AZƏRBAYCANIN İNKİŞAF
YOLU: MODERNLƏŞMƏ VƏ SOSİAL RİFAH
Sosiomədəni inkişafın yeni
keyfiyyət mərhələsinə qədəm qoyan Azərbaycanın
son illərdə ictimai həyatın bütün sahələrində
əldə etdiyi uğurlar, ilk növbədə, əvvəlcədən
müəyyənləşdirilmiş, dəqiq strateji və
taktiki hədəfləri olan fəaliyyət strategiyasına əsaslanır.
İqtisadi, siyasi və hüquqi islahatların paralel şəkildə
həyata keçirilməsi yolu ilə reallaşdırılan
bu strategiya Azərbaycanı ən yaxın perspektivdə
inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmağa
xidmət edir. Səmərəli və məqsədyönlü
islahatların nəticəsi kimi ötən illərdə bu
istiqamətdə mühüm məqsədlərdən birinə
nail olunmuş, iqtisadi sahədə keçid
dövrünü adlayan Azərbaycan modernləşmə mərhələsinə
qədəm qoymuşdur.
Modernləşmə tarixən bir
ictimai-iqtisadi formasiyadan digərinə keçid prosesini
uğurla yekunlaşdıran hər bir dövlət
üçün səciyyəvi olmuşdur. Modernləşmə
dedikdə, birbaşa mənada müasir tələblər və
normalar çərçivəsində yeniləşmə
başa düşülür. Modernləşmə
paradiqması XX əsrin ortalarında Avropa müstəmləkəçilik
imperiyalarının dağılması və çoxsaylı
yeni gənc dövlətlərin yaranışı nəticəsində
formalaşmışdır. Onun nəzəriyyəsinə
görə insan cəmiyyətinin tarixində bütün
mövcud olanlar ikiqütblüdür. Bu ondan irəli gəlir
ki, modernləşmə nəzəriyyəsinin əsas
kateqoriyalarını ənənəvilik (ənənəvi cəmiyyət)
və müasirlik (müasir cəmiyyət) təşkil edir.
Burada proses ənənəvilikdən müasirliyə doğru
gedir. Başqa sözlə, modernləşmə
strategiyasında ehtiva olunan məqsədlər konkret zaman və
məkan üçün müəyyən dəyişikliklərə
uğrayır.
Modernləşmə həm də ənənəvi
aqrar cəmiyyətdən müasir, industrial cəmiyyətə
keçid prosesidir. O, sənayeləşmə və ya
kapitalizmə keçidlə müqayisədə daha geniş
siyasi proses kimi səciyyələnir. “Modern”
anlayışı Avropada yeni zaman epoxasından
başlanmış iqtisadi, siyasi, fəlsəfi, elmi, dini və
mədəni təkamülün gedişində
yaradılmış həyat şəraitinin məcmusu kimi
başa düşülür.
Azərbaycanın müasir fəlsəfi
və ictimai-siyasi fikir tarixinin görkəmli tədqiqatçısı,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyev “Modernləşmə xətti yenə də
gündəlikdədir” əsərində milli modernləşdirmə
dedikdə, üç məsələnin həlli vacibliyini
diqqətə çəkir: vətəndaş həmrəyliyinin
təmin edilməsi, demokratik təsisatların və ənənələrin
təkmilləşdirilməsi, müvafiq sosial sistemlərin
formalaşdırılması; səmərəli və
möhkəm iqtisadi sistemin yaradılması və onun
ümumavropa strukturuna daxil edilməsi, milli iqtisadiyyatın rəqabət
qabiliyyətinin gücləndirilməsi; nəhayət, azərbaycançılığın
və milli “Mən”in mahiyyətinin başa düşülməsinin
üstünlük təşkil etdiyi möhkəm sosiomədəni
mühitin qurulması.
