“Biz partiyaları üç qrupa bölmüşük”

 

Əli Həsənov: Müxalifət bir daha nümayiş etdirir ki, onun üçün dövlət, millət adlı ali məfhumlar yoxdur, konkret təkliflərinin reallaşması əsasdır

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Media forum” saytına müsahibəsinin davamını oxuculara təqdim edirik. Müsahibənin birinci hissəsi saytda aprelin 17-də yerləşdirilib.

Partiyaların sayının çoxalmasındansa keyfiyyətinin yaxşılaşması daha əlverişlidir

- “Siyasi partiyalar haqqında” Qanuna təklif olunan dəyişikliklər aprelin 20-də Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bu layihədə mübahisə yaradan əsas müddəa partiyaların dövlətdən maliyyələşməsi mexanizmi ilə bağlıdır. Təklif olunan mexanizmə əsasən, ayrılacaq vəsaitin 50 faizinədək hissəsini hakim Yeni Azərbaycan Partiyası alacaq. Parlamentdə təmsil olunmayan, amma seçkilərdə 3 faizədək səs toplayan partiyaların da dövlətdən maliyyə alması nəzərdə tutulur. Amma hətta belə olan halda da AXCP, Müsavat Partiyası və digər müxalifət partiyaları dövlətdən maliyyə dəstəyi ala bilməyəcək. 3 faizlik baryerin aşağı salınması mümkündürmü?

- “Siyasi partiyalar haqqında” Qanuna təklif olunan dəyişikliklər layihəsinin müəlliflərindən biri də mənəm. Dəyişikliklər layihəsini hazırlayarkən qanunun tək hüquqi anlamını deyil, həm də onun siyasətini nəzərə almışıq. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı, dərinləşdirilməsi, getdikcə təmərküzləşərək ciddi siyasi instituta çevrilməsi nəzərə alınıb. Azərbaycan kimi kiçik dövlətdə 50-dən artıq partiya var. Ona görə də zaman-zaman Azərbaycan o həddə gəlib çatmalıdır ki, partiya dedikdə insanların təfəkküründə həqiqi siyasi institut, hakimiyyəti idarə etməyə qadir, cəmiyyəti təmsil edə biləcək institut təsəvvür olunsun. Qanunun siyasətinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində həm mövcud vəziyyət, həm də siyasi institutların perspektivi burada nəzərdə alınsın.

Əlbəttə ki, parlamentdə müxtəlif fikirlər səslənəcək, layihəyə çox yaxşı əlavələr, təkliflər də ola bilər. O vaxt Venesiya Komissiyasında da müxtəlif fikirlər səsləndirilmişdi. Necə olacaq, nə təhər olacaq, bu, sonrakı prosesdir.

Dəyişikliklər layihəsində partiyalar üç yerə ayrılıb. Maliyyələşmə də belə gedir: hakim partiya - mövcud qalib partiya, yəni hakimiyyətin bütün strukturunu formalaşdıran, dövlətin idarəçiliyini həyata keçirən partiya; ikincisi, parlamentdə yer qazanan digər partiyalar - qanunverici hakimiyyətdə bəlli təmsilçilik norması olan partiyalar; üçüncüsü, parlamentdə təmsil olunmayan partiyalar. Biz bu institutları da unutmamışıq, çünki gələcəkdə parlamentə düşməyən partiyalar da dərhal özünü buraxmamalıdır, əksinə, kənarda qalmalarına müvafiq olaraq birləşməli, qruplaşmalıdırlar. Yəni özünəməxsus güc mərkəzinə çevrilərək növbəti parlamentdə əsas iddiaçılara çevrilməlidirlər. Ona görə də 3 faizlik baryer bizim üçün ədalətlidir və dünyada belə məsələdə bundan aşağı hər hansı rəqəmi təsəvvürümə də gətirmirəm. 3 faizlik baryeri bu seçkidə qazana bilməyən partiya gələcək seçkilərə qədər mütləq başqaları ilə birləşməli, onların arasında birləşmə stimulu olmalıdır. Bu da həmin siyasi partiyanın güclənməsini, fərqli, daha güclü instituta çevrilməsini təmin etməlidir.

