Böyük alim,
istedadlı yazıçı, xeyirxah insan, əsl vətəndaş
Aprelin 26-sı görkəmli alim,
yazıçı və pedaqoq Mir Cəlal Paşayevin
doğum günüdür
Nə
qədər ki, yer üzündə xeyirxah, pak, əməlisaleh
insanlar, millətinin işıqlı sabahları naminə
ömrünü şam kimi əridən alimlər var, o, daim
xatırlanaraq, yad ediləcək. Böyük zəhməti,
parlaq istedadı, hər zaman ürəyində gəzdirdiyi mərhəmət
və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyib.
Hansı
vəzifəni icra etməsindən asılı olmayaraq onun məramı,
məqsədi, amalı bütünlükdə mənsub
olduğu millətə xidmət etməklə keçib. Hər
dəfə onun haqqında düşünəndə
böyük fateh Napoleonun insan böyüklüyünü
etiraf edən bu sözlərini xatırlayırıq:
“Böyük insanlar dünyanı işıqlandırmaq
üçün öz-özlərini yandıran
meteorlardır”.
XX əsr
Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin
inkişafında misilsiz xidmətlər göstərmiş
xeyirxah insan, görkəmli yazıçı, böyük
alim Mir Cəlal Paşayev də məhz belə nurlu şəxsiyyətlərdən
biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq
qazanıb.
Mir Cəlal
Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın
Ərdəbil vilayətində yoxsul kəndli ailəsində
dünyaya göz açıb. Kiçik yaşlarında
atası Gəncəyə köçdüyündən
uşaqlığını burada keçirib. Mir Cəlal 10
yaşında olanda, 1918-ci ildə atası vəfat edib, o,
böyük qardaşının himayəsində
yaşayıb.
Əzablı
ömür qisməti dünyaya gəldiyi ilk illərdən
onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti
sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə
sinə gərərək öz yolu ilə inadla, inamla irəliləyə
bilib. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin
köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə
daxil olub. Tələbə təşkilatının, sonra isə
şəhər tələbə həmkarlar təşkilatının
sədri seçilib.
Mir Cəlal
Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat
şöbəsində, Azərbaycan Elmlər
Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə
yanaşı, müəllimlik edib və millətinin
övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini,
zəngin keçmişini mənimsədib. Bu mənada, Mir Cəlal
Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının,
təhsilinin inkişafındakı xidmətləri misilsizdir.
Yazıçı
kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal elə
həmin ildə də ilk tədqiqat əsərini yazıb.
Sözün gücünə güvənib, onun
böyüklüyünə baş əyən sənətkarın
könüllərə yanğı salmış “Bir gəncin
manifesti” əsəri, zəmanənin güzgüsü olan
hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat
tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq
qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin
bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX
əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi
məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın
əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq
elminin qızıl nüsxələrindəndir.
Ali təhsilimizin
beşiyi sayılan Bakı Dövlət Universitetinin sevimli müəllimi,
nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir
Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət
aşiqi, ailəsini, övladlarını sevən, qoruyan
şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər
əzbəridir: “Həyatımda yaratdığım ən
böyük əsər ailəmdir”.
XX əsrin
20-30-cu illərində ədəbi aləmdə əvvəlcə
şeir, sonra isə oçerk və hekayələri ilə
görünən Mir Cəlal, az sonra istedadlı və orijinal
yaradıcılıq üslubu olan yazıçı kimi
tanınıb. Əlli illik yaradıcılıq fəaliyyəti
dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı
tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti
əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin
manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar
sırasında dayanmaq haqqını qazanıb. Bu əsər
çapdan çıxanda onun heç 30 yaşı yox idi.
1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”,
“Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o,
bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr
yazıb. O dövrün “Şərq qadını”, “Gənc
işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat
qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”,
“İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan
oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah
qızı”, “Heyrət” ... hekayələrini çap etdirib.
1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk
oçerklər və novellalar kitabları çap olunub.
Mir Cəlalın
bütövlükdə yaradıcılıq dünyası ilə
tanışlıqdan sonra belə qənaətə gəlmək
olur ki, onu düşündürən həyati məsələləri,
milli folklorun, xalq təfəkkürünün
işığını, milli mənəvi dəyərlərin
klassik ənənələrə uyğun inkişafını
və bu istiqamətdə yaranan problemləri, xalq həyatının
real görüntüsünü nəsr dilində aydın,
qabarıq şəkildə vermək mümkündür. Necə
ki, böyük Sabiri oxuyanda şeirin, Mirzə Cəlili
oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal
hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.
Mir Cəlalın
ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci
ildə ayrıca kitab kimi nəşr olunub. Hələ
yarım əsr bundan əvvəl akademik Məmməd Arif
yazıb: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist
yazıçı olduğunu göstərib”.
İlk
dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya
və kultura” jurnalında nəşr olunan “Bir gəncin
manifesti” əsəri isə yazıçının həyatında
böyük bir dönüş yaradıb, ədəbi zirvəyə
aparan yoluna cığır açıb və müəllifə
böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə
“Uşaqgəncnəşr”də kitab halında kütləvi
tirajla buraxılan bu əsər oxucu tələbatına
görə sonrakı illərdə də dəfələrlə
çap edilib. “Bir gəncin manifesti” bu gün də qəlbləri
riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə
ayrıca kitab halında nəşr olunmuş “Bir gəncin
manifesti” Azərbaycanın hüdudlarından çox-çox
uzaqlarda da sevilir.
