Erməni iddiası və 24 aprel: mif, yoxsa reallıq?

 

1915-ci ildə, Osmanlı imperiyasında baş verən hadisələrin statusu həm türk, həm də erməni tərəfi üçün həll olunmayan problemli məsələ kimi qalmaqdadır. Erməni ekspertlərinin iddiasına görə, həmin hadisələr genosid kimi qiymətləndirilməlidir, türk tərəfi isə öz növbəsində haqlı olaraq həmin versiyanı əsassız hesab edir. Bu məqalənin məqsədi yüzillik hadisələrin tarixi faktlarının tədqiqatı deyil, bu hadisələrin “soyqırımı” kimi tanınması üçün erməni tərəfinin bəyanatlarının beynəlxalq hüquq normalarına nə dərəcədə uyğunluğunu müəyyənləşdirmək cəhdidir. Bunun üçün XX əsrin əvvəlində Osmanlı imperiyasında baş vermiş hadisələrin bəzi təfsilatlarını araşdırmaq, həmçinin, genosid haqqında beynəlxalq məhkəmə işlərinin təcrübəsini öyrənmək labüddür.

1915-ci il hadisələrinin tarixi zəminləri

XX əsrin əvvəlində Osmanlı imperiyasının daxili vəziyyəti qeyri-sabit idi. Onun ərazisində türklərdən başqa ərəblər, yunanlar, asurililər, ermənilər və digər xalqlar da yaşayırdı. Mərkəzi hakimiyyətin siyasətindən narazı olan həmin milli azlıqlar tərəfindən imperiyanın bütün ərazisi boyunca narazılıqlar ifadə olunurdu və üsyanlar qaldırılırdı. Osmanlı imperiyası I Dünya müharibəsinə daxil olandan az sonra bir neçə cəbhədə müharibə aparmağa məcbur edildi. Həmin cəbhələrdən biri Rusiya imperiyası ilə Qafqaz regionu uğrunda ağır döyüşlərin getdiyi Şərq cəbhəsi idi. 1914-cü ilin dekabr ayında türklər Şərq cəbhəsində ən iri əməliyyata Sarıqamışda başladılar və 1915-ci ilin yanvar ayında Rus imperiyasının silahlı qüvvələri tərəfindən məhvedici məğlubiyyətə uğradılar. Bu məğlubiyyətdən sonra türklər arxaya çəkildilər və türk-alman alyansı Cənubi Qafqaza, İrana və Fars körfəzinə çıxışa olan iddialarından məhrum edildi. Həmin regionların Atlanta ilə qeyri-bərabər mübarizə aparan türk-alman alyansı üçün əhəmiyyəti haqqında çox danışmağa ehtiyac yoxdur.

Rusiya imperiyası ordusunun qələbəsinə döyüş zamanı rusların tərəfinə keçən erməni könüllülərinin xəyanəti xeyli kömək etdi. Ermənilərin digər hissəsi isə Şərqi Anadoluda döyüşlərdən sonra qayıdan türk ordusuna qarşı partizan müharibəsi aparırdı. Bu, təbii olaraq türklər arasında bütövlüklə erməni xəyanəti haqqında təbliğata gətirib çıxartdı. İstanbula gələn Ənvər paşa “Tanin” qəzetinin sahibinə və Osmanlı parlamentinin vitse-spikerinə bildirirdi ki, məğlubiyyət erməni xəyanətinin nəticəsi oldu və şərq vilayətlərindən ermənilərin köçürülməsinin zamanı çatıb. Köçürülmənin birinci fazası 1915-ci il aprel ayında ermənilərin Zeytundan və Dördyoldan çıxarılması ilə başlandı, 24 apreldə isə erməni xəyanətinin əqidə rəhbəri olan İstanbulun erməni elitası köçürüldü. Van üsyanlarından sonra köçürülmələrin əsas fazası başlandı və buna əsasən sərhəd rayonlardan bütün ermənilər köçürülməli idi. Bütün bunlar “Deportasiya haqqında qanun”la tənzimlənəcəkdi. Ermənilər əsasən həmin vaxt Osmanlı imperiyasının mülkiyyəti olan Mesopotamiya, Yaxın Şərq, Şimali Afrikaya sürgün edilirdilər. Adıçəkilən regionlara köçürülməklə erməniləri döyüş hərəkatları zonalarından uzaq saxlamaq mümkün idi. Sözsüz ki, aparılan köçürülmə prosesləri zamanı ermənilər arasında itkilər də oldu. Müxtəlif mənbələrə əsasən (hətta türklərə qarşı xeyirxah olmayan qüvvələrin mənbələrində) qurbanların sayı 200000 - 500000 arasında hesablanır. Amma bəzi erməni mənbələrində bu rəqəm 2 milyon nəfərdən çox qeyd edilir! Əslində, itkilərə imperiyanın həm türk, həm də kürd dinc sakinləri məruz qalmışdı. Bunu Rusiyadan hərbi əsirlərin repatriasiya işləri üzrə Millətlər Liqasının ali komissarı, əfsanəvi qütb tədqiqatçısı, türklərə simpatiyada təqsirləndirilməsi mümkün olmayan, Frityov Nansen bildirirdi. O deyirdi: “1916-cı ilin yanvar ayında... şiddətli təlaşlar və qorxularda olan türklər soyuq qışda şərqə hərəkət edirdilər. Onların çoxu inanılmaz əzablar və itkilərdən dağ rayonlarının keçilməz yollarında olurdular”.

