Azərbaycanın təhlükəsizliyini təmin etmək, informasiya məkanını xarici təsirlərdən etibarlı şəkildə qorumaq dövlətin prioritet sahələrindəndir

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova www.yap.org.az saytına müsahibə verib:

- Rəbiyyət xanım, müasir dövrdə informasiya təhlükəsizliyi, informasiya azadlığı və milli kimliyə çağırışlar cəmiyyəti düşündürən aktual problemlərdən biridir. Ümumiyyətlə, bu məsələlərin aktuallığını hansı amillərlə səciyyələndirərdiniz?

- İnformasiya, xüsusilə də müasir sivilizasiyada insan varlığının həyati vacib şərtidir. Adətən, informasiya sözü işlədiləndə -dəqiqlik və tamlıq kimi tələblər yada düşür. Amma onun təhlükəsizlik kimi fundamental meyarı nəzərdən kənarda qalır. Hər şey, əslində, buradan başlayır. Dünyada mövcud olan hər bir vasitə, proses və ya hadisə kimi informasiyanın da insana həm mənfi, həm də müsbət təsirləri olur. Yəni ən mühüm məsələ həmin vasitənin kim və nə məqsədlə-xeyir və ya şər üçün istifadə edilməsidir. Yaxşı olardı ki, informasiyanın mürəkkəb mahiyyəti, faydası və zərəri haqqında daimi olaraq maarifləndirmə işləri aparılsın.

İnternet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrin meydana gəlməsi XXI əsrin ən böyük inqilablarından biri olmaqla yanaşı, bir sıra problemlər də yaradıb. Təkcə “Facebook” sosial şəbəkəsinin bir milyarda yaxın sakini var. Azərbaycanda internet və sosial şəbəkələrlə bağlı hər hansı tənzimlənmə aparılmır. Ona görə də, ölkədə sosial şəbəkələr tam müstəqil fəaliyyət göstərir. İnformasiya şəbəkələrinin müsbət cəhəti çoxdur. İnsanların bir-biri ilə ünsiyyət qurmasında, müəyyən məsələlərin müzakirəsində çox böyük üstünlüklər yaradır. Amma informasiya şəbəkəsindən düzgün istifadə etmədikdə problemlər yaranır. Xüsusən, ictimai şüurun manipulyasiyası, yad və zərərli ideologiyaların təsiri baş verir. Buna görə də, vətəndaşlar bu sahədə maarifləndirilməlidirlər. İnsanlar informasiya şəbəkələrinin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də bilməlidirlər. Əsas problem informasiyanın verilməsində deyil, onun nəyə xidmət etməsində, ondan hansı məqsədlərlə istifadə olunmasındadır.

- Ölkəmizdə İKT sürətlə inkişaf edən sahələrdən biridir. Eyni zamanda, əhali sosial şəbəkələrdən geniş şəkildə istifadə edir. Belə bir şəraitdə milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması prosesini necə dəyərləndirirsiniz?

- Azərbaycan İKT-nin inkişafına görə regionda lider dövlətdir. Azərbaycanda demək olar ki, hər 20 nəfərdən biri “Facebook” istifadəçisidir. Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları 2010-2011” adlı hesabatında bildirilir ki, Azərbaycan İKT-nin inkişafına görə 138 ölkə arasında 70-ci yerdə qərarlaşıb. Əvvəlki illərdə olduğu kimi, Dünya İqtisadi Forumunun sonuncu hesabatında da Azərbaycan region ölkələri arasında öz lider mövqeyini qoruyub. Müqayisə üçün bildirək ki, həmin hesabatda region ölkələrindən Türkiyə 71-ci, Rusiya 77-ci, Ukrayna 90-cı, Gürcüstan 98-ci, İran 101-ci, Ermənistan 109-cu, Tacikistan 112-ci, Qırğızıstan isə 116-cı yerdə qərarlaşıb. Bu hesabatda region ölkələrindən yalnız Qazaxıstan Azərbaycanı 3 pillə üstələyib. Qeyd edək ki, regionun digər ölkələri hesabatda yer almayıblar. İKT-nin inkişafı informasiya təhlükəsizliyi məsələsini də gündəmə gətirir. Son 20-30 il ərzində bu məsələ o qədər aktuallaşıb ki, artıq hər il noyabr ayının 30-u bütün dünyada Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü olaraq qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” ölkədə beynəlxalq təcrübəyə, dünya standartlarına və elmə əsaslanan milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırmağa xidmət edir.

