Qondarma “erməni soyqırımı”: tarixi faktlar və həqiqətlər
Yeni Azərbaycan Partiyasının
təşkilatçılığı ilə bu mövzuda dəyirmi
masa keçirilib
Dünən “Park-İNN” otelində Yeni Azərbaycan
Partiyasının (YAP) təşkilatçılığı
ilə “Qondarma “erməni soyqırımı”: tarixi faktlar və
həqiqətlər” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada YAP İdarə Heyətinin və Siyasi
Şurasının üzvləri, Milli Məclisin
deputatları, siyasi partiyaların rəhbərləri,
tarixçi alimlər iştirak ediblər.
Tədbirdə
çıxış edən YAP Sədrinin müavini-İcra
katibi, millət vəkili Əli Əhmədov bildirib ki, uydurma
“soyqırımı” məsələsi ermənilərin yalan
və saxtakarlıq üzərində qurulmuş siyasətinin
tərkib hissəsidir. Onun sözlərinə görə, ən
böyük tarixi yalan və iftiralardan biri “erməni
soyqırımı” adlanır.
“Təəssüf
ki, bu yalan 100 ilə yaxındır ki, yaşadılır. Kimlərsə
onun yaşamasına maraqlı olduğuna görə, bir
çox müxtəlif məkrli üsul və vasitələrdən
istifadə etməkdən çəkinmirlər. Bu məkrli
ideologiya, yalan meydana gələndən sonra
yaşadığımız bölgədə dəfələrlə
gərginliklər, qarşıdurmalar olub. Çünki bu
yalanın kökündə insanlığa qarşı
yönəlmiş ideologiya dayanır. Yəni insanlar, xalqlar
arasında düşmənçilik toxumu səpmək kimi məkrli
məfkurə bu ideologiyanın əsasını təşkil
edir. Fikir versəniz, XX əsrin əvvəllərindən
başlayaraq Sovet dönəmini istisna etməklə
bütün dövrlərdə məhz erməni yalanları əsasında
yaşadığımız bölgədə dəfələrlə
qan tökülüb, düşmənçilik yaranıb,
müharibələr baş verib. Təəssüf ki, bu
günün özündə də belə “təşəbbüslər”
baş alıb getməkdədir. Mən deyərdim ki, 20 faiz
torpağımızın işğal olunması ilə nəticələnən
Ermənistanın Azərbaycana qarşı təcavüzarlıq
siyasətinin əsasında da uydurmalar üzərində
qurulmuş “erməni soyqırımı” ideologiyası
dayanır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Hər
bir yalanın özünəməxsus sifəti olduğunı
deyən Əli Əhmədov qeyd edib ki, uydurma “erməni
soyqırımı”nın da ikrah doğuran sifəti var. Onun
sözlərinə görə, bu bütünlüklə,
iftira, uydurmalar və böhtanlar üzərində qurulmuş
ideologiyadır: “Bu, həmçinin, xalqlar arasında
düşmənçilik toxumu səpmək kimi çox
ziyanlı bir məqsədi öz qarşısına qoyub və
100 ilə yaxın müddətdə
bu məqsədə xidmət etməkdədir. Digər tərəfdən,
bu ideologiyanın sifətini müəyyənləşdirən
məqamlardan biri onun müharibələrə xidmət etməsindədir.
Qeyd etdiyim kimi, XX əsrin əvvəllərindən
başlamış bu ideologiya həmişə müharibə
təbliğ edib, nəinki təbliğ edib, hətta
müharibələrin başlamasına səbəb olub. Bu
ideologiya, eyni zamanda, təcavüzkar ideologiyadır.
Çünki onun məqsədi ayrı-ayrı xalqlara mənsub
olan torpaqları ələ keçirməkdir. Heç
şübhəsiz, Ermənistanın Azərbaycana
qarşı təcavüz siyasətinin kökündə də
bu ideologiyadan irəli gələn məqsədlər
dayanır. Nəhayət, bu ideologiyanın sifətini müəyyənləşdirən
çox ziyanlı məqamlardan biri onun Türkiyəyə və
Azərbaycana, bu xalqlara qarşı çevrilməsidir.