O ki qaldı 40-50 faiz məsələsinə, bu da parlamentdə müzakirə olunacaq. Onu deyim ki, bu təkcə parlamentin indiki tərkibinin strukturuna görə deyil. Yəni YAP-ın deputatlarının sayının daha çox olması, buna görə daha çox pul alması, digər partiyanın isə bir deputatı olduğuna görə az pul alması kimi məqamlar parlamentin indiki tərkibinin doğurduğu reallıqdır. Biz nəzəri baxımdan elə götürmüşük ki, növbəti parlamentdə belə olmaya da bilər. İndiki göstəricilər 20, 30, 40, 70 faiz miqyasında dəyişə bilər. Biz dünya ölkələrinin təcrübəsini əsas götürmüşük. Həmin təcrübə necədir? Vəsaitin 40-50 faizi qalib partiyaya düşür, qalanı isə paylanır. Ayrılacaq vəsait partiyaların ümumi gücünə, say tərkibinə və cəmiyyətdə kəsb etdiyi əhəmiyyətə, cəmiyyətdə qəbul olunduğu dəyərə görə bölündüyündən bunu ədalətli bölgü kimi qəbul etmək lazımdır.

- Sizcə, qanunun təzələnməsi Azərbaycanda siyasi müstəvidə nəyi dəyişəcək?

- Təklif olunan dəyişikliklər açıqlanıb və müxtəlif siyasi qüvvələr, düşərgələr bunu fərqli formalarda dəyərləndirirlər. Dövlət maliyyələşməsinə düşməyənlər hesab edirlər ki, 3 faizlik kvota aşağı salınmalıdır və başqa partiyalar da pul almalıdır. Seçkinin qalibi olan partiya isə deyir ki, onlara az vəsait düşür, payları daha çox olmalıdır, ayrılacaq dövlət vəsaitinin 90 faizi onlara verilməlidir, qalan 10 faiz isə digər siyasi təşkilatlar arasında bölünməlidir. Parlamentə düşən, amma həddən artıq azlıqda qalan, bir-iki deputatla təmsil olunan partiyalar düşünürlər ki, maliyyələşmədə onların payları artırılmalıdır. Nə qədər partiya varsa, bir o qədər də fikir var. Siyasi mülahizələrin çox olması onu göstərir ki, “Siyasi partiyalar haqqında” Qanun üzərində sonsuzluğa qədər işləmək mümkündür. Amma dəyişikliklər layihəsi hazırlanarkən burada yalnız hüquqi normalar, bu günün siyasi reallıqları nəzərə alınmayıb. Eyni zamanda Azərbaycanın gələcək siyasi palitrası, burada cərəyan edəcək proseslər nəzərə alınıb.

Qanunun hüquqi tərəfi və siyasəti var. Təklif olunan dəyişikliklərdə cəmiyyətin gələcək siyasi inkişafına, siyasi cəhətdən strukturlaşmasına və siyasi palitrasına yönəlmiş addımlar var. Mən bunun mahiyyətini qısaca olaraq belə diqqətə çatdırardım ki, biz partiyaları üç qrupa bölmüşük. Bunlar seçkinin qalibi olan partiyalar, bir qədər səs toplayıb parlamentə düşən partiyalar və 3 faizədək səs qazanan, amma Milli Məclisdə təmsil olunmayan partiyalardır. Biz istəyirik ki, gələcəkdə bu üç institut arasında münasibətləri yarış fonuna keçirək. Çöldə qalanlarla seçkidə qələbə qazananlar və azlıqda olanlar arasında həqiqi, demokratik yarış mühiti formalaşsın. Baryeri aşa bilməyən, parlamentə düşməyən partiyalar gələcəkdə təmərküzləşərək, birləşərək, səylərini, güclərini, tərəfdarlarını bir araya gətirərək güclü və ciddi instituta çevrilsinlər. Ciddi instituta çevrilən partiya isə artıq hakim partiya olmaq uğrunda mübarizə aparsın. Parlamentdə azlıqda qalan partiyalar da öz aralarında təmərküzləşsinlər, daha yaxşı güc mərkəzinə çevrilsinlər. Hesab edirik ki, dinamika kəmiyyətə deyil, keyfiyyətə yönəlməlidir. Partiyaların sayının çoxalmasındansa keyfiyyətinin yaxşılaşması daha əlverişlidir.

