Milli kinomuzun 114 yaşı tamam olur

 

Hazırda, bu sahəyə dövlət qayğısı sayəsində Azərbaycan kinosu inkişaf dövrünü yaşayır

 

2 avqust ölkəmizdə əlamətdar tarixlərdən biridir. Çünki avqustun 2-də Azərbaycan kinematoqrafiya işçiləri peşə bayramını qeyd edirlər. Məlum olduğu kimi, 2 avqust-Milli Kino Günü rəsmi bayramlar təqviminə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı əsasında daxil edilib.

Ümumiyyətlə, çətin və şərəfli bir yol keçən Azərbaycan kinosunun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Həmin vaxt neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində, Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaradıb. 1976-cı ildə ölkəmizdə “Neft və milyonlar səltənətində” adlı ilk Azərbaycan milli bədii filminin 1916-cı ildə ekrana çıxmasının 60-cı ildönümü qeyd edilib. Lakin 1996-cı ildə kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olunub. Belə ki, 1898-ci il yanvarın 8-də Bakıda “Canlanmış fotoşəkillər” adı altında fransız filmləri nümayiş etdirilib. Həmin il iyunun 21-də “Teatr-sirk”də Bakı haqqında “Bakı bağında el gəzintiləri”, “Qatarın dəmiryol stansiyasına gəlməsi”, “Qafqaz və Merkuri”, “Paroxodun limandan getməsi”, “Bazar küçəsində səhər” filmləri nümayiş etdirilib. Bu filmləri fransız əsilli bakılı A.Mişon çəkib. Avqustun 2-də o, “Bibiheybətdə neft fontanında yanğın”, “Zati-aliləri Buxara əmirinin “Böyük knyaz Aleksey” gəmisi ilə yola salınması mərasimi”, “Qafqaz rəqsi”, “Ələ keçdin” sənədli filmlərini təqdim edib. Bu filmlərin bəziləri Paris arxivindən Azərbaycana hədiyyə edilib və hazırda Azərbaycan Dövlət Film Fondunda saxlanılır.

1916-cı ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ekranlaşdırılıb və 1917-ci il yanvarın 3-də “Forum” kinoteatrında nümayiş olunub. Bu, Üzeyir Hacıbəyli yaradıcılığına Azərbaycan kinosunun ilk müraciəti idi. 1945-ci ildə çəkilmiş “Arşın mal alan” isə SSRİ dövründə Dövlət mükafatına layiq görülən ilk milli filmimiz kimi tarixə düşüb. Sonrakı illərdə Üzeyir Hacıbəylinin yaradıcılığının ən gözəl nümunələrindən olan “O olmasın, bu olsun” operettası (1956), “Leyli və Məcnun” operası ekranlaşdırılıb.

 

Müstəqil Azərbaycanın kino sənəti 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra formalaşmağa başlayıb

 

Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Sovet dövründə də Azərbaycan kinematoqrafçıları milli ənənələrə söykənərək kino salnaməmizi xeyli zənginləşdiriblər. Buna misal olaraq Sovet filmləri sırasında çox qiymətli Azərbaycan filmlərinin də yer almasını göstərmək olar. Müstəqil Azərbaycanın kino sənəti isə 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra formalaşmağa başlayıb. Bundan öncə, konkret olaraq müstəqilliyimizin ilk iki ilində digər sahələr kimi, incəsənətin bu vacib sahəsi də, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

Beləliklə, Ümummilli liderimizin hakimiyyətə qayıdışı ilə incəsənətə, o cümlədən, kinoya dövlət tərəfindən qayğı və diqqət artırılıb. 1996-cı ildə Azərbaycan Dövlət Film Fondu yaradılıb. Hazırda, bu fondda 10 mindən artıq milli və xarici filmlər saxlanır. Həmin filmlərin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə, Dövlət Film Fondu üçün dünya standartlarına cavab verən 5 mərtəbəli bina inşa edilib. Milli kinematoqrafiyanın qazandığı ən mühüm uğurlardan biri isə, 1998-ci ildə “Kino haqqında Qanun”un qəbul edilməsi olub. Məlumat üçün bildirək ki, MDB ölkələri arasında Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun qəbul edilib. Yeri gəlmişkən, Ulu öndər hələ sovetlər dönəmində də Azərbaycan kinosunun ikişafına xüsusi diqqət ayırıb. Buna misal olaraq, bir sıra qərarların qəbul edilməsini, həmçinin, Ulu öndərin birbaşa diqqəti və qayğısı sayəsində həmin dövrdə çəkilən filmləri göstərmək olar.