İnformasiya təhlükəsizliyi olduqca geniş, çoxşaxəli anlayışdır. Fiziki təhlükəsizlik, lokal və qlobal təhlükəsizlik, texnologiya riskləri və s. Təsəvvür edək ki, bu gün internetdə başqasının şəxsi səhifəsinə giriş, parolunun sındırılması çox asandır. Hətta internetdən başı çıxmayan adam belə istənilən kompyuter xidmətinə müraciət edib bunu həyata keçirə bilər. Müəllif hüquqlarının pozulması, intellektual mülkiyyətə müdaxilə, saytları dağıtmaq, iflic vəziyyətə salmaq, məxfi məlumatların oğurlanması və başqalarının hesabına girməklə məşğul olur. Ona görə də, Avropa Şurasının 2001-ci ildə qəbul etdiyi Kiber cinayətkarlıq haqqında konvensiya məhz informasiya təhlüksizliyini təmin etmək məqsədi daşıyır. Azərbaycan da 2008-ci ildə bu konvensiyaya qoşulub.

- Azərbaycanın informasiya məkanının xarici təsirlərdən qorunması da günümüzün vacib məsələlərindəndir. Sizcə, bunun üçün hansı addımlar atılmalıdır?

- Azərbaycanda ölkənin təhlükəsizliyini təmin etmək, informasiya məkanını xarici təsirlərdən etibarlı şəkildə qorumaq dövlətin prioritet sahələrindəndir. Müvafiq texniki, kadr potensialı var və hər hansı müdaxilə əlaqədar strukturlar və mütəxəssislər tərəfindən dəf edilir. Bununla belə, son illər olduqca sürətli inkişaf edən sosial şəbəkələr və onların internet istifadəçilərinin dünyagörüşü, intellektual səviyyəsi zərərli və müsbət tendensiyaları, çağırışları görmək üçün yetərlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətin milli təhlükəsizliyini təmin edən çoxşaxəli amillərə öz nitqində xüsusi yer ayırmış, informasiya təhlükəsizliyini “çox aktual” problem adlandırmışdır. Dövlət başçısı nitqində informasiya məkanımız üçün təhdid olan qüvvələrin konseptual mənzərəsini vermiş, bizə qarşı informasiya müharibəsi aparıldığını vurğulamışdır.

2011-ci ildə sentyabrın 9-da Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev “Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə ümumi yanaşmalar” mövzusunda məruzə ilə çıxış etmişdir. O çıxışında demişdir: “Ölkənin firavanlığı və dünya sivilizasiyasında yeri informasiya texnologiyaları sahəsində siyasətin praqmatikliyindən və çevikliyindən asılıdır. İnformasiya məkanının qloballaşması və kütləvi kommunikasiya vasitələri şəbəkəsinin təsiri altında cəmiyyətdə baş verən dəyişikliklər təkcə müəyyən üstünlüklər və mənfəətlərlə məhdudlaşmayıb, həm də sosial-siyasi sahədə informasiya mübarizəsi aparmaq üçün geniş imkanlar açır, bu da öz növbəsində milli və beynəlxalq təhlükəsizliyə təhdid doğurur”.

Göründüyü kimi, bu vəziyyət milli təhlükəsizlik və ilk növbədə, informasiya təhlükəsizliyi kimi mühüm sahənin problemlərinə ənənəvi yanaşmaların ciddi transformasiyasına gətirib çıxarmışdır. Formalaşmaqda olan yeni informasiya-kommunikasiya mühiti istənilən ölkənin siyasi, iqtisadi və müdafiə təhlükəsizliyinə fəal təsir göstərir. İnformasiyanın artmaqda olan əhəmiyyəti qarşılıqlı informasiya təsiri proseslərinin tənzimlənməsinin təmin olunması üçün dövlətin fəal müdaxiləsini tələb edir. Biz unutmamalıyıq ki, informasiya texnologiyalarının inkişafı artıq bu gün cəmiyyətin həyatının demək olar, bütün sahələrində genişmiqyaslı mənfi nəticələr doğurur.

- Rəbiyyət xanım, dünyada informasiya təhlükəsizliyinin özü ayrıca problemə çevrilib. Siz bu problemlərə ətraflı toxundunuz. Bu tipli problemlərin həlli ilə əlaqədar qanunvericiliyin rolu nədən ibarətdir?

