Rasional iqtisadi inkişaf strategiyası və iqtisadi inkişafın Azərbaycan modeli

 

Prezident İlham Əliyev: Bizim iqtisadiyyat artıq keçid dövrü iqtisadiyyatı deyildir... Biz tam olaraq bazar iqtisadiyyatına keçmişik

 

Məlum olduğu kimi, II dünya müharibəsindən sonra əsası qoyulmuş və keçmiş SSRİ-nin iflasa uğraması ilə yaranmış yeni dünya nizamının fonunda davam edən yeni iqtisadi münasibətlər sistemi çərçivəsində dünyada müxtəlif iqtisadi modellər mövcud olub. Bu, ümumi olaraq iki bazar sistemi, həmçinin iki qeyri-bazar sistemi - ənənəvi və inzibati-amirlik kimi səciyyələndirilir. Bundan əlavə, SSRİ-nin iflasa uğramasından sonra keçmiş sosialist ölkələrinin bazar münasibətlərinə keçməsi keçid dövrünün iqtisadi sisteminin formalaşmasına səbəb olub.

 

Bazar iqtisadiyyatının əsas modelləri və rasional seçim strategiyası

 

Qeyd etmək lazımdır ki, bir çox dünya ölkələri uğurla təsərrüfatın bazar sistemini tətbiq edir, lakin hər bir ölkənin iqtisadi inkişafının öz milli xüsusiyyəti vardır və bunda da iqtisadi artıma yanaşmanın müxtəlif elementləri ehtiva olunur. Bununla yanaşı, məlum olduğu kimi, bazar iqtisadiyyatının iki əsas modeli mövcuddur - liberal və sosialyönümlü bazar iqtisadiyyatı. Birinci modelin parlaq nümayəndələri ABŞ, ikincinin isə Avropanın Skandinaviya ölkələridir. Bu iki modelin fərqi nədir və onların üstünlükləri nədədir? Liberal və sosialyönümlü bazar iqtisadiyyatları arasında əsas fərq dövlətin cəmiyyətdə baş verən sosial-iqtisadi proseslərinin tənzimlənməsində roludur.

Qeyd edək ki, bazar iqtisadiyyatının liberal modelində dövlətin müdaxiləsi minimal olur, yəni sahibkarların iqtisadi marağı cəmiyyətin iqtisadi məqsəduyğunluğu və bütövlükdə əhalinin maraqları üzərində üstünlük təşkil edir. Lakin son illər ərzində bazar iqtisadiyyatının liberal modelinin qüsurları aşkar nəzərə çarpır. Müxtəlif dövlətlərin milli iqtisadiyyatlarının tarixi təcrübəsi bunu sübut edir ki, zaman keçdikcə cəmiyyətin iqtisadi və sosial problemləri yaranır, kəskinləşir və bunlar da dövlətin müdaxiləsi olmadan həll oluna bilməzlər. Belə ki, şəxsi kapital baxımından az rentabelli və ya rentabelsiz, lakin milli miqyasda təkrar istehsalın davamı, iqtisadi təhlükəsizlik, dövlətin müdafiə qabiliyyəti və s. üçün zəruri olan böyük investisiyalara tələbat artır.

Digər tərəfdən, sosialyönümlü bazar iqtisadiyyatı modelində dövlətin rolu dəfələrlə artır. Sosialyönümlü model gəlirlərin yüksək vergiyə cəlb edilməsi və əhalinin yüksək məşğulluq səviyyəsi ilə fərqlənir. Bu modelin fəaliyyət göstərdiyi ölkələrdə ÜDM-in 60%-i dövlət büdcəsi vasitəsilə bölüşdürülür. Yəni dövlət, dövlət büdcəsi vasitəsilə bu və ya digər xərcləri maliyyələşdirməklə birbaşa iqtisadi proseslərə, sosial proqramlara, depressiv regionların inkişafına və s. birbaşa təsir göstərir. Dövlət bu sistemdə o qədər ÜDM istehsal etmir ki, o qədər özəl sektorda qazanılmış gəlirləri vergi sistemi vasitəsilə bölüşdürür. Bu, həmçinin özəl biznesin fəaliyyətinə ciddi nəzarət edir, cəmiyyətin bütün üzvlərinin maraqları baxımından qəbul edilmiş qanunlara riayət olunmasına diqqət yetirir. Sosialyönümlü iqtisadiyyatda dövlətin digər mühüm iqtisadi funksiyası inkişafın uzunmüddətli strategiyasının işlənib hazırlanmasıdır.