Genosid cinayəti nələri ehtiva edir?

Ümumiyyətlə, “genosid” anlayışı Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının (RBCT) Kambanda işində “cinayətlərin cinayəti” kimi qiymətləndirilmişdir. Əgər genosid cinayətinə xas olan cinayət tərkibi dövlətə xasdırsa, o zaman, digər beynəlxalq cinayətlərdə olduğu kimi, məsulliyətə yalnız fərdi şəxslər deyil, həm də dövlət cəlb edilə bilər. Bosniyalıların Genosidi işində Bosniya, onların müsəlman əhalisini məhv etmək təşəbbüsündə bulunan Serbiyaya qarşı, 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” (GCQACK) konvensiyanın müddəalarının pozulması barəsində Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) qarşısında iddia qaldırmışdı. BƏM təsdiq etdi ki, həmin konvensiya dövlətin üzərinə yalnız genosidin qarşının alınması və cəzalandırılması vəzifəsi deyil, həm də həmin cinayətin həyata keçirilməsindən “çəkinmə” öhdəliyini qoyur. GCQACK 2-ci maddəsində müəyyən edilmiş genosid cinayətinin standart təyini keçmiş Yuqoslaviya və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalın statutunda, həmçinin, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda eyni ilə qəbul edilib:

Genosid hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədi ilə törədilən aşağıdakı hərəkətlərdən biridir:

a. bu cür qrup üzvlərinin öldürülməsi;

b. bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi;

c. qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;

d. bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi;

e. bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.

Maddi elementlər: qadağan əməllər (hərəkətlər)

“Mühafizə olan qrupu” tam və ya qismən məhv etmək məqsədilə hər bir törədilən hərəkətə görə şəxs soyqırımı törətdiyinə görə təqsirləndirilə bilməz. Yalnız, GCQACK 2-ci maddəsində göstərilən hərəkətlərə görə şəxs ittiham edilə bilər və soyqırımı törətdiyi üçün ona cinayət işi açıla bilər:

Qətl: Maddənin bu yarımbəndində həll olunmalı bəzi interpretativ problemlər meydana çıxmışdır. Məsələ ondadır ki, konvensiyanın ingilis versiyasında daha neytral olan və həmçinin, qəsdsiz qətlləri daxil edən “killing” (qətl) ifadəsi istifadə edilir. Konvensiyanın fransız versiyasında daha konkret “meutre” (qəsdən öldürmə) ifadəsi istifadə edilir. Kayişema işində RBCT bu məsələni, GCQACK müxtəlif variantlarında istifadə edilmiş bu iki ifadələr arasında heç bir fərqin olmamasını müəyyən etməklə həll etmişdir.

