ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANIN NEFT-KİMYA SƏNAYESİNİN İNKİŞAFINDA VƏ YENİDƏN QURULMASINDA ROLU

 

Aydın bir həqiqətdir ki, 1969-cu ildə Azərbaycan hakimiyyətinə gəlmiş Heydər Əliyev respublika rəhbəri kimi fəaliyyətinin elə ilk günlərindən başlayaraq, bütün səy və qüvvəsini, geniş erudisiya və dərin zəkasını özünün başlıca amalına - ölkəmizin bütün sahələrdə hərtərəfli və sürətli inkişafına, doğma xalqının həyat səviyyəsinin durmadan yüksəlməsinə, firavanlığına sərf etmişdi. Onun müdrik rəhbərliyi, fövqəladə təşkilatçılıq bacarığı, gərgin və yorulmaz əməyi, ilk öncə isə - bütün bunları doğuran böyük Azərbaycan sevgisi, sonsuz Vətən və xalq məhəbbəti sayəsində respublikamız qısa bir zamanda geniş, dinamik inkişaf yoluna qədəm qoydu. Məhz Heydər Əliyevin ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı düçar olduğu iqtisadi çətinliklərdən, geriliklərdən qurtarmaq əzmi ilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər və keçmiş Sovet sistemi üçün qeyri-adi görünən, standart “çərçivələrə” sığmayan vətənpərvər təşəbbüsləri sayəsində ölkəmiz inamla irəli getməyə, tərəqqi etməyə başladı.

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1970-80-ci illərdə sənayenin və kənd təsərrüfatının bütün sahələri sürətlə inkişaf edir, elm və mədəniyyət sahəsində böyük uğurlar qazanılır, respublikanın ictimai-siyasi iqlimi və xalqın yaşayış tərzi, həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı. Bütün bunlara isə, Ulu öndər ilk növbədə əmək adamına, tutduğu mövqedən asılı olmayaraq hər bir həmvətəninə diqqət və qayğı sayəsində nail olurdu.

Bu gün danılmaz bir həqiqət var ki, Azərbaycanda neft-kimya sənayesinin müxtəlif inkişaf mərhələlərində çox mühüm hökumət qərarları hamısı məhz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və onların hər biri respublikanın iqtisadi potensialının artırılmasında həlledici rol oynamışdır. Yüzlərlə çeşiddə və geniş həcmdə məhsul buraxılışını təmin edən neft-kimya sənayesinin - xalq təsərrüfatının bu mühüm sahəsinin inkişafında dahi rəhbərin rolu məhz bu baxımdan, xüsusilə, əhəmiyyətli və nəhayətsiz dərəcədə böyükdür. Və bu gün Azərbaycanın neft-kimya sənayesi nəyə nail olubsa, nələrə qadirdirsə, bütün bunlar Ulu öndərin Azərbaycan iqtisadiyyatının mühüm və vacib strateji sahələrindən olan neft-kimya sənayesinin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.

Minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, sumqayıtlılar dahi rəhbər Heydər Əliyevin diqqət və qayğısını daim hiss etmişlər. Sumqayıtın sosial-iqtisadi inkişafında, onun sənaye strukturunın formalaşmasında və potensialının artırılmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində Ulu öndərin müstəsna xidmətləri olmuşdur. 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra Heydər Əliyev sumqayıtlılarla, eləcə də, kimyaçılarımızla görüşmüş, şəhərin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlərin həyata keçirilməsinə bilavasitə rəhbərlik etmişdir.

Vaxtilə dahi rəhbərimiz kimyaçılarımız haqqında demişdi: “Mən Azərbaycanda kimya sənayesinin inkişafına xidmət etmiş adamların əməyini yüksək qiymətləndirirəm”.

Ulu öndərin respublikaya rəhbərliyinin ilk illərindən etibarən sənayenin, xüsusilə də strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirməsinin, şəxsi təşəbbüsünün və gərgin səylərinin nəticəsi olaraq, ötən əsrin 70-80-ci illərində Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən neft-kimya müəssisələrinin yaradılması, yeni texnoloji qurğuların inşası, eyni zamanda, mövcud istehsalatların rekonstruksiyası, yeniləşdirilməsi, istehsal güclərinin artırılması işləri geniş vüsət almışdı.

