Ümummilli lider Heydər
Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
Yasamal rayonunda Ulu öndər Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr
edilmiş silsilə tədbirlər keçirilir
Müasir
Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünü əhatə
edən mərhələ, ictimai-siyasi, iqtisadi və mədəni
həyatımızın bütün sahələrindəki
dirçəliş və quruculuq illəri Ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda
dövlətçilik ənənələrinin XX əsrin
sonlarında bərpa edilib zənginləşdirilməsi,
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
onun əbədi, dönməz xarakter alması Ulu öndərin
misilsiz fəaliyyəti sayəsində mümkün olub. Heydər
Əliyev öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti
və əzmkarlığı ilə zəmanəmizin görkəmli
siyasi xadimi kimi tanınıb, Azərbaycan xalqının
Ümummilli lideri adını qazanıb.
Bunu
dünən Ulu öndər Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü münasibəti ilə
Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən
tədbirdə Mərkəzin direktoru Sədaqət Seyidzadə
deyib. Tədbir iştirakçıları öncə Ulu
öndərin Mərkəzdəki büstü önünə
gül qoyub, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Tədbir iştirakçıları qarşısında
çıxış edən S.Seyidzadə bildirib ki, Ulu
öndər Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümü ilə əlaqədar Mərkəz tərəfindən
silsilə tədbirlər keçirilir. Yasamal rayon İcra
Hakimiyyəti ilə birgə keçirilən bu tədbirlərə
aprelin 18-dən start verilib: “18 aprel-10 may tarixləri
arasındakı dövrü əhatə edən “Tədbirlər
planı” çərçivəsində bu günə kimi
10-dan çox tədbir keçirilib. Belə ki, Azərbaycan
Dövlət Pedaqoji Kollecinin tələbə və müəllimləri,
Yasamal rayonunun 173, 175, 176, 225 saylı orta məktəblərinin,
Zərifə Əliyeva adına liseyin, Avropa liseyinin,
Fizika-riyaziyyat-informatika təmayüllü liseyin və İncəsənət
gimnaziyasının şagirdləri Mərkəzə ekskursiya
ediblər. Ulu öndərin həyatını, zəngin
dövlətçilik irsini nümayiş etdirən “Muzey”,
“Heydər Əliyev Dövlətçilik İrsi və Salnamə”,
“Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri
ilə tanış olan gənc nəslin nümayəndələri,
eyni zamanda, müvafiq olaraq Mərkəzin əməkdaşları
tərəfindən hazırlanmış “Heydər Əliyevin
xarici siyasət kursu”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”,
“Heydər Əliyev və Azərbaycan təhsili” “Heydər Əliyev
Azərbaycan mədəniyyətinin hamisidir”, “Heydər Əliyev
və Azərbaycan dili”, “Heydər Əliyev və neft
strategiyamız”, “Heydər Əliyev və Azərbaycan diasporu”
və s. mövzularda məruzələri dinləyiblər”.
Direktorun
sözlərinə görə, mayın 10-dək rayon ərazisindəki
ali məktəb və kolleclərin tələbələri, həmçinin,
digər orta məktəblərin şagirdləri Mərkəzə
ekskursiya edəcək, Ulu öndərin həyat və fəaliyyətinə
həsr edilmiş müxtəlif tədbirlər keçiriləcək:
“Mayın 4-də isə “Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin qurucusudur” mövzusunda keçirilmiş
inşa müsabiqəsinin qaliblərinin Fəxri fərman və
mükafatlarla təltif olunması mərasimi keçiriləcək.
Bu gün keçirilən və “Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin qurucusudur” mövzusuna həsr edilən
açıq dərs də “Tədbirlər planı”na daxil
edilib. Məlumat üçün bildirim ki, açıq dərsdə
Yasamal rayon Arif Huseynzadə adına 20 nömrəli orta məktəbin
şagirdləri Ulu öndərin həyat və fəaliyyətinin
bütün dövrlərinə aid təqdimat və məruzələrlə
çıxış edəcəklər”.
