Gələcəkdə
pensiyaların təyin olunması və ödənişi tam avtomatlaşdırılacaq
Yeni Azərbaycan Partiyasının
təşəbbüsü ilə “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının
hazırlanması ilə əlaqədar “Sığorta-pensiya
sistemi” mövzusunda dəyirmi masa keçirilib
Dünən
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü
ilə “Kempinski Badamdar” Hotelinin “Qəbələ” zalında
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar
“Sığorta-pensiya sistemi” mövzusunda dəyirmi masa
keçirilib. YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov
çıxış edərək bildirib ki, partiyamız
Prezident İlham Əliyevin irəli sürdüyü “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası ilə əlaqədar aparılan işlərlə
bağlı təqdimat tədbirlərini davam etdirir. Onun
sözlərinə görə, indiki tədbir Azərbaycanın
pensiya sisteminin təkmilləşdirilməsi və 2020-ci ilin
pensiya sisteminin parametrlərinin müəyyənləşdirilməsi
mövzusuna həsr olunub.
“Azərbaycan
Respublikasında həyata keçirilən genişmiqyaslı
islahatların sosial müdafiə, o cümlədən, pensiya
sistemi əhəmiyyətli yer tutur. Bu sahədə aparılan
islahatlar əhəmiyyətlidir. Bu islahatların
qarşısına qoyduğu əsas məqsəd bir tərəfdən
Azərbaycan vətəndaşları olan təqaüdçülərin
daha etibarlı və daha yüksək səviyyədə
pensiya ilə təmin etməkdən ibarətdir. Digər tərəfdən,
islahatlar pensiya sisteminin, pensiyaların müəyyənləşdirilməsi
mexanizmlərinin daha ədalətli formada təkmilləşdirilməsi
istiqamətində aparılan dəyişikliklərdir. Təbii
ki, islahatların çox əhəmiyyətli hissəsindən
biri də pensiya alanlarla müvafiq orqanlar arasında münasibətlərin
daha sivil formada və müasir texnologiyalarla təmin edilməsindən
ibarətdir. Nəticə etibarilə, bütün bunların
hamısı ölkəmizdə həyata keçirilən
pensiya islahatlarının tərkib elementlərindən ibarətdir.
Biz belə hesab edirik ki, Azərbaycan Respublikasının həyata
keçirdiyi islahatlar bütövlükdə ölkəmizdə
etibarlı, ədalətli və müasir pensiya sisteminin
yaranmasını və fəaliyyət göstərməsini təmin
edəcək. Beləliklə, biz bu sahədə 2020-ci ilə
istiqamətlənmiş hədəflərimizi müəyyənləşdirərkən
nəzərdə tutulan tədbirlər haqqında məlumatlar
əldə edəcəyik”, - deyə YAP Sədrinin müavini
vurğulayıb.
Daha
sonra Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə
Fondunun (DSMF) sədri, iqtisad elmləri doktoru Səlim Müslümov
mövzu ilə bağlı təqdimatla çıxış
edib. Onun sözlərinə görə, təqdimat daha
çox sığorta-pensiya sisteminin texniki parametrləri ilə
əlaqədardır. S.Müslümov vurğulayıb ki, yeni
iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə
başa vuran Azərbaycanın inkişaf modelinin təməl
prinsiplərini Ümummilli liderimiz Heydər Əliyevin milli
inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi islahatlar təşkil edir. “Azərbaycanın gələcək
inkişaf istiqamətlərinin vahid konsepsiya çərçivəsində
təqdimi üçün həmin prinsiplərin ötən
mərhələdəki sosial-iqtisadi xüsusiyyətlərinə
nəzər salınması, əldə edilmiş
uğurları şərtləndirən çevik siyasət və
çoxşaxəli fəaliyyətin ətraflı təhlili
mühüm əhəmiyyət daşıyır. Çünki
gələcəyə baxışın düzgün istiqamətləndirilməsi
və uğurların təmin edilməsi müasir
qloballaşan dövrün ağır sınaqlarından
