Elnur Aslanov:
Kiçik bir qrupun mitinq təşəbbüsü ictimai rəyə
təsirdən daha çox ictimaiyyətin diqqətini
özünə cəlb etmək səyidir
“Azərbaycan BMT Təhlükəsizlik
Şurasında Dağlıq Qarabağ münaqişəsinin ədalətli
və beynəlxalq hüququn prinsipləri əsasında həllinə
çalışacaq”
Azərbaycan
Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya
təminatı şöbəsinin rəhbəri Elnur Aslanovun
APA-ya müsahibəsi:
- Mart
ayında ATƏT-in Minsk qrupunun təsis olunmasının 20 ili tamam oldu. Üzərinə münaqişənin
nizamlanması prosesində vasitəçilik
missiyasının götürmüş Minsk qrupu kifayət qədər
müddət keçməsinə baxmayaraq, konfliktin həllində
ciddi irəliləyişə nail ola bilməyib.
Azərbaycanın nizamlanma prosesini bu formatda davam
etdirməklə bağlı mövqeyində dəyişiklik
varmı?
- Əlbəttə, bu gün Minsk qrupunun fəaliyyəti
ilə bağlı uğurdan danışmaq olmaz. Qəribə
bir vəziyyət yaranıb, amma bu vəziyyətin qəribəliyi
bir neçə amillə izah edilə bilər.
Birincisi, Minsk qrupu yaradılanda ATƏT özünün
yeni transformasiya dövrünü yaşayırdı və
Avropada əsas təhlükəsizlik institutuna çevrilmək
məqsədi güdürdü. Münaqişələrin
tənzimlənməsi sahəsinin əsas fəaliyyət
istiqamətlərindən biri kimi təyin edərək, ilk dəfə,
əsas səylərini Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllinə yönəltdi.
Missiyanın ilkin məqsədləri də
göstərir ki, söhbət məhz münaqişənin tənzimlənməsindən
gedirdi. Bu, böyük səylər və
siyasi, diplomatik rıçaqlar tələb edirdi. Belə bir dəstək almayan missiya zamanın
axarında adi vasitəçiliklə məşğul
olmağa başladı.
İkincisi, ATƏT-in üzərinə
götürdüyü missiyanın beynəlxalq sülh və
təhlükəsizlik üçün hansı dərəcədə
əhəmiyyət kəsb etməsinin fərqində
olmamasıdır. Dünya birliyinin sülh uğrunda apardığı
mübarizə fonunda təcavüzün və
işğalın acı nəticələrinin aradan
qaldırılması və belə halların təkrar edilməsinin
Millətlər Liqasının, sonradan isə Birləşmiş
Millətlər Təşkilatının sənədlərinə
qadağan edilməsi, vahid bir baxışın
formalaşmasına təkan versə də, hələ də
eqoist maraqların daşıyıcıları ümumi
mövqelərin ortaya qoyulmasına mane olurlar. Lakin
beynəlxalq hüququn fundamental prinsip və normalarının
pozulması yeni dünya nizamının formalaşmasında
inamsızlığa səbəb olur. Təcavüz
dünya birliyi tərəfindən qınanılması zəruri
olan, bəşəriyyətin gələcəyi naminə,
onun sülh və təhlükəsiz şəraitdə
firavan yaşaması üçün dünya liderlərinin
indidən düşünəcəyi bir məsəldir.
Bu gün Azərbaycanın ərazi bütövlüyünə
və suverenliyinə qarşı Ermənistanın təcavüzü
yaxın keçmişdə az sayda
müşahidə edilən beynəlxalq hüquq pozuntusudur.
Digər tərəfdən, Minsk qrupunun həmsədrləri,
siyasi, iqtisadi, hərbi və texnoloji baxımdan dünyanın
ən aparıcı dövlətləridir. Necə olur ki, zəruri təsir
imkanlarına malik olan bu dövlətlər Ermənistanı
qarşılıqlı güzəştə gedib regionda
sülhü bərqərar etməyə vadar ola
bilmirlər? Həqiqətən, onlar Ermənistan
qarşısında acizdirlər?
Üçüncüsü, ATƏT-in adekvat mexanizmlərlə
təchiz edilməməsidir. Dəfələrlə
Azərbaycan təcavüz və işğal faktını ATƏT
qarşısında qaldırıb, lakin lazımı qərarların
qəbul edilməsi müəyyən əngəllərlə
rastlaşıb. Ermənistan qüvvələri
tərəfindən Ağdamın işğalından sonra
Minsk qrupunun sədri hazırladığı hesabatda bu
aktı qınayıb, tədbirlərin görülməsini zəruri
hesab edib. Lakin Ermənistan hər zaman
konsensus əldə edilməsinə mane olub, “konsensus minus bir”
qaydasından istifadədə isə digər ermənipərəst
dövlətlərin dəstəyindən faydalanıb.
