XALQ ÜÇÜN QURULMUŞ DÖVLƏT

 

Müstəqillik hər bir xalqın tarix boyu can atdığı ən ali dəyərdir. Çünki bu dəyər xalqların azadlıq əzmini, demokratik inkişafını, milli ideyalar üzərində mədəni yüksəlişini özündə ifadə edir. Böyük dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da bu amal uğrunda çətin sınaqlardan keçmiş, tarixin müxtəlif dönəmlərində istiqlal mübarizəsinin şərəfli salnamələrini yaratmışdır. Tarixi keçmişimizdən soraq gətirən mənbələr, şifahi-yazılı ədəbi nümunələr Azərbaycan xalqının istiqlal ruhunu özündə əks etdirən məqamlarla zəngindir.

Bəşər mədəniyyətinə verdiyi misilsiz töhfələrlə, tarixdəki yeri və rolu ilə xalqımız dövlət müstəqilliyini hələ yüz illər əvvəldən öz milli haqqına çevirmiş, bu haqqın əldə edilməsinə doğru aparan yol isə heç də asan olmamışdır. Geostrateji baxımdan kifayət qədər mürəkkəb regionda yerləşən, zəngin təbii sərvətlərə malik Azərbaycan xalqına tarix müstəqil dövlətə sahib olmaq xoşbəxtliyini bir neçə dəfə nəsib etsə də, xarici təhdidlər üzündən bu xoşbəxtliyin ömrü uzun sürməmiş, xalq yenidən əsarətə məhkum edilmişdir. Müsəlman Şərqində ilk demokratik dövlət olaraq 1918-ci ildə öz istiqlalını bütün dünyaya bəyan edən Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 aydan sonra süquta uğraması və Cümhuriyyəti yaratmış dəyərli ziyalılarımızın Azərbaycanın demokratik gələcəyi ilə bağlı ideyalarının təqiblərə məruz qalması da milli dövlətçilik tariximizin daim təəssüflə xatırladığımız məqamlarındandır.

Şükürlər olsun ki, ötən əsrin sonlarına doğru tarixsəhvlərini düzəltdivə Azərbaycan xalqı 20 il öncə, 1991-ci ilin 18 oktyabrında istiqlalına qovuşdu. 1991-ci ildə dünyaya gəlmiş körpələri indi müstəqil Azərbaycan dövlətinin sərhədlərini qoruyan əsgərlər, ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi üçün yaşlı nəslin nümayəndələri ilə çiyiniyinə çalışan gənc vətəndaşlar kimi görmək müstəqilliyin ağır sınaqlarını öz həyatında yaşamış insanlar üçün böyük məmnuniyyətdir. O gənclərdən ötrü bu gün, müstəqilliyinin hər növbəti ildönümünü ardıcıl sosial-iqtisadi nailiyyətləri ilə qeyd edən, beynəlxalq aləmdə yüksək nüfuza malik, getdikcə abadlaşan, sabit, nizamlı, demokratik bir Azərbaycan dövləti var. Bu dövlətin çətin və şərəfli müstəqillik yolu isə Azərbaycanın daha da qüdrətlənməsinə, ölkəmizin qloballaşan dünyanın çağırışlarına uyğun gələcək inkişafının təmin olunmasına görə məsuliyyət daşıyan hər kəsin zaman-zaman xatırlayıb öyrənməli olduğu şanlı tarixdir.

Ötən əsrin 80-ci illərinin sonlarına doğru SSRİ-nin iflası ilə nəticələnən milli-azadlıq hərəkatının keçmiş Sovet respublikaları arasında məhz Azərbaycanda başlanması o dövrə qədərki proseslərin məntiqi nəticəsi idi. Tarix cəmiyyətin milli ideyalar ətrafında həmrəylik nümayişinə əsaslanan bu cür hərəkatların birdən-birə deyil, uzun illər ərzində formalaşmış zəminlər üzərində ortaya çıxdığını öyrədir. Bu mənada, Azərbaycan milli azadlıq hərəkatının xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə formalaşmış milli zəminlərdən güc aldığını qeyd edən tədqiqatçılar öz mövqelərində tam haqlıdırlar.

Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Sovet ideologiyasının ziyanlı təsirləri nəticəsində öz milli kimliyini unutmaq təhlükəsi ilə üzzə qalmış insanları tədricən milli ideyalar ətrafında səfərbər etdi.

Heydər Əliyev bir neçə ildən sonra öz istiqlalını elan edəcək Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri sosial-iqtisadi əsasları, infrastruktur təminatını, milli kadr potensialını formalaşdırdı. İnsanlarımıza milli dövlətçilik düşüncəsi aşıladı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başladı. Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə 1970-1982-ci illər arasında və daha sonralar minlərlə azərbaycanlı gənc məhz Heydər Əliyevin təşəbbüsü əsasında SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa göndərildilər. Sadalananlar Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə Ulu öndərin siyasi iradəsi əsasında görülmüş işlərin yalnız məhdud bir hissəsidir və bütün bunların ötən əsrin 80-ci illərinin sonlarına doğru Azərbaycanın istiqlal mübarizəsi tarixinin hərəkətverici qüvvəsi rolunda çıxış etdiyi qətiyyən şübhə doğurmur.