çıxmış prinsiplərin daha da dərinləşdirilməsindən
birbaşa asılıdır”, - deyə DSMF sədri qeyd edib. O
xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin
2011-ci il noyabrın 29-da imzaladığı Sərəncamla
müvafiq dövlət orqanlarına ölkəmizin gələcək
inkişafının əsaslarını müəyyənləşdirəcək
“Azərbaycan 2020: gələcəyə baxış”
Konsepsiyasının hazırlanması
tapşırılıb. S.Müslümov, Fond tərəfindən
Azərbaycanın sığorta-pensiya sisteminin gələcək
inkişafı strategiyasının müəyyənləşdirilməsi
məqsədilə bir sıra layihələr çərçivəsində
aktual tədqiqatların təşkil olunduğunu
vurğulayıb. Onun sözlərinə görə, tədqiqat
müasir dünyada sığorta-pensiya sistemlərinin səmərəliliyinin
qiymətləndirilməsi üzrə standart indukativ göstəricilər
əsasında təşkil olunub: “Beynəlxalq maliyyə və
tədqiqat qurumlarının qəbul etdiyi metodiki tövsiyələr
əsasında Azərbaycanın sığorta-pensiya sisteminin
qiymətləndirilməsi aparılıb, 2020-ci və
2040-cı illər üçün sığorta-pensiya
sisteminin inkişafı üzrə fərqli ssenarilər,
mövcud risklər və onların qarşılanması
üçün alternativlər verilib. “Azərbaycan 2020: gələcəyə
baxış” Konsepsiyasının hazırlanması
üçün verilən tapşırıq və tövsiyələrə
uyğun olaraq, həmin tədqiqatlarda 2020-ci ilədək olan
dövr xüsusi diqqətə alınıb”.
DSMF
sədri bildirib ki, ötən dövrdə Azərbaycanda
sosial müdafiə sisteminin beynəlxalq standartlara əsaslanan
islahatı nəticəsində sığorta-pensiya sistemində
mühüm nailiyyətlərə nail olunub. S.Müslümov əlavə
edib ki, bütövlükdə pensiyaların artımı
mexanizminin bazar iqtisadiyyatının tələblərinə
uyğunlaşdırılması mövcud maliyyə
imkanlarının pensiyaçılar arasında daha ədalətli
bölgüsünə və pensiya məbləğlərinin
indeksləşdirilməsi vasitəsilə inflyasiyadan
qorunmasına şərait yaradıb. Vətəndaşların
pensiya hüquqlarının fərdi uçotun məlumatları
əsasında müəyyənləşdirilməsi və
beləliklə də, pensiya təminatında sığorta
prinsiplərinə keçid təmin edilib.
S.Müslümov
vurğulayıb ki, son illər ərzində həyata
keçirilən ardıcıl sosial müdafiə tədbirləri
nəticəsində ölkə üzrə əmək
pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının
orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa
görə əmək pensiyalarının orta aylıq məbləğinin
əməkhaqlarının orta aylıq məbləğinə
nisbəti isə 45 faiz təşkil edib:
“Pensiyaçılarımızın 97 faizinin pensiya məbləği
yoxsulluq həddinin üzərinə çıxıb. Ölkəmizdə
60 yaşdan yuxarı insanların əhalinin strukturundakı
payının hər 1 faizinə ÜDM-in 0,53 faizi
düşür ki, bununla da qeyd olunan sahədə beynəlxalq
aləmdə qəbul edilmiş mühüm göstəricilərə
nail olunub”.
O
deyib ki, 2020-ci ildə Azərbaycanın sığorta-pensiya
sisteminin sığortaedənlər, sığortaolunanlar və
pensiyaçılara münasibətdə
aşağıdakı kimi fəaliyyət göstərməsinə
nail olmaq hədəflənib. Belə ki, sığortaolunanlar
dövlət sosial sığorta sistemində
avtomatlaşdırılmış qaydada uçota
alınır. Məcburi dövlət sosial sığortası
üzrə hesabatların və məcburi dövlət sosial
sığorta haqqı üzrə sığortaolunanlar
haqqında məlumatların elektron qaydada ötürülməsi
və qəbulu həyata keçirilir. Sığortaedənlərdə
audit elektron qaydada aparılır, inzibati nəzarət ictimai nəzarətlə
əvəzlənir.
