AZƏRBAYCANI LİDER ÖLKƏLƏR SIRASINA ÇIXARMAQ ƏZMİ

 

Müasir mərhələdə dövlət başçısının üzərinə götürdüyü ən mühüm missiya ölkənin daxili potensialını səfərbər edərək onu dünyanın qabaqcıl ölkələri sırasına çıxarmaq əzmində ifadə olunur. Prezident İlham Əliyevin xidmətlərini, onun dövlətçilik və siyasət müstəvisində yerini düzgün təsəvvür edə bilmək üçün Azərbaycanın son illərdə keçdiyi böyük inkişaf yolunu nəzərdən keçirmək kifayətdir. İlk növbədə bu yolun haradan və nə vaxt başlandığını yada salmaq istərdik. Belə ki, İlham Əliyevin ölkəmizin inkişafında oynadığı mühüm rolun və liderlik missiyasının başlanğıcı onun prezident seçilməsindən də əvvəlki dövrə təsadüf edir.

Heç kimə sirr deyil ki, bu gün əldə etdiyimiz böyük uğurların ideya təməli hələ ötən əsrin 90-cı illərində Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev kursunu hamıdan yaxşı mənimsəyən və onun həyata keçirilməsinə böyük entuziazmla qoşulan Prezident İlham Əliyevin sayəsində Azərbaycanın yeni iqtisadi münasibətlərə keçməsi tez bir zamanda öz səmərəsini verməyə başladı. Neft strategiyasının hazırlanmasında, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunmasında, Avropa Şurasındakı nailiyyətlərimizdə, habelə idman sahəsindəki beynəlxalq uğurlarımızda, Sidney Olimpiadasındakı böyük müvəffəqiyyətlərdə - həmişə, hər yerdə Azərbaycanın milli maraqlarına xidmət göstərilməsinə, Azərbaycan bayrağının yüksəldilməsinə nail olmaq həqiqətən böyük hünər, böyük amaldır: “Mən istəyirəm ki, Azərbaycanın, müstəqil dövlətimizin bayrağı həmişə qaldırılsın. Mən istəyirəm ki, bizim dövlət himnimiz həmişə səsləndirilsin. Əminəm ki, həmişə də belə olacaqdır!” (İlham Əliyev).

Ölkəmizin siyasi həyatında ən məsuliyyətli məqamlardan biri 2003-cü il prezident seçkiləri idi. O vaxt Azərbaycanda problemin unikallığı ondan ibarət idi ki, prezident kürsüsündən gedən şəxs sıradan biri olmayıb, öz dövrünün ən böyük, ən nüfuzlu siyasi lideri idi və O, Azərbaycanı dünya ölkələri içərisində elə bir mərtəbəyə qaldırmaq planını qarşıya qoymuş və elə böyük miqyaslı işləri başlamışdı ki, sıravi bir siyasətçi bu vəzifələri başa çatdıra bilməzdi.

Ancaq indi, Azərbaycanın qarşıya qoyduğu vəzifələr gerçəkliyə çevriləndən sonra biz dönüb arxaya baxarkən 2003-cü ildə ölkəmizin hansı miqyasda bir seçim qarşısında qaldığını dərk edirik. Və nə yaxşı ki, biz o vaxt düzgün seçim edə bildik!

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi kursun özünü doğrultduğu, demək olar ki, hamı tərəfindən etiraf olunmaqdadır. Keçən qısa müddət ərzində ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə olunan böyük uğurların səbəblərindən biri, heç şübhəsiz, Prezidentimizin öz fəaliyyətini möhkəm bir təməl üzərində qurması, Heydər Əliyev siyasi kursunu yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla inkişaf etdirməsidir. Burada ikinci mühüm amil də özünü göstərir ki, bu da İlham Əliyevin bir siyasi lider kimi yeni iqtisadi münasibətlər şəraitində yetişməsi ilə əlaqədardır. Yəni, bu yeniliklər onun üçün doğmadır. Üçüncü əsas amil isə, XXI əsrdə başlanan qlobal tendensiyaları sadəcə izləmək və mənimsəmək yox, həm də onları istiqamətləndirmək cəhdləri, planetar proseslərin obyekti deyil, fəal subyektlərindən biri olmaq əzmidir.  