Ulu öndərin rəhbərliyi ilə kimya sənayesinin əsaslı şəkildə yenidən qurulub müasirləşdirilməsi miqyasını təsəvvür etmək üçün 1970-ci ildən başlayaraq, kimya müəssisələri üzrə yeni istehsalatların tikilib istismara verilməsi mərhələlərinə diqqət yetirmək kifayətdir.

Həmin illərdə Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyində planlı surətdə texniki yeniləşmənin genişləndirilməsi, avadanlıqların təzələnməsi, yeni texnologiyaların tətbiqi üzrə ardıcıl tədbirlər görülmüşdür.  

Ölkənin neft-kimya sənayesinin ilk müəssisələrindən sayılan Sumqayıt Sintetik Kauçuk zavodunun da yüksəliş dövrü məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu öndərin şəxsi təşəbbüsü nəticəsində həmin illərdə müəssisədə ölkəmizin iqtisadi potensialının artmasında çox böyük əhəmiyyəti olan bir sıra yeni istehsalat sahələri yaradılmışdı. O dövr üçün əlamətdar bir hadisə olaraq 1971-ci ildə illik istehsal gücü 15 min ton olan butil-kauçuk sexi işə salındı və zavod keçmiş SSRİ-də butil-kauçukun xüsusi markalarını istehsal edən ilk və yeganə müəssisə oldu. Məhz bunun nəticəsi olaraq həmin növ kauçukun xaricdən valyuta ilə alınmasına birdəfəlik son qoyuldu. 1974-cü ildə yeni, yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması, onun istehsal gücünün ildə 120 min tona çatdırılması ilə Bakı Şin zavodunu yerli xammalla təchiz etmək mümkün oldu və bunun nəticəsi olaraq minik və iri yük avtomobilləri, kənd təsərrüfatı maşınları üçün şin istehsalı xətti işə salındı.

Ulu öndərin bilavasitə təşəbbüsü ilə Sumqayıt “Üzvi sintez” zavodunda da həmin illərdə bir çox yeni istehsalat sahələri istismara verilmişdi. İngiltərədən alınmış kompleks qurğu əsasında yüksəktəzyiqli ilk polietilen istehsalatı işə salınmışdı ki, həmin texnoloyi xəttdə polietilenin, digər bir sexdə isə epoksid qətranının alınması ilə, Azərbaycanın kimya sənayesinin inkişafında yeni bir mərhələ - polimer məhsulların istehsalı başlanılmışdı. Məhz o dövr üçün yeni və müasir sayılan həmin istehsalatlar sayəsində müəssisə 70-ci illərdə sürətli yüksəlişə, böyük uğurlara nail olmuşdu.

Sumqayıt yuyucu vasitələr zavodunda həyata keçirilən yeniliklər   əhəmiyyətli dəyişikliklər məhz Ulu öndər Heydər Əliyevin təşəbbüs və tövsiyələri ilə bağlı idi. Əgər 1971-ci ildə orada istehsal gücü cəmi 30 min ton olan yuyucu vasitələr hazırlayan bir istehsalat sahəsi var idisə, artıq 1978-ci ildə - ikinci obyekt istismara verildikdən sonra müəssisənin istehsal gücü maksimum - 4 dəfə artırılaraq, ildə 120 min tona çatdırıldı.

Modernizasiya və texniki yüksəlişə doğru 70-ci illərdə başlanan ümumrespublika yürüşü Sumqayıt Superfosfat zavodunda da uğurla davam etdirilirdi.  1975-ci ildə həmin müəssisədə xaricdən gətirilən avadanlıqlarda ildə 450 min ton sulfat turşusu istehsal edən sex istismara verildi. Ölkənin kənd təsərrüfatının perspektiv inkişafı və tələbatı nəzərə alınaraq, 1980-83-cü illərdə genişmiqyaslı tədbirlər həyata keçirildi və dənəvər superfosfat gübrələri istehsal edən yüksək məhsuldarlıqlı, yeni texnoloji kompleks işə salındı.

Görülmüş genişmiqyaslı işlərin, az müddətdə reallığa çevrilmiş layihə və ideyaların nəticəsi idi ki, artıq ötən əsrin 70-80-ci illərində Sumqayıt öz iqtisadi potensialına görə, keçmiş Sovetlər İttifaqında güclü sənaye şəhəri kimi daha geniş tanınmağa başlamışdı. Onun istehsal etdiyi məhsullar SSRİ-nin və xarici ölkələrin yüzdən artıq şəhərinə ixrac olunurdu.