S.Müslümov bildirib ki,
pensiyaçılara münasibətdə isə vətəndaşın
pensiya təyinatı üçün hər hansı sənəd
təqdim etməsinə ehtiyac qalmır və yalnız ona
pensiya təyin edilməsi üçün müvafiq müraciətini
elektron qaydada (istədikdə poçt vasitəsilə) Fonda
ünvanlayır. “Yaşa görə pensiya üçün tələb
olunan şəxsiyyət vəsiqəsi barədə məlumatlar
Fondla Daxili İşlər Nazirliyi arasındakı elektron əlaqə
ilə təmin edilir, sosial sığorta şəhadətnaməsi
və digər sosial sığorta parametrləri barədə
məlumatlar isə Fondun mərkəzi məlumat sistemində
olur. Əlilliyə görə pensiya üçün Fondla Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasındakı
elektron əlaqə ilə əlillik qrupunun verilməsi barədə
müvafiq məlumatlar alınır, digər məlumatlar isə
Fondun mərkəzi məlumat bazasından
götürülür. Ailə başçısını
itirməyə görə pensiya üçün Fondla Ədliyyə
Nazirliyi arasındakı elektron əlaqə ilə vəfat
etmiş şəxs barədə və ya onun ailə üzvləri
barədə məlumat əldə edilir, digər müvafiq məlumatlar
isə Fondun mərkəzi məlumat bazasından
götürülür. Vətəndaşların elektron
müraciətləri əsasında pensiya təyinatı
avtomatlaşdırılmış qaydada vahid mərkəzdən
aparılır. Təyin olunmuş pensiyaların
avtomatlaşdırılmış ödənişini təmin
etmək üçün Fonddan vətəndaşın
yaşadığı ərazi üzrə tenderin qalibi kimi
ödəniş xidmətini həyata keçirən bank
şöbəsinə pensiyaçıya plastik kartın
hazırlanaraq təhvil verilməsi barədə elektron
göstəriş göndərilir. Pensiya təyinatı
aparıldıqdan sonra pensiyaçıya təyin olunmuş
pensiyasının məbləği və
avtomatlaşdırılmış ödəniş
üçün plastik kartın hansı ödəniş təşkilatından
təhvil götürülməsi barədə elektron
poçt (əgər vətəndaşın e-mail
ünvanı varsa) və adi poçt vasitəsilə rəsmi
məlumat verilir. Pensiyaların hesablara
köçürülməsi hər ay eyni gündə mərkəzləşdirilmiş
şəkildə aparılır. Sığortaolunanların fərdi
yığım hesablarında toplanan vəsaitlər
pensiyalarının artımına yönəldilir”, - deyə
o bildirib.
Fondun
sədri qeyd edib ki, qarşıda duran vəzifələrdən
biri qeyri-dövlət pensiya fondlarının
yaradılması, pensiyanın orta məbləğinin orta
aylıq əməkhaqqının 50 faizinə
çatdırılmasıdır. Hazırda bu göstərici
40 faiz həcmindədir. Bundan əlavə, mövcud işləyənlərin
sığortaya cəlb olunması da vacib məsələlərdəndir.
Çünki sığortaya təxminən 2 milyon insan cəlb
olunub, amma Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
reallıqda ölkədə məşğul əhalinin
sayı 4 milyondan çoxdur. Onların qeydiyyata düşərək
şəxsi hesablarının açılması,
sığortaya cəlb olunması qarşıda duran əsas vəzifələrdən
biridir.