Prezident İlham Əliyevin ölkə daxilində yeritdiyi iqtisadi siyasətin əsasında “vədlər vermək yox, real iş görmək” prinsipi, “faktın özü ən gözəl təbliğatdır” mülahizəsi dayanır. Bütün ölkəni əhatə edən tikinti və quruculuq işləri, yollar və körpülər salınması, zavodlar və fabriklərin istifadəyə verilməsi, sənaye və kənd təsərrüfatında yüz minlərlə iş yerlərinin açılması, aeroportlar, vağzallar, dəniz limanları, qitələri birləşdirən dəmir yolları, transmilli neft və qaz kəmərləri, elektrik, su və qaz təminatının yaxşılaşdırılması və s., bütün bunları sadalamaq üçün nəinki bir məqalə, böyük bir kitab da bəs etməz. Biz bu sıraya son ildə əldə etdiyimiz iki beynəlxalq miqyaslı uğuru da əlavə etmək və xüsusi vurğulamaq istəyirik. Bunlar ilk növbədə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi və “Eurovision-2011”də əldə etdiyimiz qələbədir. Bu hadisələr ikisi də “lider ölkə” idealına gedən yolda mühüm məqamlardır. Əvvəla, BMT-nin üzvü olan bütün dövlətlər içərisində sayılıb-seçilənlərdən olmaq, məhz siyasət müstəvisində bir çox böyük dövlətləri arxada qoyaraq beynəlxalq problemlərin həllində səs sahibi olmaq Azərbaycanın siyasət iyerarxiyasında yeni mövqeyindən xəbər verir. İkinci hadisə də mədəniyyət və musiqi sahəsində böyük nailiyyətlərimizin qanunauyğun nəticəsi olmaqdan əlavə, əslində həm də ölkəmizin yüksək imicini və beynəlxalq miqyasda nüfuzunun nə dərəcədə artdığını göstərir; heç kimə gizli deyil ki, səsvermələr təkcə musiqi ifaçılarına deyil, həm də dövlətlərə simpatiyanı ifadə edir. 

Bu məqalədə bizim məqsədimiz diqqəti, ilk baxışda ola bilsin ki, nəzərə çarpmayan, nisbətən dərin qatda olan fəaliyyət istiqamətlərinə yönəltməkdir. Və bu zaman aydın olur ki, İlham Əliyevin yeritdiyi kursda iqtisadi inkişaf sadəcə məqsəd olmayıb, həm də bir vasitədir: dövlət müstəqilliyinin qorunması, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması, yüksək intellektual və mədəni-mənəvi inkişafın təmin edilməsi, vətənimizin “lider ölkəyə” çevrilməsi yolunda vasitə!

Bunun üçün isə ilk növbədə ölkəmizdə intellektual fəaliyyətə və elmə münasibət dəyişilməli, yeni keyfiyyət mərhələsinə qalxmalıdır. Məhz buna görə də, Prezident İlham Əliyev diqqəti dönə-dönə bu məsələyə yönəldir: “Qabaqcıl ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onların tərəqqisini elm müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki, coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə (kursiv bizimdir - S.X.) çevirir”. Prezidentin çıxışlarındakı məntiqi ardıcıllıq gələcəkdə ölkəmizdə elmin iki istiqamətdə inkişaf etdirilməsi zərurətini nəzərdə tutur. Əvvəla, iqtisadi inkişafın ən müasir texnologiyalara əsaslanması və bunun üçün ölkəmizdə dəqiq və texniki elmlərin tətbiqinə xüsusi fikir verilməsi; ikincisi isə, Azərbaycanda iqtisadi və elmi-texniki prosesləri düzgün yönləndirmək və siyasətdə olduğu kimi, burada da ilk növbədə milli maraqlardan çıxış edə bilmək üçün ictimai elmlərin prioritetliyinin təmin edilməsi.

Bu gün Azərbaycan öz milli dövlətçilik mənini qoruyub-saxlamaqda, seçdiyi siyasi kursu davam etdirməkdə israrlıdır. Heydər Əliyev deyirdi ki, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Burada biz “müstəqillik” anlayışının yeni dövrün tələblərinə uyğun surətdə yeni çalarlarla zənginləşdirildiyini görürük. Həqiqətən də, dövlət müstəqilliyinin ənənəvi anlamına görə, hansısa bir ərazidə müəyyən bir siyasi kursu və hüquq normalarını tətbiq etmək, sosial-iqtisadi həyatı müəyyən qaydalarla tənzimləmək üçün ilk növbədə sərhəd toxunulmazlığı təmin olunmalıdır.