Ağır bədən xəsarətlərinin və əqli qabiliyyətə ciddi zərər yetirilməsi: Genosidin ölüm səbəbi kimi geniş anlayışına baxmayaraq, bu konvensiyanın müəllifləri bu maddənin daxil edilməməsi qədər bu cinayətin anlayışında məhdud olmamışlar. İçmann işində Yerusalim Dairə Məhkəməsi təsdiq etmişdir ki, ciddi bədən zədələnmələri və psixiki pozulmalar “insanların əsarət altına salınması, ac qalması və insan kimi yaşama hüquqlarından məhrum edilməsi və tənəzzül etməsi ilə nəticələnən şəraitlərdə getto və həbs düşərgələrində saxlanması” yolu ilə yetirilə bilər. Akayesu işində RBCT əlavə etmişdir ki, seksual zorlama və zorakılıq da genosidə səbəb ola bilər. BCM-nin cinayət tərkibi elementləri də (The ICC Elements of Crime) yuxarıda qeyd olanları təsdiq edir. Lakin xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Osmanlı imperiyasının köçürmə siyasəti, nasistlər tərəfindən tikilmiş düşərgələr kimi, ölümə səbəb olan şəraitlərdə ermənilərin saxlanması məqsədi ilə həbs düşərgələrinin təşkil edilməsini nəzərdə tutmamışdır. Türklər imperiyanın digər ərazilərinə məcburi köçürülmə ilə bağlı aydın siyasəti həyata keçirirdilər. Bu fikir, belə həbs düşərgələrinin mərkəzi Anadolunun tənha çöllərində yaradılması mümkünlüyünə baxmayaraq, ermənilərin Mesopatomiya kimi digər regionlara köçürülməsi ilə təsdiq edilir.

Tam və ya qismən fiziki məhvi nəzərdə tutan həyat şəraitlərinin yaradılması: BCM-nin cinayət tərkibi elementləri “həyat şəraitləri” ifadəsini yemək, su, tibbi xidmət və ya sistematik evdən qovulma kimi yaşayış üçün lazımi vasitələri daxil edən və bu siyahıyla məhdudlaşmayan insan həyatı üçün gərəkən şəraitlər kimi şərh edir. Əhalinin məcburi köçürülməsi həmişə konvensiyanın bu bəndi əsasında qaldırılırdı: məcburi köçürülmə cinayət tərkibi əlamətləri daxil edirmi? Erməni məsələsində məhz bu bənd əsasən genosidi təşkil edən məsələ kimi qaldırılır. Bosniyalıların genosidi işində bu məsələ, həmçinin, “etnik təmizləmə” kimi məlum olan, qaldırılmış və bu işə cəlb olunmuş xüsusi hakim - Lauterpaxt (Judge Lauterpacht) - hesab etmişdir ki, məcburi köçürülmə genosid tərkibi əlamətləri daxil edir. Lakin nüfuzlu hüquqşünasların əksəriyyəti onun nöqteyinin tərəfdarı olmamışdır! Məsələn, İçmann işində belə bir qərar qəbul olunmuşdur ki, “etnik təmizləmə” genosid ilə bağlı olmaya da bilər. 1941-ci ilə qədər yəhudilərin təqib edilməsi ilə bağlı nasistlərin məqsədi onların Almaniyanı tərk etməsi olub və daha sonra bu siyasət kütləvi məhvetməyə çevrilmişdir. Brdanin işində YBCT müəyyən etmişdir ki, aydın, ardıcıl, uyğunlaşdırılmış “Bosniyalıların təmizlənməsi” cinayət strategiyası həyata keçirilmiş, lakin həmin təmizlənmənin bosniyalıların bir millət kimi məhv edilməsi ilə bağlı məqsədlə həyata keçirilməsini təsdiq edən heç bir sübut olmamışdır! Bu məsələ Bosniyalıların genosidi işində BƏM tərəfindən aydın şəkildə yekunlaşdırılmışdır: “Nə ərazini etnik eyniliyə çevrilməsi ilə bağlı dövlət siyasətinin bir hissəsi kimi niyyət, nə həmin siyasətin həyata keçirilməsi üçün həmin dövlət tərəfindən keçirilən əməliyyatlar genosid kimi təsvir edilə bilməz: genosidin səciyyəvi xüsusiyyətlərini göstərən yeganə məqsəd müəyyən qrupun tam və ya qismən məhv edilməsidir”.