S.Müslümov
bəyan edib ki, beləliklə, 2020-ci ildə Azərbaycan
Respublikasının sığorta-pensiya sistemində vətəndaşla
Fondun əməkdaşları arasında birbaşa əlaqə
yarada bilən bütün hallar aradan qaldırılacaq. Eyni
zamanda, həm sığortaedənlərin uçota
alınması, məcburi dövlət sosial sığorta
haqlarının hesablanması, ödənilməsi, fərdi
uçotunun aparılması, fərdi şəxsi hesablardan
müvafiq məlumatların əldə edilməsi, Fond tərəfindən
bu proseslərə audit və digər vasitələrlə nəzarət
edilməsi, həm pensiyaların təyin olunması, həm də
onların ödənişi tam avtomatlaşdırılacaq.
“Dəyirmi
masa”da, həmçinin, Milli Məclisin Sosial siyasət komitəsinin
sədri Hadi Rəcəbli çıxış edərək
YAP-ın bu təşəbbüsünü yüksək qiymətləndirib.
H.Rəcəbli bildirib ki, Azərbaycanda modern dövlət
quruculuğu prosesi uğurla həyata keçirilir. Onun
sözlərinə görə, bu, İlham Əliyev dövlət
quruculuğu modelidir: “Bu modelin ən başlıca məziyyətlərindən
biri də odur ki, ardıcıl islahatlar həyata keçirilir
və bu islahatlar dünyəvi, proqressiv addımlarla
müşayiət olunur. Son illər ölkəmizdə digər
sahələrdə olduğu kimi sosial müdafiə sistemində
də ardıcıl islahatlar həyata keçirilir”.
Komitə
sədri qeyd edib ki, Azərbaycanda pensiyanın verilməsində
həmrəylik prinsipindən fərdi uçot sisteminə
keçilməsi inqilabi addımdır. Onun fikrincə, bu
sistemdə insanlara elektron xidmətin göstərilməsi, məmur-vətəndaş
əlaqələrinin minimuma endirilməsi də vacib hadisədir.
Azərbaycan
Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov
isə çıxışında müzakirə olunan
mövzunun yaşlı əhali üçün əhəmiyyətli
olduğunu bildirib. Onun sözlərinə görə, YAP əhalini
düşündürən məsələləri daim
gündəmdə saxlayır. Bu tədbir bunu bir daha təsdiqləyir.
Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda ötən il
pensiyaların 40 faiz artırılması çox təqdirəlayiq
addımdır: “Bu baxımdan, ölkəmiz bəlkə də
dünyanın yeganə ölkəsidir. Eyni zamanda, ölkəmizdə
elm və təhsil işçilərinə də xüsusi
qayğı göstərilir. Dövlət
başçısının Sərəncamı ilə təqaüdə
çıxan elmlər namizədinin pensiyasına 100 manat, elmlər
doktoruna isə 200 manat ödənilir. Bu kateqoriyalı
insanların sayının çox olmadığını nəzərə
alsaq, həmin məbləği bir az da artırmaq
mümkündür. Həmçinin, hədəfimiz
pensiyanın həcminin orta aylıq əməkhaqqının
50 faizindən də çox olmasını təmin etməkdir.
Çünki belə olarsa, insanların təqaüdə
çıxmaq istəkləri daha çox olar”.
Milli Məclisin İqtisadi siyasət
komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki,
müzakirə olunan mövzu aktuallığı ilə fərqlənir.
Onun sözlərinə görə, dünya ölkələrində
bu gün həyat tərzinin
yaxşılaşdırılması, keyfiyyətli həyat tərzinin
gücləndirilməsi ən vacib məqsədlərdən
biridir. Komitə sədri qeyd edib ki, ölkəmizdə
sığorta-pensiya sistemi beynəlxalq standartlara cavab verir: “Tədbirdəki
təqdimat göstərdi ki, gələcəkdə bu sahədə
böyük dəyişikliklər baş verəcək”.
Millət
vəkili Əli Məsimli də tədbirdə
çıxış edərək mövzu ilə
bağlı fikirlərini bildirib. O, ölkəmizdə həyata
keçirilən sığorta-pensiya islahatlarının əhəmiyyətini
vurğulayaraq 2020-ci ilə hesablanmış hədəflərlə
əlaqədar təkliflər irəli sürüb.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2012.- 20 aprel.- S.3.