AZƏRBAYCANIN ƏBƏDİ GÜNƏŞİ

 

Peyğəmbərlərdən biri deyir ki, “Öldükdən sonra yaşamaq istəyirsinizsə, ölümsüz bir əsər yaradın”.

Ulu öndər Heydər Əliyev bir ölkə yaratdı, bir dövlət qurdu. Bu ölkə, bu dövlət misli bərabəri olmayan ölümsüz bir əsər, möhtəşəm bir abidədir.

Çox qədim zamanlardan bu günümüzə qədər müxtəlif məna çalarları daşıyan, müxtəlif lüğəvi izahatları verilən dövlət məfhumu sosial labüdlük və mütləq bir reallıq kimi bəşəriyyətin mövcud olma prinsiplərini özündə daşıyaraq bütün dövrlərdə çox əhəmiyyətli bir varlığa çevrilmişdir.

Tarixin bütün dövrlərində hər bir dövlət adından və formasından asılı olmayaraq mütləq şəkildə dörd əsas təməl üzərində qurulmuşdur. Xalq, vətən, müstəqillik və idarəetmə. Bir dövlətin var olması üçün bu dörd prinsipin hər biri əsas şərt kimi qiymətləndirilə bilər. Lakin düşünürük ki, dövlətin dövlət olması üçün müstəqillik ən başlıca şərtdir.

Heç kimdən asılı olmamaq, müstəqil bir həyata nail olmaq istəyi, adətən, böyük dövlət xadimlərinə xas olan ən xarakterik liderlik cizgisidir. Məsələn, Mustafa Kamal Atatürkün “müstəqillik mənim xarakterimdir” ifadəsində olduğu kimi.

Ulu öndər Heydər Əliyev bundan 89 il əvvəl azad olmayan, boyunduruq altında olan bir dövlətin vətəndaşı kimi doğuldu və böyüdü. Lakin çox sonralar Onun verdiyi çoxsaylı müsahibələrə, açıqlamalarına, xatirələrinə nəzər salarkən görürük ki, ən gənc yaşlarından ölkəsini azad görmək istəmişdir. Hətta Kommunist Partiyasının ən yüksək pillələrinə qədər yüksəldiyi zamanlarda belə, müstəqil olmaq, müstəqil bir ölkədə yaşamaq arzusu Onun həyat fəlsəfəsinə çevrilmişdi.

Ulu öndərin müstəqil bir dövlətdə yaşamaq arzusu, görəsən, nə zaman yaranmışdı? Bunu tam olaraq müəyyən etmək, əlbəttə ki, mümkün deyil. Lakin bir həqiqət var ki, kommunist rejiminin ən qatı zamanlarında Onun xalqı üçün atdığı cəsarətli addımlar özlüyündə müstəqillik yolunda atılan addımlar idi.

Heç kimin müstəqillik sözünü dilinə gətirməyə cəsarət etmədiyi bir vaxtda Heydər Əliyev müstəqillik haqqında danışdı. Hətta Bakıda bütün əzəmətiylə ayağa qalxan xalq hərəkatının liderləri belə bu sözü açıq tələffüz etməkdən çəkinirdilər. Ulu öndər Moskvadan Naxçıvana gəldiyi günlərdə çox ciddi və siyasi məsuliyyət daşıyan bir bəyanat verdi: “Azərbaycan SSRİ-dən ayrılmalı və müstəqil bir dövlət olmalıdır. Buna Azərbaycan xalqının haqqı çatır.”

Cəmiyyətdə bir bomba təsiri yaradaraq bütün təbəqələri çalxalayan bu bəyanat bütün həyatı boyu vətəninin azadlığını düşünən və ölkəsinin müstəqilliyi üçün çalışan Dahinin ürək çırpıntıları idi.

