Fuad Ələsgərov: Azərbaycanda
bütün sahələrdə gənclərin
iştirakının artması prosesi
sürətlə gedir
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Hüquq
mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərovun müsahibəsi:
-
26-29 aprel tarixlərində şəhərimizdə Gənc
Hüquqşünasların Beynəlxalq Bakı Forumu
keçiriləcək. Bu tədbirin keçirilməsinə
Sizin münasibətiniz necədir?
- Bu
gün Azərbaycan bütün sahələrdə beynəlxalq
səviyyəli mötəbər tədbirlərin
keçirilmə ünvanıdır. Bu baxımdan belə bir
tədbirin keçirilməsi təsadüfi deyil. Bildiyiniz
kimi, son dövrlər respublikamızda elm, mədəniyyət,
idman, təhsil və digər sahələrdə silsilə
beynəlxalq tədbirlər, dünya çempionatları,
qlobal forum və konfranslar keçirilməkdədir. Bu, ölkəmizin
artan beynəlxalq nüfuzunun, iqtisadi inkişafının və
nailiyyətlərinin təcəssümüdür. Avropaya
inteqrasiya istiqamətində görülən işlər və
əldə edilmiş nailiyyətlər artıq Azərbaycanı
beynəlxalq səviyyədə birgə tədbirlərin
keçirilməsi üçün etibarlı partnyora
çevirmişdir. Ölkəmiz Avropa hüquq məkanına
qoşulmuş, hüquq, məhkəmə, dövlət idarə
etmə sistemini yenidən qurmuşdur. Avropa İnsan
hüquqları Konvensiyası və 50-yə yaxın digər
Avropa Konvensiyası ölkəmizin daxili hüququnun tərkib
hissəsinə çevrilmişdir.
Bu
Forumun Azərbaycanda keçirilməsi bizi çox sevindirir.
Bu, dövlətimizin gənclərə göstərdiyi
qayğının, onlara yaratdığı münbit fəaliyyət
mühitinin və gənclərin təşəbbüskarlığının
nəticəsidir. Bildiyiniz kimi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
2011-2015-ci illər üçün Azərbaycan Gəncliyi
Dövlət Proqramını qəbul etmişdir. Bu tədbirlərin
dəstək və təşviq edilməsinin nəticəsi
olaraq, bu gün Azərbaycan gəncləri bütün sahələrdə
özlərinə yer edir və onlara göstərilən
etimadları doğruldurlar.
- Bu
Forumun təşkilatçıları Avropa
Hüquqşünas Tələbələr
Assosiasiyasının Azərbaycan bölməsidir. Təşkilat
və bu tədbirin məqsədi barədə ümumi məlumat
almaq istərdik.
-
Avropa Hüquqşünas Tələbələr
Assosiasiyası (European Law Students Association - ELSA) dünya
üzrə hüquq tələbələrinin ən
böyük təşkilatıdır. Bu təşkilat
Avropanın 41 ölkəsində, 300 universitetində 32000-dən
çox hüquq tələbələrini və gənc
hüquqşünasları özündə birləşdirir.
ELSA-nın baş qərargahı Brüssel şəhərindədir.
Təşkilat hüquq tələbələrini öz
bacarıqlarını inkişaf etdirmək, yeni biliklər əldə
etmək və Avropa üzrə hüquq tələbələri
və peşəkarları ilə əlaqələr qurmaq
üçün platforma ilə təmin edir. Azərbaycan təşkilata
2011-ci ildə üzv olmuşdur və ELSA-Azərbaycan adı
altında fəaliyyətə başlamışdır. Yerli
bölməsi fəaliyyətə başladığı
dövrdən ELSA Azərbaycanda bir sıra layihələr, o
cümlədən rəmzi məhkəmə prosesləri və
elmi dərnəklər təşkil etmiş, onlarla
hüquqşünas gəncin Avropada təşkil olunmuş
beynəlxalq tədbirlərdə və yay məktəblərində
iştirakına dəstək vermişdir. ELSA-Azərbaycan tərəfindən
hüquq tələbələri arasında təşkil edilən
rəmzi məhkəmə prosesləri müsabiqəsi tələbələr
arasında geniş marağa səbəb olmuşdur. Yeri gəlmişkən,
qarşıdan gələn Gənc
Hüquqşünasların Beynəlxalq Bakı Forumu çərçivəsində
Azərbaycan Respublikasının Ali Məhkəməsində
bu müsabiqənin final mərhələsi keçiriləcək.
