Azərbaycanla Avropa Şurası arasında münasibətlərin yüksək səviyyədə olması hər iki tərəfin marağına tam cavab verir

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova www.yap.org.az saytına müsahibə verib:

- Sahibə xanım, məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının Sankt-Peterburq şəhərində tədbiri keçirilib. Tədbir hansı məsələləri əhatə edirdi? İstərdik, ilk olaraq, bu haqda məlumat verəsiniz...

- Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB, Avropa Şurası Parlament Assambleyası və ATƏT-in birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib. Mən həmin tədbirdə AŞPA nümayəndəsi kimi iştirak etmişəm və bu qurumu təmsil etmişəm. Dəyirmi masada insan alverinə qarşı mübarizədə mövcud vəziyyət, əldə olunan nailiyyətlər, problemlər, Avropa Şurasının və ATƏT bu sahədə atdığı addımlarla bağlı geniş məlumat verildi, müxtəlif dövlətlərin təcrübələri haqqında məruzələr dinlənildi, qarşılıqlı maraq doğuran fikir mübadiləsi aparıldı. Mən həmin dəyirmi masada çıxış edərək, bu sahədə görülən işlərlə bağlı fikirlərimi bildirdim, AŞ PA-nın bu məsələyə həssas münasibətini ifadə etdim.

- Aprelin 23-27-də Strasburqda AŞPA-nın yaz sessiyası keçiriləcək. Bu sessiya çərçivəsində hansı məsələlərin müzakirə olunması nəzərdə tutulur? Gündəliyə Azərbaycanla bağlı hansısa məsələlərin müzakirəsi daxil edilibmi və siz, Azərbaycan nümayəndə heyətinin üzvü olaraq, hansı məsələlərlə bağlı çıxış edəcəksiniz?

- Əvvəla, onu qeyd edim ki, gündəliyə Azərbaycanla bağlı heç bir məsələ daxil edilməyib. AŞPA-nın yaz sessiyasında qurumun vitse-prezidentləri seçiləcək, AŞPA Bürosunda və daimi komitədə Rusiyada prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunacaq. Gündəliyə, həmçinin, Avropa Şurasının cənub qonşuluğunda gender bərabərliyi və qadınların statusu, idmanda etika və effektiv idarəetmə, oyunların fiksasiyası məsələləri, onlayn kütləvi informasiya vasitələri və internetdə söz azadlığını ifadə etmək hüququnun müdafiəsi, Şimali Qafqaz regionunda məcburi köçkünlərin durumu, iqtisadi və maliyyə böhranı ilə əlaqədar pensiyaların azaldılması problemi daxil edilib.

Təbii ki, həm mən, həm də nümayəndə heyətimizin digər üzvləri qaldırılan bütün məsələlərlə bağlı fikirlərimizi bildirəcək, müvafiq təkliflərimizi səsləndirəcəyik. Bilirsiniz ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinin əsas istiqamətlərindən biri Ermənistan dövlətinin apardığı işğalçı siyasətin ifşasına nail olmaq, bu məsələnin Azərbaycana və ümumilikdə, regionun inkişafına yaratdığı təhlükələr və fəsadlar haqqında Avropa ictimaiyyətini məlumatlandırmaqdır. Bu sessiyada da bununla bağlı işlər davam etdiriləcək. Həmçinin, Azərbaycanın Avropaya inteqrasiyası, ölkəmizdə aparılan demokratik islahatların mövcud nəticələri, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələr barədə də çıxışlar olacaq.

- Yeri gəlmişkən, Avropa Şurası ilə Azərbaycan arasında əlaqələri necə qiymətləndirirsiniz?

- Bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Təbii ki, bir sıra hallarda bu təşkilatın ölkəmizdə baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunub və bunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlib. Azərbaycan tərəfi isə bununla bağlı etirazlarını dilə gətirib və müvafiq qurumlara çatdırıb. İstərdik ki, bu hallar təkrarlanmasın və qurumla ölkəmizin əməkdaşlığına kölgə salacaq hansısa neqativ olaylar baş verməsin.

Ümumiyyətlə isə, hesab edirəm ki, Azərbaycanla AŞ arasında münasibətləri yüksək qiymətləndirmək olar və bu əlaqələrin daha da inkişafı hər iki tərəfin marağına tam cavab verir.

- Hər halda sizin, bu qurumun alt komitəsinin sədri seçilməyiniz də nümayəndə heyətimizin üzvlərinin kifayət qədər effektiv çalışmasının təzahürüdür...

- Bəli, sizin də qeyd etdiyiniz kimi, AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin bir müddət öncə keçirilən iclasında Rasizm və Ksenofobiya alt komitəsinin sədri seçildim. Hesab edirəm ki, bu, bir neçə cəhətdən bizim üçün əhəmiyyətlidir. Əvvəla, bu, onu göstərir ki, Azərbaycanda möhkəm tolerantlıq mühiti var və burada yaşayan müxtəlif xalqların nümayəndələrinin bütün hüquqları ən yüksək səviyyədə qorunur. Avropa ictimaiyyəti də bunun yüksək qiymətləndirir ki, məhz azərbaycanlı parlamentari bu alt komitəyə rəhbərlik edir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadı mövcuddur.

- Sahibə xanım, siz həm də gender sahəsi üzrə mütəxəssissiniz. Təbii ki, bu, sizə həm, millət vəkili kimi, qanunvericilik orqanında bu sahədə daha yaxşı sənədlərin hazırlanmasında iştiraka, həm də, AŞPA-nın müvafiq komitəsində daha effektiv fəaliyyət göstərməyə imkan verir. Ümumiyyətlə, ölkəmizdə gender sahəsində həyata keçirilən siyasətin necə qiymətləndirirsiniz və dünyada bu məsələlər hansı səviyyədə həll olunur?

