Jurnalist hər şeydən əvvəl vətəndaş olmalıdır

 

Şamil Vəliyev: Jurnalistikanın Azərbaycanda ictimai fikir institutuna çevrilməsi bizim xoşbəxtliyimizdir

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin yeni seçilmiş dekanı Şamil Vəliyev gələcək planları və görüləcək işlərlə bağlı “Yeni Azərbaycan” qəzetinə danışıb.

- Şamil müəllim, əvvəla, sizi Bakı Dövlət Universitetinin (BDU) dekanı seçilməyiniz münasibətilə təbrik edirik. İstərdik ilk olaraq, cəmiyyətimiz, dövlətçiliyimiz üçün çox mühüm əhəmiyyət kəsb edən mətbuat sahəsindəki mövcud vəziyyətlə bağlı sizin fikirlərinizi öyrənək...

- Mən də göstərdiyiniz diqqətə görə sizə minnətdarlığımı bildirirəm. Əlbəttə ki, Azərbaycan cəmiyyəti üçün istər tarixi, istərsə də bugünkü yaşam tərzi baxımından jurnalistika olduqca əhəmiyyətli yaradıcılıq sahəsidir. Ona görə ki, artıq 140 ilə yaxındır jurnalistika, mətbuat 4-cü hakimiyyət rolunda çıxış edir. Sözün həqiqi mənasında ictimai fikri, sosial problemləri əks etdirir, bugünkü yaşam tərzimizi tənzimləməklə məşğuldur. Zənnimcə, yetərincə informasiya təminatına xidmət edir. Sözsüz ki, keçilən bu tarixdə uğurlu-uğursuz tərəflərimiz olub. Mətbuat tarixinin təcrübəsi göstərir ki, biz hələ bir sıra məsələlərə yenidən baxmalıyıq. Çünki vaxtı ilə totalitar rejimin mövcudluğu bizim azad mətbuatımızın olmasına, cəmiyyətin düzgün istiqamətdə qurulmasına maneələr törədib.

Mətbuat və jurnalistika Azərbaycan cəmiyyəti üçün, xüsusilə də, indiki yeni tip demokratik, informasiyalı cəmiyyəti, dünyaya inteqrasiya etmək baxımından çox lazımlı bir sahədir. Jurnalistikanın Azərbaycanda ictimai fikir institutuna çevrilməsi bizim xoşbəxtliyimizdir. Əlbəttə ki, jurnalistika haqqında müxtəlif nəzəri fikirlər söyləmək, müxtəlif məsələləri qaldırmaq olar. Unutmaq olmaz ki, bizim jurnalistika təhsili bütün bu problemləri aradan qaldıra bilməz. Bütövlükdə cəmiyyətimizə, mentalitetimizə bağlı məsələlər var. Tutaq ki, 20 il öncə müstəqil dövlətimiz olmadığına görə, bizim dövlətsizlikdən irəli gələn problemlərimiz var idi. O dövrün bir sıra qalıqlarının hələ olduğunu görürük. Bu problemlərin həllini təkcə dövlətin, hər hansı bir təşkilatın, qurumun, mətbuatın da öhdəsinə buraxmaq, onun vəzifəsi kimi qələmə vermək olmaz. Bu, bütövlükdə hər birimizin, ziyalıların, ziyalı olmayanların, mətbuat işçilərinin vəzifəsidir. Tutaq ki, ziyalı jurnalistin vəzifəsi ondan ibarətdir ki, cəmiyyətə doğru yol göstərsin, sıravi vətəndaşların da borcu odur ki, doğru yaşasın. Biz istəyirik ki, müxtəlif fikirli plüralist cəmiyyət quraq. Ölkə başçımızın da arzusu budur. Ona görə də, Prezidentin iradəsi və rəhbərliyi ilə bu sahəyə çox ciddi diqqət göstərilir, mətbuatın problemlərinin aradan qaldırılması yönündə mühüm tədbirlər görülür.

- Sizin də qeyd etdiyiniz kimi, ölkəmizdə mətbuatın inkişafı ilə bağlı effektiv tədbirlər görülür. Bununla bərabər, hələ də bir sıra problemlərin qaldığını müşahidə edirik. Siz bu problemləri və onların həlli yollarını nədə görürsünüz?