Həmin illərdə Naxçıvana gələrək Ondan müsahibə alan bir gürcü jurnalistə “...SSRİ dağılmaq prosesini keçir. Hər bir xalq öz taleyini müəyyən etmək hüququna sahibdir. Azərbaycan milli müstəqillik yolunu seçməlidir. Hazırki dövr milli müstəqilliklərin əhəmiyyətinin dərk edildiyi bir dövrdür”, - deyə bəyanat verən Heydər Əliyev daha sonra Azərbaycan Milli Məclisində Naxçıvan Muxtar Respublikasının deputatı kimi çıxışında “Azərbaycan xalqı birləşməli, müqəddəs torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, müstəqilliyini tam şəkildə əldə etmək üçün mübarizə etməlidir. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və onları əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm” dedi.

Bu bəyanat Heydər Əliyevin, hətta tək başına qalsa belə, müstəqillik uğrunda sona qədər mübarizə aparacağını göstərirdi. Bu qəti inam, bu qəti qərar sonrakı illərdə də davam etdi və Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti kürsüsünə qədər yüksəltdi.

Yenə Ulu öndərin çox qiymətli bəyanatlarından birinə müraciət edək: “Kimsə Azərbaycan dövlətinin müstəqilliyinə xəyanət edərsə, mən onunla qanımın son damlasına qədər mübarizə aparacağam. Azərbaycan dövlətinin müstəqilliyinin keşiyində bir vətəndaş, bir dövlət başçısı kimi durdum, duracağam və bu yolda şəhid olmağa hər dəqiqə, hər gün hazıram.”

Ulu öndər bu sözləri ilə müstəqilliyin Onun üçün hansı məna daşıdığını qətiyyətli şəkildə açıqlayırdı. Müstəqillik artıq Heydər Əliyevin xarakterinə, həyat tərzinə, həyat fəlsəfəsinə çevrilmişdi. Müstəqillik Onun həyatının mənası idi. Bu yolda ən qiymətli varlığı olan canını belə məmnuniyyətlə verməyə hazır idi.

“Bilirsinizmi, bəzilərinə elə gəlir ki, bizim müstəqil bayrağımız var, üç-dörd dəfə meydanda qışqırdıq, bununla da müstəqilliyi əldə etdik. Bu belə deyil! Müstəqilliyin təməli küçələrdə səslənən şüarlar deyil, qəzetlərdə yazılan boş sözlər deyil, vətən və millət naminə həyata keçirilən işlərdir. Hər hansı ölkənin yaşaması üçün onun enerji kompleksi, o cümlədən elektrik enerjisi kompleksi ən əsas vasitələrdən biridir. Bu kompleksləri biz qurduq. Xalqımız üçün qurduq. Millətimiz üçün, müstəqil Azərbaycanın bu günü üçün qurduq. Bunu bəziləri başa düşməlidir”.

Yuxarıdakı sitat elektrik stansiyasının açılışında Ulu öndərin söylədiyi nitqdəndir. Gördüyünüz kimi, nitqində müstəqilliyi əldə etməyin kifayət olmadığını, müstəqil dövlətin öz vətəndaşlarının əmin amanlığını və rahatlığını təmin etməyə borclu olduğunu, bunun isə müstəqil Azərbaycan uğrunda işləmək, yeni qurumlar yaratmaq yolu ilə həyata keçirilə biləcəyini, müstəqilliyi şüarlarla qorumağın mümkün olmadığını xüsusilə vurğulayır. Müstəqilliyi qazanmaq qədər onu qorumağın da əhəmiyyətini nəzərə çatdırır.

Bütün çıxışlarında - istər ölkə daxilində, istər xarici səfərlər zamanı etdiyi hər bir çıxışında, söylədiyi hər bir nitqdə, atdığı hər addımda Azərbaycanın müstəqil bir dövlət olduğunu xüsusi olaraq vurğulayan, müstəqilliyin əbədi və dönməz olduğunu hər fürsətdə dilə gətirən və bunun üçün böyük mübarizə aparan Heydər Əliyev ölkəsinin gələcəyinin ancaq müstəqilliyə bağlı olduğunu görür və gələcək nəsilləri də müstəqilliyin qorunması naminə mübarizəyə dəvət edirdi.

Onun bütün çıxışlarına və həyata keçirdiyi işlərə nəzər saldıqda müstəqil Azərbaycan dövlətinin varlığı ilə necə böyük iftixar hissi keçirdiyini, bundan necə şərəf duyduğunu, nə qədər xoşbəxt olduğunu açıq aydın görürük.

