Zərifə xanım Əliyeva azərbaycanlı ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz şəxsiyyətlərdəndir

 

Azərbaycan xalqı, o cümlədən, respublikanın elmi ictimaiyyəti  görkəmli alimin tibb elminə verdiyi töhfələri unutmur, onun həyat və yaradıcılığı daim diqqət mərkəzində saxlanılır

 

Hər bir xalq özünün görkəmli, istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini daim əziz saxlayır. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt sayıla bilər, çünki ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.

Əvvəlcə, qeyd edək ki, Zərifə Əziz qızı Əliyeva 1923-cü ilin 28 aprel tarixində dövrün görkəmli ictimai-siyasi və elm xadimi Əziz Əliyevin ailəsində, Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlib. Ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu əla qiymətlərlə bitirib. Qısa müddətdən sonra Zərifə Əliyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparıb. Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedib, həkim-oftalmoloqlara məruzələr oxuyub, əhali arasında maarifləndirmə işləri aparıb.

Eyni zamanda, Zərifə xanım Əliyeva Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnib. Vətənə qayıdan Zərifə Əliyeva 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya qəbul olub. O, bu müddətdə həm praktik əməli həkim fəaliyyəti ilə məşğul olaraq, həm də elmi axtarışlarını davam etdirib. Traxoma xəstəliyinin aradan qaldırılmasını qarşıya məqsəd qoyan Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, o dövr üçün yeni olan antibiotikdən - sintomisindən istifadə olunmasına həsr edib.

Bu dövrdə Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənməyib, o, respublikanın şəhər və rayonlarında olaraq xəstəliyin yaranma səbəblərini araşdırıb və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirib. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda da xüsusi xidmət göstərib. Zərifə xanım Əliyevanın bu sahədə gərgin fəaliyyəti tezliklə öz nəticələrini verib. Belə ki, onun təklif etdiyi müalicə metodunun respublikada tətbiq olunması nəticəsində ölkəmiz bu xəstəlikdən xilas olub.

Sonrakı illərdə Zərifə xanım oftalmologiya elminin digər mühüm istiqamətləri üzrə tədqiqatlar həyata keçirib. Onun qlaukoma xəstəliyi ilə bağlı tədqiqatları klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə müsbət təsir göstərib.

Zərifə xanım Əliyeva 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Bu sahədə apardığı dəyərli tədqiqatlara, gördüyü işlərə görə, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adını verib.

1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Bu dövrdə həkimlik fəaliyyətini davam etdirən Zərifə xanım göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarında iştirak edən həkimlərlə də pedaqoji iş aparıb.

Oftalmologiya sahəsində tədqiqatları davam etdirən Zərifə xanım respublikada bununla bağlı az öyrənilən sahələrə daha çox diqqət yetirib. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva az tədqiq olunan, lakin kifayət qədər aktual bir problem olan görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb. O, həmçinin, insanlarda peşə fəaliyyəti ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin aradan qaldırılmasına xüsusi diqqət göstərib.

Müxtəlif sənaye müəssisələrində, kimyəvi maddələrin saxlandığı zavodlarda göz xəstəlikləri yaradan amilləri araşdırarkən Zərifə xanım çox zaman həmin müəssisələrə gedərək zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirib. O, eyni zamanda, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrində laboratoriya şəraitində elmi təcrübələr aparıb. Apardığı dərin tədqiqatlar sayəsində alim kimyəvi maddələrin gözə təsirinin əsas qanunauyğunluğunu müəyyən edə bilib.

Görkəmli bir alim kimi yetişən Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusundakı doktorluq dissertasiyasını dünyanın nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Onun bu işi təcrübəli oftalmoloqlar tərəfindən yüksək qiymətləndirilib, 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.

Bundan sonra da Zərifə xanım Əliyeva elmi fəaliyyətini yüksək səviyyədə davam etdirib. Tezliklə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilən Zərifə xanım 1983-cü ildə həmin kafedranın müdiri olub. O, kafedranın bazasının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görərək 1977-ci ildə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun keçirilməsinə nail olub. Bakıda ilk dəfə keçirilən bu plenumun Azərbaycanda və keçmiş SSRİ-nin ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, elmi-pedaqoji kadrların hazırlanmasında xidmətləri böyük olub.

Zərifə xanım Əliyevanın Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması haqqında təklifi plenumda bəyənilib və 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda yaradılan həmin laboratoriyada bu sahədə dəyərli tədqiqatlar aparılıb.

Zərifə xanım Əliyevanın çap olunan monoqrafiyalarından “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli tədqiqat əsərlərinin adlarını çəkmək olar.

Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Xüsusilə sevindirici haldır ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadındır.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına 1983-cü ildə müdir seçildikdən sonra Zərifə xanımın fəaliyyəti daha da genişlənib. O, həmçinin, görmə orqanının virusla zədələnməsinə həsr olunmuş çoxsaylı araşdırmaları ilə də oftalmologiya elminə töhfələr verib. Həmin dövrdə Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunan maraqlı tədqiqatlar aparıb. Bu tədqiqatların nəticəsi olaraq Zərifə xanım Əliyevanın “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” və “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” monoqrafiyaları çap olunub.

Zərifə xanım elmi fəaliyyətində görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikası və müalicəsinə də diqqət yetirib. Onun daktriologiyaya həsr olunan “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları qiymətli tədqiqat əsərləridir.

Z.Ə.Əliyeva gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı ilk dəfə tədqiq edən alimlərdəndir. O, “İridodiaqnostikanın əsasları” kimi bu gün də bu sahədə həkimlər üçün əvəzolunmaz nadir elmi əsərin müəlliflərindən biridir. Onun professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə yazdığı “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyası zəngin bilik mənbəyidir.

Zərifə xanım Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə də maraqlanıb. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərib. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə, professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib.

Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, akademik Z.Ə.Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub.

Azərbaycan elminə verdiyi töhfələrə görə Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb.

Elmi, ictimai fəaliyyətə paralel olaraq, Zərifə xanım həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olub. Həm Zərifə xanım, həm də həyat yoldaşı, Ümummilli liderimiz Heydər Əliyev həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər. Z.Ə.Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib. Lakin Azərbaycan xalqı, o cümlədən respub

 

 

Hülya MƏMMƏDLİ

 

Yeni Azərbaycan.- 2012.- 28 aprel.- S.4.