Eyni zamanda, sosialyönümlü modelin maliyyə əsası dövlət büdcəsidir və o, dövlət xərclərinin olduqca yüksək səviyyəsini nəzərdə tutur və bunların maliyyələşdirilməsi üçün yüksək vergi norması tətbiq edilib, lakin bunlar o qədər də hüquqi şəxslər deyil, fiziki şəxslərə aiddir.

Son illərdə liberal və sosialyönümlü bazar iqtisadiyyatları arasında fərqin aradan qalxdığı müşahidə edilir. Liberal bazar iqtisadiyyatı modeli olan ölkələr daha çox iqtisadi proseslərin dövlət tənzimlənmənə üstünlük verirlər. Bu, özünü xüsusilə dünya maliyyə böhranı illərində (2008-2009-cu illər) və onun nəticələrinin aradan qaldırılması zamanı aşkar büruzə vermişdir.

 

Milli iqtisadi transformasiyanın Azərbaycan nümunəsi: reallıqlar və perspektivlər

 

Azərbaycan Respublikasının Konstitusiyasında əks olunub ki, inkişaf üçün əsas oriyentr Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsini təmin edə bilən sosialyönümlü iqtisadiyyatdır. Başqa sözlə, milli iqtisadiyyatın inkişafının seçimində müəyyənlik və aşkarlıq mövcuddur, bu da bazar iqtisadiyyatının sosialyönümlü modelidir. Ölkənin Konstitusiyasına uyğun olaraq, dövlət iqtisadi inkişafın sosialyönümlüyünə görə, əhalinin aztəminatlı təbəqəsinə hərtərəfli dəstəyə görə məsuliyyəti öz üzərinə götürür və buna zəmanət verir.

Beləliklə, milli iqtisadiyyatın inkişafının əsasında məhz sosialyönümlü bazar iqtisadiyyatı modeli olmalıdır. Nəzərə alsaq ki, hər bir ölkənin özünəməxsus cəhətləri, yəni coğrafi mövqe, iqlim, mədəniyyət, tarix, ədəbiyyat, xalqın mentaliteti və ənənələri, cəmiyyətin sosial-iqtisadi strukturu və s. vardır, onda, təbii ki, sosialyönümlü bazar iqtisadiyyatı modeli Azərbaycana tətbiq ediləndə öz xüsusiyyətlərinə malik olacaq. Dünyada mövcud olan müsbət inkişaf modelləri nüsxələnə bilməz, çünki elə iki dövlət yoxdur ki, onların iqtisadiyyatı tamamilə eyni olsun. Belə şəraitdə yalnız mövcud olan bu və ya digər iqtisadi inkişafın müsbət təcrübəsini öyrənmək və milli modelin formalaşması zamanı tətbiq etmək olar. Beləliklə, biz öz iqtisadi inkişafımızın milli modelini Azərbaycanın sosialyönümlü bazar iqtisadiyyatı modeli adlandıra bilərik.

Azərbaycan iqtisadi modelinin başlıca məqsədi ölkənin Konstitusiyasında göstərilənlərdən əlavə elmin, texnikanın və texnologiyanın qabaqcıl nailiyyətlərinin cəmiyyətin bütün sahələrində genişmiqyaslı tətbiqinə əsaslanan Azərbaycan iqtisadiyyatının modernləşdirilməsidir.