Ümummilli lider Heydər Əliyev
Azərbaycan tarixində misilsiz izlər qoyub
Sonra
söz məktəblilərə verilib. Ümumilikdə,
beş qrup üzrə ixtisaslaşan məktəbli-məruzəçilər
Ulu öndərin fəaliyyətinin müxtəlif sahələrini
əhatə edən məlumatları tədbir
iştirakçılarının diqqətinə
çatdırıblar. Xüsusilə qeyd olunub ki, Ümummilli
lider Heydər Əliyev Azərbaycan tarixində misilsiz izlər
qoymuş dövlət xadimidir. Məhz Onun uzaqgörən, cəsarətli,
milli maraqlarımıza xidmət edən siyasəti nəticəsində
bu gün biz azad, müstəqil, qüdrətli bir dövlətdə
yaşayırıq.
Məktəblilərin
çıxışlarından sonra söz qonaqlara verilib.
Şagirdlər qarşısında çıxış edən
Yasamal rayon İcra Hakimiyyətinin Təhsil, səhiyyə və
mədəniyyət şöbəsinin müdiri Rafiq Həmidov
“müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli
dövlətçiliyimizin ideya əsasını məhz Heydər
Əliyev yaradıb. Bütün mənalı həyatını
öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin
siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan
xalqının tarixində dərin iz buraxıb, əsl
dövlət idarəçiliyi məktəbinə
çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə
nəsli bu böyük məktəbdən, Heydər Əliyevin
zəngin siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı naminə faydalanacaq” deyib.
Çıxış
edən Yasamal rayon İcra Hakimiyyətinin İctimai-siyasi
şöbəsinin müdiri Vaqif Məmmədov isə bildirib
ki, Ulu öndərin quruculuq siyasətinin uğurla davam etdirən
Prezident İlham Əliyevin xüsusi diqqət və
qayğısı sayəsində son illər rayon ərazisində
bir sıra yeni təhsil, səhiyyə, mədəniyyət və
digər sahələri əhatə edən obyektlər, istirahət
mərkəzləri, yeni məhəllə, park və meydanlar
istifadəyə verilib: “Hazırda da bu istiqamətdə
qızğın iş gedir. Belə ki, Ulu öndər Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində
Yasamal rayonunda Mətbuat prospekti 29, Şərifzadə
küçəsi 75a, Talıblı küçəsi 32 və
H.Cavid pr. 577-ci məhəllə-91 saylı evin
qarşısında yeni abad məhəllələrin
açılışı nəzərdə tutulub. Həmin məhəllələrdə
yeni müasir işıqlandırma sistemləri, uşaqlar
üçün idman və əyləncə elementləri,
yeni oturacaq və günlüklər
quraşdırılıb, yaşıllaşdırma işi və
bəzək ağacları əkilib, həmçinin, həyətlərə
asfalt, tamet və üzlük döşənib. Eyni zamanda,
mayın 2-də rayon ərazisində Gül bayramı
keçiriləcək”.
Yasamal rayon Heydər Əliyev Mərkəzi
öz məhsuldar fəaliyyəti ilə örnək təşkil
edir
Çıxış
edən 20 nömrəli məktəbin direktoru Sabir Məmişov
isə bu cür tədbirlərin təşkilinə görə
Yasamal rayon İcra Hakimiyyətinə və Heydər Əliyev
Mərkəzinə təşəkkürünü bildirib.
Onun sözlərinə görə, Yasamal rayon Heydər Əliyev
Mərkəzi öz məhsuldar fəaliyyəti ilə örnək
təşkil edir.
Ümumiyyətlə,
qeyd etmək yerinə düşər ki, əvvəllər
Heydər Əliyev Məktəb-Muzeyi adlanan bu Mərkəz
2008-ci il dekabrın 20-də istifadəyə verilib. Həmin
vaxt açılış mərasimində iştirak edən
Prezident İlham Əliyevə məlumat verilib ki, Ulu öndər
Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi
baxımından böyük əhəmiyyəti olan Məktəb-Muzeydə
Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif
dövrlərini əks etdirən fotoşəkillər və
eksponatlar nümayiş etdirilir. Bunlar “Mənim həyat
amalım bütün varlığım qədər sevdiyim Azərbaycan
xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi və mənəvi inkişafına xidmət
olub” deyən Ulu öndərin zəngin və çoxcəhətli
fəaliyyəti, ümumən, Azərbaycan tarixinin
bütöv bir qərinəsi barədə dolğun təsəvvür
yaradır.