Əfsuslar olsun ki, müstəqillik tarixinin ilk mərhələlərini Heydər Əliyev kimi müdrik siyasət ustadının qətiyyətli addımları deyil, çoxsaylı itkilərə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalına, cəmiyyətdə ağır sarsıntılara səbəb olan təsadüflər idarə etdi. Ölkəmizin müstəqilliyinə qarşı çıxan qüvvələr tərəfindən Heydər Əliyevin ölkənin idarəçiliyi prosesindən mümkün qədər kənarda saxlanması Azərbaycanı yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu.

“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Müstəqilliyin ilk illərində baş verənlər Ulu öndər Heydər Əliyevin bu kəlamındakı həqiqəti hər addımda sübuta yetirirdi. O zaman Azərbaycanın həyatında həlledici bir mərhələ yaşanmaqda idi. Azərbaycan dövlət müstəqilliyinə nail olmuş, lakin respublikanın müstəqilliyini təmin edəcək əsaslar formalaşdırılmamışdı. Qısa müddətdə konkret qərarların qəbulunu tələb edən taleyüklü məsələlər dövlət maraqlarından daha çox, şəxsi mənafelər uğrunda mübarizə aparan siyasi qüvvələrin mübahisə predmetinə çevrilmişdi.

Ölkədə xaos, anarxiya baş alıb gedir, sosial-iqtisadi böhran, inflyasiya gündən-günə dərinləşir, bir-birini əvəz edən iqtidarların səriştəsiz siyasəti Azərbaycanı fəlakətə sürükləyirdi. Qeyri-qanuni silahlı birləşmələr arasında tez-tez baş verən toqquşmalar vəziyyəti vətəndaş qarşıdurması həddinə gətirib çıxarırdı. Bakıda hakimiyyət uğrunda silahlı mübarizə gücləndikcə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazilərinin coğrafiyası genişlənir, xarici ölkələrlə münasibətlər gərginləşir, çoxmillətli respublika olan Azərbaycanın müxtəlif bölgələrində xarici qüvvələrin təhriki ilə separatizm meyilləri baş qaldırırdı. Belə çətin bir dönəmdə Azərbaycan xalqının kömək umduğu yeganə qüdrət sahibi yenə də məhz Heydər Əliyev idi. Xalq öz Ümummilli liderini Azərbaycanı bu fəlakətlərdən xilas etməyə çağırırdı. Nəhayət, 1993-cü ilin 15 iyununda Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsinə çevrildi.

Heydər Əliyevin 1993-cü ildən başlayaraq həyata keçirdiyi qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində ölkədə özbaşınalığa, xaosa son qoyuldu. İctimai-siyasi sabitlik təmin edildi. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində danışıqların başlanması və cəbhə bölgəsində atəşkəsin əldə olunması insan tələfatının qarşısını aldı. Xarici dövlətlərlə, müvəqqəti hakimiyyətlər dövründə pozulmuş münasibətlər qaydaya salındı. Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, respublikamızın beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün məqsədyönlü tədbirlər görüldü.

1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasına nail olan Azərbaycan MDB məkanında Qərbin aparıcı neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu saziş təkcə ölkəmiz üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyətli sənəd kimi Azərbaycanda demokratik inkişaf proseslərinin başlanmasına böyük təkan verdi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin təməlinə çevrildi. Azərbaycanda hakimiyyət bölgüsü müəyyənləşdi. İnsan hüquq və azadlıqları təmin edildi. Vətəndaş cəmiyyəti institutları formalaşdı. Azad bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi ölkənin gələcək iqtisadi inkişaf yolu kimi müəyyənləşdirildi, bu xətt qısa müddətdə özünü doğrultmağa başladı. Torpaq islahatı, dövlət mülkiyyətinə aid əmlakların özəlləşdirilməsi prosesi uğurla həyata keçirildi. Ölkə iqtisadiyyatında özəl sektorun rolu artdı, azad sahibkarlar sinfi formalaşdı.

Azərbaycanın beynəlxalq mövqeyi gücləndi, ölkəmizin suverenliyinə, demokratik inkişaf yoluna dəstək verən dövlətlərin sırası genişləndi. Respublikamız dünyanın nüfuzlu beynəlxalq qurumlarına tamhüquqlu üzv qəbul edildi. Ölkəmizdə yaradılan ictimai-siyasi sabitlik, əlverişli biznes mühiti bütün dünyada Azərbaycanın etibarlı tərəfdaş imicini formalaşdırdı. Respublikanın iqtisadi həyatının ən müxtəlif sahələrinə sərmayə axını başlandı. Azərbaycanın ideya müəllifliyi və yaxından iştirakı ilə qlobal əhəmiyyətli enerji-kommunikasiya layihələri reallığa çevrildi.

