliyeva,
həmçinin, YAP Lənkəran şəhər təşkilatının
Gənclər Birliyinin sədri Yalçın Əliyev gəliblər.
Tədbirdə çıxış edən
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri
Seymur Orucov öncə ölkəmizdə həyata keçirilən
gənclər siyasətindən danışıb. Seymur Orucov
qeyd edib ki, Azərbaycanın müstəqillik dövrü
tarixi baxımdan o qədər də böyük bir mərhələ
olmasa da, bu zaman ərzində gənclər siyasəti sahəsində
çox böyük işlər görülüb: “Bu da onu
göstərir ki, gənclərə çox böyük
qayğı var. Ümummilli liderimiz Heydər Əliyevin əsasını
qoyduğu gənclər siyasəti bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Bu gün Azərbaycan gəncliyi təkcə
ölkə daxilində deyil, həm də dünyada
aparıcı beynəlxalq təşkilatlarda ölkəmizi
layiqincə təmsil edir”.
Çıxışına davam edən
S.Orucov bildirib ki, YAP Gənclər Birliyi çoxşaxəli
fəaliyyətini gənclərimizin fəallığı
üzərində qurub. Tələbələrin gənclik
ordusunun fəal hissəsi olduğunu bildirən S.Orucovun
sözlərinə görə, partiyamızın və
YAP-ın Gənclər Birliyinin fəaliyyət istiqamətlərindən
birini də tələbə-gənclərlə iş təşkil
edir: “Partiyamız həm sosial bazasına, həm də fəaliyyətinə
görə siyasi palitranın avanqard qüvvəsidir. Yeni Azərbaycan
Partiyasının gənclər siyasətində bir sıra
prioritet istiqamətlər mövcuddur. Bununla bağlı
üç əsas istiqaməti qeyd etmək istəyirəm: təşkilatlanma,
beynəlxalq qurumlarda özünütəsdiq və cəmiyyətdə
mütəxəssis qismində təmsil olunma. Yeni Azərbaycan
Partiyasının gənclərlə bağlı siyasətinin
uğurla davam etdirilməsi gənclərin ictimai-siyasi fəallığını
da ildən-ilə artırır. Seçki prosesində gənclərin
iştirakı, parlament və bələdiyyələrdə təmsil
olunmaları buna misaldır. Hazırda dövlət gənclər
siyasətinin bəhrəsi olan, bilik və bacarıqları ilə
özünə etimad qazanmış gənc millət vəkillərimiz
var. 2009-cu ilin dekabr ayında keçirilən bələdiyyə
seçkilərində də xeyli sayda gənc qələbə
qazandı. Bu proses göstərir ki, özünə
inananların sayı yetərincədir. Azərbaycan həqiqətləri
ilə bağlı dünyada ədalətsiz məqamlara rast gələndə
istər internet forumlardakı aksiyalarda, istər beynəlxalq tədbirlərə
qatılmaq nöqteyi-nəzərdən bütün proseslərdə
gənclər çoxluq təşkil edir. Bu da cəmiyyətdə
gənclərin fəallığından irəli gəlir. Elə
dövlət və qeyri-hökumət strukturu yoxdur ki, orada gənclər
təmsil olunmasın. Bu gün 560 min nəfərlik
partiyamızın üzvlərinin 40 faizi gənclərdən
ibarətdir. Bu, kifayət qədər böyük bir qüvvədir.
Hesab edirəm ki, Azərbaycan gənclərinin YAP-ın
sıralarına qoşulmasının çox ciddi əsasları
var. Bu, ilk növbədə, onların Heydər Əliyev
ideyalarına sadiqliyi və Prezident İlham Əliyevin siyasətini
dəstəkləmələri ilə əlaqədardır.