- Cəmiyyətdə əsas müxalifət partiyaları kimi tanınan Müsavat və Xalq Cəbhəsi partiyaları maliyyələşmədən kənarda qalırsa, bu mexanizm nə qədər effektli olacaq?

- Hesab edirəm ki, təklif olunan dəyişikliklər bu partiyalarda növbəti seçkilərə daha yaxşı hazırlaşmaq üçün stimul yaradacaq. 2015-ci ilin seçkisi çox da uzaqda deyil. 2015-ci ilin parlament, yaxud 2013-cü ilin prezident seçkilərində və digər seçkilərdə bu partiyalar fəaliyyətlərini, səylərini birləşdirsinlər, güclərini artırsınlar. Bunun nəticəsində isə növbəti seçkilərdə dövlətdən maliyyələşən partiyalar sırasına düşsünlər. Maliyyələşmə üçün nəzərdə tutulan baryeri 3 faizdən aşağı salmaq cəmiyyətin siyasi institutlaşmasını məhv etmək deməkdir. Əgər 3 faizdən aşağı səs toplayan partiya dövlət maliyyələşməsinə düşsə, o zaman Azərbaycanda nə qədər siyasi iddialı insan varsa, bir o qədər də partiyanın yaradılmasının şahidi olacağıq.

- Müxalifət hesab edir ki, sonuncu parlament seçkisi azad, ədalətli, demokratik olmayıb və onlar seçkidə rəsmi şəkildə göstəriləndən daha çox səs toplayıblar. 3 faizədək səs almayan partiyaların başqa mexanizmlə maliyyə alması mümkündürmü?

- Əgər partiyalar maliyyə almaq istəyirlərsə, buna nail olacaqlar. Bunun üçün müvafiq olaraq qanunun tələblərinə, proseduralarına əməl etməlidirlər, seçkilərə qatılmalıdırlar, 3 faizdən artıq səs toplamalıdırlar. Əgər 3 faiz səs toplaya bilmirlərsə, deməli, onlar ciddi partiya sayıla və dövlət maliyyələşməsinə düşə bilməzlər.

Onların hansı ildə seçkilərin necə keçirilməsi, nələrin baş verməsi haqda iddialarına gəlincə, bunlar hamısı siyasi mülahizələrdir. Dövləti həmin mülahizələrlə idarə etmək, siyasətini onunla formalaşdırmaq olmaz, xüsusən də qanunvericilik fəaliyyətini. Hesab edirəm ki, bu partiyalar özləri bir yol tapacaqlar, dövlətin ciddi institutuna çevrilmək, onun maliyyələşməsi prosesində iştirak etmək və həmin vəsaitin böyük bir qismini əldə etmək üçün müxtəlif yollar arayacaqlar.

- Qanun dəyişdiriləndən sonra partiyaların proqramları Ədliyyə Nazirliyində qeydiyyata alınmalıdır. Bununla bağlı YAP və müxalifət partiyalarının mövqeyi üst-üstə düşür. Onlar hesab edirlər ki, partiya proqramının Ədliyyə Nazirliyində qeydiyyata alınması doğru deyil.