Dördüncüsü, münaqişənin həlli
prinsipləri ətrafında Ermənistanın süni
polemikalar yaratmasıdır. Hələ 1996-cı
ildə Ümummilli lider Heydər Əliyevin qətiyyəti və
inadkarlığı sayəsində ATƏT-in Lissabon sammitində
qəbul edilən prinsiplər beynəlxalq hüququn mahiyyətindən
irəli gələn bir zərurətin ifadəsi idi. Dağlıq Qarabağ tarixi Azərbaycan
torpağıdır və tarix boyu Azərbaycan ərazisində
formalaşan müxtəlif dövlətlərin tərkibində
olub. Hətta 1919-cu ildə əldə edilən
razılığa əsasən Dağlıq Qarabağın
erməni və azərbaycanlı icmaları Azərbaycan
Demokratik Respublikasının tərkibinə mədəni
muxtariyyət statusu qazanıb. Bu gün isə
müasir Azərbaycan Respublikası ADR-ın varisi kimi həmin
ərazilərə sahibdir. Ermənilərin
öz müqəddəratını təyinetmə ilə
bağlı fikirləri heç bir sağlam düşüncəyə
və elmi əsaslara malik deyil. Bu hüquq ərazi
bütövlüyü prinsipinə zərər gətirməməklə
yanaşı Dağlıq Qarabağda yaşayan erməni milli
azlığına şamil edilmir və edilə bilməz.
Dünya birliyinin Lissabon prinsipləri ətrafında
səylərini gücləndirməsi, müxtəlif təşkilatların
bu istiqamətdə qərarlar qəbul etməsi sülh
prosesinə təkan vermiş olar.
- Azərbaycan
iki il müddətinə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilib. Ölkəmiz bu yeni statusundan kifayət qədər
faydalana bilibmi? Azərbaycan bu statusundan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı yeni qətnamənin qəbulu üçün
istifadə edəcəkmi?
- Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul
edilməsi Azərbaycanın müasir tarixində ən
böyük uğurlardan biridir. Əgər biz əvvəllər
Azərbaycanın təcrid edilmiş vəziyyətdən
çıxmasına çalışırdıqsa, bu gün
artıq dünyanın ən mötəbər
tribunalarından öz haqq səsimizi ifadə etməklə
yanaşı dünyada gedən proseslərin tənzimlənməsində
əsas rol oynayan aktorlardan birinə çevrilmişik. Bu, Azərbaycanın regionda malik olduğu statusun,
beynəlxalq sülh və təhlükəsizliyin təmin
edilməsində oynadığı rolun məntiqi nəticəsidir.
Azərbaycan BMT Təhlükəsizlik Şurasında fəaliyyəti
dövründə həm xüsusi əhəmiyyət kəsb
edən beynəlxalq məsələlər ətrafında gedən
müzakirələrdə fəal iştirak edəcək,
öz mövqeyini qətiyyətlə bildirəcək, eyni
zamanda Dağlıq Qarabağ münaqişəsinin ədalətli
və beynəlxalq hüququn prinsipləri əsasında həll
edilməsinə çalışacaqdır. Təhlükəsizlik
Şurası Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı 4 qətnamə qəbul edib və işğal
faktını qınayıb. Bu məsələni
Azərbaycan daim diqqətdə saxlayır və BMT Baş
Assambeyasında qəbul edilən qətnamələr bunun
bariz nümunəsidir. Azərbaycan malik olduğu imkanlar
sayəsində beynəlxalq birliyin Dağlıq Qarabağ
münaqişəsinə həssas yanaşmasını təmin
edib, ən əsası isə Ermənistan dövlətinin və
diasporunun yalanlarını üzə çıxarmağa nail
olub.
- Azərbaycan Prezidenti Şuşanın işğal
olunmasının 20 illiyinin ölkə miqyasında anım tədbirləri
ilə qeyd olunması ilə bağlı Sərəncam
imzalayıb. Bu çərçivədə hansı tədbirlərin
keçirilməsi gözlənilir?
- Azərbaycanın
bu füsunkar şəhəri 20 ildir ki, erməni
qoşunları tərəfindən işğal edilib, bir
çox mədəni abidələr dağıdılıb. Bu, Azərbaycanın mədəni irsinə zərbə
vuran qanun pozuntusudur. Azərbaycan bu
qeyri-qanuni vəziyyəti daim dünya ictimaiyyətinin diqqətinə
çatdırır. Cənab Prezidentin
imzaladığı Sərəncamdan sonra Administrasiya rəhbəri
tərəfindən tədbirlər planının təsdiq
edilməsi ilə atılacaq addımlar və həyata
keçiriləcək tədbirlər müəyyənləşdirilib.