- Müasir jurnalistikanın problemləri elə müasir cəmiyyətimizin problemləridir. Jurnalistika da bunu öz problemi kimi yaşayır və cəmiyyət də jurnalistikanın problemlərini öz problemi kimi yaşamalıdır. Çox təəssüf ki, indi bu “anlaşma” yoxdur. Cəmiyyət jurnalistikaya qabiliyyətli, istedadlı jurnalistlər verməlidi, peşəkar jurnalistlər hazırlamalıdı. O yaxşı kadrlar da, öz növbəsində, cəmiyyət üçün çalışmalı və ona xidmət etməlidir. Bu prosesdə birtərəflilik olmamalıdır. Bu, həm də, cəmiyyətin öz-özünü idarə etmə məsələlərinə bağlıdı. Biz keçmiş Sovet İttifaqı dağılandan sonra bəzi qüvvələrin zəifliyindən, çaşqınlığından və s. yaşanan xaos dövrünü çoxdan geridə qoymuşuq. Bu gün bizim yolumuz, istiqamətimiz, strategiyamız həm dövlət, həm də xalq olaraq bəllidir. Sözün həqiqi mənasında bütün sahələrdə inkişafımız göz önündədir. Bunu heç kəs dana bilməz. Təbii ki, gözü götürməyənlər, yanlış yozanlar var. Bunu media mühitində olan insanların hamısı gözəl bilirlər. Daxildə də bu istiqamətdə görməzlikdən gəlmək istəyənlər tapılır. Amma obyektiv həqiqətlər, total inkişaf göz qabağındadır.

Bu mənada ölkəmizdə gedən müasirləşmə, inteqrasiya prosesləri fonunda jurnalistikanın da daxili təkmilləşməsi məsələsi mütləq olmalıdır və bu istiqamətdə nailiyyətlər də az deyil. Bu gün mətbuatda sözün həqiqi mənasında plüralizm, fikir müxtəlifliyi hakimdir. Mətbuatın panoramasında hər tip qəzet, dərgi və eləcə də, hər cür jurnalist tapmaq mümkündür. Amma bu jurnalistlərin hamısının məqsədi birmənalı olaraq cəmiyyət quruculuğuna xidmət edirmi? Bax bu məsələdə insanı təəssüf hissi bürüyür. Axı, Azərbaycan mətbuatı, jurnalisti, vətəndaşı bir az başqa cür, fərqli düşünməlidir. Jurnalist hər şeydən əvvəl vətəndaş olmalıdır.

- Müstəqilliyin ilk illərində mətbuata qeyri-peşəkarların, təsadüfi adamların axını yaşandı. Məhz o axının yaratdığı fəsadları bu gün də mətbuatımızın yaşadığını inkar etmək olmaz...

- Bizim hər birimiz gördüyümüz işi elmi əsaslara dayanaraq edək. Məsələn, çox insan siyasətlə məşğul ola bilər. Lakin baxırsan ki, onların əksəriyyətinin siyasi savadı və siyasi mədəniyyəti, terminologiyadan xəbərləri yoxdur, siyasətin elmi məntiqini, siyasətin fəlsəfəsini bilmir, elmi-nəzəri əsaslarına agah deyillər. Ona görə də, çoxlu yanlışlıqlar edirlər. Jurnalistikada da belədir. Jurnalistikanın elmi-nəzəri əsaslarını bilməyən lakin yazı yazmaq bacarığı olan, Azərbaycan qrammatikasını bilən insanlar yazı yazmaq haqlarına dayanaraq yazar olmağa çalışırlar. Demirəm olurlar. Bu tip insanların əksəriyyəti cızma-qara ilə məşğul olurlar. Sovet dövründə bu tip şəxslərə “boz ədəbiyyatı yaradanlar”, “kağız yeyənlər” deyirdilər. Bunun heç bir faydası və ictimai yükü yox idi. Bu gün də təəssüf ki, o “kağız yeyənlər” var. Görürsünüz, qəzet köşklərindən çoxlu sayda oxunmayan qəzetlər qayıdır. Bugünkü bazar iqtisadiyyatı şəraitində o korlanan kağızlar elə sahibinin özünün də zərərinədir. Yəni, o daha faydalı işlə məğul ola bilər. Bir sözlə, yazı qaydalarını bilən hər hansı bir insan jurnalist olmaq iddiasında olmamalıdır. Jurnalistikanın özünün elmi əsasları, məziyyətləri var.

