Milli maraqları təmin edən mütərəqqi xarici siyasət

 

Qloballaşma şəraitində Azərbaycan vacib layihələrin həyata keçirilməsində, o cümlədən dövlətlər və regionlar arasında fasiləsiz və təhlükəsiz əlaqələrin yaradılmasını səmərəli şəkildə təmin etməyə imkan verən transregional infrastrukturun formalaşdırılmasında əsas rol oynamaqda davam edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistematik strategiyanın fonunda milli təhlükəsizliyə real və potensial təhdid yaradan ünsürlərin neytrallaşdırılması, münasibətləri sürüşkən müstəvidə cərəyan edən qüvvələrarası antaqonist əlaqələrə son qoyularaq ümumi konsensusun əldə edilməsi, parlament və hökumət böhranı şəklində təzahür edən və mürəkkəb siyasi-hüquqi kataklizmlərlə müşayiət edilən daxili siyasi böhranın aradan qaldırılması və ümumilikdə ictimai-siyasi sabitliyin təmin edilməsi artıq qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu vəzifəsinin fonunda növbəti strateji istiqamətlərin müəyyən edilməsini diktə edirdi. Bu istiqamətlər sırasına siyasi sistemin təməl atributları və struktur elementlərinin dirçəldilməsi və təkmilləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi, inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, legitimləşdirmə tendensiyasının sürətləndirilməsi fonunda siyasi plüralizmin təmin edilməsi və bütün bunların əsasında demokratik transformasiyanın milli dəyərlərə və maraqlara müvafiq surətdə baş tutması kimi fundamental strateji vəzifələr aid idi. Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan Ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi.

Qürur hissi ilə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin apardığı mütəşəkkil və praqmatik xarici siyasət nəticəsində Azərbaycanın regional və qlobal səviyyədə mövqeləri daha da möhkəmlənməkdədir. Həyata keçirilən hücumçu diplomatiya kursunda bir çox uğurlu çalarlar, yalnız qələbələrə, müvəffəqiyyətlərə doğru istiqamətlənmiş qəti addımlar özündə bir sıra xüsusiyyətləri ehtiva etməklə yanaşı, Azərbaycanın regionda lider dövlət olduğunu bir daha sübut edir. Təbii ki, hazırda yürüdülən mükəmməl siyasi kursun zamanında Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilməsi və məhz bu əhəmiyyətli faktorun dövlət başçısı tərəfindən mütərəqqi ardıcıllıqla davam etdirilməsi qeyd edilən məfhumları özündə yetərincə əks etdirməkdədir. Və bu siyasət zəfərlərə hesablanmış siyasət olaraq bütövlükdə Azərbaycanın tükənməz perspektivlərini, potensialını, siyasi gücünü dünya dövlətləri qarşısında sərgiləyir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili-xarici siyasət dünyanın aparıcı dövlətləri tərəfindən etiraf olunmaqdadır və bu gün Azərbaycanın gerçəkləşdirdiyi beynəlxalq əhəmiyyətli layihələr, o cümlədən nəhəng enerji layihələri çərçivəsində iştirak etmək istəyən nüfuzlu şirkətlər Bakıya rəsmi müraciətlər edir, həmin layihələrin real iştirakçısına çevrilməyi arzulayırlar.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan rəhbərliyi məqsədyönlü şəkildə istiqamətləndirilmiş siyasət yürüdür və ümumilikdə ölkənin inkişaf perspektivini aydın şəkildə görür. Ölkə başçısı vurğulamışdır ki, Azərbaycanın hərbi gücünün-qüdrətinin artmasına, neft strategiyasının bəhrələrindən bacarıqla faydalanmağa və qeyri-neft sektorunda inkişafa nail olmaq ən prioritet vəzifələrdən biridir. Digər tərəfdən bir amil də hər zaman önəm kəsb etmişdir ki, istənilən dövlətin xarici siyasəti ölkənin sosial-iqtisadi və ictimai-siyasi inkişaf səviyyəsi, coğrafi mövqeyi və milli-tarixi ənənələri, o cümlədən suverenliyin və təhlükəsizliyin təmin edilməsi faktorları ilə müəyyən olunur. Bütün bunlar da xarici siyasətin kontekstində milli maraqlar konsepsiyanın əsasını formalaşdırır. Dövlətin milli maraqları geosiyasi parametrlərə və çoxsaylı qarşılıqlı əlaqədə olan və bir-birini tamamlayan faktor baxımından resurs imkanlarına uyğun formalaşır. Tarix göstərir ki, istənilən dövlətin xarici siyasətinin uğuru təkcə milli maraqların dəqiq müəyyənləşdirilməsindən deyil, o cümlədən milli maraqların təmin edilməsinə aparan yolun və vasitələrin aydın şəkildə anlaşılmasından asılıdır. Məhz bu kontekstdən də bəllidir ki, Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmiş qətiyyətli fəaliyyəti daim yüksək qiymətləndirilir.

Qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasətinin prioritetləri ölkənin ərazi bütövlüyünün tezliklə bərpa edilməsindən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasından, qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsindən, NATO, Avropa İttifaqı, Avropa Şurası, Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiyadan, ölkənin Qərb və Şərqin qovuşuğunda yerləşməsindən faydalanmaqla mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirməkdən, regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsindən ibarətdir.

Vurğuladığımız kimi ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş mövqeyi ildən-ilə möhkəmlənir. “Azərbaycan etibarlı tərəfdaşdır. Bu cümlədə çox böyük məna vardır... Etibarlı tərəfdaş olmaq çox böyük məsuliyyətdir və böyük nailiyyətdir”. Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasını şərtləndirən amilləri diqqətə çatdırdı. Dünya əhəmiyyətli enerji layihələrinin təşəbbüsçüsü olan Azərbaycan eyni zamanda onları gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Bu məsələ də hər zaman bəyan edilir ki, layihələrin, təşəbbüslərin davamlılığını təmin etmək üçün bölgədə mövcud olan münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli vacibdir. Məsələ ilə bağlı güclü hüquqi baza mövcud olsa da, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin kağız üzərində qalması problemin həllinin uzanmasına səbəb olur.

Nazirlər Kabinetinin iclasında bir daha diqqəti Dağlıq Qarabağ probleminə yönəldən dövlət başçısı İlham Əliyev Azərbaycanın prinsipial mövqeyinin tarixi həqiqətlərə və beynəlxalq hüquq normalarına əsaslandığını önə çəkərək, ölkəmizin iqtisadi inkişafının, demoqrafik durumunun, hərbi potensialının münaqişənin tezliklə öz ədalətli həllini tapacağına böyük əminilk yaratdığını bildirdi.

Bu gün işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsini şərtləndirən əsas amillərdən biri iqtisadi inkişafıdır.

Təkcə ötən ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir ki, Azərbaycanın iqtisadi inkişafı barədə aydın təsəvvür yaransın. Belə ki, ölkəmizdə müxtəlif sahələrin inkişafına yönələn məqsədyönlü proqramların sayı 50-dən çoxdur. Məlumdur ki, Azərbaycan neft və qazla zəngin olan ölkədir. Ölkəmizin enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni yolların müəyyənləşdirilməsi istiqamətində göstərdiyi səylər əldə olunan uğurlu nəticələrdə özünü aydın şəkildə göstərir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin artan nüfüzunun, siyasi çəkisinin təsdiqidir. Yeni yataqların aşkarlanması ölkəmizin neft-qaz ehtiyatlarının artmasına, qarşıya qoyulan məqsədlərə nail olmağa geniş imkanlar açır. Dövlət başçısı İlham Əliyev “Abşeron” blokunda iri qaz yatağının kəşf edilməsini xüsusi önə çəkərək bildirdi ki, təqribən 300-350 milyard kubmetr səviyyəsində yeni qaz ehtiyatları yaradılmış, həmçinin “Ümid” yatağı kəşf edilmişdir. “Beləliklə, bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr səviyyəsindədir. Bu, dünya miqyasında çox böyük rəqəmdir”, söyləyən dövlət başçısı bildirmişdir ki, coğrafi vəziyyətimizi nəzərə alsaq, bu, nəinki bizim üçün, tərəfdaşlarımız üçün, Avropa üçün yeni imkanlar açır.

Uğurlu neft-qaz layihələri Azərbaycanın iqtisadi və maliyyə imkanlarının artmasına stimul verir. Bu tərəqqi isə öz növbəsində digər, xüsusilə hərbi sənayenin inkişafına da öz müsbət təsirini göstərir. Ölkəmizin hərbi büdcəsi 3 milyard dollardan artıqdır. Ordunun maddi- texniki bazası günbəgün möhkəmlənir. Dövlət başçısı İlham Əliyev Ermənistanla Azərbaycanda keçirilən hərbi paradın müqayisəli təhlilini aparmaqla hazırda işğalçı dövlətin silahlı qüvvələrində vəziyyətin nə qədər açınacaqlı olduğunu diqqətə çatdırdı. İqtisadiyyatı iflic vəziyyətində olan bir dövlətin güclü ordudan danışması təbii ki, gülüncdür.

Ölkəmizin bu uğurları, eyni zamanda real faktlara əsaslanan təbliğatı, diplomatik mübarizədə qələbəsi beynəlxalq birliyin Azərbaycana artan diqqət və marağında da özünü qabarıq şəkildə göstərir.