Bu sənədlər işin daha səmərəli və
mütəşəkkil təşkil edilməsinə, Şuşa şəhərinin beynəlxalq səviyyədə
təbliğinə təkan verəcək. Qeyd
etmək lazımdır ki, fevral ayında Xocalı
soyqırımının 20-ci ildönümü münasibəti
ilə həm Azərbaycanda, həm də müxtəlif
ölkələrdə tədbirlər həyata keçirilib,
dünya ictimaiyyəti obyektiv məlumatlandırılıb.
Ermənilər nəinki Azərbaycan ərazilərini
işğal edib, eyni zamanda azərbaycanlılara qarşı
misli görünməmiş genosid, bəşəriyyətə
qarşı cinayət aktları törədiblər. Dünya birliyinin birmənalı şəkildə
qınadığı bu cinayətlər cəzasız
qalmamalıdır. Şuşanın
işğalı ilə bağlı həyata keçiriləcək
tədbirlər Azərbaycanın kommunikasiya işinin
davamıdır və dünya ictimaiyyətinin erməni təcavüzünə
qarşı həssaslığını artırmaq məqsədi
daşıyır.
- Ermənistan
təhlükəsizlik amillərini əsas gətirərək
“Eurovision” müsabiqəsində iştirakdan imtina edib. Buna rəğmən Ermənistanın AVRONEST
Parlament Assambleyasında nümayəndə heyətinin
üzvləri qurumun Bakıda keçirilən ikinci plenar
sessiyasına qatılıblar. Ermənistanın
atdığı addımlardakı bu paradoksu necə izah etmək
olar?
- “Eurovision” sadəcə mahnı müsabiqəsidir və
xalqlar arasında mənəvi körpü rolunu oynayır,
onların yaxınlaşmasına, bir-birini başa düşməsinə
töhfə verir. Azərbaycan isə təşkilatçı
ölkə kimi bütün iştirakçıların təhlükəsizliyini
təmin edir və edəcəkdir. Bu
baxımdan, Ermənistan təmsilçilərinin iddiaları
heç bir sağlam məntiqə əsaslanmır. Ermənistan bununla öz qeyri-konstruktiv mövqeyini
bir daha nümayiş etdirir, sülh
danışıqlarından yayındığı kimi
sülhə və dialoqa çağırış edən
belə mötəbər tədbirdən də yayınır.
O ki, qaldı Bakıda keçirilən AVRONEST Parlament
Assambleyasında Ermənistan nümayəndə heyətinin
üzvlərinin iştirakına, düşünürəm
ki, onlar yalançı iddialarla Avropa siyasətçilərini
aldada bilməyəcəklərini anladıqları
üçün bu tədbirə qatıldılar. Eyni zamanda, Ermənistan zəif iqtisadiyyata malik olan
kasıb ölkədir. Avropadan gələn
yardımlara və ianələrə böyük ehtiyacı
olduğu üçün bu siyasi təbirdə iştirakdan
imtina edə bilməyib. Bu bir daha onu
göstərdi ki, Azərbaycan dövləti öz beynəlxalq
öhdəliklərinə uyğun olaraq, mötəbər tədbirlərin
yüksək səviyyədə keçirilməsini və
iştirakçıların təhlükəsizliyini təmin
edə bilər. Bizim sivilizasiya və dinlər arası
dialoq sahəsində həyata keçirdiyimiz tədbirlər
buna misal ola bilər.
-
Müxalifət partiyaları və bu partiyalara
bağlılığı olan gənclər təşkilatları
son bir ayda mitinqlər keçirib. Keçirilən
mitinqləri ictimai rəyə təsir baxımından necə
qiymətləndirirsiniz?
- İlk olaraq qeyd etməliyəm ki, liberal
demokratiyanın hakim olduğu Avropa məkanına inteqrasiya edən
Azərbaycan bütün vətəndaşlarının
hüquq və azadlıqlarını təmin edir, onların
öz fikir və istəklərini azad şəkildə ifadə
etməsi üçün zəruri şərait yaradır. Hər
hansı bir təşkilata üzv olan Azərbaycan vətəndaşlarının
toplaşması, mitinq keçirməsi, onların Konstitusiyada
təsbit edilmiş hüquqlarıdır. İctimai
rəyə təsirə gəldikdə isə, yaddan
çıxarmaq olmaz ki, bu uzun və mürəkkəb bir prosesdir.
