Azərbaycan gəncliyi
ictimai-siyasi proseslərdə aktiv fəaliyyəti ilə seçilir
YAP Gənclər Birliyinin cənub
regionu üzrə zona müşavirəsi başa
çatıb
Xəbər
verdiyimiz kimi, 13-15 aprel tarixlərində Yeni Azərbaycan
Partiyası (YAP) Gənclər Birliyinin cənub regionu üzrə
zona müşavirəsi olub. Aprelin 14-də müşavirə
çərçivəsində Lənkəran şəhərindəki
Heydər Əliyev İdarəçilik Mərkəzində
“Dövlət gənclər siyasətinin əsas aspektləri
və gənclərin fəaliyyət istiqamətləri”
mövzusunda diskussiya keçirilib. Diskussiyanı giriş
sözü ilə açan YAP Gənclər Birliyinin sədri
Seymur Orucov bildirib ki, Azərbaycan gəncliyinin inkişafı
və ölkəmizdə gənclər siyasətinin
formalaşması Ümummilli liderimiz Heydər Əliyevin
adı ilə bağlıdır.
S.Orucov
Azərbaycanda gənclərə diqqət və qayğı siyasətinin
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini vurğulayıb: “Bildiyiniz kimi, 2007-ci il Azərbaycanda
Prezident İlham Əliyev tərəfindən “Gənclər
ili” elan edildi. Azərbaycan gənclər siyasətində
normativ hüquqi aktların hazırlanması, gənclərin
cəmiyyətdə özünü təsdiq etməsi məsələlərində
MDB məkanından xüsusilə fərqlənir, bu prosesdə
öndə gedən ölkə kimi özünü sübut
edib. Təbii ki, əhalisinin böyük əksəriyyəti
gənclər olan, demoqrafik problemi olmayan bir ölkədə gənclərə
belə yüksək münasibətin göstərilməsi
bizlərin üzərinə böyük məsuliyyət
qoyur”.
YAP Gənclər
Birliyinin sədri deyib ki, Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən gənclər siyasətinin məqsədi
gənclərin bütün təbəqələrinin hərtərəfli
inkişafını, ölkənin ictimai-siyasi həyatında
onların yaxından iştirakını təmin etməkdir:
“Məlum olduğu kimi ötən ilin iyul ayında Prezident
İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramının təsdiq edilməsi haqqında
Sərəncam imzalayıb. 144 bənddən, 88 fəsildən
ibarət olan proqram gənclərin azərbaycançılıq,
vətənpərvərlik ideyaları, milli və ümumbəşəri
dəyərlərə hörmət ruhunda tərbiyə
olunmasına, cəmiyyət həyatında aktiv şəxsiyyət
kimi yetişməsinə xidmət edən gənclər siyasətinin
daha da təkmilləşdirilməsi, habelə, gənclərin
məşğulluğunun təmini və sosial-maddi vəziyyətinin
yüksəldilməsi məqsədini daşıyır. Bu sənədin
təsdiq olunması bir daha Azərbaycanda uğurlu gənclər
siyasəti həyata keçirildiyini əyani şəkildə
sübut edir. Fikrimcə, YAP-in keçirdiyi yay və
qış məktəbləri, həmçinin,
müşavirə və seminarlar bu siyasətin daha yüksək
nəticələr verməsinə imkan yaradır. Bu elə tədbirlər
gənclərin dövlətçilik, vətənpərvərlik
ruhunda tərbiyə olunmasını təmin edir”.
S.Orucov
onu da bildirib ki, YAP bu gün nəinki Azərbaycanın, eləcə
də, Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır:
“Bu isə özlüyündə həmin böyük qüvvənin
gənclər qurumu olaraq bizim üzərimizə əlavə
məsuliyyətlər qoyur. O mənada ki, YAP-ın ölkəmizin
ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər
Birliyi də hər zaman fəallıq nümayiş etdirməli,
qarşıya qoyulan vəzifələri yerinə yetirməlidir.
