Azərbaycan-Gürcüstan
dostluğu sarsılmazdır
Gürcüstan parlamentində
qondarma “erməni soyqırımı” ilə bağlı məsələ qaldıran Baqaturyanini susduran azərbaycanlı deputat Azər Süleymanov “Yeni Azərbaycan”a danışdı
Hər il aprelin 24-ü gələndə, erməni lobbisi, dünyanın müxtəlif ölkələrində qondarma “erməni soyqırımı” şousu yaradaraq, həmin ölkələrin parlamentində, guya 1915-ci ildə Osmanlı dövlətində ermənilərə qarşı törədilmiş hadisəyə siyasi qiymət verilməsinə cəhdlər edir. Bu il də belə cəhdlərin yaşandığını müşahidə etməkdəyik. Amma əvvəlki dövrlərlə müqayisədə artıq ermənilər özlərinin uydurduqları yalanları dünyada qəbul etdirə bilmirlər, çox sərt reaksiyalarla qarşılaşırlar. Biz bunu son olaraq bir neçə gün öncə Gürcüstanda yaşanmış hadisə zamanı açıq aydın müşahidə etdik. Yeri gəlmişkən, xatırladaq ki, Gürcüstan parlamentinin iclası zamanı ölkə müxalifətinin parlamentdəki təmsilçisi Condi Baqaturyani uydurma “erməni soyqırımı” ilə bağlı məsələ qaldırmaq istəyib. Amma o sərt müqavimətlə üzləşib. Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər Süleymanov və bir neçə gürcü həmkarı Baqaturyanini kəskin tənqid edərək ona mane olublar. Hadisələr hətta ciddi qarşıdurmaya da səbəb olub. Olayın tərəflərindən biri Azər Süleymanov “Yeni Azərbaycan” qəzetinə eksklüziv müsahibəsində hadisənin təfərrüatları və Gürcüstan-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti haqqında məlumat verdi. Həmin eksklüziv müsahibəni oxucularımıza təqdim edirik:
- Azər müəllim, istərdik Gürcüstan parlamentində baş vermiş hadisəyə aydınlıq gətirəsiniz. Bu olayın iştirakçılarından biri kimi baş verən insidentin təfərrüatlarını sizdən eşitmək maraqlı olardı...
- Bu suala bir qədər geniş cavab vermək istəyirəm. Əslində ermənilər hələ ötən il belə bir təşəbbüslə çıxış etməyə cəhd göstərdilər. Gürcüstan parlamentində 1915-ci il qondarma “erməni soyqırımı” məsələsinə siyasi qiymət verilməsini gündəmə gətirməyə çalışdılar. Lakin biz, buna imkan vermədik, onlar da geri çəkilməli
oldular. Dünyada erməni lobbisinin gücü getdikcə
azalmaqdadır. Artıq dünya dövlətləri erməni
lobbisinin əlində oyuncağa çevrilmək istəmir.
Odur ki, onlar yeni taktika seçiblər, müxtəlif ölkələrdəki
satqınların, millətinə xəyanətkar mövqedə
dayanan insanların xidmətindən yararlanmağa
çalışırlar. Aprelin 24-də belə bir hadisə
Gürcüstanda da baş verdi. İclasda Gürcüstan
parlamentinin üzvü, ölkədə heç də
nüfuzu olmayan, müxalifət düşərgəsindən
olan və üzvlərinin sayına görə çox
kiçik bir partiyanın lideri Condi Baqaturyani söz alaraq,
qondarma “erməni soyqırımı” məsələsinin
müzakirəsini təklif etdi. Onun fikrincə, dünyanın
bir sıra parlamentləri “erməni soyqırımı”nı
tanıyıb və qonşularına hörmət əlaməti
olaraq, Gürcüstan parlamenti də adekvat addım
atmalıdır. Düzü, onun bu təklifinə parlamentin
deputatları da çaşıb qaldılar. Belə ki, erməni
deputatlar susduğu halda, məhz onun, belə canfəşanlıq
etməsi hamını təəccübləndirdi. Elə bu məqamda
biz- azərbaycanlı deputatlar onun sözünü kəsdik,
danışmağa imkan vermədik. Sonrası hamıya bəllidir,
bu, televiziya vasitəsi ilə nümayiş olundu. Aramızda
münaqişə baş verdi. C.Baqaturyani bizə
qarşı, statusuna uyğun olmayaraq, nalayiq ifadələr
işlətdi. Salondakı gürcü deputatlarının
böyük əksəriyyəti bizim mövqeyimizi dəstəklədi,
hətta deputatlardan biri ona əl də qaldırdı. Azərbaycan
və Türkiyənin Gürcüstanın ən yaxın
dostu, ölkələrimizin strateji tərəfdaş
olduqlarını bəyan etdilər. Əslində biz onu
qınamırıq da, görünür, bunun əvəzində,
erməni lobbisi tərəfindən ona böyük miqdarda
hansısa şirniklərdirici mükafat vəd olunub.
Amma buna
baxmayaraq, o, həm gürcülər tərəfindən, həm
də biz tərəfdən öz layiqli cavabını
aldı. Düzü, biz bu iclasa hazırlıqlı gəlmişdik.