Gənc
Hüquqşünasların Beynəlxalq Bakı Forumunun
keçirilməsi ideyasının müəllifləri və
təşkilatçıları da gənc
hüquqşünaslardır. Bu gənclər qısa müddət
əvvəl Avropa Hüquqşünas Tələbələr
Assosiasiyası ilə sıx əməkdaşlıq əlaqələri
qurmuş və bu təşkilatın Azərbaycan bölməsini
təsis etmişlər. Tədbirin keçirilməsində əsas
məqsəd Avropanın müxtəlif ölkələrində
yaşayan gənc hüquqşünasları bir araya gətirmək,
onların təhsil və peşə problemlərini, iş
perspektivlərini, regional və beynəlxalq miqyasda gedən
hüquqi prosesləri müzakirə etməkdir.
- Son
dövrlər Azərbaycanda məhkəmə hüquq sahəsində
geniş islahatlar həyata keçirilmişdir. Bu proseslərdə
gənclərin iştirakı hansı səviyyədədir?
-
İlk olaraq qeyd etməliyəm ki, Azərbaycanda bütün
sahələrdə gənclərin iştirakının
artması prosesi sürətlə gedir. Bu proses dövlət
siyasətinin bir hissəsidir və cənab Prezident tərəfindən
tam dəstəklənir. Digər peşələr kimi,
hüquq peşəsi də bu prosesdən kənarda
qalmamış və əhəmiyyətli dərəcədə
gəncləşmiş və yenilənmişdir. Hazırda məhkəmə
sistemində fəaliyyət göstərən hakim heyətinin
50%-i son illər hakim fəaliyyətinə başlayan şəxslərdir.
Yeni hakimliyə namizədlərin 66%-i gənclərdir. Bu
gün prokurorluq, ədliyyə və polis orqanlarında
çalışanların 50%-i gənclərdir. Ədliyyə
orqanlarında 2006-cı ildən çalışan şəxslərin
80%-i gənclərdir. Vəkillər Kollegiyasına üzv olan
850 vəkilin 30%-i 40 yaşadək olan şəxslərdir.
Bildirməliyəm ki, bu rəqəmlərin son illər
üzrə artım dinamikası müsbətdir və gənclərə
münasibətdə həyata keçirilən bugünkü
dövlət siyasəti qarşıdan gələn illər
üzrə bu rəqəmlərin daha da artacağını
deməyə imkan verir. Avropa standartlarına uyğun şəkildə,
şəffaf qaydalar əsasında
formalaşdırılmış müasir hakim korpusu, vəkillik,
prokurorluq və polis gənc peşəkarların hesabına
daha dinamik, dəyişikliklərə münasibətdə
daha həssas və çevik olmuşdur.
-
Sizin Beynəlxalq Bakı Forumunun iştirakçıları
olan gənc hüquqşünaslara arzularınızı
öyrənmək istərdik.
- Əminəm
ki, bu Forum hüquq peşəsinə yiyələnmək, bu
sahədə karyeraya başlamaq sahəsində gənclər
üçün yeni cəlbedici, ümidverici üfüqlər
açacaq. Forumun mövzusu da belə düşünməyə
əsas verir. Bu tədbir indiyə qədər görülən
işlərin məntiqi davamı olaraq, həm də beynəlxalq
əməkdaşlıqda yeni səhifə açacaq, bizi
ümumi məqsədlərimizə çatmağa daha da
yaxınlaşdıracaq. Ümid edirəm ki, gənclərin təşəbbüskarlığı,
sərhədləri keçən dostluq münasibətləri
və gənc hüquqşünasların maariflənməsi
üzrə həyata keçirdikləri fəaliyyət
qısa müddət ərzində öz müsbət nəticəsini
verəcəkdir. Bütün iştirakçılara öz
peşəkar həyatlarında uğurlar arzulayıram.
Yeni Azəzərbaycan.- 2012.- 26
aprel.- S.5.