Ulu öndər Heydər Əliyev neft-kimya sənayesinin texniki-istehsal bazasının ardıcıl olaraq gücləndirilməsi, onun əsaslı surətdə müasirləşdirilməsi və yeniləşdirilməsi proqramının reallaşdırılması, ölkənin kimya kompleksinin yeni keyfiyyət pilləsinə qaldırılması məqsədilə, 70-ci illərin sonlarından başlayaraq, Sumqayıtda daha bir yeni və unikal texnoloji kompleksin - “EP-300” qurğusunun inşasına nail olmağa çalışırdı. Ancaq layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan həmin nadir kompleksin əldə edilməsi və işlədilməsi üçün xeyli vəsait tələb olunurdu ki, bununla bağlı, respublika rəhbərliyi dəfələrlə Moskvaya müvafiq təkliflərlə müraciət etmişdi. Heydər Əliyev özünəməxsus uzaqgörənliklə həmin kompleksin respublikamızın iqtisadiyyatı üçün böyük əhəmiyyəti və perspektivli olduğunu yaxşı bilirdi. Bu unikal kompleks Azərbaycan üçün ona görə qiymətli və daha münasib idi ki, həmin qurğuda texnoloji proseslərin yerli xammal - Bakı neft emalı zavodlarında istehsal edilən karbohidrogen məhsullar, quru qazlar əsasında aparılması nəzərdə tutulurdu. Lakin SSRİ-nin bəzi səlahiyyətli nümayəndələri bu qurğunun Azərbaycanda inşa edilməsinə hər cəhdlə maneçilik törədirdilər. Yalnız Heydər Əliyevin Kremldə daha böyük nüfuza malik olması, prinsipiallığı, dönməzliyi və qətiyyəti sayəsində, nəhayət ki, “EP-300”ün Sumqayıtda inşasına razılıq əldə edildi.

Tikintisinə 1981-ci ildə start verilmiş qurğu istismara verildikdən sonra qiymətli kimyəvi məhsulların - etilen, propilen, butilen-butadien fraksiyası, yüngül və ağır piroliz qətranı, propan və s. kimi məhsulların istehsalına başlanıldı və hazırda Etilen-polietilen zavodu “EP-300” qurğusunun sayəsində dünya bazarında tələbatın yüksək olduğu müxtəlif kimyəvi məhsullar istehsal edir. O da əhəmiyyətlidir ki, bu gün həmin qurğu həm də respublikamızın  kimya müəssisələri üçün əsas xammal tədarükçüsü rolunu oynayır.

“EP-300” kompleksinin texnoloji davamı olaraq yüksəktəzyiqli polietilen istehsalı üçün nəzərdə tutulan “Polimir-120” qurğusunun da inşası məhz Ulu öndərin rəhbərliyi və dəstəyi ilə mümkün olmuşdur. Kimya sahəsində mütərəqqi texnologiyalar əsasında yaradılaraq, avadanlığı Almaniya və Çexoslovakiyadan alınmış, illik istehsal gücü 120 min ton polietilen olan həmin qurğunun işə salınması respublikamızda polimer məhsulların - polimer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan vermişdir. 

Dahi rəhbərin uzaq perspektivi nəzərə alaraq, on illər əvvəl inşasına nail olduğu etilen və polietilen istehsalı kompleksləri - “EP-300” və “Polimir-120” qurğuları neft-kimya sənayesi tarixində yeni, həm də böyük bir uğur idi və məhz onların əsasında 1994-cü ildə yaradılmış Etilen-polietilen zavodu bu gün “Azərikimya” İstehsalat Birliyinin aparıcı, qabaqcıl müəssisəsi kimi fəaliyyət göstərməkdədir.

Ulu öndər xalqın tələbi ilə 1993-cü ilin iyununda yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra tarixin Ona etibar etdiyi missiyanı - Azərbaycanın dövlət müstəqilliyini qoruyub-saxlamağa, onun iqtisadi-siyasi dayanıqlığını,  sürətli inkişafını təmin edərək, qabaqcıl ölkələr sırasına çıxarmağa, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsinə, beynəlxalq miqyasda nüfuzunun artmasına nail olmaq missiyasını da inamla və şərəflə yerinə yetirmişdir.