2011-ci ildə xarici siyasət sahəsində əldə edilən ən ciddi uğur heç şübhəsiz Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi oldu. Məlum olduğu kimi, Azərbaycan Sloveniya və Macarıstan ilə birgə Avropa ölkələrindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə bir yer üzrə öz namizədliyini irəli sürmüşdü. Keçirilən seçkilərin birinci günü Macarıstan ilk turda az sayda səs toplayaraq mübarizəni davam etdirə bilmədi. 9 raund səsvermədən sonra bu yer uğrunda Azərbaycan və Sloveniya mübarizə apardı. Son raundda Azərbaycan daha yüksək səs qazanaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.

Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatında bu hadisəni xalqımızın, dövlətimizin qələbəsi, həyata keçirilən siyasətin təntənəsi kimi dəyərləndirərək, bir daha bildirdi ki, 155 ölkənin Azərbaycana dəstəyi ölkəmizin artan mövqeyinin, siyasi çəkisinin təsdiqidir. 20 illik müstəqillik tarixində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza atıb. Daxili siyasətin davamı kimi qəbul olunan xarici siyasətdə əldə olunan uğurlar göz qabağındadır. Ulu öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin özünü beynəlxalq aləmdə təsdiqləməsində xarici siyasətin düzgün qurulmasını vacib amil kimi önə çəkirdi. Azərbaycan ötən bu dövrdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda çox mühüm uğurlar əldə edib. Dövlətimizin bayrağının dünyanın nüfuzlu təşkilatlarının qarşısında dalğalanması qürurverici hadisədir. Azərbaycan bu qurumlarda təmsil olunmaqla həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tribuna əldə edir.

Dövlət başçısı İlham Əliyev bəyanatında Azərbaycana artan diqqət və inamı şərtləndirən amillərdən biri kimi həyata keçirilən müstəqil siyasəti önə çəkir: “Bizim xarici siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu siyasət əməkdaşlığı genişləndirmək, artırmaq üçün aparılan siyasətdir”.

Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə təsirsiz olmayacaq.

Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizik Şurası 15 üzvdən ibarətdir. Bunlardan 5-i, yəni ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa daimi üzvlərdir və veto hüququna malikdirlər. Digər 10 üzv isə 2 il müddətinə seçilir. Yeni seçilən ölkələr 2012-ci ilin yanvarın 1-dən səlahiyətlərinin icrasına başlayıb.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünya dövlətlərinin, təşkilatlarının təmsilçiləri tərəfindən də ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza sahib olduğunun təsdiqi kimi qiymətləndirilir. Bu gün ölkəmizin inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsi bir daha belə bir həqiqəti təsdiqləyir ki, düzgün müəyyənləşdirilən siyasət ölkəni daim inkişafa aparar. 2009-cu ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından Azərbaycanın uğurla çıxması bu faktı bir daha təsdiqlədi. İqtisadi tərəqqi və müstəqillik siyasi müstəqillik üçün əsasdır. Vaxtilə çoxlarına əfsanə kimi görünən layihələr bu gün reallığa çevrilməklə ölkəmizin uzunmüddətli iqtisadi inkişafına zəmin yaradıb. Yeni-yeni layihələrin təşəbbüsçüsü olan Azərbaycan eyni zamanda onları gerçəkləşdirən ölkə kimi nüfuz qazanır. İnvestisiya cəlbediciliyini yüksək səviyyədə qoruyan Azərbaycan həm də bu və ya digər ölkələrdə uğurlu investisiya layihələri həyata keçirir. “PETKİM” kimi nəhəng müəssisə artıq Azərbaycan Dövlət Neft Şirkətinin mülkiyyətidir. Bu müəssisəyə və Kulevi terminalına qoyulan sərmayələr öz səmərəsini verir. Gürcüstanda, Ukraynada və digər ölkələrdə yanacaqdoldurma stansiyalarının tikintisini, qaz təsərrüfatında idarəçilik prinsiplərini Azərbaycan Dövlət Neft Şirkəti icra edir. Bütün bunlar imkanlarımızı genişləndirir. Dövlət başçısı İlham Əliyev bildirir ki, ARDNŞ-in beynəlxalq şirkətə çevrilməsi məhz bu yoldan keçir. Bir sözlə, iqtisadi uğurlarımız bir-birini əvəzləməkdədir.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bugünkü reallıqlarımız- iqtisadi tərəqqi, güclü ordu, beynəlxalq dəstək, ən əsası xalq-iqtidar birliyi bu prbolemin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır.

Azərbaycan dövləti bütün beynəlxalq təşkilatlarda problemin müzakirəsinə səy göstərir. BMT-də mütəmadi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarılması da Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin və səylərinin nəticəsidir. Rəsmi Bakı hər zaman bildirir ki, münaqişənin həllində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupu yerinə yetirsə də, bütün beynəlxalq təşkilatların potensialından səmərəli istifadə etmək niyyətindədir. Xatırlatmaq istərdik ki, Azərbaycan dövləti Faktaraşdırıcı Missiyanın yaradılması ilə bağlı BMT-yə müraciət etmişdir. Rəsmi Bakının bu addımını ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirən həmsədrlər Faktaraşdırıcı Missiyanın qurum tərəfindən yaradılmasının vacibliyini bildirdilər. Bu missiya 2005-ci ildə ATƏT tərəfindən yaradıldı.