Son illər partiyamızın Gənclər Birliyi fəaliyyətində
yeniliklər həyata keçirir, yeni layihələrlə
çıxış edir, gənclərlə fəal iş
aparır. Eyni zamanda, beynəlxalq əlaqələrimizi də
gücləndiririk. Yəni, istər ölkə sərhədlərindən
kənarda, xarici ölkələrdə fəaliyyət
göstərən siyasi partiyaların gənclər
qurumları ilə əlaqələrin genişləndirilməsi,
istərsə də daxildə bir sıra layihələrin
uğurla həyata keçirilməsi bizim
gördüyümüz işlərin keyfiyyətindən xəbər
verir. Bilirsiniz ki, artıq yeni ofislə təmin olunmuşuq. Bu
da iş şəraitimizi xeyli yaxşılaşdırıb.
Təbii ki, yaxşı iş şəraiti məhsuldar
işləməyi şərtləndirir. Bu mənada YAP Gənclər
Birliyi olaraq üzərimizə düşən vəzifələri
bundan sonra da layiqincə yerinə yetirməyə
çalışacağıq”.
Tədbirdə
çıxış edən YAP Lənkəran şəhər
təşkilatı Gənclər Birliyinin sədri
Yalçın Əliyev deyib ki, Ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin
davam etdirdiyi siyasət nəticəsində bu gün gənclər
cəmiyyətdə öz yerini tutur: “Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin həyata
keçirdiyi dövlət siyasəti və bu siyasət nəticəsində
gənclərin təhsil, sosial müdafiə və işlə
təminatı sahələrində atılan məqsədyönlü
addımlar gənclərin hakim Yeni Azərbaycan Partiyasına
axınını gücləndirir. Qeyd etmək istərdim ki,
YAP Lənkəran şəhər təşkilatı Gənclər
Birliyinin bugünkü gənclər hərəkatında
xüsusi mövqeyi və rolu var. Təşkilatımız
3495 nəfər gənci öz ətrafında birləşdirir.
Ümumiyyətlə, YAP Lənkəran şəhər təşkilatını
əhatə edən 152 ərazi ilk partiya təşkilatının
hər birində gənclər təşkilatları fəaliyyət
göstərir. Ərazi ilk təşkilatları üzrə gənclər
təşkilatlarının xətti ilə yeniyetmə və
gənclərin problemləri, qayğıları, asudə
vaxtlarının təşkili öyrənilir, onlarda vətənpərvərlik
hislərinin artırılması, siyasi maariflənmələri
istiqamətində görüşlər, disputlar
keçirilir, ölkə Prezidentinin həyata keçirdiyi
daxili və xarici siyasətin mahiyyəti, YAP-ın ölkənin
siyasi həyatında yeri, fəaliyyətinin prioritet istiqamətləri
barədə mütəmadi olaraq müzakirə
aparılır”.
Çıxışında
radikal müxalifətin ölkəmizdə sabitliyi pozmağa cəhd
göstərdiyini də deyən Y.Əliyev həmin qüvvələrin,
hər zaman olduğu kimi, bu dəfə də
uğursuzluğa düçar olacaqlarını bildirib: “Bəzi
xarici dairələrin quluna çevirilmiş radikal müxalifət
siyasətdən uzaq, sadəlövh gəncləri dövlətə
qarşı ittihamlarla, gənc təbəqənin diqqətini
cəlb edəcək yalan məlumatlarla öz sıralarına
qatmaq istəyir. Lakin Azərbaycanın saglam düşüncəli
gəncləri çoxluq təşkil edir və həmin gənclər
ölkənin bugünkü sosial-iqtisadi durumundan, artmaqda davam
edən inkişaf səviyyəsindən, əldə edilən
uğur və nailiyyətlərdən məmnundurlar. Azərbaycanın
hər yerində olduğu kimi, Lənkəran gəncləri də
Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi,
beynəlxalq sferada nüfuzunun artırılması,
respublikanın ərazi bütövlüyünün bərpa
olunması naminə həyata keçirdiyi siyasəti dəstəkləyir
və radikal müxalifətin əməllərini birmənalı
şəkildə pisləyirlər”.