2012-ci
ilin fevral ayının 1-dən Məktəb-Muzeyin Heydər Əliyev
Mərkəzi adlandığını deyən direktor
S.Seyidzadə əlavə edib ki, dünya tarixinin ən
qüdrətli dövlət və siyasət xadimləri,
müdrik və dahi şəxsiyyətləri sırasında
özünəməxsus yer tutmuş Ümummilli lider Heydər
Əliyevin zəngin irsi müstəqil Azərbaycan
Respublikasının inkişafı və tərəqqisi yolunda
ən etibarlı özül olmaqla bərabər, həm
bugünkü, həm də gələcək nəsillər
üçün böyük qürur və iftixar mənbəyi,
əvəzsiz sərvətdir: “Bu irsin öyrənilməsi və
təbliğ edilməsi hər bir Azərbaycan vətəndaşının
borcu və şərəf işidir. Təbii ki, hazırda
respublikanın müxtəlif guşələrində fəaliyyət
göstərən və Ulu öndərin adını
daşıyan mərkəzlərin, o cümlədən,
Yasamal rayon Heydər Əliyev Mərkəzinin işinin əsas
qayəsini bu irsin təbliği, həmçinin, gələcək
nəsillərə çatdırılması təşkil
edir. Gənc nəsil bilməlidir ki, bütün həyatını
və siyasi fəaliyyətini, ömrünü, zəngin mədəni
irsi və şərəfli tarixi ilə fəxr etdiyi
xalqının və Vətəninin tərəqqisinə həsr
etmiş Ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə Azərbaycan müstəqil bir dövlət kimi
zamanın ağır və amansız sınaqlarından
qalibiyyətlə çıxaraq müqayisəolunmaz
uğurlara imza atıb. Bu böyük şəxsiyyət
heç kəsə müyəssər olmayan bir iş
görüb: Azərbaycan dövlətinin bundan sonra yüz illərlə
gedəcəyi inkişaf yolunu müəyyən edib. Bu gün
siyasi, iqtisadi sahələrdə qazandığımız
möhtəşəm uğurların müəllifi məhz
Ümummilli lider Heydər Əliyevdir”.
Direktor
deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində
fəaliyyət göstərən Mərkəz 3 bölmədən
ibarətdir: “Muzey” bölməsi Ümummilli liderin
bütün ömür yolunu və fəaliyyətini əks
etdirən fotostendlər, eksponatlarla zəngindir. “Kitabxana və
informasiya texnologiyaları” bölməsindəki kitabxanada
yeniyetmə və gənclər Ulu öndərin siyasi irsini, fəaliyyətini,
azərbaycançılıq ideyasını kitabxana fondunda
olan və Ümummilli liderə həsr edilmiş kitab, jurnal,
broşur, həmçinin, digər çap materiallarından
öyrənərək yararlanırlar. Bundan əlavə,
kitabxanada dahi şəxsiyyətə həsr olunmuş yeni
kitabların təqdimetmə mərasimləri, oxucu
konfransları, kitab sərgiləri, görüşlər təşkil
olunur. Eyni zamanda, yeniyetmə və gənclərimiz
informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə
internet vasitəsilə müvafiq saytlardan dahi şəxsiyyət
Heydər Əliyevin siyasi irsi, həyat və fəaliyyəti
haqqında əlavə məlumatları öyrənmək,
müxtəlif kitabxanalarda olan kitabların elektron
variantlarından yararlanmaq imkanı əldə edirlər. “Heydər
Əliyev Dövlətçilik İrsi və Salnamə”
bölməsində rayonun ali, orta ixtisas, ümumtəhsil məktəblərində
təhsil alan yeniyetmə və gənclərin iştirakı
ilə Ümummilli liderin fəaliyyətinə, irsinə, eyni
zamanda, Azərbaycan Respublikasının tarixi günlərinə
həsr olunan, eləcə də, dövlət quruculuğuna,
müasir inkişaf istiqamətlərinə dair, həmçinin,
ölkədə, regionda və beynəlxalq aləmdə aktual
olan müxtəlif mövzularda mühazirələr təşkil
edilir, dəyirmi masa, disput, elmi, praktiki və nəzəri
konfranslar, seminarlar keçirilir. Mərkəzdə, eyni
zamanda, vaxtaşırı olaraq Heydər Əliyevin irsinə,
həyat və fəaliyyətinə aid sənədli kinofilmlər
nümayiş etdirilir, sərgilər, müsabiqələr və
yarışmalar təşkil edilir”.