Akademik Ramiz Mehdiyevin qənaətincə,
bu üç məsələ milli inkişaf strategiyasında
birinci dərəcəlidir və yaxın gələcəkdə
Azərbaycanın intensiv inkişafına, innovasiya mədəniyyəti
bazisinin formalaşmasına təkan verməlidir. Müəllifin
bu fikri də maraq doğurur ki, modernləşmə dedikdə,
kosmetik deyil, keyfiyyətcə təkmilləşdirməni,
iqtisadiyyatının xarakterinin mahiyyətcə dəyişdirilməsini
başa düşmək lazımdır. Bu, ilk növbədə,
iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən,
sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə
mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini
sağlamlaşdırmaqdan ibarətdir. Eyni zamanda, cəmiyyətin
varlı və yoxsul təbəqələri arasında aralıq
mövqe tutan orta sinfin yaradılması üçün
dövlətin məqsədyönlü səyləri olmadan
modernləşmə mümkün deyildir. Müasir cəmiyyətdə
bu sinif təkcə öz klassik qrupları - orta və
kiçik sahibkarlar, ticarətçilər, sənətkarlar
və başqaları deyil, həm də iri müəssisələrin
menecerləri, elmi-texniki və humanitar ziyalılarla təmsil
edilmişdir.
Modernləşmənin son illərdə
Azərbaycanda müasir milli ideya səviyyəsinə yüksəlmiş
məqsədə çevrilməsi təsadüfi deyildir: bu
istiqamətdə islahatların aparılmasını, ilk
növbədə, respublikanın uzun illər ərzində
formalaşmaqda olan milli inkişaf modeli diktə edir. Konseptual əsasları
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
bu modelin əsasını, ilk növbədə,
sosialyönümlülük təşkil edir. Başqa
sözlə, sərbəst bazar iqtisadiyyatı yolu ilə
inkişaf edən Azərbaycan üçün insan amilinin tərəqqi
və yüksəlişinə xidmət edən islahatlar da
prioritet məsələdir. Həyata keçirilən iqtisadi,
siyasi, hüquqi islahatlar da özlüyündə “insan
inkişafı indeksi”nin yüksəlməsinə xidmət
edir. Modernləşmə prosesini sürətləndirən bu
islahatların son məqsədi həm də Azərbaycan
insanı üçün layiqli həyat tərzinin təmin
edilməsidir. Bu mənada, respublikamızda həyata
keçirilən modernləşmə strategiyasının əsas
hədəfinin “hər kəs üçün yüksək
sosial rifah” olduğunu da əminliklə söyləmək
mümkündür.
Ümumiyyətlə, təcrübə
göstərir ki, sosial rifaha xidmət edən çoxşaxəli
siyasət yürüdən, mövcud potensialı bu yöndə
səmərəli şəkildə səfərbər edən
dövlətlər milli tərəqqiyə nail olur və
dünya arenasında özünə layiq yer qazanırlar.
Ötən 9 ildə Azərbaycana inamla rəhbərlik edən
Prezident İlham Əliyev də məhz bazar iqtisadiyyatı
şəraitində “sosial dövlət” konsepsiyasından
çıxış edərək insan və vətəndaş
mənafeyinə xidmət edən çoxşaxəli
islahatlar həyata keçirir. Bu müddətdə həyata
keçirilən siyasət, ölkənin demokratik
inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi
yolunda atılan bütün addımlar məhz vətəndaşların
rifahına, firavanlığına hesablanmışdır. Hələ
2009-cu ilin 18 martında Azərbaycan Respublikası
Konstitusiyasına ümumxalq referendumu yolu ilə edilmiş əlavə
və dəyişikliklər də bunun bariz təcəssümüdür.
Məsələn, Konstitusiyanın 12-ci maddəsinə
edilmiş əlavə Azərbaycanda hər bir vətəndaşın
normal yaşayış səviyyəsinin, sosial rifah
halının yüksəldilməsi, firavan
yaşayışının təmini yönündə həyata
keçirilən tədbirlərin mahiyyətindən irəli
gəlmişdir. Həmin maddəyə təklif olunan dəyişikliyə
görə insan və vətəndaş hüquq və
azadlıqları ilə yanaşı, “Azərbaycan
Respublikasının vətəndaşlarının layiqli həyat
səviyyəsinin təmin edilməsi” dövlətin ali məqsədləri
sırasına daxil edilir. Konstitusiyaya belə bir əlavənin
edilməsi respublikamızın maliyyə imkanlarının əhəmiyyətli
dərəcədə artması, hökumətin iqtisadi siyasət
strategiyasında sosialyönümlü məsələlərin
prioritetə çevrilməsi ilə şərtlənmişdir.