Digər tərəfdən, bəhs olunan məsələlərin fonunda Azərbaycan iqtisadi modelinin hansı şəraitdə formalaşmasına nəzər salmaq məqsədəmüvafiqdir. Müstəqillik elan edildikdən sonra ölkənin iqtisadiyyatı SSRİ-nin dağılmasının və ənənəvi milli əlaqələrin pozulmasının nəticəsi kimi öz miqyasında təlatümlər keçirmişdir. Regionda qeyri-sabit vəziyyət - Dağlıq Qarabağda hərbi münaqişə iqtisadiyyatın bazar üsuluna keçidin mürəkkəb prosesini daha da kəskinləşdirmişdir. Nəticədə Azərbaycanda makro-iqtisadi vəziyyət istehsalın həcminin azalması, yüksək inflyasiya və real əmək haqlarının səviyyəsinin azalması ilə xarakterizə olunmuşdur. Vergi-büdcə sahəsində də müdafiəyə əhəmiyyətli dərəcədə xərclərin artırılması ehtiyacı, vergi daxilolmalarının azalması və çoxsaylı qaçqınlara yardımın edilməsi zərurəti səbəbindən ciddi problemlər yaranmışdı. Çeçenistanda münaqişə nəticəsində ənənəvi bazarlarla nəqliyyat əlaqələrinin kəsilməsi ticarətin vəziyyətinin daha da pisləşməsinə və istehsalın həcminin azalmasına səbəb olmuşdur.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycan dövlətinin sonrakı inkişafında dönüş mərhələsi oldu. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində Azərbaycan xalqı ölkənin sosial-iqtisadi inkişafında və milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasında böyük uğurlara nail oldu. Bununla yanaşı, ən böyük nailiyyət odur ki, bu dövrdə ölkədə həyata keçirilən dövlət quruculuğu prosesi nəticəsində öz inkişaf və iqtisadi islahatlar mahiyyəti ilə iqtisadi inkişafın Azərbaycan modeli yarandı.

Sosial iqtisadi inkişafın Azərbaycan modelini xarakterizə edən əsas cəhət və ya xüsusiyyətlər hansılardır? Fikrimizcə, bu model bazar iqtisadiyyatının məlum prinsip və məqsədləri ilə yanaşı, Azərbaycanın xüsusiyyətlərini əks etdirən aşağıdakı elementlərlə tamamlanır:

- əlverişli coğrafi yerləşmə;

- siyasi və sosial-iqtisadi sabitlik;

- karbohidrogen resurslarından praqmatik istifadə;

- dünya iqtisadiyyatın aktiv inteqrasiya;

- ictimai həyatın bütün sahələrində innovasiya fəallığı.

 

Rasional neft strategiyası iqtisadi inkişafa təkan verən fundamental faktor kimi

 

Qeyd etmək lazımdır ki, sosial-iqtisadi inkişafın Azərbaycan modelinin vacib elementlərindən biri müəllifi Ümummilli liderimiz Heydər Əliyevin olduğu neft strategiyasının işlənib hazırlanması oldu. Neft strategiyasında verilmiş müddəaları həyata keçirərkən Azərbaycan neftçiləri dünyanın aparıcı neft şirkətləri ilə olduqca fəal əməkdaşlıq edirlər. Belə ki, hazırda Azərbaycan xarici şirkətlərlə karbohidrogen yataq və strukturlarının istismarına dair 31 müqavilə imzalamışdır ki, bunlara da 35 milyard dollar investisiya yatırılmışdır. İndi ölkədə hasil edilən neftin 80% və qazın 70% yataqların istismarı ilə məşğul olan xarici konsorsiumların payına düşür. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və ölkə Prezidenti İlham Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan dünya əhəmiyyətli enerji istehsalçısına çevrilmişdir.

Ölkənin maliyyə sisteminin vacib elementi və stabilizatoru Azərbaycan Respublikasının Dövlət Neft Fondudur (ARDNF) ki, burada Azərbaycan neftinin dünya bazarlarında satılmasından əldə edilən gəlirlər toplanır. 2011-ci ilin sonuna ARDNF-də onun təsis edilməsindən başlayaraq toplanmış cəmi məbləğ 64 milyard dollar təşkil etmiş, Fondun cari aktivləri isə 33 milyard dollardır. Beləliklə, Fonda daxil olan məbləğin 50%-dən çoxu yığıma göndərilmişdir. 2007-ci ildə BMT Azərbaycanın Dövlət Neft Fondunu neft gəlirlərinin şəffaf istifadəsi sahəsində əldə edilmiş nailiyyətlərə görə xüsusi mükafata layiq görülmüşdür.

Minilliklərin astanasında Azərbaycan qloballaşma proseslərində nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi ilə olduqca fəal və ardıcıl şəkildə iştirak etmişdir. Belə ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri istismara verilmiş, 2007-ci ildə digər bir tarixi hadisə baş vermişdir - “Şahdəniz” yatağından qazın Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə ixracına başlanılmışdır, hazırda isə Bakı-Tbilisi-Qars dəmiryolunun inşası üzrə işlər davam edir. Buna paralel olaraq texnikanın son nailiyyətlərindən istifadə edilməklə TRACECA və Şimal-Cənub nəqliyyat-kommunikasiya infrastrukturu da modernləşdirilir. Beləliklə, dünyada öz nefti ilə məşhur olan Azərbaycan mühüm tranzit ölkəsinə çevrilmişdir və onun iştirakı olmadan heç bir regional layihə reallaşa bilməz.