 Beynəlxalq məhkəmələrin məhkəmə presedentlərindən aydın görünür ki, 1915-ci il tarixi hadisələr zamanı da müşahidə olunan məcburi köçürülmə siyasəti “qrupun” tam və ya qismən məhv edilməsi ilə bağlı xüsusi niyyət olmadıqda, genosid tərkibi elementlərinə malik olmur. Osmanlı hökumətinin niyyətinin məhvetmə yox, köçürülmə olması isə 26 may 1915-ci il tarixli “Deportasiya haqqında qanunla” sübut edilir. Qanunun 1 maddəsinə uyğun olaraq “müharibə zamanı ordu korpusu, ordu və diviziya komandirlərinə milli müdafiə və qayda-qanunun saxlanması məqsədləri ilə həyat keçirilən hökumət əmrləri və tədbirlərinə hər hansı əks təsir göstərən şəxslərə qarşı mütləq və qəti surətdə silahlı qüvvə ilə cəzanın tətbiq edilməsi tapşırılır və əmr edilir”. Həmin qanunun 2 maddəsinə müvafiq olaraq, hərbi komandanlığa “hərbi tələblərə uyğun olaraq kənd və şəhər əhalisinin fərdi və ya kollektiv surətdə digər yerlərə göndərilməsi” üçün icazə verilirdi. Hərbi əməliyyatlar zamanı milli azlıqların məcburi köçürülməsi siyasəti digər dövlətlər tərəfindən də geniş olaraq tətbiq edilirdi. Məsələn, Böyük Vətən müharibəsi zamanı (1941-1945) Sovet İttifaqında Stalin və L.Beriyanın rəhbərliyi ilə, əsasən kollaborasionizmdə təqsirləndirilən kalmıkların, inquşların, çeçenlərin, qaraçaylıların, balkarların, Krım tatarlarının, noqayların, mehseti türklərinin, ponti yunanlarının, bolqarların, Krım qaraçılarının, kütləvi surətdə deportasiyası həyata keçirilmişdir. Ümumilikdə, Böyük Vətən müharibəsi illərində 61 millətdən olan qrup və xalq köçürülməyə məruz qalmışdır. Əlbəttə ki, bu deportasiya zamanı köçürülən əhalinin bir hissəsi həlak olmuşdur. Onlar erməni hadisələrində olduğu kimi aktiv müqavimət göstərmiş olsaydılar onları ən ağır cəza gözləyərdi. Lakin heç kim heç vaxt Stalini və Sovet hökumətini milli azlıqlara qarşı soyqırım törətməkdə təqsirləndirməmişdir.

 Belə qrup arasında uşaq doğumlarının qarşısının alınması üçün hesablanmış tədbirlər: maddəyə bu bəndin salınması nasistlər tərəfindən İkinci Dünya müharibəsindən əvvəl və müharibə zamanı zorla dölsüzləşdirmə (axtalama) təcrübəsi səbəb olmuşdur. Belə tədbirlərə nümunə Akayesu işində cinsi mutilyasiya, axtalama, doğuşların zorla nəzarət altında saxlanması və nikahların qadağan olunması ola bilər.

 Uşaqların bir insan qrupundan digərinə zorla verilməsi: maddənin bu bəndi geniş hüquqi müzakirə olunmamışdır. BCM Cinayətləri Tərkibi Elementləri uşaqları 18 yaşından aşağı şəxslər kimi müəyyən edir. Burada, həmçinin, “zor” terminin tək fiziki zorakılıq nəzərdə tutmadığı da müəyyən edilmişdir. Bu, həmçinin, həmin şəxslərə və ya digər şəxsə qarşı hədə və ya mümkün qüvvə - zorakılıq, təzyiq, azadlıqdan məhrum etmə, psixoloji əsarət və ya hakimiyyətdən sui-istifadə - tətbiq edilməsini nəzərdə tutur.