Eyni zamanda, burada YAP-ın gənclər üçün
böyük imkanlar yaratması da xüsusi rol oynayır. Yəni
partiyamız gənclərə öz bilik və
bacarıqlarını, potensiallarını nümayiş
etdirmək üçün bütün imkanlar yaradıb. Məhz
bunun nəticəsidir ki, partiyamızın sıralarında
yüksək intellektli gənclər birləşib”.
Seymur Orucov onu da qeyd edib ki, YAP Gənclər
Birliyi istər ölkə daxilində, istərsə də
xaricdə təhsil alan azərbaycanlı tələbələrlə
müntəzəm əlaqələr qurur, onların
potensialından istifadə edilməsi üçün
çeşidli tədbirlər reallaşdırır.
Gənclər qarşısında
çıxış edən Lənkəran Dövlət
Universitetinin rektoru Asəf İsgəndərov bu tarixin universitetin
tələbələrinin yaddaşında dərin iz
buraxacağını deyib. Hazırda hakim Yeni Azərbaycan
Partiyasının regionun ən güclü partiyası
olduğunu deyən rektor partiyanın Gənclər Birliyinin də
öz fəallığı ilə seçildiyini bildirib. Daha
sonra gənclərə müraciət edən Asəf İsgəndərov:
“Sizlər bu gün öz inkişafına görə regionun
lider dövləti olan Azərbaycanın daha da qüdrətlənməsi
istiqamətində həyata keçirilən siyasətin yerlərdə
uğurla reallaşdırılması üçün üzərinizə
düşən vəzifələrin öhdəsindən
layiqincə gəlməlisiniz”, - deyib.
Tədbirdə çıxış edən
gənclər ölkəmizdə həyata keçirilən
siyasəti dəstəklədiklərini deyiblər.
Çıxışlarda gənclərin intellektual
imkanlarından, yaradıcılıq qabiliyyətindən
ölkə miqyasında olduğu kimi, Lənkəranda da
istifadə olunduğunu bildirilib.
Müşavirə
iştirakçıları daha sonra Lənkərandakı Heydər
Əliyev İdarəçilik Mərkəzində olublar. Mərkəzdə
gənclərə Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyəti
barədə ətraflı məlumat verilib. Bildirilib ki,
müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin
fəaliyyətində gənclər siyasəti hər zaman
xüsusi yer tutub. Hələ 1969-82-ci illərdə Azərbaycan
KP MK-nın birinci katibi vəzifəsində
çalışarkən Ulu öndər Heydər Əliyev azərbaycanlı
gənclərin intellektual inkişafı, elmi sahədə
biliklərinin genişləndirilməsi və milli kadr
potensialının formalaşması yönündə
mühüm addımlar atıb. 1993-cü ildə xalqın təkidli
tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıdan Ulu öndər yenidən gənclərin ölkə
həyatında fəal rol oynamasına şərait yaradıb.
Vurğulanıb ki, bu gün əsası Ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan siyasi kurs Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Mərkəzdə, həmçinin,
region gəncləri ilə görüş keçirilib.
“Region gənclərinin ictimai-siyasi və İKT sahəsində
fəaliyyəti” mövzusuna həsr olunmuş
görüşü giriş sözü ilə açan YAP Gənclər
Birliyinin Ofisinin əməkdaşı Elvin Hətəmov
hazırda region gənclərinin ictimai-siyasi həyatdakı fəaliyyətindən
bəhs edib və onların İKT sahəsində fəaliyyətinin
xüsusi önəm kəsb etdiyini bildirib. O, ümumiyyətlə,
bu iki məqamın bir-biri ilə sıx bağlı
olduğunu deyib. Bu ilin martında Yeni Azərbaycan Partiyası
Gənclər Birliyinin (YAP GB) rayon və şəhər təşkilatları
sədrlərinin ümumrespublika müşavirəsinin
keçirildiyini diqqətə çatdıran natiq əlavə
edib ki, həmin müşavirə çərçivəsində
gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini
daha dərindən mənimsəmək, sosial şəbəkələrdə
fəaliyyəti səmərəli şəkildə qurmaq,
elektron ünsiyyəti intensivləşdirmək və s. məsələlərlə
bağlı üç müxtəlif geniş müzakirələr
aparıblar.