 

Milli iqtisadi inkişafın sürətlənməsi və institusional islahatlar faktoru

 

Neft strategiyasından əlavə bazar islahatlarını sürətləndirmək üçün milli iqtisadiyyatın institusional bazası formalaşmış, bazar iqtisadiyyatının mühüm dayaqlarından sayılan vergi sistemi, o cümlədən vergilərin idarə edilməsi, praktiki olaraq tamamilə yenidən qurulmuşdur. Həmçinin büdcənin xəzinədarlıq icrası ilə birlikdə yeni sistemi və bank sistemi, o cümlədən maliyyə bazarları yaradılmışdır. Ölkədə bərqərar olmuş siyasi və sosial sabitlik nəticəsində milli iqtisadiyyatda makro-iqtisadi sabitliyə nail olunmuşdur. Müvafiq olaraq Azərbaycan xalqının həyatında əhəmiyyətli müsbət dəyişikliklər baş vermiş, ölkə iqtisadiyyatı dünyada ən yüksək templərlə artmışdır. Belə ki, ÜDM 2005-ci ildə artımı 26,4%, 2006-cı ildə 34,5%, 2007 -ci ildə 25,0% təşkil etmişdir.

Neft sənayesinin inkişafı ilə yanaşı ölkədə iqtisadiyyatın diversifikasiyasına istiqamət götürülmüşdür. 2011-ci ildə Azərbaycanın qeyri-neft sektorunda iqtisadi artım 9,4% təşkil etmişdir. O cümlədən aqrar-sənaye kompleksində artım 5,8%, İKT və rabitə sahəsində - 11,8%, nəqliyyat vasitələri ilə yük daşımaları 3,6% artmış, əhaliyə pullu xidmətlər 7,8% artmışdır.

Digər tərəfdən, ölkənin qeyri-neft sənayesində məhsulların istehsal artımı 11,1% təşkil etmiş, o cümlədən emal sənayesində məhsul istehsalı artımının həcmi 2011-ci ildə 7,1% artmış, kimyəvi məhsulların istehsal həcmi 27,1%, metal sənayesində 1,9 dəfə, tikinti materiallarının istehsalı 4,4%, elektrik enerjisinin istehsalı 8,4%, qida sənayesinin məhsulları 5%, mebel istehsalı 24,5%, geyim istehsalı 56,5% artmışdır.

Həmçinin 2011-ci ildə ölkədə 40 sənaye müəssisəsi istismara verilmiş hazırda 100 sənaye müəssisənin tikintisi davam edir.

2011-ci ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi rekord rəqəmə - 20 milyard dollara çatmışdır ki, bunlardan 13 milyard dollar daxili, 7 milyard dollar isə xarici investisiyalardır. Bu məbləğdən 15,7 milyard dollar iqtisadiyyatın qeyri-neft sektorunun payına, 4,3 milyard dollar isə neft sektorunun payına düşmüşdür. Dünyada xarici investisiyaların həcminin azalma prosesi getdiyi və beynəlxalq maliyyə təşkilatları investisiyaları daxili mənbələr hesabına artırmağa çağırdığı bir dövrdə ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması siyasəti uğurla həyata keçirilir. Belə ki, sahibkarlığa dövlət dəstəyinin təmin edilməsi çərçivəsində 2010-cu ildən mənfəət vergisi 22%-dən 20%-ə endirilmiş, fiziki şəxslər üçün gəlir vergisinin maksimal həddi 35%-dən 30%-a qədər azaldılmış, sahibkarlar - fiziki şəxslər üçün maksimal vergi həddi 35%-dən 20%-ə endirilmişdir.

 

Maliyyə sisteminin sabitliyi dinamik iqtisadi inkişafa təkan verir

 

2008-ci ildə dünya ölkələrində maliyyə böhranı şəraitində ölkə Prezidenti İlham Əliyevin sınanılmış iqtisadi siyasəti Azərbaycanı bu böhranın stabilliyi pozan neqativ təsirlərindən qorumuşdur. MDB ölkələrində baş verən milli valyutaların devalvasiya prosesləri fonunda ölkədə milli pul vahidinin - manatın sabitliyi qorunub saxlanılmışdır. Milli valyutanın sabitliyi öz növbəsində birbaşa ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyinə təsir göstərir: inflyasiya proseslərinin idarə edilməsinə imkan verir; ixracatçılar və idxalçılara və həm də investorlara əminlik gətirir; maliyyə bazarlarına müsbət təsir edir; əhalinin bank sisteminə və milli valyutaya inamını artırır.