Bununla Azərbaycan hər kəsin layiqli həyat səviyyəsinin
təmin olunmasını ciddi öhdəlik kimi üzərinə
götürmüşdür.
Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə
təklif edilən “sosialyönümlü” (Azərbaycan
Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə
bağlı Referendum Aktının layihəsi. Bakı,
2009) sözləri də bu
baxımdan xüsusi vurğulanmalıdır. Bu dəyişikliyə
görə, “Azərbaycan dövləti bazar münasibətləri
əsasında “sosialyönümlü” iqtisadiyyatın
inkişafına şərait yaradır, azad sahibkarlığa
təminat verir, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə
yol vermir”. Azərbaycan dövlətinin uğurla həyata
keçirdiyi sosialyönümlü iqtisadi siyasətə
konstitusiya təminatı yaradan bu əlavə, eyni zamanda, Azərbaycanın
qoşulduğu BMT-nin 1966-cı il tarixli “İqtisadi, sosial və
mədəni hüquqlar haqqında Pakt”ına, habelə Avropa
Şurasının 1961-ci il tarixli Avropa Sosial Xartiyasına
tamamilə uyğundur. Azərbaycan dövləti
sosialyönümlü siyasətinə konstitusion status verməklə,
hər bir vətəndaşın yüksək sosial rifah səviyyəsinin
təmini istiqamətində davamlı fəaliyyət göstərəcəyi
ilə bağlı üzərinə ciddi hüquqi öhdəlik
götürmüşdür.
182 ölkənin yer aldığı həmin
hesabatda Azərbaycan Rusiya və Qazaxıstandan sonra 67-ci,
Gürcüstan 74-cü, Ermənistan 76-cı, Türkiyə
isə 83-cü yerdə qərarlaşmışdır.
Müqayisə üçün bildirək ki, 2005-ci ildə
hesabatda 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə
yüksəlmişdir. Nəticədə Azərbaycan “orta
insan inkişafı” qrupu ölkələrini tərk edərək,
“yüksək insan inkişafı” ölkələri
kateqoriyasına daxil olmuşdur.
Ümumiyyətlə, respublikanı son
illərdə davamlı tərəqqi və yüksəliş
yoluna çıxaran Prezident İlham Əliyevin bu və digər
uğurlarının səbəbi təkcə Onun öz fəaliyyətini
Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş möhkəm zəmin üzərində qurması
ilə məhdudlaşmır. Burada ikinci mühüm amil cənab
İlham Əliyevin müasir düşüncəli siyasi lider
kimi yeni iqtisadi münasibətlər sisteminə dərindən
bələd olması, modernləşməyə xidmət edən
islahatları uğurla həyata keçirməsidir. Əgər
yeni ictimai-iqtisadi formasiyaya keçidin birinci mərhələsi
kommunist ideologiyasından imtinanı və bazar
iqtisadiyyatına keçidi nəzərdə tuturdusa,
hazırki mərhələdə Qərb standartlarına
uyğun islahatların davam etdirilməsi, modernləşmə
prosesinin başa çatdırılması qarşıda ciddi
vəzifələr kimi dayanır. Başqa sözlə,
dövlət başçısı İlham Əliyev keyfiyyətcə
yeni mərhələdə Azərbaycanın müasir dövlətə
çevrilməsini, tam müstəqil siyasət yürütməsini,
ən əsası inkişaf etmiş ölkələr səviyyəsinə
yüksəlməsini milli ideyanın başlıca hədəfi
kimi müəyyənləşdirmişdir.
Ölkə Prezidenti keyfiyyətcə
yeni mərhələdə əsas məqsədin Azərbaycanı
inkişaf etmiş dövlətlər səviyyəsinə
çatdırılması olduğunu Nazirlər Kabinetinin
2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında bir daha bəyan
etmişdir: “Beləliklə növbəti illərdə, təqribən
10-15 ildən sonra biz elə etməliyik ki, qeyri-neft
iqtisadiyyatımız, əlbəttə ki, qoyulan hədəflərə
uyğun olsun. Hədəfimiz də ondan ibarətdir ki, Azərbaycanda
adambaşına düşən ümumi daxili məhsul
inkişaf etmiş ölkələrin səviyyəsində
olmalıdır. Bu məsələ ilə bağlı ölkə
daxilində görülən işlər öz nəticəsini
verməkdədir. Hazırda Azərbaycanda adambaşına
düşən ümumi daxili məhsul təxminən 6 min
dollar səviyyəsindədir. Əvvəlki dövrlə
müqayisədə bu, çox böyük irəliləyişdir.