Gənc nəslin hərtərəfli
inkişafı diqqət mərkəzindədir
“Ulu
öndər Heydər Əliyev müstəqil Azərbaycanın
qurucusudur və xalqımız, ölkəmiz var olduqca Onun
ideyaları da yaşayacaq”, - deyən S.Seyidzadənin sözlərinə
görə, bunu Mərkəzə olan maraq da təsdiqləyir:
“O gün olmaz ki, müxtəlif kateqoriyalardan olan insanlar bu Mərkəzə
gəlməsinlər. Xüsusilə də, gənc nəsil və
məktəblilər mütəmadi olaraq Mərkəzimizə
gəlir, Ulu öndərin zəngin irsini, həyatını,
bütün dövrlərdəki fəaliyyətini
nümayiş etdirən foto və sənədlərlə
tanış olur, bununla da dahi şəxsiyyətin dövlətçilik
fəlsəfəsi barədə bilgilər əldə edirlər”.
S.Seyidzadə
onu da bildirib ki, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi
Heydər Əliyev Mərkəzinə xüsusi diqqət və
qayğı ilə yanaşır: “Biz bu diqqəti gündəlik
fəaliyyətimizdə, həmçinin, Mərkəzdə
keçirilən müxtəlif mövzulu tədbirlərin təşkili
prosesində mütəmadi olaraq hiss edirik. Əksər tədbirlərimizi
məhz İcra Hakimiyyəti ilə birgə keçiririk”.
Yeri
gəlmişkən, Mərkəz şagirdlərə Ulu
öndərin irsini çatdırmaqla öz işini bitmiş
hesab etmir. Ümummilli liderimizin gənclərimizin ölkənin
gələcək idarəçiləri kimi yetişməsinə
dair tövsiyələrini əldə rəhbər tutan Mərkəzin
rəhbərliyi işini həm də bu istiqamətdə
qurub: “Biz mütəmadi olaraq rayon ərazisindəki müxtəlif
məktəblərin iştirakı ilə açıq dərslər
keçiririk. Bu açıq dərslərdə məktəblərdən
birinin şagirdləri müəyyən olunmuş mövzu
üzrə təqdimatla çıxış edir, öz rəy
və təkliflərini səsləndirirlər. Eyni zamanda, digər
məktəblərin təmsilçiləri onlara qiymət
verirlər. Bu da şagirdlərimizin, gələcəyin idarəçiləri
olan gənclərin Ulu öndərin irsini daha dərindən mənimsəmələrinə
kömək etməklə yanaşı, onların müstəqil,
qurucu və cəsarətli, həmçinin, öz
gücünə, bacarığına inamlı bir fərd kim
yetişməsinə yardımçı olur”.
S.Seyidzadə
son olaraq onu da vurğulayıb ki, ölkədə həyata
keçirilən işlər, əldə edilən nailiyyətlər
Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu quruculuq siyasətinin Prezident İlham Əliyev tərəfindən
yeni keyfiyyətdə davam etdirilməsinin nəticəsidir: “Məhz
dövlət başçısının xüsusi diqqət
və qayğısının nəticəsidir ki, ölkəmizin
bütün regionları yeni inkişaf və tərəqqi mərhələsinə
qədəm qoyub. Təbii ki, bu inkişafdan Yasamal rayonuna da
pay düşüb. Dövlət
başçısının tapşırıq və göstərişlərini
əsas tutan rayon rəhbərliyi Yasamal ərazisində
quruculuq-abadlıq işlərinin davamlı olması
üçün bütün gücü ilə
çalışır”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2012.- 27 aprel.- S.5.