Dövlətin maliyyə sisteminin sabitliyinə arxayınlıq həm də ondan irəli gəlir ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2011-ci ilin sonuna 39,6 milyard dollar təşkil etmişdir ki, bu da ilin əvvəlinə olan göstəricidən 33,1% çoxdur. Azərbaycanın strateji valyuta ehtiyatları hazırda ölkəyə 3 illik mal və xidmətlərin idxalını əvəzləməyə imkan verir. Ümumiyyətlə isə Azərbaycanın strateji valyuta ehtiyatları respublikanın ÜDM-in 64%-ni təşkil edir.

Ölkə iqtisadiyyatının dinamik inkişafının və onun dünya iqtisadi sisteminə inteqrasiyasının mühüm sübutlarından biri xarici ticarətin göstəricisidir. Son illərdə ölkənin xarici ticarətinin həcmi sabit templərlə artmışdır: 2011-ci ilin 11 ayı ərzində bu, 9,2% artmış və 33,2 milyard dollar təşkil etmişdir, müsbət xarici ticarət saldosu 16,1 milyard dollar təşkil etmiş, ixrac isə idxalı 2,9 dəfə üstələmişdir. Azərbaycanın xarici ticarət tərəfdaşları arasında dünyanın 150 ölkəsi olmuşdur.

Qeyd etmək lazımdır ki, milli iqtisadiyyatın inkişafı ilə Azərbaycan biznesi xaricdə layihələrə investisiya yatırımında iştirak etməyə başlamışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gürcüstan, Türkiyə, Ukrayna, İsveçrə, Rumıniyanın iqtisadiyyatına investisiyalar yatırmağa başlamış və Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrədə yanacaqdoldurma məntəqələrinə sahibdir. Şirkət nəhəng türk neft-kimya kompleksi olan “Petkim”in ortağıdır.

Ölkənin dövlət büdcəsində əhəmiyyətli dəyişikliklər baş verir: biz həm onun gəlirlər hissəsinin, həm də xərclər hissəsinin əhəmiyyətli dərəcədə artımının şahidiyik. 2011-ci ildə dövlət büdcəsinin gəlirləri 37,7% artmış və 15,7 milyard manat təşkil etmişdir, xərcləri isə 30,8% artmış və 15,4 milyard manat olmuşdur, dövlət büdcəsi profisitlə yerinə yetirilmişdir. Vergilər Nazirliyindən dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmi əvvəlki ilə nisbətən 27,5% və Dövlət Gömrük Komitəsindən isə 3,6% artmışdır. Qeyri-dövlət sektoru üzrə vergi daxilolmaları 40,5%, qeyri-neft sektoru üzrə isə 22% artmışdır.

Gəlirlər və xərclər səviyyəsi dövlət büdcəsinə imkan verir ki, iqtisadi artımın və əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rola malik olsun, mərhələli şəkildə əmək haqqının minimal məbləği artırılsın, o cümlədən pensiya və sosial ödənişləri artırılsın. Dövlət büdcəsi vəsaitindən 2011-ci ildə sosial məqsədlər üçün ayrılan xərclər 16,5%, o cümlədən sosial müdafiə və sosial təminat xərcləri 33,2% artmışdır. Orta aylıq əmək haqqı 2011-ci ilin 11 ayı ərzində 8,3% artmış və 357 manat təşkil etmişdir. 2011-ci il ərzində dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə: təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və digər sahələrdə orta hesabla 10%, 900 min əmək təqaüdçüsünün təqaüdləri orta hesabla 40% artırılmış, qaçqınların və məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşmışdır. Məşğulluq səviyyəsi artmış, 2011-ci il ərzində 94 min yeni iş yerləri yaradılmış, işsizlik səviyyəsi 5,4% düşmüşdür.

 

Azərbaycanın reytinqi mütəmadi surətdə yüksəlir

 

Onu da qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatında baş verən müsbət dəyişikliklər xarici ekspertlərin də diqqətindən yayınmır. Bunun sübutu olaraq Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və reytinq agentlikləri kimi beynəlxalq maliyyə təşkilatlarının rəylərini olduqca müsbət göstərmək olar.