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu dövrdə Qorbaçovun istəyi ilə keçirilən Sovet İttifaqının davam edib etməməsi ilə bağlı referendumda Naxçıvan xalqını bu ittifaqın əleyhinə səs verməyə çağırdı. Heydər Əliyev elə o günlərdə müstəqil Azərbaycan ideyasını əməli olaraq həyata keçirməyə çalışırdı. Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçildikdən sonra: “...Azərbaycan tam müstəqil bir dövlət kimi fəaliyyət göstərə bilmək üçün bütün imkanlara sahibdir” şəklində verdiyi bəyanat müstəqilliyə aparan yolun işartısı idi.

Müstəqilliyi əldə etdikdən sonra qorumaq və gələcək nəsillərə müstəqil bir ölkə yadigar qoyub getmək arzusu Ulu öndəri bir an olsun tərk etmirdi və həyatının anlamına çevrilmişdi. Hakimiyyətə gəlişinin ilk üç ili, müstəqilliyin qorunması yolunda mübarizənin ən pik dövrü idi. Bir-birinin arxasınca hazırlanan və xaricdən idarə edilən çevriliş, sui-qəsd cəhdləri, bütün çaxnaşmalar Heydər Əliyevi yolundan döndərə bilmədi. O, hələ Naxçıvan Ali Məclisinin rəhbəri ikən xalqa bu yoldan dönməyəcəyi haqqında söz vermişdi. Və həqiqətən də, bu yoldan heç bir vəchlə dönmədi. Ölkə müharibə meydanını xatırladarkən, qurtulmağı deyil, bu müharibəni öz canı bahasına olsa belə, dayandırmağı öhdəsinə götürdü, bunu özünə vəzifə seçdi. Bütün üsyanları, çevriliş və sui-qəsd cəhdlərini yatırdı. Bizlərə güclü, ayaqları üzərində möhkəm dayanmağı bacaran, formalaşmış bir müstəqil Azərbaycan verdi.

Heydər Əliyev dövlət rəhbərliyinə gəldiyində ölkə və onun bütün təşkilatları köhnəlmiş, xarabalığa çevrilmişdi. Mükəmməl bir dövlət təcrübəsinə sahib olduğu üçün bu köhnə sistem və mexanizmlərlə nəyisə əldə etməyin mümkünsüzlüyünü və tamamilə yeni strukturun yaradılmasına ehtiyac olduğunu anlayırdı. Bu isə, tam mənasıyla, yeni bir dövlət yaratmağa bərabər idi.

Köhnələn və xarabalığa çevrilən bir sistemdə Azərbaycan xalqı xoşbəxt və firavan həyata qovuşa bilməzdi. Əslində, bu sistem elə yarandığı gündən, yəni sovetlərin ilk zamanlarında belə Azərbaycan xalqının xoşbəxt və firavan yaşamasına imkan verməmiş, yüzminlərlə insanın ölümünə, yüzminlərlə insanın öz ölkəsini tərk edib, getməsinə səbəb olmuşdu. Bu sistem mütləq dəyişdirilməli idi. Lakin bu sistemin yerinə gətiriləcək yeni sistem müasir insanlıq kriteriyalarına uyğun olmalı, müasir insanın tələblərinə cavab verməli, haqq, ədalət və bərabərlik prinsiplərini özündə birləşdirməli idi. Və bu sistem sosializm rejimində yetişdirilən insan tipinin yerini tutaraq yeni bir insan tipinin formalaşmasına zəmin yaratmalı idi.

Heydər Əliyev uzun illərdən bəri içində yaşadığı, çox yaxşı bələd olduğu köhnə quruluş yerinə, xalqının ehtiyaclarına cavab verəcəyinə əmin olduğu bir yol seçdi - bu yol demokratiya yolu idi. Azərbaycan xalqı da məhz demokratik rejimə meyil edirdi. Lakin müstəqillik olmadan və ən əsası, bu müstəqillik qorunmadan demokratik idarəetmə heç bir əhəmiyyət kəsb etmirdi. Elə buna görə də Heydər Əliyev ilk növbədə sağlam bünövrələr üzərində qurulmuş bir müstəqilliyə can atırdı.