XX əsrin sonlarından başlayaraq, bütün dünyada hadisələrin inkişafı vahid iqtisadi münasibətlərin formalaşması, vahid ümumdünya bazarının yaranması istiqamətində gedir. Azərbaycan rəhbərliyi bu obyektiv tendensiyaları vaxtında nəzərə aldığından, qlobal və milli maraqlar nəinki toqquşmur, hətta bir-birini qarşılıqlı surətdə tamamlayır. Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub-saxlanması, habelə, milli-mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi - bütün bunlar Azərbaycanın siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.

Beləliklə, yeni dövrdə müstəqilliyin qorunması beynəlxalq miqyaslı obyektiv proseslərin mənimsənilməsini və milli maraqlar mövqeyindən dəyərləndirilməsini tələb edir. Bunun üçün isə, ilk növbədə bütövlükdə cəmiyyətin intellektual inkişaf səviyyəsi yüksəldilməlidir.

Bunun üçün isə əvvəlcə ictimai və humanitar elmlər hərəkətə gətirilməli, milli fəlsəfi fikrin bütün resursları səfərbər edilməli və qloballaşan dünyanın üstün və zəif cəhətləri üzə çıxarılmalıdır.

Qərb dünyasının ağıllı adamlarının öz ümid dolu nəzərlərini Şərqə yönəltdiyi bir vaxtda, rasionalizmin və intellektualizmin resursları artıq yeni tələbləri ödəmək üçün yetərli olmadığı və ruhi-mənəvi, psixik enerjinin dövriyyəyə daxil olduğu bir vaxtda, biz ölkəmizdə mövcud olan mənəvi-estetik ənənələrdən və bədii-metaforik düşüncə tərzindən tamamilə imtina edə bilmərik. Əksinə, insan dünyasının dərin mənəvi qatlarında yatan enerjinin, irrasional idrak metodlarının dirçəldilməsi üçün tədbirlər görülməli, Şərq fəlsəfi təfəkkür ənənələrinin, təsəvvürün alternativ yaradıcılıq metodologiyası müasir Qərb düşüncəsinin klassik formaları ilə birləşdirilməlidir.

Prezidentimiz son vaxtlardakı çıxışlarında elmə, intellektə, insan resursuna böyük diqqət yetirir. Doğrudan da, hər bir ölkənin tərəqqisi üçün elmin rolu əvəzsizdir. Lakin hansısa bir ölkənin lider ola bilməsi xeyli dərəcədə onun başında duran şəxsin liderlik keyfiyyətindən də asılıdır. Sükan etibarlı əllərdə olmasa, ölkənin bu və ya digər sahədəki potensialı da yetərincə reallaşdırıla bilməz.

Nəhayət, böyük öndərin siyasi-iqtisadi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi inkişafın geniş “asfalt yoluna” çıxmaq vəzifəsini yerinə yetirdi. Bu mərhələnin başa çatdığını O, BDU-nun 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə elan etdi: “Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq”. Bu, əlbəttə, müstəqillik dövründə əldə olunmuş ən böyük zəfərlərdən birinin rəsmən təsbit olunması idi.

Bəli, biz iqtisadi sahədə keçid dövrünü artıq başa vurmuşuq. Lakin bu o demək deyil ki, iqtisadiyyatın modernləşməsi ilə bağlı qarşıda duran vəzifələr başa çatmışdır. Əksinə, yeni iqtisadi münasibətlərə keçid prosesinin tamamlanması cəmiyyətdə yeni iqtisadi bazisin və deməli, yeni ictimai paradiqmanın formalaşması deməkdir. Və bu proses labüd surətdə digər ictimai münasibətlər kompleksinin bu yeni bazisə uyğunlaşmasını, onunla ayaqlaşmasını, onun tamamlamasını tələb edir.  