Erməni deputatlar tərəfindən hər hansı bir təxribat
baş verərsə, cavablarını verməyə hazır
idik. Həmkarım, deputat Ramin Bayramov Xocalı faciəsini əks
etdirən kitabları, diskləri aparıb C.Baqaturianiyə təqdim
etdi ki, yüz il bundan əvvəl tarixdə guya baş
vermiş hansısa “soyqırımı” haqda deyil, təqribən
20 il əvvəl baş vermiş, yaraları hələ də
sızıldayan Xocalı faciəsindən, ermənilərin
Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən,
tarixdə görünməmiş faciələrdən
danışmaq lazımdır.
- Sizcə,
belə hallar kiçik epizodik hallar, ölkələrimiz
arasındakı münasibətlərə nə dərəcədə
təsir etmək iqtidarındadır?
-
Düşünmürəm ki, Gürcüstanda heç bir o
qədər də tanınmayan, bir qədər əvvəl
söylədiyim kimi, kiçik bir müxalifət partiyası
təmsilçisinin hansısa çıxışı
ölkələrimiz arasındakı münasibətlərə
mənfi təsir göstərə bilsin. Azərbaycan və
Gürcüstan arasındakı əlaqələrin tarixi
kökləri vardır. Xalqlarımız əsrlər boyu
mehriban dostluq şəraitində yaşayıb. Bundan əlavə,
müstəqillik illərində Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev və
Gürcüstanın o vaxtkı lideri Eduard Şevardnadze tərəfindən
möhkəm özül üzərində qurulan dostluq əlaqələri
ildən-ilə daha da möhkəmləndi. Hazırki prezidentlər-möhtərəm
İlham Əliyev cənabları ilə Mixeil Saakaşvili
arasındakı dostluq və qardaşlıq münasibətləri
bu əlaqələrin daha da inkişaf etməsini, dərinləşməsini
şərtləndirir. Ümumiyyətlə, gürcü
xalqı qədirbilən xalqdır. Onlar, dostunu da, düşmənini
də yaxşı tanıyırlar. Gürcü xalqı
tarixinin ən çətin məqamlarında Azərbaycandan
daim dəstək görüblər və bu
yaxşılığı heç bir zaman unutmurlar.
Ümumiyyətlə,
gürcü xalqı erməni xalqının mahiyyətinə
yaxşı bələddir, onlara daha inanmırlar. Əbəs
yerə deyil ki, parlamentdə baş verən münaqişədən
sonra, erməni deputatlar da cəsarətlənərək,
söz almaq istəsələr də, spiker onları saya belə
saymadı, onlara söz vermədi. Bu faktın özü bir
daha təsdiqləyir ki, belə epizodik hallar Azərbaycan-Gürcüstan
dostluğuna heç bir xələl gətirə bilməz.
-
Maraqlıdır, C.Baqaturiani kimi deputatlar görəsən,
heç fikirləşmirlər ki, bu gün qondarma “erməni
soyqırımı”nı parlamentə çıxarmağa cəhd
edirsə, sabah Dağlıq Qarabağda olduğu kimi, ermənilər
Cavaxetiyanın müstəqilliyini də gündəmə gətirə
bilərlər?
-
Açığı deyim, belə mövqedə olan deputatlar
çox az saydadır, ümumiyyətlə isə
Gürcüstanda çox az adam onların mövqeyini dəstəkləyir.
Bu say, bəlkə də heç yüzü aşmır.
Gürcüstan artıq, on il bundan qabaqkı ölkə deyil.
Bu gün Gürcüstan Avropaya inteqrasiya yolunu seçib və
sürətlə inkişaf etməkdədir. Ölkə
ictimaiyyəti bu sürətli dəyişikliyi hər an, hər
yerdə hiss edir, bu islahatlar, dəyişikliklər onların
yaşayış səviyyəsini də
yaxşılığa doğru dəyişməkdədir.
Hesab etmirəm ki, kimsə, yaxud hansısa kiçik qüvvələr
Gürcüstan hakimiyyətini seçmiş olduğu bu
kursdan döndərə bilsin.
-
Gürcüstanın sürətli iqtisadi inkişafından
danışırsız. Sözsüz ki, burada region dövlətləri-Azərbaycan
və Türkiyənin əvəzsiz rolunu da unutmaq olmaz...
-
Heç şübhəsiz, bu, belədir. Bunu Gürcüstan
xalqı, ölkə rəhbərləri daim etiraf edir. Bu
gün Azərbaycan, Gürcüstan və Türkiyə
strateji tərəfdaş ölkələr qismində
çıxış edirlər. Gürcüstanın xarici
ticarət dövriyyəsində Azərbaycan və Türkiyənin
payı olduqca yüksəkdir. Bundan əlavə, bu gün Azərbaycanda
hasil olunan karbohidrogen ehtiyatları Gürcüstan vasitəsi
ilə Türkiyəyə nəql olunur. Azərbaycan nefti və
qazının dünya bazarlarında satışından
tranzit ölkə kimi Gürcüstan mənfəət əldə
edir. Təbii, hər bir şüurlu, intellekt səviyyəsi
yüksək olan gürcü bu xeyirxahlığı layiqincə
qiymətləndirir. Bu, həm Gürcüstanda yaşayan 500
mindən artıq soydaşımıza qarşı olan
münasibətdə, həm də ölkəmizə olan
müsbət münasibətdə özünü göstərir.
Hesab edirəm ki, Azərbaycan və Gürcüstan əlaqələrinin
perspektivləri daha uğurlu olacaq və mən bu əlaqələrə
çox nikbin baxıram.
Səlim
Loğmanoğlu
Yeni Azəzərbaycan.-
2012.- 26 aprel.- S.6.