Azərbaycan dilinin inkişafına qayğı göstərilir
Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı
Sərəncama əsasən,
avqustun 1-i respublikamızda
Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günüdür
Ana dili hər bir
xalqın milli sərvəti, həmin xalqın varlığının
təsdiqidir. Dil millətin formalaşmasında
vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, mədəni
səviyyəsi ilk növbədə,
onun dilində öz əksini tapır. Dil həm də çətin tarixi-siyasi dövrlərdə millətin
varlığını sürdürməsi
üçün əsas
vasitədir. Dilini itirən xalq məhvə məhkumdur.
Azərbaycan dili də, Azərbaycan xalqının
milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin
qayğısına qalmalı,
dilimizi gələcək
nəsillərə ötürməlidir.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın
dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin zaman-zaman ciddi sınaqlarla üzləşdiyini
söyləmək olar.
Belə ki, çar Rusiyasının ruslaşdırma siyasətindən
sonra 1918-1920-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud
olduğu qısa müddətdə dilimizin
inkişafına böyük
önəm verildi. Daha sonra Azərbaycanın
Sovet imperiyasının
tərkibində olduğu
illərdə isə dilimizə qarşı hücumların yeni dalğası başlandı.
“Sovet xalqı” formalaşdırmaq adı
altında müxtəlif
xalqların dilini, mədəniyyətini, milli
kimliyini yox etməyə yönələn
siyasət Azərbaycanda
da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili
idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus
dilində çıxışlar
üstünlük təşkil
edirdi. Oxşar vəziyyət özünü
radio, televiziya və mətbuatda da göstərirdi. Ölkədə
elə bir psixoloji mühit yaradılmışdı ki,
hətta bəzən sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu.
Lakin Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan
Ümummilli liderimiz Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə
Sovet Azərbaycanına
rəhbərlik edən
Ulu öndər bir çox ziyalıların cəsarət
etmədiyi halda, müxtəlif tədbirlərdə
Azərbaycan dilində
çıxış etməklə,
dilimizə verdiyi dəyəri göstərdi.
O, həmçinin, rusdilli
məktəblərdə Azərbaycan
dilində dərsliklərin
daha çox istifadəsinə dair göstərişlər də
vermişdi.
Bunlarla kifayətlənməyən Ulu
öndər 1978-ci ildə
tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında
ilk dəfə olaraq, rus dili ilə
yanaşı, Azərbaycan
dili rəsmi dil statusu əldə
etdi. Azərbaycan yerli dilin rəsmi
dil stusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.
Müstəqil Azərbaycan dövlətinin
dil siyasətinin müəyyənləşməsində də Ulu öndərin
müstəsna xidmətləri
var. Azərbaycan dilinin
qorunması və inkişafı ilə bağlı uzaqgörən
addımlar atan Ümummilli liderin “Millətin milliliyini saxlayan onun dilidir”
ifadəsi dərin məna daşıyır.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı
Sərəncama əsasən,
avqustun 1-i respublikamızda
Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Bu, Azərbaycan dili tarixində əlamətdar,
önəmli hadisədir.
Bundan əlavə, qəbul edilən digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması
istiqamətində mühüm
addımlar atılıb.
Ulu öndər müxtəlif
ölkələrdəki diaspor
nümayəndələrimizlə görüşlərində dəfələrlə
vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı
olmayaraq hər bir azərbaycanlı öz ana dilini,
milli adət-ənənələrini
unutmamalıdır. “Nə
yaxşı ki, Azərbaycan dili bütün tələblərə
cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq
dünya dilləri içərisində öz
layiqli yerini tutmuşdur” ifadəsi də Ulu öndərə
məxsusdur.
Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə
yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə,
qədim mədəniyyətimizə
böyük həssaslıqla
yanaşır. Məlum
olduğu kimi, Azərbaycan ədəbiyyatını,
azərbaycanlı düşüncəsini
əks etdirən sanballı əsərlərin
latın qrafikasında
yenidən nəşr
edilməsi, məhz dövlət başçısının
təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” Sərəncamı
həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da
nəticəsində kütləvi
nəşrlərin latın
qrafikasına keçirilməsi
təmin olundu. Dövlət başçısının
sonrakı sərəncamlarında
isə 150 cildlik “Dünya ədəbiyyatı
kitabxanası”, 100 cildlik
“Dünya uşaq ədəbiyyatı kitabxanası”,
100 cildlik “Azərbaycan
ədəbiyyatı kitabxanası”
seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın
qrafikalı ədəbiyyat
fondunu zənginləşdirdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan
milli ensiklopediyasının
nəşri haqqında”kı
Sərəncam oldu. Bu
sərəncamların nəticəsində
qiymətli kitabların
çapı mənəvi
xəzinəmizin zənginləşməsində
mühüm rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin
saxlanmasında ana dili və ədəbiyyatımızın
başlıca amillərdən
olduğunu dəfələrlə
diqqətə çəkərək
deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz,
ənənələrimizdir”.
Sovet dövründə Azərbaycan
dilçilərinin dünya
elmində gedən proseslərdən təcrid
olunması ilə əlaqədar ölkəmizdə
dilçilik sahəsində
müəyyən boşluqlar
yaranmışdı və
bunları aradan qaldırmaq üçün
ölkə başçısı
2012-ci il mayın 23-də
“Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Son dövrlərdə müasir
Azərbaycan ədəbi
dilinin tükənməz
imkanlarından lazımınca
və düzgün istifadə edilməməsi
diqqət çəkir.
Ədəbi dilimizin özünəməxsus inkişaf
qanunauyğunluqlarına xələl
gətirə biləcək
yad ünsürlərin
üzə çıxarılması
və qarşısının
alınması istiqamətində
mütəxəssislər heç
də həmişə
çeviklik nümayiş
etdirə bilmirlər.
Nəticə etibarilə
dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər
özünü qabarıq
şəkildə büruzə
verir”.
Bu gün
Azərbaycan dili, Azərbaycan dövlətinin dünyada
nüfuzunun artması ilə əlaqədar beynəlxalq səviyyəyə
çıxıb. Azərbaycan dili ABŞ-da bu dili bilən
mütəxəssislərin ən çox ehtiyac duyulduğu
10 dildən (critical language) biridir.
Beləliklə,
minilliklər boyu formalaşan və bu günümüzə gəlib
çatan Azərbaycan dili xalqımızın qədimliyinin
simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir
dövlətimizin mövcudluğu dilimizin əbədiyaşar
olması, dünya dilləri içərisində layiqli yer
tutması baxımından vacib tarixi imkandır.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.- 2012.- 2 avqust.-
S.3.