YAP Gənclər
Birliyinin təşkilati məsələlər üzrə
koordinatoru Vüsalə Niftəliyeva bildirib ki, gənclərimiz
müasir Azərbaycanın inkişafı prosesində fəal
iştirak edir və dövlətimiz gənclərimizin vətənpərvər
ruhda inkişafı üçün hər cür şəraiti
yaradır: “Ulu öndər Heydər Əliyev hər bir gəncin
Azərbaycanın müstəqilliyini təmin etmək
üçün Vətənini, ölkəsini xalqını,
millətini, dilini, dinini, milli ənənələrini sevməli
olduğunu deyib. Bu gün, məhz, Ümummilli liderimizin əsasını
qoyduğu, Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
siyasət nəticəsində Azərbaycan gəncliyi cəmiyyətin
inkişafında fəal sosial təbəqəyə
çevrilib”.
Məruzə
ətrafında çıxış edən region gəncləri
də Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər
siyasəti barədə danışıblar. YAP Cəlilabad
rayon təşkilatı Gənclər Birliyinin sədri Anar
Abdullayev ölkəmizdə gənclərin inkişafı
üçün hərtərəfli şəraitin
yaradıldığını, həmçinin, YAP Gənclər
Birliyinin həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyət
kəsb etdiyini bildirib: “Ölkəmizin aparıcı siyasi
qüvvəsi olan YAP-ın fəaliyyətində də gənclər
siyasəti xüsusi əhəmiyyətə malikdir.
Partiyanın Gənclər Birliyi gənclərimizin aktiv ictimai
fəaliyyətə cəlb olunması baxımından
mühüm addımlar atır”.
Müşavirə
çərçivəsində gənclər Lənkəran
Tarix-Diyarşünaslıq Muzeyində də olublar.
Günün
ikinci yarısında “Sağlam gənclik, sağlam gələcək
deməkdir” mövzusunda diskussiya keçirilib. Tədbiri
giriş sözü ilə açan Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə həyata
keçirilən gənclər siyasəti, gənclərə
göstərilən diqqət və qayğı barədə ətraflı
danışıb: “Ölkəmizdə yeni iş yerlərinin
açılması, tələbə gənclərin təqaüdlərinin
və gənclərin xarici ölkələrdə təhsil
imkanlarının artırılması dövlətimizin gənclərlə
bağlı siyasətinin əsas istiqamətləridir. Təsadüfi
deyil ki, gənclər ölkənin ictimai-siyasi həyatında
fəal iştirak edirlər”.
Daha
sonra çıxış edən YAP Gənclər Birliyinin sədr
müavini Samirə Quliyeva bildirib ki, Azərbaycanın
ictimai-siyasi həyatında mühüm rola malik olan YAP hər
zaman dövlətimizin inkişafı ilə bağlı məsələlərdə
fəallığı ilə seçilib. Bu mənada YAP Gənclər
Birliyinin üzvləri də hər zaman milli
maraqlarımızın qorunması, inkişaf etdirilməsi
işində fəallıq nümayiş etdirirlər: “Ölkəmizdə
yüksək bilik və bacarığa, intellektə malik yeni gənc
nəsil formalaşır. Sevindirici haldır ki, bu gənclərin
əksəriyyəti partiyamızın sıralarında cəmləşir.
Gənclərin fəaliyyəti üçün geniş
imkanlar yaradan YAP onların potensialından səmərəli
istifadə edir”.