Ulu öndər Heydər Əliyev bu nailiyyətlərlə Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönələ biləcək bütün təhdidlərin qarşısını aldı, müstəqilliyin əbədiliyini təmin etdi. Azərbaycanın siyasi taleyinin gələcəkdə hər hansı təsadüflərin asılılığına düşməsinə imkan vermədi. Azərbaycanda inkişaf proseslərinin ardıcıllığına, dönməzliyinə təminat yaradan məqsədyönlü strategiya müəyyənləşdirdi və əsası Ulu öndər tərəfindən qoyulmuş strategiya bu gün Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük əzmlə həyata keçirilməkdədir.

2003-cü ilin prezident seçkiləri ərəfəsində - tarixi taleyimizin məsuliyyətli günlərində xalqa müraciət edən Ulu öndər, cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin Onun tərəfindən uğurla başa çatdırılacağına inandığını ifadə edərək demişdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Həmin seçkilər nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını sübuta yetirdi. Xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin qazandığı misilsiz nailiyyətlərin üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə təsdiqini tapmış bu siyasi kursun Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminat olduğunu bir daha sübuta yetirdi.

Prezident İlham Əliyev öz tükənməz enerjisi, quruculuq fəlsəfəsi ilə hakimiyyətdə varisliyin yeni, daha bitkin, konkret, əyani və universal modelini ortaya qoydu. Bu model qarşıdakı illərdə Azərbaycanın aqrar, sənaye, sosial-mədəni, humanitar, bir sözlə, bütün sferalarda yüksək keyfiyyət sıçrayışını nəzərdə tutduğu üçün xalqa çox yaxındır. Güclü, çevik və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə yeni dövrün ən səciyyəvi cəhəti kimi, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkdi və bunu reallığa çevirməyi bacardı.

Sosialyönümlü siyasət yeridən Prezident İlham Əliyev qəbul etdiyi fundamental qərarlarla, imzaladığı fərman və sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sübuta yetirməkdədir. O, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq probleminin tam aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atır.

Dövlət müstəqilliyini yenicə əldə etmiş hər bir dövlətə xas sosial-iqtisadi problemlərin həlli mərhələsini qısa müddətdə başa çatdıran Azərbaycan bu gün tarixinin böyük yüksəliş dövrünü yaşayır. Respublikamızda bir iqtisadi-ictimai formasiyadan digərinə keçid dövrü başa çatdırılmış, bir çox problemlər tam həllini tapmışdır. Azərbaycan sosial-iqtisadi inkişaf göstəricilərinə görə dünyanın ən qabaqcıl ölkələri ilə eyni sıradadır. Həyata keçirilən dövlət proqramları ölkənin hərtərəfli inkişafını, vətəndaşlarımızın firavan həyatını təmin edir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı, təbii resurslardan əldə edilən gəlirlərin insan kapitalına çevrilməsi, respublikada elektron hökumətin formalaşması üçün dövlət mərhələ-mərhələ icra edilən aydın fəaliyyət planına malikdir.

Möhtərəm Prezidentimiz Azərbaycanın dövlət müstəqilliyini qoruyan, milli dövlətçilik əsaslarını möhkəmləndirən, ölkədə demokratik ənənələrin təsbit olunmasına şərait yaradan Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı kimi gənc müstəqil dövlətimizin rifahı naminə bütün bacarığını sərf edir. Onun böyük diplomatik məharətlə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət xətti bütün məsələlərdə Azərbaycanın milli maraqlarının qorunmasına, ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət göstərir.

Cənab İlham Əliyev o dövlət rəhbərlərindəndir ki, fəaliyyət qrafikinin xeyli hissəsini bölgələrə səfərlərdə, bilavasitə vətəndaşlar arasında keçirir, ölkənin sosial-iqtisadi infrastrukturu üçün mühüm əhəmiyyət daşıyan obyektlərin açılışında iştirak edir və gələcək inkişaf üçün öz tapşırıqlarını verir. Müasir siyasi lider və menecer təfəkkürlü hakimiyyət başçısına xas olan məziyyətlərin uğurlu təcəssümü özünü Azərbaycan Prezidentinin idarəetmə təcrübəsində bu cür pozitiv və novatorçu yöndən nümayiş etdirir.

Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab Prezident İlham Əliyevin tələbkarlığı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır.