Təbii ki, bizim arzumuz savadlı jurnalistlər yetişdirməkdir. Jurnalistikanın birinci vəzifəsi doğrunu danışmaq və ictimai faydalı olan informasiyanı ictimaiyyətə ötürməkdir. Bu gün Azərbaycan cəmiyyətinin rəsmi, qeyri-rəsmi tərəfləri birmənalı şəkildə istəyirsə ki, Prezidentin müəyyənləşdirdiyi kimi strategiyamız Azərbaycanın maddi sərvətləri, onun insan resurslarına, insan kapitalına xidmət etsin, onda hamı bu aparıcı xətlə məşğul olmalıdır. Təbii ki, müəyyənləşdirilən strategiya xalqa xidmət edirsə və inkişafa yönəlibsə onda jurnalistika da bununla məşğul olmalıdır və olur da. Amma yetər ki, daha zövq və şövqlə məşğul olaq, daha ciddi uğurlarımız olsun.

- Şamil müəllim, maraqlıdır, jurnalistika fakültəsinin məzunlarının neçə faizi peşəkar jurnalistika ilə məşğul olurlar? Bununla bağlı, hər hansı araşdırmalarınız olurmu?

- Jurnalistika ilə məşğul olan gəncləri ciddi izlədikdə görürəm ki, bizim jurnalistika fakültəsini bitirən tələbələrin əksəriyyəti, demək olar ki, neqativ meyillərdə iştirak etmirlər. Ola bilər ki, bir-iki nəfər zəif və ya təsir altına düşən olsun. Amma böyük əksəriyyəti mətbuatda faydalı işlə məşğul olurlar. Bir sıra media kapitanları var ki, bizim fakültəni bitiriblər. Bizim tədris-istehsalat təcrübəsi ilə bağlı radio, televiziya kanallarına və qəzetlərə tələbələrimiz göndərilirlər. Əksəriyyət uğurla təcrübə müddətini başa vurur. Universitetdə oxuduğu dövrdə çalışan və uğurlar qazanan tələbələrimiz də kifayət qədərdir. Artıq II kursdan müxtəlif informasiya agentliklərində çalışan və qonararın “dadını bilən” tələbələrimiz var. Bu, bizi sevindirir. Sevinirəm ki, bizim tələbələrimiz həqiqətən də cəmiyyətə yararlı insanlar kimi böyüyür. Ona görə də, hesab edirəm ki, bu istiqamətdə aparılan istənilən araşdırmanın nəticəsi bizim üçün müsbət ola bilər.

- Sizcə, sadalanan problemlərin aradan qaldırılmasında jurnalistika fakültəsi hansı təşəbbüslərlə çıxış edə bilər?

- Məsələn, istəyirik ki, dünyanın bir sıra ölkələrində olduğu kimi, biz də sahə jurnalistikası yaradaq. Yəqin ki, yaxın vaxtlarda buna nail olacağıq. Universitetin rəhbərliyi də bu məsələdə çox maraqlıdı. Hər halda idmançı idmandan yazanda daha gözəl, əsaslı və dolğun olur. Professional siyasətçi siyasətdən yazanda onun sözü eşidilə bilər, nəinki qeyriləri. Bu mənada, ilk addım kimi, sahə jurnalistikasının yaradılması məqsədəuyğun hesab edilir. Biz nəzərdə tutmuşuq ki, hətta jurnalistik fəaliyyəti göstərmək istəyən, səhiyyə, biologiya, kimya, iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə çalışanları sahə jurnalistikasına cəlb edək və hətta onların dövlət səviyyəsində sertifikatlaşdırılması ilə məşğul olaq.