MDB məkanında da bu, ən yüksək göstəricilərdən
biridir. Ancaq biz çalışmalıyıq ki, növbəti
illərdə bu rəqəmi ən azı iki dəfə
artıraq. Baxmayaraq ki, son 8 il ərzində Azərbaycanda
ümumi daxili məhsul üç dəfə
artmışdır. Yəni, bu, dünya praktikasında bəlkə
də görünməmiş bir hadisədir - 300 faiz
artmışdır. Biz qarşıya hədəf qoyuruq -
növbəti 10 il ərzində ümumi daxili məhsul ən
azı iki dəfə artmalıdır”.
İstənilən ideya cəmiyyət
üçün o vaxt cəlbedici görünür ki, onun
praktik tətbiq imkanları olsun. İrəli sürülən
məqsədlər, ideyalar nə qədər cəlbedici
görünsə belə, bütün bunların real icra
mexanizminə əsaslanmaması bəzən onların
kağız üzərində qalması, müxtəlif təqdimatlar,
müzakirələr səviyyəsindən kənara
çıxmaması ilə nəticələnir. Azərbaycanı
müasir və inkişaf etmiş qüdrətli dövlətə
çevirmək məqsədi deklorativ bəyanatlardan uzaq olub
real fəaliyyət mexanizmlərinə əsaslanır. “Əsl
siyasət konkret, real iş görməkdir” - deyən və cəmiyyət
qarşısında verdiyi hər bir vədi əməli fəaliyyəti
ilə doğruldan Prezident İlham Əliyevin “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının hazırlanması barədə” 29 noyabr
2011-ci il tarixli Sərəncamı bunun bariz nümunəsidir.
Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində
belə bir Sərəncamın imzalanması deməyə əsas
verir ki, dövlət başçısı Azərbaycanın
gələcək inkişaf perspektivlərinin indidən dərin
elmi əsaslarla müəyyənləşdirilməsini vacib
sayır. Sərəncamda vurğulandığı kimi,
“Ölkənin inkişafının hazırki mərhələsində
əsas hədəf çoxşaxəli, səmərəli və
innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır”.
Dünya İqtisadi Forumunun
hazırladığı “Qlobal rəqabətlilik 2010-2011
hesabatında” Azərbaycan 57-ci yeri tutmuşdur. Bu nəticəyə
görə respublikamız MDB məkanında liderliyini
qorumuşdur. Bundan başqa, Dünya Bankı və Beynəlxalq
Maliyyə Korporasiyasının “Doing Biziness 2011: Sahibkarlıq
üçün şəraitin
yaxşılaşdırılması” birgə
hesabatının nəticələrinə əsasən,
sahibkarlıq fəaliyyəti üçün əlverişli
şərait reytinqində 183 ölkə arasında 54-cü
yeri tutmuşdur. “Moods İnvestors Servises” beynəlxalq reytinq
agentliyi isə respublikamızın istiqrazlarına təyin
etdiyi “Ba1” reytinqini təsdiq edərək xarici valyuta üzrə
“Baa2” və yerli valyuta üzrə “A3” reytinqlərin proqnozunu
sabitdən pozitivə qaldırılması barədə qərar
qəbul etmişdir.