Qloballaşma şəraitində daxili prosesləri daha da stabil edə bilmək üçün mütləq xarici proseslər də diqqətlə öyrənilməli, proqnozlaşdırılmalı, nəzərə alınmalıdır. Qloballaşma elə bir həddə gəlib çatmışdır ki, ölkənin idarə olunması təkcə daxili məsələlərin həlli ilə başa çatmır. Mənbəyi daxildən qaynaqlanmayan, qlobal səciyyə daşıyan, bütün bəşəriyyəti narahat edən proseslərin transformasiyası hər bir ölkənin taleyinə təsir göstərir. Bu səbəbdən də müasir dövrdə planetar düşüncəyə malik olan, yerli məsələləri də beynəlxalq miqyaslı dəyişikliklər kontekstində, ümumi tendensiyaları nəzərə almaqla həll edən, lokalla qlobalın, milli ilə ümumbəşərinin vəhdətindən çıxış edən liderlərə ehtiyac yaranmışdır. Söhbət yalnız hansısa xalqın, millətin deyil, bütövlükdə bəşəriyyətin ehtiyacından gedir. Əlbəttə, bu böyük, məsuliyyətli və şərəfli missiyanı üzərinə götürə biləcək dövlət başçıları çox azdır. Hətta dövlətin böyüklüyü və iqtisadi qüdrəti də burada əsas rol oynamır.

İndi bəşəriyyətin taleyi planetar düşüncəli siyasi liderlərin varlığından və fəaliyyətindən daha çox asılı olmuşdur.

Lakin dünyada gedən proseslərin ümumi qanunauyğunluqlarının aşkar edilməsi, bu proseslərə fəal və məqsədyönlü müdaxilə üçün təməl yaradılması dünyanın dərki prosesindən başlayır. Yəni, təkcə öz ölkəsində deyil, bütün dünya miqyasında baş verən keyfiyyət dəyişmələrinin vaxtında nəzərə alınması ancaq sosial-siyasi, ictimai-iqtisadi və mədəni-ideoloji ekstrapolyasiya sayəsində mümkündür. XX əsrdə cəmiyyətin hərəkətverici qüvvəsi elmi-texniki inqilab idisə, müasir mərhələdə fəlsəfə və sosial-siyasi elmlərin proqnozlaşdırma funksiyasının paradiqmanın əvəzlənməsi prosesində (biz bilərəkdən “inqilab” sözünü işlətmirik) iştirak dərəcəsi önəmli rol oynayacaqdır. Bu isə ictimai elmlərin yüksək dərəcədə mobilizasiyasını tələb edir. Ona görə də, yeni dövrdə siyasi liderin də ən mühüm keyfiyyətlərindən biri bütün intellektual yükü öz üzərinə götürməyərək, bütövlükdə cəmiyyətin, xalqın elmi-intellektual potensialının məqsədəuyğun surətdə yönəldilməsinə nail olmaqdır.

Prezidentimiz xarici dilləri, Qərbin siyasi texnologiyalarını və Avropa mədəniyyətini yüksək dərəcədə mənimsəmiş bir şəxs olmaqla bərabər, həm də milli ruhun dövlətçilik üçün necə böyük önəm daşıdığını nəzərə alaraq, milli-mədəni dəyərlərin prioritetliyini önə çəkir. Qərblə yarışa girə bilmək, onları heç olmazsa müəyyən məsələlərdə qabaqlamaq üçün yeganə yol özümüzün üstün cəhətlərimizə istinad etməkdir. Yəni, söhbət Şərq və Qərb dəyərlərinin inteqrasiyasından gedir.

Azərbaycan həm coğrafi mövqeyinə görə Şərq ilə Qərbin qovşağında yerləşir, həm də inkişaf səviyyəsinə və malik olduğu inteqrativ dəyərlər sisteminə görə bu iki fərqli sivilizasiyanın əlaqələndirilməsi və uzlaşdırılması sahəsində aparıcı rol oynayır.

Ölkəmiz, bir tərəfdən, təbii sərvətlərin, neft və qaz məhsullarının Avropaya daşınmasında tranzit bir ölkə kimi çıxış edir, digər tərəfdən də, ictimai-siyasi dəyərlərin, demokratiya və hüquqi dövlətçilik ənənələrinin, habelə elmi və texnoloji ideyaların, müasir texnika və avadanlıqların Qərbdən Şərqə transformasiyasında mühüm rol oynayır. Azərbaycan indi elə bir inkişaf səviyyəsinə qalxmışdır ki, Şərq ilə Qərb arasında körpü funksiyası onu qane etmir. Çünki biz indi öz ölkəmizin timsalında bu iki sivilizasiyanın sintezindən yaranan və daha optimal, rəqabətə daha davamlı, məhz yeni dövrün ruhunu təcəssüm etdirən daha zəngin cəmiyyət quruculuğunun nümunəsini veririk. Məzmununa görə  inteqrativ və sintetik olmaqla yanaşı, tolerantlığın bir çox yeni aspektlərdə də bərqərar olması ölkəmizə həm Qərb, həm də Şərq ölkələri ilə müqayisədə bir sıra üstünlüklər verir.