 

Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük töhfə verib

 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Eyni zamanda, 4 avqust 2008-ci il tarixdə Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” yeni, keyfiyyətli, müasir tələblərə uyğun filmlərin ərsəyə gətirilməsini əsas tələb kimi qarşıya qoyub. Daha doğrusu, milli kino ənənələrinin bərpa edilməsi, ölkədə kino istehsalının dirçəldilməsi, filmlərin müasir texnologiyalar əsasında qorunub saxlanılmasının təmin olunması, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi,  müxtəlif səviyyəli kino festivallarında təmsil olunacaq səviyyədə filmlərin çəkilişi üçün maddi-texniki bazanın təkmilləşdirilməsi, yeni tələblərə cavab verəcək peşəkar kadrların hazırlanması kimi mühüm vəzifələr Dövlət Proqramından irəli gələn əsas fəaliyyət istiqamətlərindəndir. Artıq həmin proqramın icrası ilə əlaqədar bir çox işlər görülüb. Onlardan ən mühümü  Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulmasıdır. Bu istiqamətdə müəyyən addımlar atılıb. Dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılıb. Həmin proqramın icrasının davamı olaraq Dövlət Film Fondunin yeni binasının inşası və müasir texnoloji avadanlıqla təchiz edilməsi isə Azərbaycanda kino irsimizin qorunması, bərpası deməkdir.

Həmçinin, sözügedən proqram çərçivəsində “Nizami” kinoteatrında aparılan əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə başa çatdırılıb. Yəni, “Nizami” kinoteatrı yalnız kinoteatr kimi deyil, həm də tarixi abidə kimi qorunaraq ən müasir tələblərə cavab verən formada yenidən bərpa edilib, ən müasir texniki avadanlıqlarla təchiz olunub və ötən il noyabrın 24-də əsaslı təmir və yenidənqurmadan sonra açılıb.

Bundan başqa, hazırda ölkəmizdə yeni filmlər çəkilir və bu ekran əsərlərinin xarici ölkələrdə nümayişi də diqqət mərkəzində saxlanılır. Son bir neçə ildə Azərbaycan filmləri dünyanın bir çox tanınmış festivallarında nümayiş olunub və ölkəmizi layiqincə təmsil edib. Eyni zamanda, Azərbaycanda kino çəkilişlərinə dövlətin ayırdığı vəsait də hər il artırılır. Prezidentin müvafiq sərəncamları ilə kino sənətinin tanınmış nümayəndələri müxtəlif fəxri adlara layiq görülürlər. Bir sözlə, hazırda bu sahəyə dövlət qayğısı sayəsində milli kinomuz inkişaf dövrünü yaşayır.

 

Dövlət Proqramında kino sahəsində çalışan təşkilatların üzərinə də mühüm vəzifələr qoyulub

 

Yeri gəlmişkən, 2007-ci ildə Azərbaycan kino sənətinin inkişafı ilə bağlı Sərəncamdan sonra  əhatəli Dövlət Proqramının təsdiq olunması ilə kino sahəsində çalışan təşkilatların üzərinə də mühüm vəzifələr qoyulub. Elə bir müddət öncə təsis edilən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) yaradılmasında da məqsəd Dövlət Proqramından irəli gələn vəzifələri yerinə yetirmək üçün tanınmış rejissor, aktyor heyətinin potensialından səmərəli istifadə etməklə, kinomuzun şöhrətini dünya səviyyəsinə qaldırmaq, xarici ölkələrdə yayımlarını təşkil etmək, tamaşaçı marağına səbəb olan filmlərimizin çəkilişini təmin etməkdir. Əksər ekspertlərin qənaətinə görə, kino sənətini müasir tələblər səviyyəsinə qaldırmaq üçün dəstək rolunu oynaya biləcək  ARKİ kimi quruma ehtiyac duyulurdu və bu təşkilat yarandı. Yəni, məqsəd budur ki,  Azərbaycan kinosu dünyada tanınsın, müasir  texnologiya və avadanlıqların tətbiqi, tanınmış sənətkarların iştirakı ilə çəkilən kinolarımız əsl həyatı canlandıran sənət əsəri kimi maraqla qarşılansın, hərtərəfli təmin olunmuş uyğun istehsal sahəsi yaradılsın. Azərbaycan kinematoqrafiyasının fəaliyyəti beynəlxalq səviyyədə hiss olunsun, filmlərimiz tanınsın. Gənc kadrların yetişdirilməsi üçün başlıca amil olan tədris mərkəzi yaradılsın. İnanırıq ki, yeni yaradılan İttifaqın İdarə Heyətinin hər bir üzvü bu məsuliyyətin öhdəsindən gərgin zəhməti, sənətinə vurğunluğu ilə gələcək. Azərbaycan kimi, yaxın qonşu ölkələrin tamaşaçılarına da tanış olan Xalq artisti Şəfiqə Məmmədovanın başçılıq etdiyi ARKİ-nin üzvləri bütün imkanlardan faydalanaraq, Azərbaycan xalqına  yüksək keyfiyyətli filmlər təqdim etməklə, öhdələrinə götürdükləri işin öhdəsindən layiqincə gələcəklər.

Son olaraq onu qeyd etmək olar ki, bu il 114-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti bu müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçib və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Və inamla demək olar ki, bu gün bütün sahələr kimi kinomatoqrafiya da öz inkişaf dövrünü yaşayır.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2012.- 2 avqust.- S.3.