Bir sıra inkişaf etmiş ölkələrin reytinqinin düşdüyü bir vaxtda “Standart & Poor”s reytinq agentliyi Azərbaycanın uzunmüddətli müstəqil kredit reytinqini 2011-ci ilin axırında bir səviyyəyə - “BBB-” investisiya səviyyəsinə qədər artırmış və reytinq üzrə proqnozu isə “sabit” saxlamışdır. Azərbaycan iqtisadiyyatının “Fitch Ratings və Moody”s reytinq agentliklərinin verdikləri qiymət də pozitiv olmuşdur. “2011-2012-ci illər üzrə ölkələrin rəqabətədavamlılığı qlobal indeksi” illik hesabatına əsasən Azərbaycanın iqtisadiyyatı rəqabətədavamlılıq səviyyəsinə görə 142 ölkə arasında 55-ci yeri tutmuş, MDB ölkələri arasında isə 1-ci olmuşdur. Azərbaycan Türkiyə (59-cu yer), Latviya (64), Rusiya (66), Qazaxıstan (72), Ukrayna (82), Gürcüstan (88), Ermənistan (92), Moldova (93) və Tacikistan (105) kimi ölkələri üstələyir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı öz çıxışında Azərbaycan sosial-iqtisadi modelinin əsas cəhətlərini belə xarakterizə etmişdir: “...Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bu prinsipləri rəhbər tuturuq. Eyni zamanda, biz sosial siyasətdə də çox uğurla addımlar atırıq və sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq”.

 

Sosial-iqtisadi inkişafın Azərbaycan modeli

 

Bir çox dövlətlərin inkişaf tarixindən məlum olduğu kimi dərin iqtisadi islahatlar həmişə siyasi məzmuna malikdirlər. Vətəndaşların iqtisadi rifahının artımı və dövlətin sabitliyi demokratiyaya olan tələbatı doğurur. Demokratikləşmə səviyyəsi, əslində ölkənin mədəni kökləri, islam, Avropa və ya digərləri ilə deyil, ilk növbədə əhalinin gəlirlərinin səviyyəsi ilə müəyyən edilir.

Sosial-iqtisadi inkişafın Azərbaycan modelinin bərqərar olması zamanı ölkədə müəyyən demokratik irəliləyişlərlə yanaşı modernləşmənin texnokratik ssenarisi həyata keçirilir. Hakimiyyət institutlarının islahatı tədricən gənclərin enerjisi və stimullaşdırılmasından istifadə etməklə, islahatlara orta biznesi cəlb etməklə, yerli və xarici “texnokrat” ekspertlərin rəylərini nəzərə almaqla icraedici hakimiyyətinin prezident vertikalı üzrə baş verir.

Beləliklə, sadalananlar belə bir nəticə çıxarmağa imkan verir ki, sosial -iqtisadi inkişafın Azərbaycan modeli özünü doğruldub, yəni uğurlu hesab edilə bilər. Ümumiyyətlə, sosial-iqtisadi inkişaf modelləri o zaman uğurlu olurlar ki, ölkə rəhbərliyi dövlət idarəçiliyinin mahiyyətini yaxşı bilsin, insanların gündəlik tələbatlarının təmin edilməsində taktiki qərarlar qəbul etməklə əhalinin mütləq əksəriyyətinin maraqları naminə fəaliyyət göstərsin və eyni zamanda, öz imkanlarını və xarici konyunkturanı nəzərə almaqla təşkilatı səyləri və dövlət resurslarını milli iqtisadiyyatın strateji mühüm “artım nöqtələri”ndə cəmləşdirsin. Bütün bunların fonunda belə bir qənaətə gəlmək olur ki, siyasi iradə, əhalinin sosial müdafiəsi ideyası, dövlətçilik, qanunvericilik, proseslərin ardıcıllıq yolu ilə keçməsi, daxili və xarici investisiyaların istifadəsində praqmatiklik kimi faktorlar sosial-iqtisadi inkişafın Azərbaycan modelinin uğurluluğunu şərtləndirən mexanizmlərdir.

 

 

“Yeni Azərbaycan”ın Analitik Qrupu

 

Yeni Azərbaycan.- 2012.- 28 aprel.- S.5.