SSRİ kimi nəhəng bir dövlətin liderlərindən biri kimi adını XX əsrin siyasi tarixinə qızıl hərflərlə yazan Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə yenidən hakimiyyətə qayıtması Azərbaycan tarixində silinməz izlər qoymuşdur. Onun respublika rəhbərliyinə qayıdışı ilə xalqımız ölkəni bürümüş xaos və anarxiyadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu.

Ulu öndər tərəfindən Azərbaycanın neft strategiyasının  işlənib-hazırlanması və ardıcıl surətdə həyata keçırilməsi XX əsrin sonlarında ölkəmizin əldə etdiyi mühüm nailiyyətlərdən biridir. Müəllifinin Heydər Əlliyev olduğu neft strategiyası və bu sahədə görülən  məqsədyönlü tədbirlər  bu gün nəinki mühüm sosial-iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. “Bakı-Tbilisi-Ceyhan” neft, “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərləri həm sosial-iqtisadi faydası, həm də geosiyasi baxımdan beynəlxalq miqyasda Azərbaycanın əhəmiyyətini və rolunu daha da artırmışdır. Bir vaxtlar gerçəkləşməsi qeyri-real görünən enerji layihələri məhz Ulu öndərin uzaqgörən və dahiyanə siyasətinin nəticəsi olaraq bu gün xalqımızın rifahına, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət etməkdədir.

Neft sektorunun sürətli inkişafının neft-kimya sənayesinin - həmin dövrdə xammal və enerji çatışmazlığı üzündən çox ağır vəziyyətə düşmüş bu mühüm sahənin də fundamental dəyişikliklər və yeniliklər tələb etdiyini, ilk növbədə etibarlı enerji təminatına ehtiyac olduğunu nəzərə alan Ulu öndər, 1998-ci ildə Yaponiyaya tarixi səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dövlət zəmanəti ilə dəyəri 95 milyon dollar olan Buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkəmizin neft-kimya sənayesinin inkişafında dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yadda qalmaqdadır.

Məhz unikal enerji istehsalçısı olan Buxar-generator kompleksinin 2001-ci ilin iyulunda istifadəyə verilməsi sayəsində ölkənin neft-kimya kompleksi enerji böhranı ilə bağlı düçar olduğu ağır bəladan xilas ola bilmişdi. Ulu öndərin uzaqgörənliyinin nəticəsi olaraq  Buxar-generator qurğusu nəinki neft-kimya kompleksini tənəzzüldən xilas etdi, hətta “Azərikimya”nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasında, Sumqayıtda kimya sənayesinin inkişafı üçün yeni bir mərhələnin başlanmasında mühüm vasitə oldu. Avtonom enerji kompleksinin işə salınması nəticəsində, Etilen-polietilen zavodu, bütövlükdə neft-kimya kompleksi yenidən dirçəlişi ilə yanaşı özünün gələcək inkişafı üçün real perspektivlər qazandı.

Və bu danılmaz həqiqətdir ki, əgər dahi rəhbərin təşəbbüsü əsasında Buxar-generator kompleksi həmin dövrdə inşa edilməsəydi, Azərbaycanın neft-kimya sənayesi uzun illərin böhranı içərisində qalmış olardı. 

Hazırda, dünyanın bir-çox ölkəsinə məhsul ixrac edən “Azərikimya” İstehsalat Birliyi  Heydər Əliyev ideyalarının layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində özünün yeni inkişaf dövrü ərəfəsindədir.  Ölkə başçısı dahi rəhbərin dövlətçilik ənənələrini və iqtisadi siyasətini uğurla davam etdirərək, son illərdə respublikamızın iqtisadi potensialının artırılması, eləcə də, neft-kimya sənayesinin persrektiv inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Prezdent İlham Əliyevin respublika iqtisadiyyatının daha da gücləndirilməsi, ölkəmizin dünyanın ən qabaqcıl, mütərəqqi dövlətləri sırasına çıxması istiqamətində apardığı ardıcıl və məqsədyönlü iqtisadi siyasətin, həyata keçirilən səmərəli tədbirlərin nəticəsi olaraq respublikamızın neft-kimya sənayesində də mühüm irəliləyişlər dövrü başlanmışdır.