Son illər daxili investisiyaların həcminin
əhəmiyyətli dərəcədə artımı da
mühüm nəticələrdən biridir. Modernləşmə
məqsədilə - dövlət əsaslı kapital
qoyuluşu hesabına - həyata keçirilən layihələrin
də əsas məqsədi insanların yüksək
rifahının, firavan yaşayışının təmin
edilməsidir. Regionlarda və paytaxt Bakıda qlobal layihələrin
həyata keçirilməsi - yeni yolların, körpülərin,
piyada keçidlərinin salınması, kommunal xarakterli
problemlərin həlli, abadlıq, quruculuq tədbirlərinin
genişləndirilməsi infrastrukturun müasirləşdirilməsi
yolu ilə insanların həyat keyfiyyətinin yüksəldilməsinə
xidmət edir. Bu tədbirlər nəticəsində həm də
insanların düşüncə, yaşam tərzi, həyata
baxışı da dəyişir, modernləşmənin
mahiyyəti ictimai təfəkkürdə aydın dərk
edilir.
Akademik Ramiz Mehdiyev “Gələcəyin
strategiyasının müəyyənləşdirərkən:
modernləşmə xətti” əsərində haqlı
olaraq iqtisadiyyatın inkişaf tempinə adekvat şəkildə
cəmiyyətin və dövlətin sosial-institusional
strukturunun dəyişdiyini qeyd edir: “Əhalinin
alıcılıq qabiliyyətinin artması, eləcə də,
ölkəyə investisiyalar axını nəticəsində
iqtisadiyyatın daha çox fəaliyyət qabiliyyətli və
səmərəli olması, təsərrüfat həyatının
mərhələli modernləşməsinə şərait
yaradır: Bu da öz növbəsində Karl Marksın bəhs
etdiyi vəziyyətə gətirib çıxarır -
ölkədə təsərrüfat modernləşəndə,
kapitalizm möhkəmlənəndə və burjuaziya yarananda
siyasi sistemin transformasiyası labüddür. Marksın
terminologiyası ilə desək, bazisdə baş verən dəyişikliklər
həmişə üstqurumda dəyişikliklərə səbəb
olur”.
“Modernləşmə xətti yenə də
gündəlikdədir” adlı digər əsərində
filosof qeyd edir ki, uzun illər boyu dəyişməz siyasi
imperativlərə əsaslanan cəmiyyətdə sosial
mühitin hər hansı şəkildə dəyişməsi
yalnız yeni oriyentirlərin ictimai qavrayışı və nəsillərin
dəyişməsi amilləri nəzərə alınmaqla həyata
keçirilə bilər. Akademik Ramiz Mehdiyev “Müasir Azərbaycan
milli ideyanın təcəssümü kimi” əsərində
isə vurğulayır ki, Prezident İlham Əliyev müasir
cəmiyyətin, müasir infrastrukturun yaradılmasını
və müasir insanın formalaşdırılmasını
modernləşmə sahəsində ölkə
qarşısında duran əsas vəzifələr kimi müəyyən
etmişdir. Akademik Ramiz Mehdiyev modernləşməni müasir
dövlətin zəruri funksiyalarından biri kimi səciyyələndirir,
eyni zamanda, Azərbaycanın innovasiya modernləşməsində
maraqlı olduğunu xüsusi qeyd edir.
Ümumiyyətlə, bu reallıq indi
aksiom kimi qəbul olunur ki, modernləşmə prosesi
yalnız iqtisadi cəhətdən təmin olunmuş ölkələrdə
özünə möhkəm dayaqlar tapa bilər. İqtisadi və
siyasi islahatları paralel şəkildə həyata
keçirmədən, bir-biri ilə sıx şəkildə əlaqələndirmədən
ciddi nəticələrə nail olmağın
mümkünsüzlüyünü Prezident İlham Əliyev
də dərin məzmunlu nitqlərində dəfələrlə
vurğulamışdır.
Sosioloq S.M.Lipset dövlətin inkişaf
səviyyəsi ilə onun siyasi quruluşu arasında əlaqələri
məxsusi araşdıraraq bu qənaətə gəlmişdir
ki, demokratikləşmə bir çox amillərdən
asılıdır, lakin sosial-iqtisadi inkişafın səviyyəsi
onun “əsas və zəruri şərtidir”. Alimin
hesablamalarına görə, iqtisadi inkişafın ən aşağı
səviyyədə olduğu ölkələrin 74 faizində
avtoritar rejim, 24 faizində “yarımdemokratik” rejim hökm
sürür. İqtisadi inkişaf baxımından orta səviyyədən
aşağı olan ölkələrin 11 faizində, bu səviyyədən
yuxarı olan ölkələrin 39 faizində demokratik rejim
mövcuddur.