Heydər Əliyev bu yoldan heç vaxt dönmədi. İnamla, əminliklə xalqı ilə birlikdə tam müstəqil Azərbaycan dövlətinin qurulması yolunda irəlilədi. Özü bu yoldan əsla dönmədiyi kimi, xalqını da bu yolda dönməzliyə dəvət etdi. Heydər Əliyev yeni və güclü bir dövlətə sahib olmağın yolunun ancaq və ancaq siyasi və iqtisadi müstəqillikdən keçdiyini yaxşı bildiyi üçün bütün əzmiylə ölkəsinin iqtisadi gücünü yüksəltməyə və siyasi çəkisini artırmağa çalışırdı.

Kommunist Partiyasından istefa ərizəsində kommunist rejimin bütün dünya vətəndaşları kimi, demokratik dövlət arzusunda olan Azərbaycan xalqına göstərdiyi təzyiqləri və insanların siyasi görüşlərinə görə həbs və təqib edilməsini tənqid edən Heydər Əliyev “...demokratiya tələb edən insanlara edilən bu təzyiqlər Kommunist Partiyasının öz ömrünü başa vurduğunu nümayiş etdirən əhəmiyyətli bir amildir” deyir və demokratik cəmiyyətin qurulmasını tələb edirdi. Bu ərizə 1991-ci ildə, yəni kommunist dövlət quruluşunun hələ mövcud olduğu bir zamanda yazılmışdı.

Azərbaycan ölkə daxilində baş verən müxtəlif hadisələrin, ölkə xaricində yaşanan yeniliklərin təsiri altında qalaraq sovet idarəçilik sistemindən sürətlə uzaqlaşırdı. 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Milli Məclisi “Müstəqillik bəyannaməsi”ni qəbul etdi. Azərbaycan Milli Məclisinin qərarı bütün dünyaya çatdırıldı. Bu, Azərbaycan xalqının bir əsrdən bəri gözlədiyi və müstəqil yaşamaq arzusunun həyata keçirildiyi tarixi hadisə idi.

Milli Məclisin müstəqillik qərarı Heydər Əliyevin tutduğu yolun nə qədər düzgün olduğunu göstərən ən dəqiq nəticə idi. Digər tərəfdən, bu qərar xalqın Heydər Əliyevin hələ 1991-ci ilin fevral ayında məclisdəki çağırışına cavab verdiyini və müstəqillik yoluna qədəm qoyduğunu nümayiş etdirirdi.

Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk iki il - xalqın əmin-amanlığını təmin etmək, dövlətin öz ayaqları üzərində dayana bildiyini isbat edə bilmək üçün apardığı mübarizəylə dolu çox çalxantılı illər idi. Bu iki il Azərbaycan tarixinin ən qaranlıq, sonunun nə olacağı məlum olmayan günlərlə tarixə yazıldı. Hətta bu iki ilə çevriliş və sui-qəsdlər illəri adını da vermək olar. Dövlətin gələcəyi, müstəqilliyin əbədi olub-olmayacağ bu iki ildə məlum olacaqdı. Yeni müstəqil dövlətin taleyinin yazıldığı bu iki il Heydər Əliyev siyasi dühasının, dövlət xadiminin tarix səhnəsinə möhürünü vurduğu iki ildir.