İndi Azərbaycan dini tolerantlıq baxımından da bütün dünya ölkələri üçün bir nümunəyə çevrilmişdir. Bunun bir səbəbi milli mentalitetlə əlaqəlidirsə, digər səbəbi dövlət başçısının qətiyyətli mövqeyi ilə bağlıdır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının II Qurultayında bu məsələyə münasibətini belə bildirmişdir ki, “Azərbaycanda müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda nə milli, nə də dini zəmində heç vaxt problem olmamışdır və olmayacaqdır. Bu, bizim strateji xəttimizdir”. Bu məsələ beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmiş, müxtəlif ölkələrin böyük din xadimləri ilə yanaşı, tədqiqatçılar və xarici mətbuat da birgəyaşayışın bu yüksək təzahürünə dəfələrlə öz heyranlıqlarını bildirmişlər. Lakin bu fakt əslində, daha böyük miqyaslı bir ideoloji xəttin təzahürlərindən ancaq biridir.

Prezident İlham Əliyevin dövlət başçısı kimi qətiyyətli mövqeyi və işə peşəkar münasibəti xarici siyasət sahəsində də özünü göstərir. İndi ölkəmiz həm regional, həm də qlobal proseslərin fəal subyektlərindən birinə çevrilmişdir. Bir tərəfdən, ABŞ və Avropa ölkələri ilə, digər tərəfdən də, İslam ölkələri ilə sıx əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynamasını, mərkəzçi mövqeyini daha da möhkəmləndirir, əlaqələndiricilik missiyasını qaçılmaz edir. Azərbaycan, eyni zamanda, Şimalla Cənub arasında münasibətlərin mərkəzində dayanır. Həm Rusiya ilə, həm də Türkiyə və İranla iqtisadi əlaqələr getdikcə genişlənir. İndi Azərbaycan nəinki bölgənin, hətta bütün Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Azərbaycanın beynəlxalq nüfuzunun və iqtisadi qüdrətinin artması Dağlıq Qarabağ probleminin müzakirələrində də sözümüzün daha kəsərli olmasına imkan yaradır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipini qətiyyətlə müdafiə edir və ölkəmizin hərbi büdcəsini və ordunun maddi-texniki bazasını ildən-ilə daha da möhkəmləndirməklə bu məsələdə güzəştə getmək niyyətimizin olmadığını nümayiş etdirir.

Ruhun sağlamlığı təkcə bilik üzərində qurula bilmir. Burada inam, etiqad da eyni dərəcədə önəmlidir. Bütün bu cəhətlər, ilk növbədə, məktəblərdə, təhsil strategiyasında nəzərə alınmalıdır. Son dövrlərdə Azərbaycanda məktəblərə diqqətin artması da bu baxımdan qanunauyğun görünür. Hələ ötən əsrin 90-cı illərində İlham Əliyevin rəhbərliyi ilə başlamış  Milli Olimpiya Komitəsi tərəfindən bütün bölgələrdə yeni idman komplekslərinin tikilməsi işi indi Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün bölgələrdə yeni məktəb binalarının tikilməsi, mədəni-mənəvi dəyərlərimizin qorunub-saxlanması və canlandırılması işi ilə davam etdirilir ki, bu da “sağlam bədən” üçün görülən işlərin “sağlam ruh” üçün görülən işlərlə tamamlanması deməkdir.

“Sağlam bədən” də, “sağlam ruh” da, əslində insan potensialının realizasiyasına xidmət edən ilkin amillərdir. Mənəviyyat məsələsinin son vaxtlarda xüsusilə aktuallaşması və milli-mənəvi özünüdərkin, ictimai elmlərin, fəlsəfi təfəkkürün diqqət mərkəzinə çəkilməsi heç də təsadüfi deyil. AzTV nəzdində ayrıca “Mədəniyyət” kanalının açılması və uğurlu fəaliyyəti də bu məqsədə xidmət edir.