Kiçik bir qrupun mitinq təşəbbüsü
ictimai rəyə təsirdən daha çox ictimaiyyətin
diqqətini özünə cəlb etmək səyidir. İctimai rəy obyektiv amillər əsasında
formalaşır.
- Azərbaycan
dövlətinin gənclər siyasətində hansı
yeniliklər var? Bu il çərçivəsində
hansı tədbirlərin keçirilməsi gözlənilir?
-
Bildiyiniz kimi 2011-2015-ci illəri əhatə edəcək və
bir çox layihələrin həyata keçirilməsinə
zəmin yaradacaq Gənclər Proqramı artıq fəaliyyətdədir.
Bu proqram çərçivəsində
müxtəlif tədbirlərin reallaşması uğurlu
başlanğıcdır. Gəncə
şəhəri Azərbaycanın gənclər paytaxtı
elan edilib. Prezident İlham Əliyev bu
yaxınlarda bir sıra Gənclər mərkəzlərinin
açılışında iştirak edib və Astarada region
gənclərinin fəal nümayəndələri ilə
görüşüb. Bununla yanaşı artıq Gənclər
Fondu fəaliyyətə başlayıb və cənab Prezident
tərəfindən Fonda beş milyon manat
vəsait də ayrılıb. Fond müxtəlif
layihələrin maliyyələşməsinə ən
yaxın zamanlarda başlayacaq və gənclərin fəaliyyətinin
dəstəklənməsində mühüm amilə
çevriləcək.
- Gənclərin
sosial şəbəkələrdəki fəaliyyətini necə
qiymətləndirirsiniz?
- Bu
gün Azərbaycanda 800 000 dən çox “Facebook” istifadəçisi
var. Twitter-də isə ondan bir az azdır.
Bu, əlbəttə, böyük rəqəmdir.
Beynəlxalq təşkilatların hesablamalarına görə,
Azərbaycan əhalisinin 60 faizindən çoxunun internetə
çıxışı var. Bütün bunlar Azərbaycanda
informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin
geniş yayılmasının ifadəsi ilə yanaşı
azərbaycanlıların müasir qloballaşan
dünyanın inkişaf tendensiyaları ilə
uzlaşdığının, onların həyat tərzinin
transformasiyaya uğradığının və keyfiyyətcə
yaxşılaşdığının bariz göstəricisidir.
Məlumatların sürətlə
yayılması həyatımızın ayrılmaz tərkib
hissəsidir. Sosial şəbəkələr
artıq bir xəbər mərkəzinə çevrilir.
İnsanlar, xüsusilə gənclər
onları maraqlandıran məlumatları və məsələləri
sosial şəbəkələr vasitəsilə müzakirə
edir və paylaşırlar. Lakin sosial
şəbəkə bir intellektual diskussiya məkanı
obrazını da itirməməlidir. Burada əyləncəli
mövzularla yanaşı insanın intellektual
potensialını artıran imkanlardan da geniş istifadə etmək
lazımdır. Digər tərəfdən,
sosial şəbəkələr ölkəmizi xaricdə əcnəbilərə
tanıtmaq üçün gözəl fürsətdir.
Azərbaycanın regional inkişafın
aparıcı qüvvəsinə çevrilməsi fonunda və
“Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi
ərəfəsində bəzi ermənipərəst qüvvələr
ölkəmizə qarşı məkrli kampaniya aparırlar.
Onlar müasir Azərbaycanın
uğurlarını, qədim köklərə malik olan Azərbaycan
mədəniyyətinin dünya miqyasında təbliğini qəbul
edə bilmirlər, hər vasitə ilə buna mane olmağa
çalışırlar. Gənclər
sosial şəbəkələrdə buna qarşı
mübarizə aparmalı, öz tarix və mədəniyyətlərini
təbliğ etməlidirlər. Eyni zamanda
Ermənistanın hərbi təcavüzü nəticəsində
Dağlıq Qarabağ və ətraf rayonların
işğal edilməsi faktları ilə bağlı sosial
şəbəkələrdə daim ətraflı məlumatlar
yerləşdirilməlidir. Bu, Azərbaycan
xalqının ən ağrılı problemidir və bizim hər
birimizin borcu öz tarixi torpaqlarımızı azad edib regionda
sülhü bərqərar etməkdir. Bunun
üçün hər kəs bacardığı sahədə
və malik olduğu vasitələrlə ümumi işə
öz töhfəsini verməlidir. Gənclər, həmçinin,
unutmamalıdırlar ki, 8 may tarixi Şuşanın
işğal edilməsi günüdür. Biz
ümid edirik ki, onlar sosial şəbəkələrdə
lazımi maarifləndirmə işi aparacaqlar.
Yeni Azərbaycan.-
2012.- 21 aprel.- S.2.