Bu mənada, iqtisadi problemlərini
yalnız son illərdə geridə qoyan Azərbaycandan sivil Qərb
dövlətlərində olduğu kimi, yüksək demokratik
inkişaf gözləmək qeyri-adekvat yanaşma olar. Azərbaycanın
demokratik inkişaf səviyyəsi xeyli dərəcədə
kapitalist modernləşməsinin və sənaye cəmiyyətinin
genezisinin erkən mərhələlərində Avropa ölkələrinin
çoxu üçün səciyyəvi olmuş səviyyəyə
oxşayır. Başqa sözlə, demokratiyanın inkişaf
səviyyəsi müəyyən edilərkən,
adambaşına düşən ümumi daxili məhsulun həcmi
də nəzərə alınmalıdır. Məsələn,
1990-cı illərin əvvəllərində Azərbaycanda
adambaşına düşən məhsulun həcmi cəmi
300-400 dollar arasında idi. Son illərdə isə Azərbaycanda
adambaşına ümumi daxili məhsulun həcmi artaraq 6 min
dollara çatmışdır. Milli gəlir, adambaşına
düşən məhsul istehsalı artdıqca, təhsilə,
elmə, səhiyyəyə, informasiya vasitələrinə,
informasiya texnologiyalarına ayrılan vəsaitlər
çoxalır. Bu da insanların bir-birinə
yaxınlaşması, demokratik proseslərin inkişafı
üçün daha möhkəm təməl yaradır. Məhz
buna görə də, cənab İlham Əliyevin
Prezidentliyinin əsas konsepsiyası güclü iqtisadi
bazanın yaradılmasından ibarətdir. Məhz
güclü iqtisadi baza siyasi və hüquqi islahatları da
uğurla davam etdirmək imkanı yaradır. İqtisadi
sistemin sabitliyi labüd surətdə demokratikləşməyə,
ictimai həyatın bütün sahələrinin modernləşməsinə
aparır.
Şübhəsiz, bu gün hansısa
ölkədə tam müstəqil məhkəmə hakimiyyəti
formalaşdırmadan insan hüquq və
azadlıqlarının etibarlı təminatından
danışmaq da mümkün deyildir. Azərbaycan dövlətinin
iqtisadi imkanlarının daha da genişləndiyi son illərdə
məhkəmə orqanlarında zamanın tələbi ilə
səsləşən islahatlar geniş vüsət
almışdır. Ədalət mühakiməsinin səmərəliliyinin
yüksəldilməsi, obyektiv və şəffaf şəraitdə
hakim korpusunun formalaşdırılması, məhkəmə
orqanlarının fəaliyyətində şəffaflığın
təmini, bəzi neqativ halların aradan qaldırılması
istiqamətində qətiyyətli tədbirlər həyata
keçirilmişdir. Vətəndaşların hüquq və
azadlıqlarını pozan 80-dək hakimin fəaliyyətinə
xitam verilmiş, regionlarda yeni inzibati-iqtisadi, ağır cinayətlər
və hərbi məhkəmələr
yaradılmışdır.
Dövlət
başçısının 28 dekabr 2006-cı il tarixli “Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə milli fəaliyyət planının təsdiq edilməsi
haqqında” Sərəncamı ölkədə insan hüquq
və azadlıqlarının təmini istiqamətində daha
qətiyyətli və prinsipial addımların
atılmasına imkan yaratmışdır. Prezident İlham Əliyevin
17 iyun 2007-ci il tarixli Fərmanı ilə 18 iyun tarixinin Azərbaycanda
“İnsan Hüquqları Günü” kimi qeyd olunması da
insan amilinə həssas münasibətin təcəssümüdür.
Dövlət başçısı
İlham Əliyev ölkədə insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq məqsədilə, 2011-ci il dekabrın 27-də
imzaladığı Sərəncamla “Azərbaycan
Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət
Proqramı”nı təsdiq etmişdir. Dekabrın 27-də
imzalanmış Sərəncamla İnsan Hüquqları
üzrə Müvəkkilə proqramın həyata
keçirilməsinin əlaqələndirilməsi üzrə
işçi qrupunun fəaliyyətinə rəhbərlik etmək
tövsiyə olunmuşdur.