Mir Cəlalın
“Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”
romanlarında keçmiş, “Açıq kitab”,
“Yaşıdlarım”, “Təzə şəhər”
romanlarında isə müasir həyat lövhələrinin bədii
təsviri ustalıqla qələmə alınıb.
Yazıçının “İnsanlıq fəlsəfəsi”
(1961) kitabında toplanmış hekayələri böyük
tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir.
“İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”,
“Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”,
“Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”,
“Qocaların uşaq söhbəti” və digər hekayələrində
isə real həyat lövhələri, fəlsəfi
düşüncələr əks olunub.
Mir Cəlalın
bədii yaradıcılıq nümunələri dəfələrlə
nəşr olunub. “Seçilmiş əsərləri” (2 cilddə,
1956-57), “Seçilmiş əsərləri” (4 cilddə,
1967-68), “Seçilmiş əsərləri” (2 cilddə,
1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən
qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”,
hekayələrdən ibarət “Bostan oğrusu” (1937),
“Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat
hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə
hekayələri” (1962), “Gülbəsləyən qız”
(1965), “Silah qardaşları” (1974) və s. bu qəbildəndir.
Ümumiyyətlə, indiyədək yazıçının
70-dən çox kitabı nəşr olunub.
XX əsrin
ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal
Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi
alim kimi də müstəsna və özünəməxsus
yer tutub. Filologiya təhsili alan tələbələrin I
kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın
əsasları” dərsliyi sonralar da mütəxəssislərin
stolüstü kitabı olub. Mir Cəlal müəllim
1936-cı ildən ömrünün sonunadək dərs dediyi
Bakı Dövlət Universitetinin auditoriyalarında bu fəndən
mühazirələr oxuyub.
Elmi
fəaliyyətini davam etdirən gənc Mir Cəlal Paşayev
1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə
görə filologiya elmləri namizədi, 1947-ci ildə isə
“Azərbaycanda ədəbi məktəblər” əsərinə
görə filologiya elmləri doktoru alimlik dərəcələrini
alıb. Füzuli poeziyasının qüdrətinə heyran
olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən
bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya
yenidən müraciət edərək və əvvəlki əsərini
təkmilləşdirərək “Füzuli sənətkarlığı”
adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara
Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı”
monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək,
mənimsəmək və dərk etmək üçün
elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr
olunub.
“Azərbaycanda
ədəbi məktəblər (1905-1917)” əsərində
isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində
inqilabi-demokratik meyllərlə əlaqədar baş verən
ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm,
romantizm ədəbi məktəbləri, maarifçi-didaktik
yazıçılar və xırda məişət
dramları haqqında müfəssəl tədqiqatlar
aparıb, əhatəli elmi nəticələr əldə
edib.
Mir Cəlal
Paşayevin tanınmış tədqiqatçı Firudin
Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı”
əsəri 40 ilə yaxındır ki, ali məktəblərin
dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük
ədəbi şəxsiyyətləri, onların
yaradıcılığı, ədəbi mühitə gətirdiyi
yeniliklər haqqında əhatəli elmi fikirlər əks
olunub. Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin
həyat və yaradıcılıqlarını, dövrün
ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə,
tədqiq etməklə özü də uca zirvələrə
qalxıb, şəxsiyyət kimi müdrikləşib.
Əməkdar
Elm Xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq
tarixində elə bir iz açıb ki, bu, XXI əsrin də ədəbi-elmi
zirvəsində görünəcəkdir. Müdriklik,
saflıq, vicdan, ləyaqət tarix boyu mənəviyyat zirvəsində
dayandığı kimi.
1978-ci
il sentyabrın 28-də əbədiyyətə qovuşan,
böyük şəxsiyyət kimi tarixləşmiş,
gözəl müəllim, görkəmli yazıçı,
istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin
xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın,
ədəbiyyatşünaslığımızın əbədi
mövzusu olacaq.
Bu
gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən
kənarda da bu böyük ədibin həyat və
yaradıcılığı geniş şəkildə
öyrənilir və əsərləri çap olunaraq maraqla
oxunur.
“UNESCO-nun
2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin
və əlamətdar hadisələrin qeyd edilməsi
proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin
keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il
31 yanvar tarixli Sərəncamına əsasən,
yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə
ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr
olunmuş mərasim keçirilib.
XX əsr
Azərbaycan ədəbiyyatında, elmində müstəsna
xidmətlər göstərən Mir Cəlal Paşayevin 100
illiyinin UNESCO səviyyəsində qeyd olunması, ilk növbədə,
Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına
dünya miqyasında verilən önəmin və dəyərin
təzahürüdür. 2008-2009-cu illərdə UNESCO-nun
dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin
yubileylərinin qeyd olunması ilə bağlı qərarına
Mir Cəlal Paşayevin də adının daxil edilməsi həm
də Azərbaycan-UNESCO əməkdaşlığının
inkişafının bariz nümunəsidir.
İllər
ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi
tədqiq edilmir, onun həm də xeyirxahlığı,
böyük və əlçatmaz müəllimliyi, bəşəri
insanlığı heyranlıqla qarşılanır və əsl
örnək kimi sevilə-sevilə qəlblərdə
özünə ucalıq, əlçatmazlıq heykəli
qurur. Bu zirvədəki yerini heç vaxt itirməyəcək
və onun mərhəmət sevgisi dünya durduqca
yaşayacaq.
Yeni Azərbaycan.- 2012.- 27 aprel.- S.3.