1994-cü ilin 4 oktyabr gününü müasirlərimizin hər biri yaxşı xatırlayır. Həmin gün Azadlıq meydanı Heydər Əliyevin çağırışıyla dolub, daşdı. Xalq böyük bir izdihamla Onu dinləməyə gəlmişdi. Bir milyona yaxın insan Azadlıq meydanına axışmışdı. Meydan insan dənizinə dönmüşdü. Tribunaya çıxan Heydər Əliyev xalqa müraciət edərək baş verən hadisələr haqqında danışdı. Ölkənin çevriliş təhlükəsi ilə qarşı-qarşıya qaldığını açıqladı, xalqdan yardım istədi. Xalq bu çıxışı böyük bir həyəcanla dinləyirdi və öz liderinin çıxışını sürəkli alqışlarla qarşıladı. Bu alqışlar dəstək alqışları, liderin müraciətinə verilən sevgi cavabı idi. Meydandan, “Xainlərə ölüm!”, “Yaşasın Heydər Əliyev!” nidaları yüksəlirdi. Xalqının dəstəyindən, etimadından böyük fərəh hissi keçirən, qüvvət alan Ulu öndər xalqa: “Sizin dəstəyinizə güvənərək problemi elə buradaca, sizlərin qarşısında həll etməyə çalışdım. Çox sağ olun. Mənə dəstək verdiniz və müstəqilliyimizi böyük bir təhlükədən xilas etdiniz”, - deyə təşəkkür etdi. Həmin gün xalqın böyük bir liderlə bərabər nələrə nail ola biləcəyinin nümayişi gününə çevrildi.

Həmin gün, eyni zamanda, Heydər Əliyevin böyük bir strategiya mütəxəssisi olduğunu da ortaya qoydu. Yaxınlaşan təhlükəni hiss etmək, hadisələri əvvəlcədən görmək qabiliyyətinin nə qədər güclü olduğunu sərgilədi. Bu hadisə, eyni zamanda, böyük bir təhlükəni ustalıqla aradan qaldırmaq bacarığını göstərmiş oldu. Bütün bunlar böyük dövlət adamının, əsil dövlət xadiminin portretini ortaya çıxartdı.

Bənzərsiz dövlət xadimi olmağı və siyasi təcrübəsı, dərin zəkası Heydər Əliyevin bu dəhşətli günlərin öhdəsindən birmənalı olaraq ən az zərərlə gəlməsinə, Azərbaycan dövlətinin müstəqilliyini qoruyub möhkəmləndirməsinə səbəb oldu.

Ulu öndər həmin günləri daha sonra 1997-ci ildəki bir çıxışında təhlil edərək bunları demişdi: “1993- cü ilin may-iyun hadisələrindən dörd il keçir. Bundan dörd il əvvəl Azərbaycanda mövcud olan vəziyyət, ümid edirəm ki, bu salonda əyləşən hər kəsin xatirindədir. Azərbaycan böyük bir böhran, dövlət böhranı içərisində idi. Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı. Azərbaycan parçalanırdı. Bir yandan ölkəmizə hücum edən erməni işğalçıları, Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən digər xarici qüvvələr, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə edənlər, bu vəziyyəti qaydaya salmaq üçün heç bir tədbir görməyən hakimiyyət - bütün bunlar Azərbaycanı təhlükəli bir uçurumun kənarına gətirmişdi. Bu gün çox xoşbəxtik ki, xalqımızı o xətalardan, o bəlalardan, o faciələrdən xilas edə bildik.”

Ulu öndərin yuxarıdakı fikirlərindən üç əhəmiyyətli məqam hasil olur. Azərbaycan böyük bir dövlət böhranı içərisində idi. Azərbaycanda vətəndaş müharibəsi başlamışdı. Xarici və daxili qüvələr Azərbaycanın müstəqilliyini əlindən almaq istəyirdi.

Həqiqətən, Azərbaycan böyük bir təhlükənin astanasında idi. Yeni qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Bu böyük təhlükəni aradan qaldırmaq üçün cəsur, ağıllı, hadisələri öngörmə bacarığı olan bir dövlət adamına ehtiyac var idi. Bu o zamanlar idi ki, Heydər Əliyev Naxçıvanda ikən Azərbaycanın düşdüyü təhlükəli vəziyyətdən xilas edilməsi üçün Ona böyük ehtiyac duyan xalqının dəvəti ilə Bakıya gəlmiş və Azərbaycanı düşdüyü təhlükəli vəziyyətdən qurtarmaq üçün fəaliyyətə başlamışdı.

Artıq Aəzrbaycanın, öz ölkəsini xilas etmək naminə böyük fədakarlıqlara hazır olan lideri və bu liderə inanan, bu lideri sevən xalqı var idi. Bu iki vəhdət- xalq-Heydər vəhdəti, müstəqilliyin qorunması yolunda Azərbaycanın ən böyük uğuru idi.