Subyektiv tərəfin əlamətləri

Soyqırımın bu əlamətləri yuxarıda qeyd edilmiş qadağan olunmuş əməllərin həyata keçirilməsinin zəruri niyyətlərini, həm də soyqırımın xüsusi niyyətini daxil edir. Məhz bu xüsusi niyyət - “insan qrupunu özlüyündə tam və ya qismən məhv etmək” niyyəti soyqırımı digər cinayətlərdən fərqləndirir. Üç qarşılıqlı əlaqəli aspektləri nəzərdən keçirmək lazımdır:

 

“Məhv etmək”

 

Kambanda işində RBCT belə qənaətə gəldi ki, bu kontekstdə məhv etmə insan qrupunun fiziki və ya bioloji məhvini bildirir, baxmayaraq ki, onların məhvi bu qrup üzvlərinin ölümünə səbəb ola biləcək müxtəlif hərəkətlərdən irəli gələ bilər. Sosial assimilyasiya və ya mədəni xüsusiyyətlərə hücum kimi digər qırğın formaları fiziki və ya bioloji məhvlə əlaqədar olmadıqda cinayət tərkibi əlamətləri daşımır. Ermənilərin onların mədəni dəyərlərinin məhv edilməsi barədə iddiaları, beynəlxalq tribunalların mühakimə üsulundan irəli gələrək soyqırım törədilməsi ittihamlarının səsləndirilməsinə hüquqi əsas vermir. Baxmayaraq ki, bəzi ölkələrin qanunvericiliyində bu maddədəki məhv anlayışı genişləndirilir, Krstiç işində YBCT bir dəfə də qeyd etmişdir ki, son illərin inkişafına baxmayaraq, beynəlxalq ənənəvi hüquq soyqırımı insan qrupunun tam və ya qismən yalnız fiziki və ya bioloji məhvi ilə nəticələnən hərəkətlərlə məhdudlaşdırır. Bosniyalıların genosidi işində BƏM bu iddianı təsdiqləmişdir.

 

“Tam və ya qismən”

 

Niyyətin bu tərəfi əhəmiyyətli fikir ayrılığına səbəb olmuşdur. Fikir ayrılıqları soyqırımı qadağaları ilə təmin olunmuş müdafiə həddi bu və ya digər qrupun nə dərəcədə ümumiləşdirilməsindən yetəri qədər ciddi asılı olmasından irəli gəlir. Birinci mübahisəli məsələ coğrafidir: insan qrupunun verilmiş coğrafi ərazidə və ya tam məhv edilməsi niyyətidir? Məsələn, Ruanda hadisələrində qutuların niyyəti Ruanda ərazisində yaşayan tutsilərin məhvi idi, baxmayaraq ki, tutsilər yetəri qədər kompakt şəkildə qonşu dövlətlərin də ərazisində yaşayırdılar. Aydındır ki, bu halda Ruanda tutsiləri millət qrupu kimi tutsilərin “bir hissəsini” təşkil edirdilər. Bosniyalıların genosidi işinə müvafiq olaraq, müəyyən coğrafi ərazidə insan qrupunun məhv edilməsi niyyəti soyqırımı tərkibi daşıya bilər. Bu halda digər bir problem çıxır: həmin qrupun “bir hissəsi” nəyi bildirir? Kayişema işində RBCT müəyyən etmişdir ki, əgər qrupun məhv edilən hissəsi “əhəmiyyətli”dən aşağıdırsa qrupun o hissəsinin məhv edilməsi soyqırım təşkil etmir və bunu BƏM bosniyalıların genosidində təsdiqləmişdir:

həmin qrupun minimum olaraq əhəmiyyətli hissəsinin məhv edilməsi niyyət edilməlidir. Bunu soyqırım cinayətinin təbiəti tələb edir: belə ki, Konvensiyanın məqsədi ümumilikdə - qrupların qəsdən məhv edilməsinin qarşısının alınmasıdır, həmin qrupun bir hissəsi elə əhəmiyyətli olmalıdır ki, ümumilikdə bütün qrupa təsir etmiş olsun.