Azərbaycanın bügünkü hərtərəfli yüksəliş reallığını layiqincə qiymətləndirən və bu yüksəlişin daha geniş vüsət almasını sürətləndirməyi vacib sayan ölkə rəhbərinin 2010-cu il aprelin 2-də “Azərikimya”nın dünyanın aparıcı və nüfuzlu neft şirkətlərindən birinə çevrilmiş Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə verilməsi barədə imzaladığı Sərəncam ölkə sənayesinin neft və neft-kimya sahələrinin vahid bir struktur daxilində daha səmərəli fəaliyyət göstərməsi və yüksək nailiyyətlər qazanmaları üçün yeni persrektivlər açmışdır. Bu sahədə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinin mühüm və mütləq olduğunu əsas tutan Sərəncam sənayenin bu mürəkkəb və mühüm sahəsində fəaliyyətin gücləndirilməsini, neft-qaz emalı və neft-kimya sənayesinin paralel olaraq inkişafını, onların səmərəliliyinin yüksəldilməsini, məhsulların rəqabət qabiliyyətinin artırılmasını başlıca məqsəd kimi qarşıya qoymuşdur.

Diqqətəlayiq haldır ki, ölkə rəhbərinin həmin Sərəncamına uyğun olaraq Dövlət Neft Şirkəti tərəfindən “Azərikimya”nın istehsalat gücünün, kimya məhsullarının çeşidinin artırılması məqsədilə yeniləşmə, müasirləşmə prosesləri sürətlənmiş, bu istiqamətdə intensiv tədbirlər həyata keçirilməyə başlanılmış və ötən müddət ərzində bu sahədə ciddi irəliləyişə nail olunmuşdur.

Bütünlükdə, ölkə Prezidentinin “Azərikimya”nın ARDNŞ tərkibində daha sürətlə tərəqqi edəcəyini nəzərdə tutan Sərəncamı və iqtisadi proqnozlar artıq özünü doğrultmaqdadır. Belə ki, ötən iki ilə yaxın müddət ərzində ARDNŞ-in bilavasitə texniki və maliyyə yardımı sayəsində “Azərikimya”nın texniki bazasının gücləndirilməsi, fiziki və mənəvi baxımdan köhnəlmiş, müasir standartlara cavab verməyən maşın-mexanizm parkının dövrün tələblərinə uyğun şəkildə yenidən qurulması və genişləndirilməsi, Etilen-polietilen zavodunda əsaslı təmirin və yeniləşmə işlərinin ciddi şəkildə, mövcud reqlamentlər əsasında aparılması, kimyaçıların əməyinin layiqincə qiymətləndirilərək, maaşlarının artırılması, iş və məişət şəraitinin yaxşılaşdırılması və s. tədbirlər Birlikdə həm istehsalat, həm də insan amili baxımından yeni bir canlanmaya və yüksəlişə səbəb olmuşdur. Birliyin müəssisə və istehsalatlarında genişhəcmli rekonstruksiya və yeniləşmə işləri görülmüşdür ki, bunun da sayəsində neft-kimya kompleksində əvvəllər tez-tez müşahidə olunan texniki nasazlıqlar və qəzalar, boşdayanmalar minimuma endirilmiş, texnoloji proseslərin fasiləsizliyi təmin edilmiş,  Birliyin əsas istehsalat qurğuları olan “EP-300” və “Polimir-120” istehsalatlarının etibarlı, ahəngdar və keyfiyyətli fəaliyyətinə nail olunmuşdur. Nəticə etibarilə isə respublikadaxili və xarici ölkə istehlakçılarının tələbatının yüksək olduğu propilen, yüksəktəzyiqli polietilen, propilen oksidi, texniki və saf izopropil spirtınin, müxtəlif kimyəvi fraksiyaların istehsalı ötən illərin göstəriciləri ilə müqayisədə xeyli artmışdır.