Müstəqilliyin ilk illərində Heydər Əliyevin varlığı Azərbaycan üçün, həqiqətən, bir qurtuluş idi. Müstəqilliklə bağlı həqiqətlərdən biri budur ki, müstəqilliyi qoruyub saxlamaq hər zaman onu qazanmaqdan çox-çox çətin olmuşdur. Məhz Ulu öndərin sayəsində Azərbaycan dövlətinin müstəqilliyi əbədilik qazandı. Biz Ulu öndərə bu əbədiliyi bizlərə yaşatdığı üçün çox borcluyuq. Azərbaycanın qismətinə belə bir liderin düşməsi isə, yəqin ki, uca yaradanın bizlərə lütfudür.

Heydər Əliyev əzəli, əbədi Azərbaycan torpağı olan qədim Naxçıvan diyarında, çox sadə bir azərbayanlı ailəsində dünyaya göz açmışdı. Ona liderlik qabiliyyəti, əlbəttə ki, anadangəlmə fitri istedad kimi verilmişdi. Lakin onu zirvəyə aparan əsas qüvvə qəlbindəki vətən və millət sevgisi, müstəqilliyin ölkəsi və xalqı üçün ən böyük nemət olmasına inamı idi. O, Tanrıya, millətinə, millətinin gücünə arxalanırdı. Bu inam onun ən güclü dayağı, ən böyük dəstəyi, ən tükənməz sevgisi idi. Və O bu inamını, bu inancını heç bir vaxt itirmədi. Həyatının ən çətin anlarında belə böyük sevgisinə sadiq qaldı. Bu inamla və sevgiylə O qarşısına çıxan bütün çətinliklərə sinə gərdi. Və yoxdan var yaradaraq xalqına müstəqil, demokratik, sabit, inkişaf edən, böyüyən, gözəlləşən, qüvvətlənən çox möhtəşəm bir ölkə, xoşbəxt bir gələcək ərməğan etdi. Ulu öndərin xalqına ən böyük ərməğanı isə canının, qanının bir parçası olan, gələcəyinə Özü qədər inandığı ölkə başçısı, hər bir azərbaycanlının Prezidenti olmağı bacaran İlham Heydər oğlu Əliyev oldu. Ulu öndər heç vaxt yanılmırdı. İllərin zəngin təcrübəsi, gələcəyi çox dəqiq görmək qabiliyyəti, dərin zəkası Ona hər zaman düzgün qərar çıxarmağı öyrətmişdi. Və “Mən Ona Özüm qədər inanıram” dediyi zaman da yanılmadı, bütün qalan ömrünü qurban verdiyi xalqına ən doğru olan yolu göstərdi. Xalq da öz müdrikliyini nümayiş etdirdi. Çətin məqamda ən doğru seçimi etdi. Cənab İlham Əliyevə dərindən inanaraq, ürəkdən arxalanaraq Onu Azərbaycan Respublikasının Prezidenti görmək istədi.

Ulu öndər deyirdi ki, “Mən Azərbaycanda əbədiyəm”. Bir daha Onun sərraf dəqiqliyiylə, ancaq qeyri-adi fitri istedad sahibi insanlara məxsus hiss etmə bacarığıyla dilə gətirdiyi ifadənin gün işığı qədər doğruluğuna Azərbaycanımızın bu günü, sabahı naminə ölkə Prezidenti möhtərəm İlham Əliyevin həyata keçirdiyi əzəmətli fəaliyyətin timsalında şahid oluruq.

Heydər Əliyev bir Günəşdir. Günəş qərinələr boyu yer üzünü aydınlatdığı kimi, Heydər Əliyevin ruhu, düşüncələri, əməlləri əbədiyyən Günəş kimi Azərbaycanımızın üzərində doğacaq, xalqı üçün yaratdığı qüdrətli Azərbaycanda əbədiyyən yaşayacaqdır.

 

 

Jalə ƏLİYEVA,

Milli Məclisin deputatı

 

Yeni Azərbaycan.- 2012.- 20 aprel.- S.4.