Məsələnin mahiyyətinə əsasən YBCT Krstiç işində həmçinin, qeyd etmişdir ki, həmin hissənin “əhəmiyyətli” olub-olmamasını müəyyən etmək üçün say göstəriciləri nəzərə alına bilər: “kəmiyyət göstəriciləri bu məsələnin həllində vacib və lazımi bənd olsa da, nəticə çıxarmaq üçün yeganə deyildir. Qurbanların sayı qəti sayılmaqla yanaşı, həmin insan qrupunun ümumi sayı nisbətində də hesablanmalıdır”. Qurbanların sayından əlavə ümumi qrup üçün əhəmiyyətli olması da nəticə çıxarmaq üçün vacib ola bilər. Əgər bu hissə “simvolik” və ya həmin insan qrupunun həyatda qalması üçün vacibdirsə, onda bu halda qrup “əhəmiyyətli” sayıla bilər. Cinayətin bu aspekti çox mürəkkəbdir və erməni məsələsində demək olar ki, həll olunmazdır. Türk mənbələrində qeyd olunur ki, bu zaman Türkiyə ərazisində 1,5 milyon erməni yaşayırdı ki, onların da 200 000 nəfəri həlak olmuşdur, ermənilər isə tamam başqa rəqəmlər göstərirlər. Buna görə də, əhalinin “əhəmiyyətli” hissəsinin analizini aparmaq demək olar ki, mümkün deyildir.

 

“Niyyət”

 

Təcavüz kimi beynəlxalq cinayətlərdən fərqli olaraq soyqırım yalnız kütləvi qırğın törətməyə başçılıq edən və ya onu planlaşdıranlar tərəfindən törədilmir. Kayişema işində də deyildiyi kimi, sadə sıravilər də əsas müttəhim ola bilərlər, bir şərtlə ki, onların buna yetəri niyyətləri olsun. Akayesuda da, həmçinin, göstərilmişdir ki, soyqırım tələblərinə görə xüsusi niyyət, hər bir icraçı fərdin bu və ya digər qadağan olunmuş hərəkəti edərkən, onun rəhbərlik edən və ya sıravi əsgər olmağından asılı olmayaraq, insan qrupunu tam və ya qismən məhv etmək niyyəti olmalıdır. Əsas məqsədi düşmən tərəfə qalib gəlməkdən ibarət olan hərbi toqquşma zamanı kütləvi qırğının soyqırım və ya müharibəni qazanmaq məqsədi ilə törədildiyini müəyyən etmək çox çətindir. YBCT-nın Krstiç işini və Darfur komissiyasının məruzəsini təhlil edərək bu mürəkkəb məsələnin beynəlxalq arenada necə həll edildiyinin izahını əldə etmək olar. General Krstiç tərəfindən Srebrenitsanın (Bosniya müsəlmanları) əlində silah tuta bilən bütün kişi əhalisinin məhv edilməsini əmr edən Krstiç işində müdafiə sübut etməyə çalışırdı ki, qırğınların əsas məqsədi - qrupu özlüyündə məhv etmək deyil, hərbi təhlükəni aradan qaldırmaq idi. Lakin məhkəmənin nəticəsinə görə, bu qırğınların nəticəsində Srebrenitsada Bosniya müsəlmanlarının soyqırımı həyata keçirilmişdir. Öz qərarını onlar onunla əsaslandırmışlar ki, Bosniya serblərinin hərbi qüvvələri döyüş qabiliyyətli kişi əhalinin məhv edilməsi haqqında qərar verərkən bilirdilər ki, qadınların, uşaqların və qocaların zor gücünə köçürülməsi ilə birgə bu, Srebrenitsada Bosniya müsəlmanlarının tam fiziki yox olmasına gətirəcəkdir....Döyüş qabiliyyətli kişi əhalinin məhv edərkən Bosniya serbləri, Srebrenitsada ümumilikdə, Bosniya müsəlmanları icmasını məhv etmiş və Srebrenitsada onların yenidən bərpa olmasının bütün ehtimallarını istisna etmişlər.