- Əvvəla, bir məsələyə aydınlıq gətirmək istəyirəm. Mən ixtisasca filoloqam. Amma mən tədris prosesində gender məsələlərinin araşdırılması ilə də məşğulam. Təvazökarlıqdan da uzaq da olsa, bu, istiqamətdə müxtəlif beynəlxalq mükafat və diplomlarla təltif olunmuşam. 2006-2007-ci illərdə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışmışam. ABŞ-ın Prinston, Miçiqan, Tennessi Universitetlərində mühazirələrlə çıxış etmişəm. Ümumiyyətlə, gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas istiqamətlərindən birini təşkil edir. Ona görə də, demokratiyanın inkişaf etdiyi, azad cəmiyyətlərdə bu məsələyə xüsusi diqqət yetirilir, bununla bağlı müxtəlif konvensiya və proqramlar icra olunur.

Ölkəmizdə də gender bərabərliyinin təmin olunması insan və vətəndaş hüquqlarının möhkəmləndirilməsi yönündə aparılan islahatların mühüm komponentlərindən biri kimi çıxış edir. Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Tarixin bütün dövrlərində qadınlarımız həm sədaqətli, ləyaqətli həyat yoldaşı, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edib, kişilərlə çiyin-çiyinə mübarizə aparıb. Heç də təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan qadınları haqqında yüksək fikirlər bildirir, onların idarəçilikdə təmsil olunması, fəallığının artırılması, bütün problemlərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsi məsələlərinə çox diqqətlə yanaşırdı. Ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə qadın siyasətinin həyata keçirilməsində də mütərəqqi nailiyyətlər əldə olunub. Azərbaycanda məqsədyönlü gender siyasətinin aparıldığını göstərən ən önəmli məqamlardan biri bu sahəyə aid xüsusi Dövlət Proqramının qəbul olunmasıdır. Həyata keçirilən səmərəli gender siyasəti isə Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qadını ölkəmizin milli maraqlarının qorunması, xalqımızın adət-ənənələrinin, dəyərlərimizin dünyada təbliğ olunması istiqamətində ciddi iş aparırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti, gördüyü işlər hər birimiz üçün örnək təşkil edir.

Təbii ki, qadın siyasətinin həyata keçirilməsində dövlətin səyləri və iradəsi ilə yanaşı, ictimai təşkilatların, siyasi institutların da ciddi fəaliyyət göstərməsi vacibdir. Bu mənada Yeni Azərbaycan Partiyasının təşəbbüsləri və təklifləri cəmiyyətimiz tərəfindən ciddi dəstək görür. Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası qadınlarımızın siyasi fəallığının artırılması, idarəçilikdə rolunun gücləndirilməsi yönündə müxtəlif təşəbbüslər irəli sürür. Ona görə də mən hesab edirəm ki, digər siyasi institutlar və vətəndaş cəmiyyətini təmsil edən təşkilatlar da bu sahədə daha effektiv addımlar atmalı, dövlətin siyasətinə dəstək verməlidir.

- Təhsil və elm sahəsində çalışan bir şəxs kimi, Azərbaycanda təhsil sahəsində görülən işlərlə bağlı fikirlərinizi öyrənmək də maraqlı olardı. Ölkəmizdə həyata keçirilən təhsil islahatları Azərbaycanın Avropaya inteqrasiyası prosesinin tələblərinə cavab verirmi?

- Azərbaycan dövləti öz müstəqilliyini elan etdikdən sonra bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də yeni dövrün şərtləri ilə üz-üzə qalmışdı. Öz yolunu Avropaya inteqrasiya olaraq müəyyənləşdirmiş Azərbaycanın təhsil sistemində də yeni dövrün çağırışlarına uyğun olaraq islahatlar həyata keçirmək, təhsilin mütərəqqi inkişafına nail olmaq üçün zəruri addımlar atmaq vacib idi. Ona görə də, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı, effektiv təhsil islahatlarına başlandı. Hazırda isə biz onun uğurlu nəticələrini görməkdəyik. Bu gün Azərbaycanın təhsil sisteminin Boloniya prosesinə uyğunlaşdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Burada əsas məqsəd təhsilimizin keyfiyyətini artırmaq və təhsildə Qərb standartlarının tətbiqinə nail olmaqdır. Son illər ərzində təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına bütün tədris müəssisələrinin maddi-texniki təminatı xeyli dərəcədə yaxşılaşıb. Bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün xeyli iş görülüb. Təhsil sahəsində çalışanların əməkhaqlarının artırılması, sosial problemlərin tədricən aradan qaldırılması təhsildə neqativ halların qarşısının tam alınması üçün imkan yaradıb. Hesab edirəm ki, bir neçə ildən sonra biz bu gün həyata keçirilən islahatların nəticələrini və ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəlməsini daha aydın görəcəyik. Mən digər bir vacib məsələyə də diqqət çəkmək istəyirəm. Bilirsiniz ki, dövlətin təhsil sahəsində əsas diqqət ayırdığı məsələlərdən biri də tələbələrimizin müxtəlif ölkələrdə təhsil almağa göndərilməsidir. Bu sahədə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilib və hazırda icra olunmaqdadır. Hesab edirəm ki, bu Dövlət Proqramının icra olunması çox əhəmiyyətli bir məsələdir və ölkəmiz üçün yüksək səviyyədə hazırlıq keçmiş savadlı, müasir biliklərə, elmlərə yiyələnmiş, müasir texnologiyaları dərindən bilən kadrların hazırlanmasına şərait yaradır. Bu isə yekunda həm vətəndaşlarımızın, həm də dövlətimizin prosesdə qazanclı çıxmasını şərtləndirir.

 

 

Yeni Azərbaycan.- 2012.- 19 aprel.- S.6.