Anti-türk, anti-Azərbaycan mahiyyəti “erməni
soyqırımı” uydurmasının kökündə dayanan
məqamlardan biridir. Bu gün həmin ideologiya nə qədər
ziyanlar verib, qanlar töküb, düşmənçilik
toxumunu səpib. Hazırda da, ermənilər bu işlərini
davam etdirirlər. Türkiyə və Azərbaycan vətəndaşlarının
müqəddəs vəzifələrindən biri bu yalana
qarşı mübarizə aparmaq, onu bütün dünyada
ifşa etməkdən ibarətdir. Hesab edirəm ki, müqəddəs
Qarabağ torpaqlarının işğaldan azad edilməsindən
ibarət olan vəzifənin də həyata keçirilməsinin
ən vacib istiqamətlərindən biri budur. Erməni
yalanlarını bütünlüklə ifşa etmədən,
Qarabağın azadlığı uğrunda
apardığımız mübarizənin məqsədinə
çatması da çətinliklərlə müşahidə
olunacaq”.
Əli
Əhmədov deyib ki, bu problem
ümumbəşəri mahiyyət daşıyır və
türklərə, azərbaycanlılara qarşı
qırğınlar törətmiş ermənilərin beynəlxalq
müstəvidə ifşa olunması istiqamətində səylər
gücləndirilməlidir.
Dəyirmi
masada çıxış edən Ana Vətən
Partiyasının sədri, millət vəkili Fəzail
Ağamalı tədbirin əhəmiyyətini
vurğulayıb. F.Ağamalı Azərbaycan və Türkiyə
xalqlarının erməni yalanlarına qarşı mübarizədə
hər zaman həmrəy olduğunu bildirib. Onun sözlərinə
görə, Ulu öndərimizin dediyi kimi, bir millətin iki
dövləti sarsılmaz birlik nəticəsində
bütün çətinikləri dəf edəcək. “Bunun
üçün siyasi iradə mövcuddur. Xocalı
soyqırımının 20 illiyi ilə əlaqədar
Bakıda möhtəşəm yürüşün
keçirilməsi, eləcə də, İstanbulun Taksim
meydanında keçirilən tədbir bu faktı təsdiq
edir” - deyə millət vəkili vurğulayıb.
Ədalət Partiyasının sədri,
millət vəkili İlyas İsmayılov da 1915-ci ildə ermənilərə
qarşı soyqırımın törədilmədiyini deyib.
Onun sözlərinə görə, tarix bunu təsdiq edir. Bu
uydurmanın davam etməsində maraqlı qüvvələrin
olduğunu deyən İ.İsmayılov bildirib ki, əsl
soyqırımının ermənilər tərəfindən
xalqımıza qarşı törədildiyi halda dünya
ictimaiyyəti susur: “Bütün bunlar göstərir ki, məsələlərə
yanaşmada siyasi maraqlar var. Ona görə də, bu gün Ermənistan
dünyada təcavüzkar kimi tanınmır. Mənim fikrimcə,
ATƏT Qarabağ probleminin həllinə nail olmayacaq.
Çünki bu təşkilatın qərarlarının
hüquqi qüvvəsi yoxdur, yalnız tövsiyə xarakteri
daşıyır. Biz məsələnin BMT Təhlükəsizlik
Şurasına çıxarılmasına
çalışmalıyıq. Əgər bu təşkilat
da obyektiv qərar verməsə, qəbul olunmuş qətnamələri
yerinə yetirməsə, onda işğal olunmuş
torpaqları özümüz azad etməliyik. Bunun
üçün dövlətimizin
gücü yetərlidir”.