Generalın özünə gəldikdə isə, apelyasiya komissiyası belə qətnamə çıxarır ki, onun öz niyyəti əhalinin məcburi köçürülməsi idi. Serbiya hərbi qüvvələrinin digər üzvləri isə bu əmri yerinə yetirərkən öz soyqırım niyyətlərini həyata keçirmişdir. Bütün sübut və dəlillər onu göstərir ki, general Srebrenitsada baş verən azğınlıqlardan xəbərdar idi, lakin bunun qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Lakin kollegiyanın gəldiyi qərara əsasən şəxsin soyqırımda günahlandırılması üçün bu yetərli deyildir. Öz qərarlarını onunla əsaslandırmışlar ki, soyqırım bəşəriyyətə məlum olan ən ağır cinayətdir və onun ağırlığı vacib xüsusi niyyətdə əks olunmalıdır. Ona görə də, serb silahlı qüvvələrinin komandanı və Serbiya hökumətinin siyasətini həyata keçirən general Krstiç belə niyyətə malik olmadığına görə soyqırıma görə məhkum olmamışdır. Müvafiq olaraq Serbiya hökuməti də buna görə məsuliyyət daşımamışdır. Osmanlı imperiyasının siyasətini həyata keçirən məcburi köçürülmə və “deportasiya haqqında qanun” çıxaran Tələt paşa və Ənvər paşa, həmçinin, soyqırım niyyətində olmamışlar və general Krstiç kimi onlar da soyqırımda günahlandırıla bilməzlər. Ona görə də, Türkiyə hökumətinin ünvanına ittihamlar əsassızdır!

BMT-nin Darfur komissiyası öz məruzəsində bu istiqaməti dəstəkləmişdir. Komissiya belə nəticəyə gəldi ki, bu hücumlar, qətllər və Darfurda bəzi tayfaların məcburi köçürülməsi Sudan hökumətinin soyqırım niyyətində olduqlarını sübut etmir. Darfur komissiyasının məruzəsindən bir parça: Komissiya belə qərara gəlir ki, Sudan hökuməti soyqırım siyasəti yeritməmişdir. Ola bilsin ki, soyqırımın 2 elementi Sudan hökuməti tərəfindən və onun nəzarəti altında olan silahlı qüvvələr tərəfindən insan hüquqlarının kobud surətdə pozulmasından irəli gəlir. Bu 2 element aşağıdakılardır: birincisi, qəsdən adam öldürmə və ya ciddi bədən xəsarətləri və ya əqli pozuntular yetirmə və ya fiziki məhvə yönəldilmiş həyat şəraitinin yaradılması; ikincisi, subyektiv yanaşma əsasında, hüquq pozuntuları icraçıları tərəfindən təqib edilən “müdafiə olunan” qrupun mövcudluğu, lakin əsas element yoxdur, minimum Sudan hökuməti və onun soyqırım niyyətlərinə aid olan hissədə. Ümumilikdə desək, hücum, qətl və məcburi köçürülmə siyasəti irqi, etnik, milli və dini zəmində fərqli qrupun tam və ya qismən məhv edilməsi niyyətini sübut etmir. Ehtimal olunur ki, kəndlərə hücumları planlaşdıran və təşkil edənlər silahlı üsyanın qarşısını almaq məqsədi ilə qurbanları evlərindən köçürmək məqsədi güdürmüşlər.