- Bunlar texniki məsələlərdir. Siyasi partiyanın fəaliyyətinin əsasında hakimiyyətə gəlmək, bunun uğrunda qanun çərçivəsində mübarizə aparmaq, hakimiyyətə gələcəyi təqdirdə görəcəyi işləri siyasi cəhətdən əsaslandırıb cəmiyyətə bəyan etmək dayanır. Ona görə partiyaların siyasi proqramları tez-tez dəyişə bilməz. Taktiki işlər, vəzifələr, proqramın həyata keçirilməsi ilə bağlı digər məsələlər dəyişə bilər. Proqramlar isə qurultayda, partiyanın ali qurumlarının iclaslarında qəbul olunur.

Amma dəyişikliklər layihəsi, qanun “Quran” ayəsi deyil ki, ona heç kim toxunmasın, təklif, irad bildirməsin. Layihəni bir qrup hazırlayıb və Prezident İlham Əliyev onu dəstəkləyərək parlamentə göndərib. Parlamentdə hansısa əlavələr, dəyişikliklər ola bilər. Əgər hansısa müddəa məqbul hesab olunmursa, parlamentin onu dəyişdirməyə tam ixtiyarı var. Amma partiyaların cari fəaliyyəti, taktikaları ilə siyasi proqramını bir-birinə qarışdırmaq lazım deyil.

Siyasi partiya hakimiyyətə gəlməyə iddialıdırsa, onun maliyyələşməsində şəffaflıq olmalıdır

- Dəyişikliklər layihəsinə görə, partiyalara ianə verən insanların kimliyi açıqlanmalıdır. Müxalifət partiyaları bununla razılaşmır. Onlar deyirlər ki, indi onsuz da müxalif siyasi təşkilatlara ianə verən yoxdur, ianə verənlərin kimliyinin açıqlanması qanuniləşsə, onda müxalifətə heç kömək edən olmayacaq. Həmin müddəanın dəyişdirilməsi mümkündürmü?

- Bu bütün dünyada belədir. Əgər insan hansısa aksiyaya qoşulursa, ianə verirsə, sponsorluq edirsə, bunu şəffaf formada həyata keçirməlidir. Bütün dünyada ianə verənlərin şəxsiyyəti ona görə açıqlanır ki, vergidən yayınma olmasın, fəaliyyətin şəffaflığı təmin edilsin, ianə verən, yardım edən şəxslərin hüquqları başqa insanlar tərəfindən mənimsənilməsin. Mümkün mənfi halların qarşısını almaq məqsədilə belə bir mexanizm həyata keçirilir. Əvvəlki illərdə Azərbaycanda da bu sahədə ciddi narahatlıq və narazılıqlar olub, bunlar hamıya məlumdur. Kimliyi açıqlanmayan, qeyri-şəffaf mənbələr gizli formada anti-Azərbaycan fəaliyyətini maliyyələşdiriblər. Sonda bu, partiyaların müxtəlif xarici dairələrin təsir altına düşməsinə gətirib çıxarıb. Belə partiyalardan maliyyənin haradan gəldiyini soruşanda mənbəyi məlum olmayan ianələri göstərirlər, pulun ianələr olduğunu, fəaliyyətlərinin bunun hesabına maliyyələşdiyini iddia edirlər. Tarixən belə olub ki, mənbəyi bilinməyən sərmayə yaxşı işə xidmət etməyib, bu, faktiki olaraq mümkün deyil. Ona görə də əgər siyasi partiya cəmiyyətin bir institutudursa, Azərbaycanda hakimiyyətə gəlməyə iddialıdırsa, bunun uğrunda mübarizə aparırsa, onun maliyyələşməsində şəffaflıq olmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir.

- Parlamentdə 11 siyasi partiya var. Onlardan 2-si parlament seçkisində partiya kimi iştirak etməyib, 1-i isə seçkidən sonra dövlət qeydiyyatına alınıb. Bu partiyalara da dövlət büdcəsindən vəsait veriləcəkmi? Ümumilikdə partiyalara nə qədər vəsait ayrılacaq?