Prezident İlham Əliyev BDU-nun yeni korpusunun açılışındakı çıxışında demişdir: “Bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik”. “İnsan kapitalı” isə “intellektual kapitala” nisbətən daha geniş anlayışdır. Onun açılışını qısaca belə ifadə etmək olar: insan kapitalı = fiziki sağlamlıq + intellektual inkişaf + milli-mənəvi ruh. Bax, bu sonuncu komponentin xüsusi vurğulanmasına biz Prezident İlham Əliyevin çıxışlarında indi daha tez-tez rast gəlirik.

Əlamətdar haldır ki, son illərdə elm, təhsil və təsərrüfat sahələrinin kompyüterləşməsi, yeni kommunikasiya sistemlərinə keçid, rabitə və informasiya texnologiyalarının modernləşməsi sahəsində böyük uğurlar əldə edilmişdir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı heç də təkcə kənd təsərrüfatı məhsullarının istehsalı və yüngül sənayenin hesabına deyil, xeyli dərəcədə müasir informasiya texnologiyalarının tətbiqi sayəsində həyata keçirilir. Bütün bunlar Azərbaycanın heç də yalnız öz təbii sərvətlərinə yönəldilmiş passiv iqtisadi siyasət aparmadığını və elm tutumlu sahələrin inkişafına üstünlük verdiyini göstərir.

Prezident İlham Əliyevin dönə-dönə elm və təhsil məsələlərinə toxunması və bu sahələrin dövlət siyasətində prioritetliyini vurğulaması təsadüfi deyil. İqtisadi sahədə keçid mərhələsinin başa vurulması və dünyanın qabaqcıl ölkələri ilə eyni start xəttinə çıxılması həmin ölkələrin qabaqcıl və güclü olmasını təmin edən əsas amillərin də mənimsənilməsini tələb edir. Belə ki, Qərb dünyası nəyə nail olubsa, ilk növbədə, elmi-texniki yaradıcılıq sayəsində nail olub. Əgər biz onlarla yarışa girmək istəyiriksə, deməli, qarşımızda duran əsas vəzifələrdən biri elm və təhsil sisteminin yeniləşdirilməsi olmalıdır. Lakin söhbət təkcə dövlət qayğısından getmir. Çünki dövlət öz strateji kursunu artıq müəyyən etmiş və bu sahələrin maddi-texniki təchizatı istiqamətində böyük işlər görülməsinə başlamışdır. Prezident İlham Əliyevin öz dediyi kimi, “son altı il ərzində Azərbaycanda 1800 yeni məktəb tikilibdir. Yüzlərlə məktəbdə yeni korpuslar tikilib, təmir aparılıbdır. Bu nəyi göstərir?! Bu onu göstərir ki, bu sahə prioritet sahədir”.

Lakin bu, işin ancaq başlanğıcıdır. Yeni binaların tikilməsi və maddi-texniki təchizat dövlət qayğısının ifadəsidir. İnsan kapitalını inkişaf etdirmək istəyən dövlət rəhbərliyi fəlsəfi tədqiqatların və ictimai elmlərin yeni şəraitdə ictimai gerçəkliyin elmi təhlili və proqnozlaşdırılması istiqamətində səfərbər edir. Həm də bu, sadəcə bir istək deyil; ölkəmizin yüksəlmiş olduğu yeni inkişaf mərhələsinin elmi surətdə dəyərləndirilməsi ilə yanaşı, bütün dünyada gedən böyük proseslərin, paradiqmaların əvəzlənməsinin mahiyyətinin açılması lazımdır. Bu gün kim həm özünü, həm də dünyanı daha yaxşı dərk edirsə, gələcək də onundur. Milli fəlsəfi fikir və ictimai elmlər qarşısında duran ən mühüm vəzifə də ideala xidmət etməkdir.

Əlbəttə, “intellektual kapital” ideyası özlüyündə bir yenilik deyil, çünki Qərbdə xeyli vaxtdır ki, hallandırılmaqdadır. Amma burada fərqli bir məqam var. Qərbdə bu ideya alimlər tərəfindən irəli sürülür və onun hər hansı bir dövlətin strateji xəttinə çevrilməsi üçün siyasi iradə də lazımdır. Yəni, ideya əvvəlcə cəmiyyətdə formalaşır və realizasiya şansı qazanmaq üçün ictimai-siyasi təbəddülatlarla dolu uzun bir yol keçməli olur. Elmi ideyaların, xalqın istək və arzularının, potensial imkanlarının, fəaliyyət əzminin siyasi liderin fəaliyyət proqramı ilə üst-üstə düşməsi heç də asanlıqla əldə olunmur.