İkinci mühüm problemlərdən biri jurnalistika fakültəsinə təhsil almaq üçün gələn gənclərin çoxunun buraya təsadüfən düşməsidir. Məsələn, hüquq fakültəsində oxumaq istəyən abituriyent kifayət qədər bal toplaya bilmir, jurnalistikaya düşür və müəyyən subyektiv və obyektiv səbəblərdən təhsilini davam etdirir. Yəni, fakültənin onları seçmək imkanı olmur. Düzdür, eləsi var, gəlir oxuyur, uyğunlaşır və məmuniyyətlə jurnalist olmaq istəyir. Bir qismi isə oxuya bilmir, çətinlik çəkir, jurnalist olmaq istəmir, biganəlik edir və nəticədə jurnalist olmaq istəyən başqa gənclərin yerini tutur. Buna görə də, biz istərdik ki, ənənəvi yaradıcılıq imtahanı təyin olunsun və həqiqətən də jurnalist olmaq istəyən gənclər incəsənət, idman sahəsində olduğu kimi yaradıcılıq, qabiliyyət imtahanından keçərək jurnalist ixtisası üzrə imtahanlara buraxılsınlar.

- Jurnalistika fakültəsinin bir çox məzunları yeni iş yerlərində müəyyən çətinliklərlə üzləşirlər. Düzdür, onların nəzəri bilikləri kifayət qədər yüksək olur, amma praktik baxımdan müəyyən problemlər yaşanır. Bunu həll etmək üçün nə kimi işlər görülməlidir, jurnalistika fakültəsinin tələbələrinin praktik, peşə vərdişlərinin inkişaf etdirilməsi üçün hansı işləri görməyi planlaşdırırsınız?

- Doğru fikirdir ki, biz praktik işə meyili gücləndirməliyik. Təcrübə mütləq vacibdir. Tədris və informasiya kommunikasiya vəsaitlərimiz, proqramlarımız, təlim təchizatımız var və qane edir. Studiyamız var, fakültənin qəzeti nəşr olunur. Bunlar bizə tələbələrimizin praktik vərdişlərini daha da inkişaf etdirmək üçün imkan verir. Sadəcə, bu təchizatlardan daha yaxşı faydalanmalıyıq, hesab edirəm ki, belə də olacaq.

- Şamil müəllim, tələbələriniz yeni dekanlarından fakültənin gələcəkdəki fəaliyyəti ilə bağlı hansı yenilikləri gözləsin, onlara nə vədlər verirsiniz?

- Əvvəlcədən vədlər vermək doğru çıxmaz. Uzun illərdir mətbuatla sıx təmasdayam, bu mühitin içindəyəm və jurnalistikanın problemləri mənə doğmadır. Hətta deyərdim ki, şəxsi problemlərim kimidir. Mənim seçilməyimi tələbələrimin sevinclə qarşılaması mənim üçün qürur mənbəyidir və eyni zamanda, məsuliyyətimi daha da artırır. Bizim arzumuz başqa ölkələrdə olduğu kimi studiya yaratmaqdır. Bu, bizim universitetimizin göstəricisi ola bilər. Ümumiyyətlə çalışmalıyıq ki, jurnalistika fakültəsi bütövlükdə universiteti ifadə etsin. Universitet həyatını respublikaya çatdıra bilsin. Tələbə qəzetinin ardıcıl və davamlı çıxmasını istərdim və çalışacağıq buna nail olaq. Sovet dövründə olan elmi-nəzəri jurnalın yeni və müasir formada nəşrinə nail olmaq nəzərdə tutulub. Bilirsiniz ki, MQU-nun “Moskovski vestnik” jurnalının jurnalistika seriyası çıxır ki, bu, hətta peşəkar jurnalistlərə gündəlik intellektual qida verir. Bizdə də belə bir şey olsa, çox gözəl olar. Jurnalistikanın özünün nəzəri -  paradiqmaları, terminologiyası, tarixi təcrübəsi, funksional yönləri var ki, bunlar mütləq təhlil, tədqiq və cəmiyyətə təqdim olunmalıdır.

 

 

Aqşin ŞAHİNOĞLU,

 

SEVİNC NUR

 

Yeni Azərbaycan.- 2012.- 28 aprel.- S.6.