Ölkə başçısının göstərişi əsasında “Azərikimya” İB-də istehsal həcminin yüksəlməsi, kimya məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə, mövcud xammallarla yanaşı, alternativ xammal növlərindən istifadə olunması sahəsində də mühüm işlər görülmüşdür. Belə ki, məhsul istehsalını artırmaq və keyfiyyət göstəricilərini daha da yaxşılaşdırmaq məqsədilə, Bakı Neftayırma zavodunun yan məhsulları olan quru qazların “EP-300” kompleksinə nəqli üçün xüsusi boru xətti çəkilmişdir ki, hazırda, həmin xətlə istehsalat quru qazla tam həcmdə təmin olunur. Məhz bunun sayəsində Birliyin Etilen-polietilen zavodunun və digər kimya müəssisələrinin istehsalat göstəriciləri xeyli yaxşılaşmış, ixrac məhsullarının həcmi artmışdır.

“2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən, Sumqayıtın sənaye zonasında respublikamız üçün mühüm olan bir müəssisənin - Azot gübrəsi (karbamid) zavodunun inşası barədə Azərbaycan Prezidentinin növbəti Fərmanı kimyaçılarımız və bütün sumqayıtlılar tərəfindən böyük minnətdarlıq və razılıq hissi ilə qarşılanmışdır. Tikintisi 2012-14-cü illərdə həyata keçiriləcək zavod üçün “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan ərazidən 24 hektar sahə ayrılmışdır. Yeni müəssisənin inşası zamanı orada 3 min nəfər iki ildən artıq müddətə, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər daimi işlə təmin olunacaqdır. Ötən ilin dekabrında ölkə başçısı İlham Əliyevin iştirakı ilə təməlqoyma mərasimi keçirilən zavod ən müasir texnologiyalar əsasında yaradılacaq və bütün MDB məkanında ən iri müəssisə olacaqdır. Onun yaxın gələcəkdə istifadəyə verilməsi ilə respublikamızda və Qafqaz regionu ölkələrində kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artacaq, regionun ərzaq təhlükəsizliyi təmin ediləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 21 dekabr 2011-ci il tarixli Sərəncamı da Azərbaycanın kimya və neft-kimya sənayesinin inkişaf etdirilməsi istiqamətində atılmış ən mühüm addımlardın biridir. Yaxın gələcək üçün nəzərdə tutulmuş kimya texnoparkında müasir texnologiyalar əsasında yüksək məhsuldarlıqla işləyən mobil qurğuların tətbiq olunacağı kiçik müəssisələr yaradılacaqdır ki, onların da sayəsində Azərbaycanın kimya sənayesi məhsullarının çeşidi artırılacaq, dünya bazarına çıxarıla bilən, müasir tələblərə cavab verən məhsullar istehsal ediləcəkdir.

Hazırda, “Azərikimya”nın başlıca fəaliyyəti yalnız bir və çox mühüm bir istiqamətə - ölkənin daha güclü sənaye potensialına, yüksək perspektiv inkişafa malik sabahın neft-kimya kompleksinin yaradılmasına yönəlmişdir və bütün potensial qüvvə və imkanlar məhz bu prioritet sahəyə səfərbər olunmuşdur.     

Bu gün biz - Azərbaycan kimyaçıları, ölkəmizə 34 il ərzində Heydər Əliyev kimi dahi bir şəxsiyyətin rəhbərlik etməsindən böyük qürur hissi duyur  və Onun respublika iqtisadiyyatının müxtəlif sahələrinə olduğu kimi, ölkəmizin neft-kimya və kimya sənayesinin inkişafına da göstərdiyi daimi diqqət və qayğını böyük minnətdarlıq hissi ilə xatırlayırıq.  Və heç bir şübhə yoxdur ki, Ulu öndər Heydər Əliyevin bütün varlığı ilə sevdiyi Vətənimiz Azərbaycanın tərəqqisi, xoş gələcəyi naminə gördüyü genişmiqyaslı işlər, təşəbbüskarı və baş icraçısı olduğu layihələr, tədbirlər respublikanın bütün bölgələrində yaratdığı müəssisələr, istehsalat qurğuları və s. hələ uzun illər Azərbaycanı yaşadacaq və xalqımızın daha firavan həyatını təmin edəcəkdir.

 

 

Muxtar BABAYEV,

ARDNŞ-in “Azərikimya”

İstehsalat Birliyi Müşahidə

Şurasının sədri, Milli Məclisin

deputatı

 

Yeni Azərbaycan.- 2012.- 25 aprel.- S.5.