Bu gün bütün dünya iqtisadiyyatı ilə bərabər, dünya ictimai sistemi də sanki bir böhran keçirir. İndi, hətta dünyanın sonu haqqında filmlər də çəkilir. Düzdür, Avropada Qərb ruhunun tükənməsi, onun süqutu, tənəzzülü haqqında söhbətlər çoxdandır ki, başlanmışdır. Lakin bunu yazanlar daha böyük miqyaslı proseslərdən çıxış edən filosoflardır. Həmin ölkələrdə yaşayanların heç də hamısı getdikləri yolun haraya aparıb çıxaracağını təsəvvür etmir. Əhali bu təlaşı, qorxu hissini daha çox dərəcədə iqtisadi böhranlar zamanı yaşayır. Həm də bu hadisələr zamanı kimi isə təsirləndirmək də çox çətin olur. Çünki belə böhranlar, adətən qloballaşan dünyanın dərinliklərindən gəlir. Və hamı “palaza bürünüb elnən sürünməli olur”. İndi ekoloji böhranlar, kütləvi xəstəliklər, kütləvi qırğın silahlarının qlobal vahiməsi, zəncirvarı müharibə təhlükələri və s. getdikcə artır.

İndi demək olar ki, hər şey qloballaşır. Qloballaşma KİV və internet vasitəsilə artıq mənəviyyat sferasına da müdaxilə edir və bu sahədəki virusların da dərmanını tapmaq asan deyil. Yəni, qloballaşma şəraitində hər bir ölkənin dərd-səri özünə bəs deyilmiş kimi, başqalarının da qurbanına çevrilmək təhlükəsi yaranır. Dərdlər qloballaşır. Deməli, daha hər kəs təkcə özünü qorumaq, milli maraqlardan çıxış etməklə məhdudlaşa bilməz. Jan-Pol Sartr deyirdi ki, hər bir insan bütün dünyadakı günahlara görə məsuliyyət hissi keçirməlidir. İndiki dövrdə isə təkcə mənəvi məsuliyyət və ya günahkarlıq hissi bəs eləmir. İndi qlobal təhlükələr insanların həyatını bilavasitə təhdid edir.

Son onilliklərdə dünyada gedən proseslərin sürəti o dərəcədə artmışdır ki, indi ənənəvi normativlər dünyanın tənzimlənməsi üçün yetərli görünmür. Bəli, artıq yeni normaların formalaşdırılmasına ehtiyac yaranır, paradiqmalar dəyişir. Yeni dövrün ruhunu ifadə edən yeni ideyalar, idarəetmə sistemləri, milli ilə qlobalın yeni qarşılıqlı münasibət formulu harada, hansı siyasi lider tərəfindən irəli sürülürsə və həyata keçirilirsə, bütün bəşəriyyətin nəzərləri də təmsil etdiyi dövlətin miqyasından asılı olmayaraq, belə liderlərə yönəlir. İndi o dövlət rəhbərləri bütün dünya miqyasında sayılıb-seçilir ki, onlar ən azı öz xalqlarını böhranlardan və qlobal təbəddülatlardan xilas edə bilir.

İndi böyük dövlətlərin başçıları da, böyük siyasi təcrübəyə malik siyasi liderlər də yeni iqtisadi münasibətlər sisteminə təzə qoşulan Azərbaycan dövlətinin inkişaf tempinə və iqtisadi uğurlarına təəccüblənməyə bilmir, dünya praktikasında misli olmayan bu uğurları yeni iqtisadi model və yeni siyasi rəhbərlik metodlarından kənarda izah etməyə çətinlik çəkirlər.

“Maddi kapitalın insan kapitalına çevrilməsi” planı da, şəxsi liderlik keyfiyyətlərinin bütövlükdə xalqa və ölkəyə transfer edilməsi və öz ölkəsini “lider ölkəyə” çevirmək istəyi də şəxsiyyətin miqyasından və daha böyük quruculuq əzmindən xəbər verir.

 

 

Səlahəddin XƏLİLOV,

YAP Siyasi Şurasının üzvü

 

Yeni Azəzərbaycan.- 2012.- 26 aprel.- S.4.