- Bunu hələlik hesablamamışıq. Çünki dəyişikliklər layihəsi konkret olaraq bu parlament, indiki siyasi palitra üçün hazırlanmayıb. Qanunun məntiqi, fəlsəfəsi Azərbaycanın gələcək siyasi palitrasının formalaşmasına, siyasi inkişafına, yaxşılaşmasına xidmət edir. Ona görə də indiki parlamentdə qanunun hansısa müddəasının tətbiqi sahəsində müəyyən problemlər yarana bilər. Amma parlament də problemlərin yaranmaması üçün təkliflər vermək, onu həyata keçirmək üçündür.

...Belə şeyi yalnız Azərbaycan müxalifəti edə bilər

- Azərbaycan “Eurovision” mahnı yarışına hazırlaşır. Eyni zamanda müxalif İctimai Palata elan edib ki, “Eurovision-2012”yə qədər vicdan məhbusları, xüsusən də 2011-ci ilin aprel ayının 2-də Bakıda keçirilmiş aksiyaya görə həbs olunan şəxslər azadlığa buraxılmasa, etiraz aksiyaları təşkil ediləcək. Mahnı yarışı başlanana qədər Azərbaycanda növbəti əfv sərəncamının imzalanması, yaxud başqa bir formada müxalifətin və bir sıra təşkilatların vicdan məhbusu saydığı şəxslərin azadlığa buraxılması mümkündürmü? Ümumiyyətlə, İctimai Palatanın “Eurovision-2012” müsabiqəsi keçirilən günlərində paytaxtda aksiyalar təşkil etməsini gözləyirsinizmi?

- Təəssüf edirəm ki, bu halda da Azərbaycan müxalifəti anti-dövlət mövqeyini ortaya qoyur. Müxalifət bir daha nümayiş etdirir ki, onun üçün dövlət, millət adlı ali məfhumlar yoxdur, konkret təkliflərinin reallaşması əsasdır. Müxalifət deyir ki, ya bu təkliflər həyata keçəcək, ya da o, bunun hansı mahiyyət kəsb edəcəyindən, millətin, dövlətin imicinə hansı zərbə vuracağından asılı olmayaraq istədiyini edəcək. Amma bu, yaxşı hal deyil. Mən təsəvvür etmirəm ki, Ermənistan müsabiqədə qalib olaydı və erməni cəmiyyətində müxalifət çıxıb bu müsabiqənin keçirilməsinin əleyhinə çıxışlar, bəyanatlar verəydi. Mən bunu təsəvvür etmirəm. Belə şeyi yalnız Azərbaycan müxalifəti edə bilər.

O ki qaldı məhbusların azadlığa çıxması məsələsinə, bununla bağlı nəsə deyə bilmərəm. Çünki bu məsələ müstəsna olaraq Əfv Məsələləri Komissiyasının təklifi əsasında həyata keçirilir. Komissiya hesab etsə ki, bu insanlar buraxıla bilər, bununla bağlı cənab Prezidentə məruzə olunsa və dövlət başçısını inandıra bilsələr, müvafiq olaraq əfv sərəncamı da imzalana bilər. Amma bunu da kənara qoyaq. 1993-cü ildən başlayaraq Azərbaycan dövlətinin siyasəti birmənalı olaraq yalnız ümumi maraqlara, Azərbaycan millətinin maraqlarına əsaslanır. Hər hansı təklif Azərbaycan xalqının marağına cavab verirsə, nəzərə alınır, cavab vermirsə, onda kimin necə düşünməsi, hadisələri daxildən, yaxud xaricdən necə qiymətləndirməsi, hakimiyyətə təzyiq göstərməyə çalışması əhəmiyyət daşımır. Azərbaycan hakimiyyəti yalnız bir mövqedən - Azərbaycan millətinin marağından çıxış edir. Əgər həmin təkliflər buna cavab verirsə, qəbul olunur. Başqa halda teatr göstərməyə ehtiyac yoxdur.

 

 

Aynur İMANOVA,

 

İmdad ƏLİZADƏ

 

Yeni Azərbaycan.- 2012.- 19 aprel.- S.4.