AMEA-nın Şərqşünaslıq
İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva
isə 1915-ci il hadisələri ilə bağlı faktlara
toxunub. Onun sözlərinə görə, ermənilər həmin
hadisələr zamanı 1,5 milyon nəfərin
öldürüldüyünü iddia etsə də, bunun
heç bir əsası yoxdur: “Mürəkkəb bir vəziyyətdə
Osmanlı dövləti Van gölünün ətrafından
erməniləri başqa bir yerə köçürüb. Bu
köçürmə reallaşdırılarkən müəyyən
səbəblərdən ölüm halları baş verib. O
zaman Van gölü ətrafında 150 min erməni
yaşayırdı, bütövlükdə isə Türkiyədə
yaşayan ermənilərin sayı 350 min nəfərə qədər
olub. Belə olan halda, 1,5 milyon erməninin öldürülməsi
haqda deyilənlər tamamilə yalandır”.
G.Baxşəliyeva
ermənilərin azərbaycanlılara qarşı
soyqırımı törətdiyini faktlarla əsaslandırıb.
Bu məsələ haqda ciddi elmi araşdırmaların
aparıldığını deyən millət vəkili Azərbaycan
və Türkiyənin səylərini təqdir edib. Onun
sözlərinə görə, Ermənistanın
işğalçılıq siyasətindən əl çəkməsi
üçün erməni xalqının ziyalıları da təşəbbüslər
göstərməlidir: “Bəzi ziyalılar var ki, Ermənistanın
işğalçılıq siyasətinə etiraz edirlər.
Çünki mağara psixologiyası ilə sivil cəmiyyət
qurmaq mümkün deyil. Ona görə də, sağlam məntiqli
ziyalıların çox olması lazımdır ki, erməni
cəmiyyətini sülhə hazırlasın”.
YAP İdarə Heyətinin
üzvü, partiyanın Səbail
rayon təşkilatının sədri Zahid Qaralov bütün
dövrlərdə ermənilərin türklərə və
azərbaycanlılara qarşı məkrli siyasət həyata
keçirdiklərini bildirib. O sovetlər dönəmində
“Osmanlı imperiyasının ermənilərə qarşı
soyqırımı” adlı irihəcmli kitab nəşr
olunduğunu xatırladıb. Z.Qaralovun sözlərinə
görə, bu günün özündə də ermənilər
təbliğat işlərində bu kitabdan istifadə edirlər.
“Ermənilər uşaqdan böyüyə qədər
türkə qarşı nifrət aşılayırlar. Hesab
edirəm ki, tarixçi alimlər erməni iddialarına cavab
vermək üçün səylərini gücləndirməlidirlər”
- deyə, YAP İdarə Heyətinin üzvü qeyd edib.
AMEA-nın
Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov məsələ
haqqında tarixi məlumatları tədbir
iştirakçılarının diqqətinə
çatdırıb. Onun sözlərinə görə, “erməni
soyqırımı”nın nə elmi, nə tarixi, nə də
hüquqi əsası yoxdur. C.Bəhramov deyib ki, əslində,
ermənilər XIX əsrin sonlarından tutmuş XX əsr ərzində
2,5 milyon azərbaycanlını qətlə yetiriblər.
Tarixçi alim ermənilərə bir sıra dövlətlərin
dəstək verdiyini vurğulayıb.
Şimali Kipr Türk Cümhuriyyətinin
ölkəmizdəki nümayəndəliyinin rəhbəri Zəki
Qazioğlu isə bildirib ki, hər il 24 aprel tarixi ərəfəsində
belə tədbirlər keçirilir: “Dünyada bəzi
qüvvələr uydurma “erməni soyqırımı”nın
gündəmdə olmasına çalışır.
Şübhəsiz ki, burada siyasi maraqlar var. Hesab edirəm ki,
dünyanın nüfuzlu tarixçi alimlərini bu prosesə
cəlb etmək lazımdır. Onların imzasını
almağa nail olmalıyıq ki, tarixdə “erməni
soyqırımı” baş verməyib. Əgər bundan sonra
hansısa dövlətlər bu məsələni gündəmə
gətirəcəkcə, dostumuzun və düşmənimizin
kim olduğunu biləcəyik”.