Xalqla dialoq, möhtəşəm layihələrin geçəkləşdirilməsində bu tükənməz güc mənbəyi Prezidentin nitqlərində həmişə əsas istinad nöqtəsidir: “Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Əks təqdirdə onların heç biri həyata keçirilə bilməzdi. Əgər bu dəstək olmasaydı, əgər həmrəylik olmasaydı, bizim təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bunların heç birini edə bilməzdik. Azərbaycanın müasir tarixi, bizimlə eyni taleyi yaşayan digər ölkələrin tarixi onu göstərir ki, harada iqtidar tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən dəstəklənirsə, orada həm həmrəylik var, həm sabitlik, həm də inkişaf var”.

Praqmatizm, səmimilik, siyasi iradə və qətiyyətlilik, məqsədyönlülük, mütərəqqi islahatlara meyillilik, öz siyasətini reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə toplumun maraqlarını nəzərə almaq qabiliyyəti kimi mühüm keyfiyyətlər Prezident İlham Əliyevin fenomen siyasi lider obrazını şərtləndirən mühüm elementlər sırasında xüsusi vurğulanmalıdır. Azərbaycan Prezidentinin ötən dövr ərzində inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük əzmlə həyata keçirdiyi islahatlar həm də Onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürüdür.

Ölkə başçısının ötən illər ərzində Azərbaycanda siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi yer tutur.

Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezidentin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardır.

Dövlət başçısının çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində bu gün Azərbaycanın dövlət büdcəsinin, respublikamızın valyuta ehtiyatlarının, ölkəyə investisiya qoyuluşunun artımındakı, yeni iş yerlərinin açılmasındakı dinamika sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri kimi dəyərləndirilməlidir.

İqtisadiyyatda mütərəqqi inkişaf meyillərinin daha da sürətləndirilməsi, bu prosesdə yüksək dinamizmin təmin olunması yollarının nəzəri-praktiki və konseptual əsaslarını özündə əks etdirən dövlət proqramlarının qəbul olunması Prezidentin öz qarşısına qoyduğu məqsədlərin reallaşdırılmasında etibarlı və işlək bir vəsilədir.

Regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, bölgələrdə sahibkarlığın, özəl sektorun tərəqqisi, iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər sistemi müəyyənləşdirən dövlət proqramlarında cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləri elmi dəlillərlə əsaslandırılmışdır.

Həyata keçirilən tədbirlər nəticəsində əhalinin maddi-rifah halı yaxşılaşır, vətəndaşların sosial müdafiəsi tədbirləri gücləndirilir, respublikanın bütün regionlarında aparılan tikinti-abadlıq tədbirləri ilə ölkədə mükəmməl infrastruktur sistemi qurulur, yeni məktəblər, səhiyyə müəssisələri, mədəniyyət ocaqları inşa edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın irəli sürdüyü sosial-mədəni layihələr də dövlətin bu sahədə apardığı siyasətə ictimai dəstək nümunəsi kimi böyük rəğbət doğurur.

Cənab İlham Əliyevin irəli sürdüyü “Ən böyük siyasət real, konkret işdir” prinsipi özünün bariz təcəssümünü qısa bir zaman ərzində şəhər və kəndlərimizin abadlaşan simasında, paytaxtda və regionlarda işə salınan müəssisə və sənaye nəhənglərinin timsalında, açılmış yüz minlərlə iş yerində çalışıb ailəsinə çörək aparan həmvətənlərimizin məmnunluq yağan çöhrəsində, inşa olunmuş, yaxud yenidən qurulmuş minlərlə məktəbin işıqlı sinif otaqlarından eşidilən xoşbəxt uşaq səslərində, istifadəyə verilmiş yüzlərlə müasir səhiyyə ocağında müalicə alanların şükranlıq duyğularında tapır. Bu sıraya paytaxtın qürur mənbəyinə çevrilən möhtəşəm tikililəri, körpüləri, yeraltı keçidləri, təzə salınan yolları, yenidən qurulan bağ və parkları da əlavə etsək, böyük quruculuq salnaməsi yaranar.

Bu gün Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və bütün dünyada təbliği, cəmiyyətdə sivil ənənələrin bərqərar olması, müasir bilik və vərdişlərə yiyələnmiş milli ruha bağlı gənc nəslin formalaşması müstəqil Azərbaycanın gələcəyinə ən qiymətli töhfələrdir.

Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi öyrədir: “Xalq dövlət üçün yox, dövlət xalq üçündür. Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır”.

Bu gün müstəqil Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyinin, maddi-rifahının, mədəni inkişafının qüdrətli təminatçısıdır və ölkəmizin müstəqillik tarixi dövründə əldə edilmiş ən böyük nailiyyət də elə məhz budur...

 

 

İmamverdi İSMAYILOV,

Milli Məclisin deputatı

 

Yeni Azərbaycan.- 2012.- 21 aprel.- S.5.