- Qloballaşan dünyada informasiya təhlükəsizliyi və milli kimliyə çağırışlar özü də ayrıca problemdir. XXI yüzilliyin reallığında milli şüurumuza yol göstərmək iddiasında olan yad ideya və təlimlər dövlətçilik idealımız və dəyərlərimizi düşünərək seçməyimizi təmin edən mənəvi təməllərin daha da möhkəmləndirilməsini tələb edir. İnformasiya sivilizasiyasının mövcud reallığı və milli dövlətçiliyin yeni mərhələsi dövlət inkişafının bütün istiqamətlərində müvafiq yeni siyasi davranış üsullarının tətbiqini gündəmə gətirir. Fasiləsiz olaraq dəyişən reallığın mənəvi süzgəcdən keçirilərək çevik dəyərləndirilməsi ən vacib məsələlərdəndir.

Biz hələ 2008-ci ildə informasiya və psixoloji təhlükəsizlik haqda qanunun qəbul edilməsi barədə təklif vermişik. Təklif mənim tərəfimdən irəli sürülüb və “İnformasiya təhlükəsizliyi haqqında” Qanunun qəbul edilməsini və bu sahədə informasiya ombudsmanının təsis edilməsini qeyd etmişəm. Azərbaycana xarici ölkələrdən daxil olan çoxlu sayda qəzet və jurnalların ekspertizasını aparsaq, görəcəyik ki, burada çoxlu məqamlar var ki, insanların beyninə yad və yanlış ideyalar yeridilir. Əgər cəmiyyətdə milli düşüncəyə, mənəviyyata, tarixə xələl gətirə bilən hər hansı bir ideyalar yayılırsa və bu insanların şüuruna hakim kəsilirsə, qloballaşan dünyada insanı milli sərvətlərdən, mənliyindən, kimliyindən uzaqlaşdıran ideyaların qarşısı alınmalıdır. XXI əsrdə yalnız öz torpağını təkcə torpaq kimi deyil, mənəviyyat məkanı kimi qoruyan, milli-mənəvi müqavimət qüvvəsini ortaya qoymaq iqtidarında olan ölkələr sabaha addımlaya biləcək.

“Psixi sağlamlıq və psixi təhlükəsizlik haqqında qanun”un qəbulu da çox vacib məsələdir. Dünyanın 35 ölkəsində belə qanun qəbul olunub. İnkişaf etmiş dövlətlərdə bu qanundan irəli gələn məsələlər çox geniş formada həyata keçirilir. ABŞ-da bu istiqamətdə ildə milyardlarla dollar pul ayırılır. Burada TV məkanından internet istifadəsinə qədər bütün sahələrdə insanların hüquqları qorunması nəzərdə tutulur. Bu gün bizdə ən böyük problemlərdən biri TV və internet istifadəçiləri tərəfindən bunun gözlənilməməsidir.

Tamaşaçılar əvvəlcədən verilişin konkret olaraq hansı yaş qrupuna şamil edildiyini bilməlidirlər. Çünki göstərilən bir çox verilişlər konkret olaraq uşaqların psixikasına mənfi təsir göstərir. Bununla çox rastlaşırıq. Real həyatda cəmi 1 nəfər dostu - tanışı olmayan insanların baxırıq ki, virtual şəbəkədə 400-500 dostu var. Fikir versək, sosial şəbəkələrdə “dostların” sayı nə qədər artırsa, real insanlararası ünsiyyət bir o qədər də azalmağa başlayır. Bu isə canlı münasibətlərə təsir edir və önləyici tədbirlərin görülməsini, insanları maarifləndirməyi, cəmiyyətdə sosial institutların rolunun artırılmasın tələb edir. Dünyanın heç bir ölkəsi informasiya hücumundan sığorta edilməyib. Üstəlik də, bu proseslərdə xarici amillərin rolu, marağı olanda proseslər arzuolunmaz məcraya yön alır. Azərbaycan müharibə şəraitində yaşayır və ərazi bütövlyünü bərpa etmək ümummilli məsələdir.

Bu gün ABŞ xarici ölkələrdə bloqqerləri qorumağa 25 milyon dollar vəsait sərf edir və bu özü də birmənalı izah edilən məsələ deyil. Belə ki, qloballaşan dünyada informasiya azadlığı və milli informasiya təhlükəsizliyinin olduqca həssas, kövrək münasibətləri, nisbəti mövcuddur. İnformasiya azadlığı və informasiya təhlükəsizliyinin özü çox ciddi müzakirələrin mövzusudur.

 

 

Yeni Azərbaycan.- 2012.- 21 aprel.- S.8.