O, həmçinin,
“Artıq Azərbaycanda elə bir gənc nəsil
formalaşıb ki, ona həm Azərbaycan cəmiyyəti
etibar edir, həm də dünyada hörmət olunur. Bu gün
Azərbaycan gəncliyi intellektualdır, gənclərimiz fəaliyyət
göstərdikləri hər bir sahədə yüksək
peşəkarlıq nümayiş etdirirlər. Gənclərimizin
fəallığı Azərbaycanın beynəlxalq
nüfuzuna da öz müsbət təsirini göstərir”, -
sözlərini də əlavə edib.
Müşavirənin
ikinci günü eyni zamanda, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası ilə bağlı
region gənclərinin fikir və təklifləri”
mövzusunda diskussiya keçirilib. Lənkərandakı
“Palıdlı sahil” istirahət mərkəzində
keçirilən diskussiyanın aparıcı YAP Gənclər
Birliyinin sədr müavini Aytac Əliyeva deyib ki, Azərbaycanın
əldə etdiyi inkişaf davamlı xarakter
daşıyır. Bu mənada Prezident İlham Əliyevin
2011-ci il noyabrın 29-da imzaladığı “Azərbaycan 2020:
gələcəyə baxış” İnkişaf
Konsepsiyasının hazırlanması barədə Sərəncam
böyük əhəmiyyətə malikdir: “Sərəncamda
da qeyd olunduğu kimi, yeni mərhələnin əsas hədəfi
çoxşaxəli, səmərəli və
innovasiyayönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə,
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır”.
A.Əliyeva
əlavə edib ki, Azərbaycanın ictimai-siyasi həyatında
hər zaman fəallığı ilə seçilən,
dövlətimizin inkişafına töhfə verməyə
çalışan YAP Gənclər Birliyi də, məhz bu
Konsepsiya ilə bağlı istər Bakıda, istərsə də
bölgələrdə geniş fikir mübadilələrinin
aparılmasını məqsədəuyğun sayıb.
Mövzu
ətrafında çıxış edən region gəncləri
də son illərdə ölkəmizdə gedən inkişaf
prosesi ilə bağlı danışıblar. YAP Lerik rayon təşkilatı
Gənclər Birliyinin sədri Zamiq Əhədov deyib ki, bu
cür tədbirlərdə aparılan müzakirələr gənclər
tərəfindən bir sıra təkliflərin səsləndirilməsi
baxımından vacib xarakter daşıyır: “Bu cür tədbirlərdə
aparılan müzakirələr də YAP Gənclər
Birliyində təmsil olunan gənclərin dövlətimizin gələcək
illərdə də uğurlu inkişafı üçün
səmərə verəcək, həmçinin,
İnkişaf Konsepsiyasında qeyd oluna biləcək təkliflərinin
səsləndirilməsi baxımından vacib xarakter
daşıyır”.
Digər
çıxışçılar da müzakirələri
müsbət qiymətləndirib, həmçinin, öz təklif
və rəylərini səsləndiriblər.
Günün
sonunda isə gənclər arasında Ümummilli liderimiz Heydər
Əliyevin həyat və fəaliyyəti ilə bağlı
intellektual yarış keçirilib.
Beləliklə,
YAP Gənclər Birliyinin gənclərimizin hərtərəfli
inkişafını hədəfləyən daha bir tədbiri
başa çatıb. Tədbir
iştirakçılarının yekun qənaəti bundan ibarət
olub ki, həm yay və qış məktəbləri layihəsi,
həm də seminar və müşavirələr gənclərə
bir daha canlı ünsiyyət qurmağa, fikir mübadiləsi
aparmağa, vahid məqsəd ətrafında daha sıx birləşməyə,
bəzi hallarda anti-Azərbaycan qüvvələrinin
şirnikləşdirici vədlərinə aldanaraq səhv
istiqamət götürən gənclərin düz yola gətirilməsi
üçün çağırışlar etməyə
imkan yaradır. Bu isə, həm də, onu deməyə əsas
verir ki, YAP hər zaman ölkə gəncliyinin vətənpərvər
ruhda inkişafına şərait yaradır.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2012.- 17 aprel.- S.5.