Komissiya müəyyən etmişdir ki, Sudan hökumətinin niyyəti özlüyündə milli azlıqların məhvi deyil, Sudan silahlı qüvvələrinə qarşı silahlı müqavimət və hücumun qarşısını almaq idi. Sudan hökuməti soyqırım törətməkdə günahlandırılmadı. Bu qərar BMT yanında fəaliyyət göstərən Təhlükəsizlik Şurasının xüsusi komissiyası tərəfindən verilmişdir. Bu komissiyanın qərarı soyqırım haqqında işin həlli üçün vacib presedentdir. Osmanlı imperiyası tərəfindən ermənilərin köçürülmə siyasəti isə məhz Sarıqamış əməliyyatından qayıdan türk əsgərlərinə hücumdan sonra başlamışdır. Deportasiyanın əsas fazası Van üsyanından sonra başlamışdır. Birinci Dünya müharibəsində Rusiya imperiyasının silahlı qüvvələrinin tərkibində iştirakçı olan (1917) Fyodor Yeliseyev öz xatirələrində yazır: “Vanda aprel ayında üsyan baş verdi. Ermənilər türklərin kiçik qarnizonunu məğlub etdi və şəhərdə hakimiyyəti ələ aldılar”. Ermənilərin Osmanlı ordusunun arxa cəbhəsində üsyan faktını rus ordusunun bu istiqamətdə irəliləməsindən ayrı baxmaq düzgün olmazdı. Buna ən yaxşı təsdiq - Rusiya imperiyası hərbi qüvvələrinin Van istiqamətində irəliləməsinə sinxron olaraq üsyanın baş verməsidir. Həmin dövr rus-erməni tandeminə dair faktlar elə həmin Yeliseyevin xatirələrində əksini tapıb: “Aprel ayının ortalarında Vanda baş verən hadisələr haqqında məlumat aldıqdan sonra ordu komandanı 4-cü Qafqaz erməni korpusunu gücləndirir... Van şəhərinin tutulmasında əsas rolu general Nikolayevin Ararat dəstəsi oynadı...”. Rusiya ilə müharibə aparan Osmanlı imperiyasında rəhbərlik öz arxa cəbhəsində belə tandemin möhkəmlənməsinə yol verə bilməzdi. Ermənilər Rusiya lehinə mövqe tutaraq onların Türkiyə ərazisində irəliləmələrinə yardım etdilər. Buna sübut kimi “Erməni carçısı” jurnalının baş redaktoru Karen Mikaelyanın cəsarətli fikridir: “Ermənilər Rusiya ekspansivliyinin cənub istiqamətdə irəliləməsində vasitəçi olmuşdurlar ... ermənilər sionistlərin onlara məsləhət gördükləri kimi, Osmanlı imperiyasına münasibətdə loyallığını saxlamağın mümkünlüyünə baxmayaraq, onlar Rusiya lehinə mövqe tutmağa üstünlük verdilər”.

Hətta V.Çörçill öz “Dünya böhranı” kitabının 18 fəslində bu aspekti diplomatik yanaşma ilə əks etdirmişdir: “Türklər Türkiyənin şərq vilayətlərində yaşayan erməniləri Rusiya casusları və agentləri qismində fəaliyyət göstərməkdə, onların Türkiyə rabitə xətlərinə hücum etməkdə təqsirləndirirdilər. Bütün ehtimallarla, bu iddialar ədalətli idi”.

Yuxarıda qeyd olunmuş faktlar ermənilərin deportasiya olunmağa özləri təhrik etdiklərini sübut etmirmi? Darfurda olduğu kimi Osmanlı imperiyasının erməniləri deportasiya etməsində əsas məqsəd türklərin əleyhinə erməni-rus tandeminin yaranmasının və türk silahlı qüvvələrinə silahlı əks hücumun qarşısını almaq idi, soyqırım törətmək deyil.

Nəticə əvəzi Massaçusets ştatı universitetinin məşhur alimi Günter Levinin bu problemlə əlaqədar fikirlərini veririk: Soyqırım cinayətinin tərifi ilk olaraq BMT tərəfindən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya” qəbul olunduqdan sonra verilmişdir. Ümumilikdə, bu tərif müəyyən qrupun dini, etnik və ya irqi prinsiplərə əsasən tam və ya qismən bilərəkdən məhv edilməsini nəzərdə tutur. Əgər bu tərifi verilmiş kontekstdə tətbiq etsək, fikirləşirəm ki, həmin dövrdə baş vermişləri soyqırım adlandırmaq olmaz. Mənim fikrimcə, niyyət erməni xalqını qırmaq olmayıb. Çox guman ki, onları “beşinci kolon” kimi köçürmək və ya neytrallaşdırmaq niyyəti güdülüb”.

 

 

Orxan Hacıyev,

Queen Mary University

of London beynəlxalq hüquq

fakültəsinin magistri

 

Yeni Azərbaycan.- 2012.- 21 aprel.- S.7.