E.Hətəmov deyib ki, bu gün hər
bir Azərbaycan gənci ictimai-siyasi həyatda aktivlik
nümayiş etdirməli, həmçinin, virtual aləmin,
İKT-nin imkanlarından istifadə etməlidir.
Gənclər qarşısında
çıxış edən Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə həyata
keçirilən və bütün sahələri əhatə
edən inkişaf siyasəti barədə geniş məlumat
verib. Millət vəkili deyib ki, Ulu öndər Heydər Əliyevin
əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan
regionun lider dövlətinə çevrilib. Onun sözlərinə
görə, ölkəmizin bu inkişafı, əldə edilən
uğurların və nailiyyətlərin müsbət təsirini
gənclər də gündəlik həyatlarında hiss etməkdədirlər.
Heç şübhəsiz gənclərimiz bu inkişafa
adekvat olaraq öz üzərilərində işləməli,
qüdrətli Azərbaycanın layiqli vətəndaşları
olmaq üçün gecə-gündz
çalışmalıdırlar.
O da xüsusi olaraq vurğulanıb ki, bu
baxımdan, YAP Gənclər Birliyinin
reallaşdırdığı tədbirlər xüsusi əhəmiyyətə
malikdir. Çünki bu cür tədbirlər gənclərin
nəzəri baxımından təhsil aldıqları müddətdə
əldə etdikləri bilikləri paylaşmaqda onlara gözəl
imkan yaradır. Bu zaman gənclər həm öz
potensialını reallaşdırır, özünü
sübut edir, malik olduğu natiqlik, fikir yürütmə
qabiliyyətlərini üzə çıxarır, həm də
fikir mübadiləsi aparmaq imkanı əldə edirlər: “Məlum
olduğu kimi ölkəmizdə gənclər siyasəti
çox uğurla aparılır. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən bu siyasətin yerlərdə
uğurla icra edilməsi istiqamətində YAP-ın, həmçinin,
hakim partiyanın Gənclər Birliyinin fəaliyyəti
xüsusi olaraq vurğulanmalıdır. Təbii ki, YAP Gənclər
Birliyinin bu tədbiri də deyilən istiqamətdə
atılan mühüm addımlardan biridir. Çünki Azərbaycanın
gələcəyi olan gəncləri biz məhz geniş
diskussiyaların, polemikaların aparıldığı bu
cür tədbirlərdə yetişdiririk. Ona görə də
belə tədbirlərin regionlarda keçirilməsi xüsusi
əhəmiyyət kəsb edir”.
Ölkə həyatının bir
çox sahələrini əhatə edən məqsədyönlü
dövlət proqramlarının, sosialyönümlü layihələrin
həyata keçirilməsində gənclərin rolunun əvəzsiz
olduğunu deyən millət vəkili eyni zamanda, gənclərin,
xüsusilə də region gənclərinin öz fəallıqlarını
artıracaqlarına inandığını bildirib:
“İnanıram ki, hər bir gənc sosial-iqtisadi həyatda,
ictimai-siyasi proseslərdə, elmi-mədəni sahələrdə
özünə layiqli yer tutacaq. Sadəcə, sizlər öz
fəaliyyətinizə daha da məsuliyyətlə
yanaşmalı və dövlətimiz, partiyamız tərəfindən
göstərilən etimadı layiqincə
doğrultmalısınız”.