YAP
Siyasi Şurasının üzvü, millət vəkili Məlahət
İbrahimqızı isə çıxışında ermənilərin
azərbaycanlılara qarşı soyqırımı törətdiyini
bildirib. M.İbrahimqızı bu yaxınlarda Z.Balayanın
ABŞ-dakı erməni saytlarındakı fikirlərinə
toxunub. O, qondarma “soyqırımı”nın dünyada
tanıdılması istiqamətində görülən
işlərdən danışıb və hazırda bu
işin çətinləşdiyini deyib. Millət vəkili
bunu Türkiyənin və Azərbaycanın güclənməsi
ilə əlaqələndirib. “Ümummilli məsələlərdə
hər zaman bir yerdə olmalıyıq”, - deyən millət vəkili
bildirib ki, bu problem Türkiyə ilə Azərbaycanın ortaq
məsələsidir. “Artıq son illər görülən
işlər nəticəsində “erməni
soyqırımı”nın tanıdılması prosesi
dayanıb. Əgər 10-15 il əvvəl hansısa dövlət
bunu tanıyırdısa, indi belə hadisələr baş
vermir. Təbii ki, burada Türkiyə və Azərbaycanın
gördüyü işlər qiymətləndirilməlidir.
Dövlətlərlə yanaşı xaricdəki
diasporamızın fəaliyyətini xüsusi qeyd etmək
lazımdır” - deyə, M.İbrahimqızı bildirib.
YAP
İdarə Heyətinin üzvü Kərim Kərimov
çıxış edərək uydurma “erməni
soyqırımı”nın saxtakarlıq olduğunu, tarixi həqiqətləri
əks etdirmədiyini vurğulayıb. O, bu çirkin oyundan
qardaş Türkiyəyə qarşı təzyiq kimi istifadə
olunduğu qeyd edib: “O zaman 1 milyonluq rus ordusunda 150 minə qədər
erməni döyüşürdü. Həmin ermənilər
minlərlə günahsız dinc türkləri qətlə
yetiriblər. Hesab edirəm ki, erməni vəhşiliyini əks
etdirən faktlar dərs vəsaitlərinə daxil edilməlidir”.
Tədbirdə
çıxış edən Türkiyənin ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Hulusi
Kılıc bu məsələdə göstərilən dəstəyə
görə Azərbaycan dövlətinə təşəkkür
edib. O qeyd edib ki, uydurma “erməni soyqırımı”nın
dünyada ifşa olunması istiqamətində Azərbaycan
Türkiyəyə çox ciddi dəstək verir. Səfirin
sözlərinə görə, hər iki dövlətin birgə
səyi ilə erməni yalanlarının ifşasında
mühüm nəticələr əldə olunur.
H.Kılıc deyib ki, “erməni soyqırımı”
iddiaları yalandır, iftiradır, heç bir hüquqi əsası
yoxdur.
Səfir
xatırladıb ki, 2005-ci ildə Türkiyənin baş naziri
Ermənistana arxivlərin açılmasını, tarixi
faktları olduğu kimi qəbul etməyi təklif etmişdi:
“Lakin ermənilər bunu qəbul etmədilər. Tarixçilər
tarix, siyasətçilər siyasətlə məşğul
olmalıdır. Biz sülh və sabitlik istəyirik.
Bütün olanlar dünyanın gözü önündədir.
Ermənilərin Azərbaycan torpaqlarındakı
işğalı hələ bitməyib, lakin kimsə səsini
çıxarmır və biz ikili standartların davam etdiyini
görürük. Bütün bunlara qarşı mübarizəmizi
daim aparacağıq. Prezident İlham Əliyevin dediyi kimi, bir
millətin iki diasporu ola bilməz. Bu mənada diaspor təşkilatlarımız
birgə fəaliyyətlərini gücləndirirlər”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2012.- 25 aprel.- S.4.