Konseptual və miqyaslı xarakter
daşıyan Milli Fəaliyyət Proqramı “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının hazırlanması istiqamətində
atılan ilk ciddi addımlardan biridir. Bu sənəd insan
hüquqlarının müdafiəsinin Azərbaycan
üçün strateji əhəmiyyətli məsələ
olduğunu bir daha təsdiqləyir. 6 fəsil və 75 bənddən
ibarət Milli Fəaliyyət Proqramı normativ-hüquqi
bazanın təkmilləşdirilməsi; əhalinin müxtəlif
qruplarının hüquqlarının müdafiəsi;
dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi;
insan hüquqları sahəsində tədris; elmi-analitik və
maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla
əməkdaşlıq; Milli Fəaliyyət Proqramının
həyata keçirilməsinin əlaqələndirilməsi;
monitorinqi və qiymətləndirilməsi kimi vəzifələrin
həlli istiqamətində mühüm tədbirləri
özündə ehtiva edir.
Milli Fəaliyyət Proqramında
dövlətin insan hüquqlarının müdafiəsi sahəsində
fəaliyyətinin konsepsiyası müxtəlif istiqamətlər
üzrə müəyyən olunmuş, həmçinin, həyata
keçiriləcək tədbirlərin icrası, əlaqələndirilməsi,
monitorinqi və qiymətləndirilməsi mexanizmi göstərilmişdir.
Proqramda respublikada insan hüquq və azadlıqlarının
müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi,
qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin
müxtəlif qruplarının hüquqlarının daha səmərəli
təmini istiqamətində konkret vəzifələrin
icrası nəzərdə tutulmuşdur. Belə ki, sənəddə
qanunvericilik aktları qəbul olunarkən insan hüquqları
meyarının rəhbər tutulması, Azərbaycan
Respublikasının insan hüquqları sahəsində beynəlxalq
müqavilələrə qoşulması prosesinin davam etdirilməsi,
yeni qanunvericilik aktlarının qəbulu, korrupsiya ilə
mübarizənin gücləndirilməsi, şəffaflığın
artırılması, əhaliyə göstərilən
elektron xidmətlərin inkişaf etdirilməsi nəzərdə
tutulmuşdur. Eyni zamanda sənəddə bu tədbirlərin
vətəndaş cəmiyyəti institutları və media ilə
sıx əməkdaşlıq müstəvisində həyata
keçirilməsi vacibliyi önə çəkilir.
Bundan əlavə, Milli Fəaliyyət
Proqramına əsasən, gələcəkdə insan
hüquqları sahəsində maarifləndirmə, elmi-analitik
tədbirlərin davam etdirilməsi, beynəlxalq təşkilatlarla,
o cümlədən, BMT-nin insan hüquqları sahəsində
ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali
Komissarlıq, UNESCO, UNİSEF, Dünya Bankı, habelə,
Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı və digər
regional təşkilatlar ilə birgə əməkdaşlıq
proqramlarının həyata keçirilməsi
planlaşdırılır.
Ümumilikdə, vətəndaş mənafeyini
önə çəkən iqtisadi islahatların dərinləşdirilməsi,
liberal dəyərlərin, qanunçuluğun möhkəmləndirilməsi,
insan hüquq və azadlıqlarının təminatı
sisteminin təkmilləşdirilməsi Azərbaycan vətəndaşının
firavan yaşayışını təmin edir. Respublikamız
qloballaşan dünyanın tərkib hissəsi kimi uğurla
irəliləyir, yüksək iqtisadi inkişaf tempinə
adekvat olaraq demokratik dəyərləri mənimsəyir.
Ölkəmizin ildən-ilə artan sosial-iqtisadi imkanları
deməyə əsas verir ki, Azərbaycan modernləşmə
mərhələsini də tezliklə başa vuraraq
dünyanın ən inkişaf etmiş dövlətləri ilə
eyni sırada dayanmaq imkanı əldə edəcəkdir.
İradə
HÜSEYNOVA,
YAP Siyasi
Şurasının üzvü
Yeni Azərbaycan.- 2012.- 24 aprel.- S.5.