Bu gün Dağlıq Qarabağla bağlı bir sıra beynəlxalq təşkilatların qərar və qətnamələri var. Avropa Şurası, ATƏT, İƏT, Avropa Parlmenti qəbul etdikləri qətnamələrdə Ermənistanın işğalçılıq siyasətini pisləyir, tarixi saxtalaşdırmamağa çağırır. BMT Təhlükəsizlik Şurasının müxtəlif vaxtlarda qəbul etdiyi 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğu, erməni işğalçılarının bu torpaqlardan qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Nə üçün işğalçı Ermənistan bu sənədlərə məhəl qoymur, onların yerinə yetirilməsi barədə düşünmür? Rəsmi Bakını narahat edən, sərt bəyanatlarla çıxış etməyə məcbur edən də məhz Ermənistana dünyanın göstərdiyi dəstək, bir sözlə, ikili siyasətdir.

Bu günədək işğalçılıq siyasətinə, beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymadığına görə heç bir təzyiqə məruz qalmadığının nəticəsidir ki, Ermənistan rəhbərliyi dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından utanmadan Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu bildirməklə yanaşı, torpaqlarımızın işğalında bilavasitə iştirakçı olduqlarını böyük sevinc hissi ilə qeyd edirlər. BMT Baş Assambleyasının 66-cı sessiyasında da Ermənistan prezidenti Dağlıq Qarabağın müstəqil qurum olduğunu bəyan edərək, bu yalanının həqiqət olduğunu sübut etmək üçün əsassız fikirlər səsləndirdi. Lakin sessiyanın gedişi zamanı bu reallığı dərk etmək məcburiyyətində olduğunu müəyyənləşdirdi. Faktlara əsaslanmayan təbliğat heç zaman inandırıcı görünə və qəbul oluna bilməz. Tarix faktlara əsaslanır. Tarixi inkar etməklə nəyəsə nail olmaq mümkünsüzdür. Müstəqilliyi formal xarakter daşıyan, forpost olduğunu hər addımında təsdiqləyən işğalçı dövlət Azərbaycanla müqayisə olunmaz səviyyədə olduğunu aydın dərk edir.

Dövlət başçısı İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv olmaq üçün Ermənistanın da ilkin mərhələdə namizədliyini irəli sürdüyünü, sonrakı mərhələdə Azərbaycanla diplomatik sahədə rəqabət aparmaq imkanında olmadığını dərk edib namizədliyini geri götürdüyünü önə çəkərək bu inamı ifadə etdi ki, işğalçı dövlət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də eyni yanaşmanı göstərəcəkdir. “Nəhayət, anlayacaqlar ki, Azərbaycanla heç bir sahədə onlar rəqabət apara bilmirlər və bilməyəcəklər. Nə qədər tez bunu anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır. Çünki onların BMT Təhlükəsizlik Şurasına seçkilərdə siyasi və diplomatik iflası, uğursuzluğu istisna edilmir ki, təkcə diplomatik meydanla məhdudlaşmayacaqdır. Azərbaycan güclü dövlətdir və güclü dövlətlərlə qonşular adətən dost olmaq istəyirlər”.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi üçün qurum üzvlərinin göstərdiyi dəstəyi ölkəmizin hərtərəfli inkişafının, beynəlxalq münasibətlərin təzahürü kimi qeyd edir. Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Xarici siyasətində qarşılıqlı əməkdaşlıq əlaqələrinə xüsusi önəm verən ölkəmiz heç bir dövlətin daxili işinə müdaxilə etmir və bu müdaxiləni qəbuledilməz hesab edir. Dövlət başçısı İlham Əliyevin “Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilmişik”, fikri də münasibətlərdə qarşılıqlı maraqlar və hörmət prinsipinin əsas götürüldüyünün təsdiqidir.

Müstəqli Azərbaycan bu gün biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir. Artıq bir daha inamla demək olar ki, Prezident İlham Əliyevin apardığı mütəşəkkil və praqmatik xarici siyasət nəticəsində Azərbaycanın regional və qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam edəcək və bu faktorun nəticəsi olaraq ölkəmizin artan nüfuzu növbəti qələbələrə, zəfərlərə doğru atılan nəhəng addım kimi bütün dünyaya səs salacaq.

 

 

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı,

YAP Siyasi Şurasının üzvü

 

Yeni Azərbaycan.- 2012.- 18 aprel.- S.4.