Tədbirdə çıxış edən
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva isə
diqqəti daha bir vacib məqama yönəldib. Onun sözlərinə
görə, bu gün real həyatda müşahidə olunmayan
müxtəlif qərəzli məlumatlar çox asanlıqla
virtual aləmdə öz əksini tapır. Sosial şəbəkələrin
yaranma tarixi və mahiyyəti barədə danışan Samirə
Quliyeva qeyd edib ki, hazırda bu şəbəkələrin
kiçik informasiyanın geniş auditoriyaya
çatdırılması, siyasi məqsədlər və
müəyyən ideologiyanın yayılması, hətta
qazanc əldə etmək, yarışların təşkili və
xeyriyyə aksiyalarının keçirilməsi
baxımından imkanları olduqca genişdir: “Bizim bölgə
gəncləri ilə keçirilən görüşlərimizdə
də əsas məqsəd onların ictimai-siyasi fəallığının
artırılmasına yardım etmək, həmçinin, gənclərə
sosial şəbəkələrdə baş verənlər,
sosial şəbəkələrdə əldə olunanlar, məsuliyyətimiz,
sosial şəbəkələrdə nə əldə edə
bilərik və nə etməliyik mövzusu ətrafında
maarifləndirici bilgilər verməkdir”.
Görüşdə
çıxış edən YAP Gənclər Birliyinin sədr
müavini Aytac Əliyeva bu cür tədbirlərin təşkil
olunmasının region gənclərinin ictimai-siyasi fəallığının,
həmçinin, onların İKT sahəsində təcrübələrinin
artırılmasına, sosial şəbəkələrdə
işləmək imkanlarının genişləndirilməsinə
kömək etdiyini bildirib: “Bilirsiniz ki, müasir
dövrümüz İKT əsridir və bu texnologiyaları mənimsəmədən
inkişaf etmək mümkün deyil. Ona görə də, bu
layihələr xüsusi əhəmiyyətə malikdir.
Partiyamızın Gənclər Birliyi beynəlxalq əlaqələrini
də genişləndirir. Belə bir şəraitdə internet
resurslarından istifadə etməklə bu əlaqələri
gücləndirmək, eləcə də, Azərbaycan dövlətinin
uğurlarını təbliğ etmək zəruri məsələdir.
Bu seminarlar da məhz ona xidmət edir ki, gənclər İKT
sahəsində təcrübələrini artırmaqla
müasir texnologiyaların, sosial şəbəkələrin
imkanlarından istifadə edərək Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən
inkişaf siyasətini və onun uğurlarını geniş
şəkildə təbliği işini daha da gücləndirsinlər.
Bu layihələr Qarabağ həqiqətlərinin dünyaya
çatdırılması, həmçinin ölkəmizin
inkişafını istəməyən qüvvələrə
layiqli cavab verilməsi baxımından da çox önəmlidir”.
Tədbirdə çıxış edən
region gəncləri bu cür görüşlərin onlarda
müsbət təəssürat yaratdığını
bildiriblər. Eyni zamanda, gənclərin informasiya-kommunikasiya
texnologiyalarından (İKT) səmərəli istifadəsi,
sosial şəbəkələrdə fəal iştirakın
zəruriliyi vurğulanıb.
Bir sözlə, görünən odur
ki, Yeni Azərbaycan Partiyası, həmçinin, hakim
partiyanın Gənclər Birliyi Azərbaycan gəncliyinə
özünü sübut etmək, daxili istedadını üzə
çıxarmaq üçün perspektivli fəaliyyət
platforması yaradır. Eyni zamanda, Yeni Azərbaycan
Partiyasının bu tədbirləri gənclərə
Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi,
milli dövlətçiliyimizin tarixi, onun möhkəmləndirilməsi,
həmçinin, ölkədə reallaşdırılan
siyasi-iqtisadi kurs haqqında biliklərin əldə olunması
istiqamətində əlverişli şərait yaradır.
Qeyd edək ki, müşavirə çərçivəsində
iştirakçıların asudə vaxtlarının səmərəli
keçirilməsi və maraqlı istirahəti
üçün bilik yarışları təşkil edilib.
P.S Aprelin 14-də keçirilən tədbirlərlə
bağlı geniş reportajı qəzetimizin növbəti
sayında oxuya bilərsiniz.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2012.- 14 aprel.- S.8.